Mənə maddi imtiyazı vəzifəm
yox, sənətim qazandırıb
Fərhad Xəlilov: "Diz
çöküb, Vətənimi öpəcəyəm ki, sənin
hər qarışına qurban olum!"
Azərbaycan
Rəssamlar İttifaqının sədri, xalq rəssamı Fərhad
Xəlilovun APA-ya müsahibəsi
- Fərhad
müəllim, yaradıcı birliklər arasında ən
çox üzvü olan Yazıçılar Birliyi və Rəssamlar
İttifaqıdır. Yazıçılar
Birliyi buna görə tənqid olunur, bəs sizin ittifaqda vəziyyət
necədir?
- Mən
özümə haqq qazandırmaq istəmirəm. Çalışırıq, Rəssamlar
İttifaqına qəbul tez-tez olmasın. Yeri
gəlmişkən, məhz buna görə bizi tənqid ediblər.
O ki qaldı Yazıçılar İttifaqı və bizim təşkilatımızın
üzv sayına görə böyük olmağına,
görünür, bu, digər yaradıcılıq sahələrinə
nisbətən, insanların yazıçılıq və rəssamlığa
daha çox meyl etməsinin göstəricisidir.
- Siz
1987-ci ildə sədr seçilmisiniz. Bildiyimə
görə o vaxt Mərkəzi Komitənin öz namizədi
olub. O adam kim idi?
- Siz
cavansınız, yadınıza gəlməz. O vaxt
bütün idarələrdə, o cümlədən
yaradıcılıq ittifaqlarında partiya təşkilatı
fəaliyyət göstərirdi. Qurultayda
"partqruppa" öz namizədini irəli
sürürdü. Həmin adam əlbəttə,
Mərkəzi Komitədə təsdiq olunurdu. 1987-ci
ildə Rəssamlar İttifaqının keçirdiyi qurultay
böyük səs-küyə səbəb oldu. Moskvada bəziləri şokda idi.
Çünki rəssamlar "partqruppa"nın
əksinə gedərək, öz namizədini irəli
sürüb, istəklərinə nail olmuşdular. Bu, əsl inqilab idi.
- Namizəd
hansı rəssam idi, adını demədiniz...
- Rəssamlar
o adamı yaxşı tanıyırlar. Çox
tanınmış rəssam idi.
- Əsərlərinizi Bakıda niyə
satmırsınız?
- Berlində,
Moskvada sərgilərim açıldı, dünya rəsm
bazarını görəndən sonra, yaratdığım əsərlərin
qiymətini müəyyənləşdirdim. Əsər
satmaq, ələlxüsus, bugünkü zamanda satmaq, çox
ciddi yanaşmanı, bəzi fəndləri tələb edir.
Mənim yalnız Moskvada doqquz fərdi sərgim
açılıb. Bakıda isə cəmi
bir fərdi sərgim olub. Əlbəttə,
bunun səbəbləri var. Cavan vaxtı istəməmişəm
atama söz gəlsin. O, maliyyə naziri idi, mənim
qeyri-sovet, yəni sosialist realizmindən uzaq olan əsərlərim
onun ziyanına işləyə bilərdi. Digər
tərəfdən, istəməmişəm desinlər ki,
atamın vəzifəsindən istifadə edirəm. Nə isə, qayıdaq satış probleminə.
Demək istəyirəm, mənim
yaradıcılıq fəaliyyətim, sərgilərim,
haqqımda çap olunan kitab və məqalələr
Bakıda olmayıb və bu gün də belədir. Sədr seçiləndən sonra ölkədə
başlanan hadisələr o qədər gərgin keçirdi
ki, sərgi ilə məşğul olmağın vaxtı
deyildi. 2000-ci ildə böyük fasilədən
sonra Parisdə satışsız sərgi açdım ki,
dostlarım rəssamlıqdan əl
götürdüyümü düşünməsinlər.
Həm də, bu sərgi kəşfiyyat xarakterli idi,
görüm, əsərlərə maraq var, ya yox?! Sərgi uğurlu keçdi, əsərləri
alanlar da oldu. Məni tanımaq
üçün hətta səfirliyə zəng vururdular.
Sonra Moskvada sərgi açdım. Portuqaliyalı nazir və səfir altı əsər
almaq istəyirdilər. Onlara sədr
olduğumu deyib, təklif etdim ki, bizim rəssamların sərgisini
açaq. Sözümü
yarımçıq qoydular. Yəni sənin
üçün sərgi aça bilərik. Bu mənə bir balaca toxundu ki, sözümü
axıra qədər dinləmədilər. Bundan əlavə, bir neçə ciddi alıcı
var idi. Qorbaçov fondunun məsul
işçisi vardı, ona tapşırmışdılar ki,
məni tapıb, Qorbaçov Fondu tərəfindən
Almaniyada və İspaniyada sərgimin
açılmağını, yaradıcılığım
haqda albomun çap edilməsini təklif etsin. Təbii olaraq, təklifi mədəni şəkildə
rədd etdim. Amma həmin adam məndən
bərk yapışıb, dalbadal zəng edirdi. Bu
fondu Qorbaçovun qızı idarə edirdi. Yanvar hadisələri ilə əlaqədar səfirliyə
getmişdik. Yenə zəng edəndə,
kobud danışdım. Yanımdakı
adamlar təəccüblənəndə, onları başa
saldım ki, söhbət Qorbaçov fondundan gedir və bunu qəbul
edə bilmərəm.
- Niyə
jurnalistlərdən qaçırsınız? Sizcə, ittifaq
sədri olan insan mətbuatla dost olmağa can
atmamalıdır?
- Tək
jurnalistikada yox, bütün sahələrdə peşəkarlıq
lazımdır. Adam öz işinə vurğun
olmayanda, kənardan o adama da, o sahəyə də hörmət
qoymurlar. Jurnalistika başqa sahələrlə
müqayisədə göz qabağında olduğu
üçün bu sahənin adamları on qat diqqətli və
peşəkar olmalıdırlar. Bəzən
insanlar anlamırlar ki, jurnalistikanın cəmiyyətdə nə
qədər böyük əhəmiyyəti və ciddiliyi
var. Əgər siz bunu qaçmaq kimi qəbul edirsinizsə, səbəblərdən
biri vaxt məsələsidir. Mən dərs
deməkdən də qaçıram. 1992-ci
ildə Milli Məclisin tərkibindən istefa verdim.
Bütün bunların bir səbəbi var: emalatxanamın
vaxtını heç nə ala bilməz. Rəssamlar
İttifaqının sədrinin məsuliyyəti mənim
üçün kifayətdir.
- Rəssamlar
İttifaqının mindən artıq üzvü var.
Onların istedadını şərti olaraq aşağı,
orta və ali dərəcə ilə
müəyyənləşdirsək, ali dərəcənin
payına neçə rəssam düşür?
- Gəlin,
onları saymayaq. Düz olmaz. Əlbəttə, həqiqi istedadlar azdır. Amma mən çalışıram, ittifaqda orta təbəqənin
sayını artırım. Çünki
onların içində gələcək üçün
peşəkar rəssamlar formalaşacaq. Şübhəsiz,
bu gün deyə bilərik ki, kim
güclü, kim zəif rəssamdır. Məsələn,
Əşrəf Muraddan vaxtilə heç kim
danışmırdı. Mən onun haqqında
danışmağa haqqı çatan adamam.
- Köməyiniz
dəyən adamın sonradan pisliyini görmüsünüz?
Məsələn, "yuxarılara" şikayət, qeybətinizi
edənlər...
- Bir adam
var idi, məndən Mərkəzi Komitəyə şikayət
ərizəsi yazmışdı. Sonra həmin adama ev verdim. Qapıda dayanmışdı ki, səni
maşınla evə aparım, dedim, üzbəüz binada
qalıram, ehtiyac yoxdur, sənin gözlərindəki sevinc mənə
bəsdir. Mənə elə gəlir, iş görən adam heç kimin danışığına,
dedi-qoduya fikir verməməlidir. Bəzən gəlib burda mənə
danışırlar ki, filankəs filan sözü dedi. Deyirəm, kişisən, yerində cavabını
verərdin, kişiliyin yoxdursa, gəlmə bura. Mən
sadəcə, öz işimlə məşğulam, heç
kimdən "çox sağ ol"
gözləmirəm. Bir dəfə bir adamın
dövlət mükafatı almağına kömək
etmişdim, qonaqlıq verirdi. Həmin məclisdə
Mərkəzi Komitədən olan adamlar da iştirak edirdilər.
Bunlar başladılar ki, Fərhad, sən də
vəzifədəsən, ye-filan. Dedim, bir dəqiqə,
mən bu dünyaya altı kilo gəlmişəm. Anadan olanda beş gün süd yeməmişəm, anam
südünü xəstəxanada başqa uşaqlara verib. Yəni dünyaya tox gəlmişəm. Bu söz onlara bərk dəydi.
- Belə
xarakterlə 27 il sədr olmaq necə
mümkündür?
-
Açığını deyim, mənim kimi adamları
çox sevmirlər. Konkret olaraq, nə isə
problemim olmayıb. Çünki
gördüyüm işləri hamı yaxşı bilir.
Bəzi pullu adamlar var idi, onlara Mərkəzi
Komitədən demişdilər, bu sizi birtəhər edəcək.
Həmin adamları başa salırdım ki, məni
aclar seçib, rəssamlar seçib, gedin, onların
yanında hörmət qazanın. Vaxtilə
əleyhimə kampaniya aparmışdılar, Mərkəzi
Komitədən yoxlama gəlmişdi. Həmin adam gəlib dedi, mən bilirəm, sən nə
işlər görmüsən, nə lazım olsa, zəng
vur. Özümü tərifləmək üçün
bunları danışmıram, o adam iki ildə
gördüyüm işlərlə tanış olmuşdu.
Lütfiyar İmanov ona ev almaq
üçün yaxınlaşanda, deyib, Fərhad Xəlilovdan
ev almağın yolunu öyrənin. O vaxt 41 adama ev almağa kömək etmişdim. Rəssamlar İttifaqı onu 30 ildə
almamışdı.
- Vaxtilə
fəxri adların əleyhinə çıxanlardan biri də
siz idiniz. İndi də o fikirdəsiniz, məsələn,
rəssamlar xalq rəssamı, yazıçılar xalq
yazıçısı adını almamalıdırlar?
- 1988-ci
ildə İdarə Heyətinin iclasında fəxri adlardan
imtina etmək təklifini irəli sürdüm. Həmin vaxt mən əməkdar incəsənət
xadimi idim. İdarə Heyəti mənim təklifimi
səsvermə yolu ilə dəstəklədi və qərarımızı
SSRİ Rəssamlar İttifaqına göndərdik. Mənim praktikamda elə rəssamlar olub ki, onlar
heç nə bilmədən, gözlənilmədən
öz adlarını qəzetlərdə görüblər və
biliblər ki, fəxri ad alıblar.
-
Adlarını çəkə bilərsiniz?
- Məsələn,
Fazil Nəcəfov, Bəyimxanım Hacıyeva, Odtəkin
Ağababayev və başqaları. Fəxri
adı belə alarlar. Yenə deyirəm, fəxri adın
əleyhinə deyiləm, amma bu ad məsələn, Fazil Nəcəfovun
üstündə olanda, adam fəxr edir. İndi bunu yazandan sonra rəssamlar məni söyəcək
ki, bu niyə belə danışır, əksinə, mən
yalvarmalıyam, filankəsə fəxri ad verin. Mənim
xalq rəssamı adına layiq
görülməyimin öz tarixçəsi var və həmin
tarixçə ilə fəxr edirəm. Roma
Papası Bakıya gələndə, prezident Heydər
Əliyev məni bir neçə ziyalının
sırasında səhnədə Roma Papasına təqdim edəcəkdi.
Heydər Əliyev siyahıda mənim adıma
çatanda dayanıb ki, bəs Fərhadı necə təqdim
edəcəyəm, xalq rəssamı yazmamısınız,
onun fəxri adı yoxdur? Prezident
Aparatından zəng vurdular ki, sənədlərini təcili
təqdim etməlisən. Xahiş etdim, Rəyasət
Heyətinin adından bir neçə rəssamın adı təqdim
olunub, əvvəl onlara verilsin, sonra mənə. Növbəti
gün bir də zəng gəldi: həmin adamların
adını təqdim et. Əlli beş rəssama ad veriləndən sonra mən
xalq rəssamı oldum.
- Deməli,
siz o vaxta qədər müraciət etməmişdiniz?
-
Özüm üçün xeyr. Ümumiyyətlə,
müraciət etməyi sevmirəm, çalışıram,
məsələni özüm həll edim. Gücüm çatmayanda, ümumi işlərə
görə müraciət edirəm. Bir dəfə Rəyasət
Heyətinin iclasından sonra dost söhbəti edirdik, Mədəniyyət
və Turizm Nazirinin müavini Ədalət Vəliyev dedi, biz
neçə illərdir bir yerdə işləyirik, gündə
neçə dəfə telefonla danışırıq, bu
adam bir dəfə də olsun, özü üçün
heç nə istəməyib.
- Belə
anladım ki, 27 ildir sədr olmaq vəzifə sevgisi yox...
-
Bilirsiniz, mən vəzifə istəyinin nə olduğunu
bilmirəm. Bəzən deyirlər, sən özünü bir
az ağır tut, sədrsən,
özünü çək-filan. Deyirəm, mən
gedəndən sonra buranı yaddan çıxarıram.
Hər gün emalatxanada işləməsəm, o gün
özümü pis hiss edirəm. Vəzifə nədir?
Bizim vəzifəmiz rəssamlıqdır.
Vaxtilə gedib məmur ola bilərdim, amma
bununla məsələ bitəcəkdi. 87-ci ildə
sədr seçildiyim günü xatırlayıram. İnsanların inamı, sevgisi bu gün də
gözümün qabağındadır. Sədr
seçiləndə atam iki il idi pensiyaya
çıxmışdı. Bu xəbəri
eşidəndə, gözündə iki damcı yaş
gördüm. O sevinc mənə böyük mükafat
idi.
- Vəzifə
sizə hansı maddi imtiyazları qazandırdı?
- Vəzifə
yox, mənə maddi imtiyazı sənətim qazandırıb.
Atamdan xəbərsiz 16 yaşımda işləməyə
başladım və rəssamlıq məktəbində
oxuya-oxuya 90 manat pul qazanırdım. Vəzifə imtiyaz
verə bilər, amma əsas insanın özüdür, o,
çalışırsa, tənbəllik etmirsə, imtiyaz da əldə
edəcək, öz arzusuna da çatacaq!
- Vəzifəli
şəxslərdən dostluq etdiyiniz adamlar var?
- Niyə
yoxdur, var. (Gülür) Amma adlarını demək istəmirəm.
Çalışıram, insanlarla səmimi olum.
Bəziləri qəbul edir, bəziləri qəbul
etmir. O mənada ki, onlar çalışırlar
insanlar... Nə isə, bu ayrı mövzudur.
- Azərbaycan
cəmiyyətində sizi narahat edən məsələlər
hansıdır?
- Məni
ən çox narahat edən Qarabağa gedə bilməməyimdir.
Əlimdəki bu yaraların hamısı
uşaq vaxtı Qarabağdan yadigar qalıb. O yerlərə
ayağım dəyən kimi qalxacağam Cıdır
düzünə, diz çöküb, Vətənimi öpəcəyəm
ki, sənin hər qarışına qurban olum!
Xalq cəbhəsi.-2014.-
29 avqust.- S.10.