Sosial şəbəkələr...
Müsbət və mənfi tərəflər
Sosial media nədir? Sosial media - sosial ünsiyyət və
paylaşma üçündür. Sosial
media daha əlçatan və veb əsaslı texnologiyalardan
istifadə etməklə ünsiyyəti interaktiv dialoqa
çevirir. Yeni media vasitələri: elektron informasiya
saytları, sosial şəbəkələr, bloqlar, mikro
bloqlar, ani ünsiyyət proqramları (msn,skype
və s.), forum kimi insanların bir-birilə ünsiyyətinə
və informasiya mübadiləsinə şərait yaradan sayt və
proqramlar sayəsində internet istifadəçiləri
axtardıqları və maraqlandıqları məlumatları əldə
etmiş olurlar.
İnformasiya Texnologiyaları (İT) mütəxəssisi
Eldar Mirzəliyev bildirib ki, yeni medianın yaranması keçən
əsrə təsadüf edir. İnternet vasitəsi
ilə informasiyanı dəqiq, tez və daha böyük
kütləyə çatdırılması nəzərə
alınaraq sosial şəbəkələr və elektron
informasiya saytları yaradılmağa başladı.
İlk sosial şəbəkə 1979-cu ildə
"Usernet" adı altında yaradılsa da, populyarlıq
qazana bilmədi: "Ümumiyyətlə, sosial şəbəkə
nədir? Sosial şəbəkə - İnternet
istifadəçilərinin bir-biri ilə
tanışlığı, informasiya mübadiləsi, müxtəlif
mövzular ətrafında müzakirələrin
aparılması üçün yaradılmış internet
saytlarıdır. Misal olaraq, son zamanlar daha
çox yayılmış Facebook-u göstərmək olar.
Elektron informasiya saytları artdıqca
informasiyanın operativ və sürətli
çatdırılmasına ehtiyac duyuldu, bununla da bloqlar
yaradıldı.
Bəs bloq nədir? Bloqun hərfi mənası
"web gündəliyi" deməkdir. Bloqlar
bir və ya bir neçə nəfər, birlik və ya təşkilatlar
tərəfindən yaradıla bilər. Beləliklə,
hər kəs özünə bloq yaratmaqla həvəskar
jurnalist (blogger) ola bilər. Bloqda
yazılan yazılar heç bir senzuraya məruz
qalmadığı üçün bütün dəqiqliyi
ilə çatdırıla bilir.
Lakin
dünyanın hər hansı bir yerində olan bir yeniliyi daha
tez çatdıran platformalar mikro bloqlardır... Amma hər zaman mikro bloqlar dedikdə, ağıla ilk
öncə Twitter gəlir. Hər şeydən
əvvəl o, sadəliyi ilə hər kəsi cəlb edir və
140 simvol ilə bu an nə etdiyimizi yazmaq imkanı verir.
Twitter ingilis dilindən tərcümədə "civ-civ etmək",
"dil-dil ötmək" deməkdir".
Onun
sözlərinə görə, Ruby on Rails web platforması
üzərində yaradılmış Twitter 2006-cı ilin
mart ayında prototip olaraq 2 həftəlik meydana çıxsa
da, 2006-cı ilin avqust ayında rəsmi olaraq istifadəyə
verildi və 2007-ci ilin mayında şirkətə
çevrildi: "Həmin il servisdə 6 günlük problem
yarandı. 2008-ci ilin əvvəllərində
isə Twitter yeni bazalar əsasında yerini Amazon S3 serverləri
üzərində dəyişdi. Bu da
servisin sabitləşməsinə gətirib
çıxardı. Hazırda şirkətdə
400 nəfər ştatlı əməkdaş işləyir.
Bu da şirkətin daim uğur qazanmasına və
Twitter istifadəçilərinə növbəti 5 illikdə
də layiqincə xidmət etməyə imkan verir. Statistikaya görə, Twitterdə hər gün
500000 nəfər istifadəçi qeydiyyatdan keçir.
Elə bunun nəticəsidir ki, istifadəçilər hər
gün 140 milyon twitt əlavə edirlər, bu da 8 günə
1 milyarddan çox twitt deməkdir. Nəzərə alaq ki, ilk
milyarda 3 il 2 ay 1 gün tələb
olunmuşdu. Məncə, 160 simvoldan ibarət
sms yazmağı bacaran cəmiyyət, 140 simvoldan ibarət
mikro bloq yazmağı da rahatlıqla bacarar".
Onu da qeyd edək ki, hələ də sosial şəbəkələrin
müsbət və ya mənfi təsiri müzakirə
olunmaqdadır.
Amerikada aparılan aradırmalar zamanı məlum
olub ki, ictimai media bütün dünyada porno saytlara girişi
də geridə qoyub. Dünyada hər
üç adamdan ikisi sosial şəbəkələrdədir.
Araşdırmalar zamanı insanların sosial
şəbəkələrə gəlmələrinin də səbəbləri
müəyyən edilib. Belə ki, istifadəçilərin
çox hissəsi, yəni 60 faizi sosial şəbəkələrə
digərlərinin nə etdiyini görmək üçün
gəlir. Dostluğa qəbul edilənlərin 82 faizi real
həyatdan, 60 faizi dostların dostları, 29 faizi
tanımadıqları insanlar, 11 faizi isə işlə əlaqədar
insanlar olur. 2012-ci ildə aparılan
araşdırma zamanı müəyyən edilib ki, 20 faiz
istifadəçilər hər 5 dəqiqədən bir online
olur.
Sosial şəbəkədə hər dəqiqə
694.980 status paylaşılır və 532.080 twitt
atılır.
Sosial şəbəkəyə hər gün
250 milyon fotoşəkil əlavə olunur və 35 faiz insanlar
özlərinə aid şəkillər paylaşır. Psixoloqların fikrincə, özünüdəyərləndirmə
hissi aşağı olan insanlar bütün zamanını
internetdə keçirməyə sərf edir. Sosial mediada zaman keçirənlər digərlərinin
onlardan yaxşı yaşadığını
düşünür.
Psixoloq Aynur Əlibəylinin sözlərinə görə,
ictimailəşmə, sosiallaşma yalnız insanlarla bir yerdə
olmaq mənasını daşımır. İnsanlar
başqalarının həyatı ilə maraqlanır və
öz yaşadıqlarını paylaşırlar. "İctimai-sosial media dedi-qodu mədəniyyətini
artırmaqla yanaşı xəyanətlərin də
sayını çoxaltdı. Sosial şəbəkələrdə
anonim yazmaq mümkün olduğu üçün bu insanlar
arasında üzsüzlüyü də artırdı. Yəni,
kim nə istədi, içindən nə gəldisə,
başqa adla yaza-deyə bilir. Başqasıyla
üz-üzə danışarkən söyləyə bilməyəcəyiniz
hər şeyi orada rahatlıqla söyləyə bilirsiniz.
Hirsləndiyiniz zaman qışqırmaq əvəzinə
bir status yazır və ya tveet atırsınız. Sosial şəbəkələr təhlükələri
artırır. Orada şəxsiyyətsizləşməyə
başlayırsınız. Ehtiyatlı
olmağı unudur, əsla verməli olmadığınız
məlumatları paylaşırsınız. Qəzetlərin kriminal səhifələrində
"sosial şəbəkədə tanış oldu və..."
deyə başlayan cinayət, təcavüz, şantaj xəbərləri
artmağa başladı".
Artıq internet cinayətlərindən qorunmaq
üçün yeni qaydalara ehtiyac yaranıb. İnternet
dostluqlar artıqca real dostluqlar azalmağa başlayıb.
Mütəxəssislər hesab edirlər ki, insanların
sosial şəbəkələrdə izləyicilərinin
artması "nə qədər çox izlənirəmsə,
daha yaxşıyam" fikrini də artırır. Sosial şəbəkələrdə izləyici
sayının, dostların artması üz-üzə
ünsiyyəti azaltdığı üçün insanlar
arasında tənhalıq xəstəliyinin də artmasına səbəb
olub. Bununla yanaşı, sosial şəbəkə
asılılığı da cəmiyyət arasında
psixoloji bir xəstəlik kimi yayılıb.
Bütün bunlarla yanaşı, sosial şəbəkələrdə
media inqilabları da artıb. Yəni, real həyatda
əlindən heç nə gəlməyən insanlar kütlələri
hərəkətə keçirən, hadisələri təşkilatlandıran
insanlara çevrilə biliblər. Sosial
şəbəkələrin zərərləri ilə
yanaşı faydaları da var, amma zərərləri o qədər
çoxdur ki, faydaları gözə görünmür.
O, hesab
edir ki, sosial şəbəkələr ən çox yeniyetmələr
və gənclər üçün təhlükəlidir:
"Sosial şəbəkə asılılıq halına gəlmədiyi
müddətə qədər yoldaşlıq bağlarını
davam etmə, xəbərləşə bilmək
üçün faydalıdır. Təşkilati
təqdimatlar, reklam üçün yaxşı
platformadır. Qüsurlu insanlar, əlillərdən
ötrü sosial şəbəkələr zaman keçirmək
üçün çox faydalıdır. Beləliklə, onlar tənhalıqlarını bu
şəkildə doldura bilirlər".
Oksford Universitetində aparılan araşdırmalara
görə, insan beyninin maksimum 150 nəfərlə dostluq edə
biləcəyi gücünə malik olduğu müəyyən
edilib. Ancaq fikir vermisinizsə, bu gün sosial şəbəkələrdə
3000-5000 dostu olan insanlar var.
Aynur Əlibəylinin dediyinə görə, sosial şəbəkələr
bir çox vərdişlərin də qazanılmasına səbəb
olur. İçki, yemək və pəhriz vərdişləri
internet üzərindən sürətlə yayılır.
Amerika psixiloqu Fovler deyir ki, dostluq siyahısının əvvəlində
olan 10 insan real həyata da təsir edə bilir. Fovler
açıqlayır ki, yetkin yaşa çatmış şəxslər
real münasibətlərə üstünlük verir və bu
real münasibətləri qazana bilmək üçün
internetə üz tuturlar. Ancaq real həyatda
dostluqların bir qədər təhlükəli olması
onları internetdən asılı hala gətirir. Yəni,
internetdə dostluq edən şəxs rahat kompüter
qarşısında oturub yazır, çox az
halda olur ki, o, yazdığı insanı real həyata
çıxarsın.
Aynur
Əlibəyli deyir ki, son zamanlar narkotik vasitələr aludəçilərinin
sayı artdığı üçün sosial şəbəkələrdə
də diqqətli olmaq lazımdır: "Sosial şəbəkələrdə
qazanılan dostların əslində kim
olduğu sual altındadır. Yeniyetmələr dostluğa
ehtiyac duyduğu üçün kiminlə dost
olduqlarının fərqinə varmırlar. Dost
olduqları insanları tanıyan zaman isə gec olmuş olur.
Bəzi insanlar var ki, həqiqətən sosial
şəbəkələrdə ətrafına yeniyetmələri
yığaraq onları pis vərdişlərə
alışdırır. Narkotik aludəçiliyi,
müxtəlif dini cərəyanların təbliği məhz
sosial şəbəklərdə baş verir".
Müasir
texnologiyaların, xüsusilə internet resurslarının
insanların işini asanlaşdırmaq baxımdan çox əlverişli
olduğunu deyən sosioloq Gülnar Nəzərova isə
bildirib ki, bu vasitələrdən düzgün istifadə
edilmədiyi halda sadəcə vaxtımızı itirməyəcəyik,
həm də bunun fiziki, psixoloji fəsadları ilə
qarşılaşacağıq: "Bu baxımdan, internet
resursları, xüsusilə sosial medianın
vaxtımızı aldığını demək
düzgün olmazdı. Əgər sosial mediadan
da düzgün istifadə etməyi bacarsaq, bu, bir çox mənada
vaxt itkisinin qarşısını ala bilər. Ölkədə
və dünyada baş verən istənilən hadisə barədə
operativ və tam məlumat almaq, insanlarla daha asan əlaqə
qurmaq, müxtəlif tədbirlərin təşkilinə
insanları cəlb etmək, reklam, elan, ianələrin
toplanması və s. bu kimi məsələlərdə sosial
medianın rolu əvəzsizdir".
Sosioloq
onu da bildirib ki, sosial şəbəkələrin digər
üstün cəhəti onun xərcləri də
azaltmasıdır: "Belə ki, əvvəllər
hansısa ölkə ilə əlaqə saxlamaq böyük xərc
tələb edərdisə, indi insanlar heç bir əlavə
xərc çəkmədən bir-biri ilə görüntülü
əlaqə saxlamaq imkanı əldə edirlər. Bundan əlavə, istədiyimiz məsələ ilə
bağlı qısa bir axtarışla hərtərəfli məlumat
əldə edə bilərik. Bu cür
axtarış sosial mediadan düzgün istifadə edən
üçün faydalı olacaq və vaxt itkisinin
qarşısının alınmasına kömək edəcək".
Lakin sosioloq onu da qeyd edib ki, bəzi insanlar bu
cür vasitələrdən qumar, qeyri-əxlaqi saytlara
giriş üçün istifadə edirlər. Bu da təbii ki, vaxt itkisinə səbəb olacaq.
Bu mənada sosial mediada vaxt itirmək və ya
faydalanmaq sadəcə özümüzdən
asılıdır.
Sosioloq
Əhməd Abbasbəyli isə ölkəmizdə sosial şəbəkələrdən
istifadə ilə bağlı ciddi araşdırmalara rast gəlmədiyini
və həqiqətən də buna ciddi ehtiyac olduğunu
bildirib: "Ümumiyyətlə, son dövrlər sosial şəbəkələrdən
istifadə sayı daha da artır. Xarici ölkədə
aparılan araşdırmaların, ölkədəki sosial
şəbəkələrdə gənclərin iştirak
faizi ilə bağlı apardığımız təhlillərdən
görünür ki, xüsusilə gənclər və orta
yaş təbəqəsi kifayət qədər fəaldır".
Sosioloqun fikrincə, sosial şəbəkələrdən
istifadənin müsbət və mənfi tərəfləri
var. Mənfi tərəflərinə gəldikdə Əhməd
Abbasbəyli deyir ki, insanlar birbaşa ünsiyyətdən kənarda
qalırlar: "Müsbət tərəfi isə odur ki, onlar
informasiya alırlar, məlumat ötürürlər, yeni
texnologiyalarla maraqlanırlar".
Əli
Xalq cəbhəsi.-2014.- 28 avqust.- S.11.