“Dəli
Kür” romanının poetik dili”
Əzizxan Tanrıverdinin bu
monoqrafiyası müəllimlərə böyük yardım
edəcək
İsmayıl Şıxlı elə sənətkarlardandır
ki, onun yaradıcılığı haqqında söz demək
hər bir qələm əhlindən böyük məsuliyyət
tələb edir. Bu məsuliyyət hissi təkcə "əsl vətəndaş"
anlamını özündə ehtiva edən İsmayıl
Şıxlı şəxsiyyətinə sonsuz sevgi və
ehtiramdan deyil, həm də şəxsi həyatını,
elmi, pedaqoji və ictimai fəaliyyətini bədii
yaradıcılığı ilə üzvi surətdə
bağlayan qüdrətli söz ustadının oxucularına
aşıladığı mənəvi dəyərlərə
bağlılıqdan irəli gəlir.
Filologiya elmləri doktoru, professor Əzizxan
Tanrıverdinin "Dəli Kür" romanının poetik
dili" adlı monoqrafiyasını oxuduqca beynimdə əks
olunan ilkin mülahizələr bu şəkildə ifadəsini
tapdı. XX yüzilliyin nadir ədəbi hadisələrindən
sayılan "Dəli Kür" romanının möhtəşəm
alınması, onun müəllifinə və təmsil
olunduğu xalqa başucalığı gətirməsi,
görəsən, nə ilə bağlı idi? Tədqiqatçı
araşdırdığı problemə birbaşa girişməzdən
öncə, "Dəli Kür" romanını rus və
Avropa ədəbiyyatı müstəvisində, eləcə də
Azərbaycan şifahi və yazılı ədəbiyyatı
kontekstində təhlilə cəlb etməklə məhz bu
suala cavab axtarır. Bu, bir həqiqətdir ki,
"Dəli Kür" romanının
monumentallığı xalqın taleyüklü problemlərinin
kommunist ideologiyasının şüurlara hakim kəsildiyi
imperiya mühitində daha önəmli mövzu kimi
götürülməsi ilə yanaşı, özünəqədərki
ədəbiyyatda rast gəlinməyən obrazlar silsiləsinin
yaradılması ilə də bağlı idi.
Qədim yunan və Roma, orta əsrlər Avropa ədəbiyyatını
sevə-sevə araşdıran və təsəvvürəgəlməz
emosional duyğularla tədris edən alim-pedaqoq İsmayıl
Şıxlı yazıçı İsmayıl
Şıxlıya bir çox mətləbləri təlqin
etmişdi. Buna görə də Əzizxan Tanrıverdi "Dəli
Kür" romanının qaynaqlana biləcəyi bəzi məqamlara
toxunmaqla əsərin yüksək poetik vüsətdə ərsəyə
gəlmə zəminini işıqlandırır. Həmin qaynaqlar sırasında xalqımızın
minilliklərin zaman süzgəcində süzülüb
günümüzə çatan atalar sözləri,
bayatı, eydirmə, nəğmə, mahnı, əfsanə,
dastan kimi folklor nümunələrini ayrıca qeyd edən tədqiqatçı
zəngin faktların dili ilə romanın poetik strukturunda nəzərə
çarpan cəhətləri şərh edir. Bədii mətni söz-söz, cümlə-cümlə,
abzas-abzas, hətta onomastik vahidlər üzrə qarşılaşdırıb
incələməklə Əzizxan Tanrıverdi romanın xalq
ruhuna nə dərəcədə bağlı olduğunu
üzə çıxarır. Xüsusilə
"Dədə Qorqud kitabı", "Koroğlu" kimi
nadir sənət abidələrinin romanla əlaqə məsələləri
aydın bir məntiq əsasında açıqlanır.
Fikrimizcə, bu, ilk növbədə ondan irəli
gəlir ki, Əzizxan Tanrıverdi "Dədə Qorqud"
eposunun ardıcıl tədqiqatçılarından biridir.
"Kitabi-Dədə Qorqud"da şəxs adları",
"Kitabi-Dədə Qorqud"un obrazlı dili",
"Kitabi-Dədə Qorqud"un söz dünyası",
"Dədə Qorqud kitabı"nda at kultu" və s. bu səpgidə
olan dəyərli əsərləri dilçi-alimin ulu əcdadlarımızın
mənəvi ruhuna bələdliyindən xəbər verir və
bu bələdlik "Kitab"la roman arasında
qırılmaz tellərlə bağlı olan əlaqələri
inandırıcı şəkildə ortaya qoymağa imkan
yaradır. Bu bağlılıq yalnız obrazların
xaraktercə uyğunluğu ilə əsaslandırılmır,
həm də insan-təbiət münasibətlərində
yazıçının aşılamaq istədiyi bədii-estetik
dəyərlər vasitəsilə üzə
çıxarılır. Tədqiqatçının
""Kitab"ın nəzm hissəsində
yaradılmış ahəngdarlığı İsmayıl
Şıxlı nəsrdə ustalıqla yaradıb, nəsrinə
şeiriyyət dili hopdura bilib"- fikri konkret faktlara söykənən
önəmli ümumiləşdirmə gücündədir.
Bu məqamda diqqəti çəkən cəhətlərdən
biri Qazan xan və Cahandar ağa obrazları arasında
düşüncə yaxınlığının incə
detallarla açıqlanmasıdır. Bu yanaşma
"Koroğlu"dastanı və "Dəli Kür"
bağlılığında daha tutarlı görünür.
Cahandar ağa obrazı ilə Koroğlu arasında xarakter
uyğunluğu, psixoloji ovqat yaxınlığı, qardaş
kimi əzizlənən ata, yeni formalaşan zəmanəyə
münasibət məsələsində oxşar mövqe nümayişi
kimi bədii çalarların üzə
çıxarılması yolu ilə dilçi-alim romanın
xalq ruhundan qaynaqlandığını onun ədəbi hadisəyə
çevrilməsinin ən başlıca məziyyəti hesab
edir. "Dəli Kür" romanını özünəqədərki
ədəbiyyatımızın ruhuna bütövlüklə
hopdurmuş ədəbi möcüzə kimi xarakterizə edən
Əzizxan Tanrıverdi Məhəmməd Füzuli, M.P.Vaqif,
M.F.Axundov, S.Ə.Şirvani, Cəlil Məmmədquluzadə, Nəcəf
bəy Vəzirov, Y.V.Çəmənzəminli, Səməd
Vurğun kimi klassiklərimizin yaradıcılığına
müraciət etməklə oxşar detalları
qarşılaşdırır və bunda xalqımızın
tarixinə, etnoqrafiyasına, psixologiyasına, mədəniyyətinə
bağlılıqdan irəli gələn təbiilik
görür.
Tədqiqatçının uğurlarından biri müəllifin
dili ilə obrazların dilini linqvistik-üslubi müstəvidə
təhlilə cəlb etməsidir. Təhkiyəçi
dilinin daha qabarıq görünən cəhətlərini
yığcam şəkildə təhlil edən alim
obrazlılıq yaradan bütün məqamlara aydınlıq
gətirir və nümunələrlə şərh edir.
Obrazlılığın fonetik, leksik, qrammatik səviyyədə
təzahür formaları konkret dil faktları ilə
açıqlanır ki, bu məqamda müşahidələrinin
dəqiqliyi xüsusilə gözə çarpır.
Əsas və ya epizodikliyindən asılı olmayaraq,
romandakı bütün kişi və
qadın obrazlarının dili özünəməxsus keyfiyyətləri
ilə araşdırılıb. Bununla tədqiqatçı
sübut eləməyə çalışıb ki,
romanın bədii cəhətdən əvəzsiz sənət
əsərinə çevrilməsinin başlıca səbəblərindən
biri də müəllifin obrazları öz dilində
danışdırmağı bacarmasıdır.
Məlumdur ki, dialektizm və arxaizmlər ədəbi
dilimizi zənginləşdirən mühüm mənbələrdən
biri sayılır. "Dəli Kür" romanında
İsmayıl Şıxlı bu zəngin qaynaqdan yetərincə
bəhrələnib. Əzizxan Tanrıverdi bunu bir
linqvistik problem kimi qaldıraraq romanın dilində işlənmiş
dialektizm və arxaizmlərin sistemli və kompleks şəkildə
öyrənilməsini vacib bilir və bu araşdırmanın
"Fonetik dialektizmlər", "Dialektizmlərin ədəbi
dilin orfoqrafik normalarına
uyğunlaşdırılması", "Dialektizmlərin
obrazlılıq yaradan vasitələrdə
iştirakı", "Dialektizmlərin leksik-semantik
qrupları" yarımbaşlıqları adı altında
ilkin cizgilərini çızmaqla gələcək tədqiqatlara
istiqamət verir. Fikrimizcə, monoqrafiyanın
elmi sanbalını artıran bu hissə həm də fikir
mübadiləsi üçün müəyyən imkanlar
açmış olur. Romanın dilində
işlənmiş bütün dialektizm və arxaizmlər
leksik baxımdan demək olar, dəqiq izah olunub. Lakin maraqlı olsun deyə hörmətli alimin diqqətinə
iki məqamı çatdırmaq istərdik. Romanın
"Damın pərdilərini Şamxal özü
düzdü" cümləsində getmiş "pərdi"
sözü "Dialektoloji lüğət"ə əsaslanılaraq
"tavan" kimi şərh olunub ki, bizcə, bu mənanın
düzəlişə ehtiyacı var. Doğrudur, dilçi-alim
haqlı olaraq həmin lüğətdə bu sözün
yalnız Şəki və Şərur şivələrində
işlənməsi fikrinə qarşı çıxır və
onun şivələrimizin əksəriyyətində işlənməsi
hökmünü verir. Təəssüf ki, digər
şivələrdə onun "tavan" mənasını
deyil, "damın üzərinə divardan divara atılan
ağac" mənasını
daşıdığını qeyri-ixtiyari nəzərdən
qaçırır. Sözün işləndiyi
məzmun konteksti də onun məhz bu anlamda işləndiyini
ortaya qoyur. Dama tavan deyil, məhz tavanı
qurmaq üçün istifadə olunan ağaclar, yəni xalq
arasında "pərdi" adlanan tirlər düzülər
ki, Şamxal da bu prosesi yerinə yetirir.
Diqqətimizi çəkən digər məqam
romanın dilində işlənmiş "yayxanmaq" felinin
sırf dialektizmlər sırasında verilməsidir. Halbuki alimin özü
"Azərbaycan dilinin dialektoloji lüğəti"ndə
(Bakı, 2007) getmiş "dinşəmək",
"oxranmaq", "öynə", "yortmaq" sözlərini
"şivə səviyyəsində mühafizə olunan
arxaik sözlər" kimi səciyyələndirməklə
daha düzgün mövqe nümayiş etdirir. Bu
aspektdən yanaşdıqda "yayılıb oturmaq;
yırğalanaraq yerimək" anlamlarını
daşıyan "yayxanmaq" feli də şivələrimizdə
yaşamaqda olan arxaizmlər sırasına aid edilməlidir.
Əzizxan
Tanrıverdi yazıçının istifadə etdiyi bədii
təsvir vasitələri: epitet, təşbeh, metafora və
metanimiya, bədii ifadə vasitələri: mübaliğə,
litota, antiteza, inversiya, ellipsis üzərində ayrıca
dayanmaqla romanın bədii dil xüsusiyyətlərini ətraflı
səciyyələndirməyə nail olub ki, sözsüz, bu,
onun tədqiqatçı məsuliyyətindən irəli gəlir.
Xüsusi qeyd etməyi vacib bilirik ki, monoqrafiyada
araşdırılan problemlə bağlı
tanınmış dilçi və ədəbiyyatşünas
alimlərin fikir və mülahizələrinə yerli-yerində
istinad olunub və bu onun elmi dəyərini yüksəldən
amillərdəndir.
Monoqrafiya sanki birnəfəsə yazılıb. Burada fikir
qırıqlığına, dolaşıq mülahizələrə
rast gəlinmir. Monoqrafik əsər
filoloq-mütəxəssislərlə yanaşı, dil-ədəbiyyat
müəllimləri üçün də faydalı bir mənbə
rolunu oynayacağı fikrindəyik. Bildiyimiz
kimi, milli ruhun oyanışında müstəsna rol oynayan bu
monumental əsər artıq neçə illərdir ki,
ümumtəhsil məktəblərimizin XI siniflərində
ayrıca tədris olunur. Əsərin məzmununda
rast gəlinən dialekt və arxaizmlərin şagirdlərə
dərindən açıqlanmasında, bədii dil
xüsusiyyətlərinin elmi əsasda şəroində
Əzizxan Tanrıverdinin haqqında bəhs etdiyimiz bu
monoqrafiyasının müəllimlərə böyük
yardım edəcəyi şübhəsizdir.
Asif Hacıyev,
pedaqogika üzrə
fəlsəfə doktoru
Xalq cəbhəsi.-2014.- 28 avqust.- S.14.