Azərbaycan musiqisi bənzərsiz düşüncə yönü yaradır

 

Sürəyya Ağayeva: "Dünyanın çox ölkələrində Azərbaycan musiqisinə heyranlıqla qulaq asırlar"

Munis Şərifov: "Hər bir sənətçinin ifa tərzi seçilməlidir"

 

Bu yazımızda musiqi ilə məşğul olan iki yaradıcı insanın düşüncələrini təqdim edəcəyik. Azərbaycan musiqisinin təməli çox möhkəmdir. Tarixin çox dönəmlərində yaradılanlar it-bata düşdüyündən çox zaman bu yöndə danışmağa təəssüf ki, faktımız az olur. Tədqiqatçı-alim Sürəyya Ağayeva qədim dövrdən bəri Azərbaycan musiqisi haqqında hansı soraqların olduğu haqqında danışaraq bildirir ki, əsas mənbələr orta əsrlərdə yazılmış ərəbcə, farsca, türkcə olan əlyazmalardır. Təəssüf ki, bu əlyazmalar hələ yetərincə tədqiq olunmayıb: "Bu sahəni tədqiq etməkdən ötrü istər-istəməz bir neçə sahəyə bələdlik gərəklidir. Tədqiqatçı müstəqil olaraq mənbələrlə işləməyi bacarmalıdır. Elm belədir ki, burada doğru, dürüst nəticə çıxarmaq üçün tələsmək olmaz, gərək illərlə çalışasan, ruhdan düşməyəsən. İlk dəfə olaraq 14-15-ci yüzilin tanınmış Azərbaycan alimi, musiqişünası Əbdülqadir Marağayi haqqında dissertasiya yazdım, müdafiə etdim. Dünyanın müxtəlif ölkələrində xeyli konfranslarda iştirak etmişəm. Sonradan ümumən orta yüzillərin, Şərq musiqi mədəniyyəti haqqında araşdırmaların əhatəsini genişləndirdim".

Maraqlıdır, Marağayinin Azərbaycan türk bəstəkarı olaraq özünəməxsusluğu nədədir? Araşdırmaçı bildirir ki, Fərabi, Urməvi, İbn Sina kimi məşhur alimlər türk kökənli olmaqla musiqi problemləri ilə məşğul olublar: "Əbdülqadir Marağayi indiki Güney Azərbaycanın Marağa şəhərindəndir.

Təxminən 1353-cü anadan olub. Onun yaşadığı dövrdə Cəlairilər, Teymurilər hakimiyyətdə idilər. Teymurləng Səmərqəndi dünyanın mərkəzinə çevirmək istəyirdi. Ona görə zəbt etdiyi ölkələrdən məşhur sənətçiləri, alimləri Səmərqəndə gətirirdi. Səmərqəndə aparılanların içərisində Marağayi vardı. Bir müddətdən sonra Təbrizə döndü, amma onu yenidən Səmərqəndə apardılar. Marağayi ömrünün axırına kimi Heratda, Şahruhun sarayında qaldı. Bu müddətdə özünün məşhur kitablarını yazdı, 1435-ci ildə 82 yaşında vəfat edib. Marağayi praktiki, özünə qədər olan türk musiqisi tarixinə aid olan çox maraqlı faktları əsərlərində araşdırıb. Biz məhz Marağayinin əsərlərinə istinadən bilirik ki, uyğurların musiqi tarixinə aid hansı faktlar var".

Marağayinin əsərlərinin nota alınması da maraqlıdır: "Marağayidən əvvəl Urməvi də bu işlə məşğul olub. Onlar indi bizə məlum olan not kimi xüsusi işarələrdən istifadə ediblər. Bu işarələr ərəb hərflərinə əsaslanan bir üsul, sistem idi. Hətta ritmlərin uzunluğunu-qısalığını və başqa məsələləri rəqəmlərlə göstərirdilər. Muğamların səs düzümünü dəqiqliklə verə bilirdilər. Bir Qərb alimi etiraf edir ki, Siracəddin Urməvinin ixtira etdiyi sistem onların yaratdığı sistemdən daha əvvəl və güclüdür. Qərbdə də çoxsəsli sistemə birdən-birə keçilməyib, bundan ötrü müəyyən dövr lazım gəlib. Muğam professional sənətdir. Muğam dəyişmir, bu, olduqca savadlı, ruhlu musiqiçilərin ağlının, ruhunun məhsuludur. Əbülfərəc İsfahani adlı tədqiqatçı olub. 10-cu əsrdə yaşayıb, 8-9-cu yüzildə yaşayan musiqiçiləri tədqiq edib, "Melodiyalar kitabı"nı yazıb. Görünür, ərəb adıyla tanınan musiqiçilərin çoxu türk imiş. Çünki o dövrdə ərəb xilafəti vardı, onlar türkləri qul edib aparırdılar. Türklər ərəblərin saraylarında yaşamağa, fəaliyyət göstərməyə məcbur idilər. Məsələn, İbn Süreyc adında musiqiçi sən demə, türk imiş. Bu, məşhur bir musiqiçi olub. Tutaq ki, qul kimi əsir alınıb aparıldığı yerdə oxuyur, səsi diqqəti cəlb edir, saraya aparılır, orada musiqi təhsili alır. Türkəsilli soydaşlarımızın başına belə hallar çox gəlib. Hazırda bu yöndə tədqiqatları davam etdirirəm".

Əldə olan faktlar hər halda Azərbaycan musiqisinin çox güclü, təməlli qaynaqlarının olmasından xəbər verir: "Şərqdə ilk professional musiqi ilə bağlı qaynaqlar Sasani Xosrov Pərvizin sarayında ud, bərbəd çalan məşhur Barbəd barədə danışır. Bu, Hizaminin yaradıcılığında adı keçən həmin məşhur Barbəddir. Taciklər deyirlər Barbəd bizimdir. Başqaları da bu iddiadadırlar. Ancaq Barbədin türk əsilli olması barədə qənaətlər də var. Barbəd Mərv şəhərindən idi. Mərv də indiki Türkmənistanının Marı şəhərinin yaxınlığında olan bir bölgə idi. Qərb mənbələri də bu qənaətdədirlər. Müasir Avropa musiqisinin tanınmış nümayəndələri ötən yüzilin ortalarında hiss etdilər ki, onların musiqi mənbələri artıq tükənir, Səfiəddin Urməvinin nəzəriyyəsinə müraciət etdilər. Dünyanın çox ölkələrində Azərbaycan musiqisinə heyranlıqla qulaq asırlar".

Əməkdar artist Munis Şərifovun imzası ictimaiyyətə yaxşı tanışdır. Onun ifalarında zənginlik hiss olunur. Əgər yaradıcılıqda ardıcıl zənginlik və özünəməxsusluq olmursa, o zaman sənətçi əsl uğur qazana bilmir, ifası beşgünlük olur. Sənətdə söz demək həmişə çətin olub. Bu gün xüsusilə çətindir, ona görə ki, 20-ci yüzildə Azərbaycan musiqisində konkret muğamla adı sıx bağlı olan onlarla imzası bəlli sənət adamları yaşayıb-yaradıb. Millətlər içində öz sözünün daim təpərli olması üçün daim təməl üstə yaratmalısan, yeni-yeni üfüqlərə yol almalısan. Ancaq milli musiqimuğam təməlindən uzaqlaşmaqla qətiyyən yaşarı olmaq mümkün deyil. Bu mənada Munis Şərifovun çalğılarında - istər qədim havacatların çəqanədə və kamançada canlandırılması, istər muğamlarımızın təhrifsiz ifası, istərsə də bəstəkar mahnılarının yaradıcı şəkildə təqdimində daim milli ənənəyə sadiqliklə sənətçi peşəkarlığının vəhdətini müşahidə edirik.

1985-ci ildə Ümumdünya Festivalının qalibi olub. Qədim Musiqi Alətləri Ansamblının konsertmeystridir, həm pedaqoji fəaliyyətlə məşğul olur. Ansamblın konsertmeysteri kimi bir çox dövlət tədbirlərində çıxış edib. 2002-ci ildə Fransanın Paris Strasburq şəhərlərində YUHESKO-nun tədbirlərində konsert proqramı ilə Azərbaycan musiqi sənətini təmsil edib. Ansamblın ifasında YUHESKO tərəfindən kompakt disk buraxılıb. 2005-ci ildə Düşənbədə "Qəlblərin səsi" festivalında, İstanbulda, ötən ilin dekabrında isə Almaniyada çıxışları olub.

Onun çalğılarına qulaq asanda hiss olunur ki, kamançanı özününəməxsus tərzdə ifa edir. Üslubu heç kəsinkinə bənzəmir. Deyir, onun üçün musiqi hər şeydir, bir sözlə, həyatıdır: "Mübaliğəsiz deyirəm, kamanım yoxdursa, mən yoxam. Əgər bu gün Azərbaycanda Munis Şərifov imzası ilə varamsa, bu, təbii ki, kamana görədir. Mən kamanıma özüm kimi baxıram. O, mənim daxili dünyamın, duyğularımın sözlə heç cür ifadə edilə bilməyəcəyi halıdır. Musiqiyə meylimin təməlində durduğunu konkret olaraq sözlə ifadə edə bilmirəm. Bircə onu deyə bilərəm ki, musiqi daxilimin ifadəsi kimi məhz kamanla özünü göstərdi. Hər halda bu, aqibət imiş. Uşaqlıqdan kaman ustası Habil Əliyev sənətinin vurğunu olmuşam. Sonralar Şərqin böyük musiqiçilərinə qulaq asmışam, zövq almışam, onlardan bəhrələnmişəm. Musiqini dərk edən andan fikirləşdim ki, əgər bir sənətçi kimi yetişməyi qarşıma məqsəd qoymuşamsa, o zaman mənim özüməməxsus dəst-xəttim olmalıdır. İstədim elə çalım ki, desinlər bax, bu, Munis Şərifovdur. Hə dərəcədə istəyimə çatmışam, deyə bilmərəm. Hər halda az şeyə nail olmamışam".

Muğamatın yaranmasında Şərq xalqları iştirak etsə də, şübhəsiz, Azərbaycan türklərinin bu işdə xüsusi zəhməti olub. Bu fikrin ən yaxşı sübutu ondadır ki, muğamları kamil şəkildə biz Azərbaycan Türkləri qoruyub saxlaya bilmişik. M.Şərifov deyir ki, muğamları kamil bir abidə kimi qoruyub saxlamaq hər birimizin borcudur: "90-cı illərdə iki ilə yaxın Tehranda dərs demişəm. Ərəbistanda, Türkiyədə, Orta Asiya ölkələrində, hətta İranın özündə belə muğam bizdəki kimi deyil. Farslarda muğam ağırdır, ləngərlidir: yəni ki, sanbalı ağırlığındadır. Bizdəki müasir muğam texniki cəhətdən itidir, oynaqdır, hərəkət çoxdur. Bizim xanəndələrin oxuduğu muğamlarda həm zəngulə, həm də ki, qəzəliyyat çoxdur. İranda isə xanəndələr çox vaxt zənguləyə, avaza yer verirlər, qəzəldən məhdud şəkildə istifadə edirlər".

Kamançaçı hər bir mahnıya yaradıcı yöndə yanaşır. Deyir hələ özünün bəstələri də var: "Özüməməxsus bəstələrim var. İfa etdiyim mahnıların bir qismi yaradıcılığımın məhsuludur. Bir də görürsən, konsertdə, el şənliklərində bədahətən gəlir, ifa edirsən, qalır. Bununla belə özümü bəstəkar hesab etmirəm, ancaq sırf ifaçılıqla məşğulam". Mahnıların ifa tərzi, kompozisiyası kamanın zərifliyi ilə birləşəndə gözəl bir ahəngdarlıq yaranır. Deyir həmişə çalışıb ki, kamanının səsi başqalarınkından seçilsin: "Təbiidir ki, bundan ötrü də gərək hər bir sənətçinin ifa tərzi seçilsin, fərqlənsin. Mən kamanda yenilik etməyi sevirəm, amma qədimdən bu günə gəlib çatmış kamanımızı qətiyyən təhrif etmək fikrində heç vaxt olmamışam. Həmişə çalışmışam ki, kamanı tərif etmədən vəhdətə nail olum, Şərqə məxsus olan zil-bəm səslərinin birliyini yaradım. Burada səslərin uyuşması gözəl bir ahəng yaradır".

Şübhəsiz, sənətçi daim dünya xalqlarının musiqisinə qulaq asmalı, onları təhlil etməyi bacarmalıdır. Bunsuz inkişaf mümkün deyil. O, sənətindən, dünya musiqisindən aldığı zövqü belə ifadə edir: "Mən ardıcıl olaraq Şərq musiqisinə qulaq asıram. Məsələn, Hindistanda məşhur setar ustadı Ravi Şankar var. Elə olurdu ki, bir həftə gecə-gündüz ona qulaq asırdım, hətta ağlayırdım da. İranın böyük ney ustadı Musəviyə qulaq asanda həm ağlayırdım, həm də ki, öyrənirdim. Əlbəttə ki, insan musiqidən mənəvi zövq almağı bacarmalıdır. Yadımdadır, Türkiyədə Bülbülcan adlı musiqiçinin çıxışlarına qulaq asanda uzun müddət özümə gələ bilmirdim. Mən hər hansı bir xalqın musiqisini ifa edəndə deyirəm ki, bu, filan xalqındır. Yəqin ki, oxucuların yadında olar. Hələ 90-cı illərdə İran bəstəkarı Pərviz Meşkatiyanın "Şurəngiz"ini ifa etmişəm. O zaman fikirləşdim ki, əgər daim Avropa bəstəkarlarının əsərlərinə yer ayırırıqsa, onda hər cəhətcə zəngin olan Şərq musiqisinə öz repertuarımızda niyə yer ayırmayaq? Fikrimcə, biz ən çox Şərq musiqisindən istifadə etməliyik. Axı biz şərqlilərik".

 

Uğur

Xalq Cəbhəsi.- 2014.- 26 avqust.- S.11.