Bu yolda
hasilim tək əzab olur...
Azər Buzovnalı lirikasının
özülünü qəzəllər təşkil edir
Milli ədəbiyyatımız bütün dövrlərdə
xalqın həyat tərzini, milli tarixini, düşüncə
və ideoloji fikrini, baş verən müxtəlif tarixi-ictimai
hadisələri, mədəni dəyişiklikləri dərindən
və geniş şəkildə əks etdirib. Bu mənada XIX əsrin sonu,
XX əsrin əvvəllərində Azərbaycanda və
qonşu regionlarda baş verən həm ictimai-siyasi, həm də
mədəni inqilabların, yeniliklərə təkan verən
proseslərin milli ədəbiyyatımızda əks
olunması müxtəlif ədəbi istiqamətlərin, cərəyanların
formalaşmasına və müəyyənləşməsinə
səbəb olub. Bu dövrdə bir sıra
şair və yazıçılar mütərəqqi və bəşəri
ideyalarla zəngin olan bədii irsləri ilə ədəbiyyatımızda
yeni cığırlar açırdılar.
Bu
dövrün yetişdirdiyi şairlərdən biri olan Azər
Buzovnalının yaradıcılığının müxtəlif
aspektlərdən - həyat və
yaradıcılığı, tərcüməçilik fəaliyyəti,
müxtəlif janrda yazdığı əsərlərin
xüsusiyyətləri, müxtəlif şəxslərin ədəbi
mühitə qədəm qoymasındakı rolu və s. məsələlərin
araşdırılması şairin yaşadığı
dövrün ədəbi mühitinin tədqiqində
xüsusi əhəmiyyət kəsb edir. Onun
lirik yaradıcılığı müxtəlif janrlara
bölünərək tədqiqat obyektinə çevrilə
biləcək qədər zəngin və rəngarəngdir.
Şairin yaradıcılığının
dolğun və əhatəli hissəsini məhz onun
lirik-aşiqanə məzmunlu şeirləri təşkil edir.
Azər Buzovnalı lirikasının özülünü təşkil
edən qəzəlləri ilə daha çox tanınsa da,
şair klassik ədəbiyyatın təsiri ilə şeirlər
yazan bəzi dövrdaş qələm əhlindən fərqli
olaraq, yalnız məhəbbət mövzusu ilə kifayətlənməyib,
ictimai-fəlsəfi, ümumbəşəri məzmunlu qəzəllər
də qələmə alaraq dövrünün aktual problemlərini
yaradıcılığında güzgü kimi əks etdirməyə
müvəffəq olub.
Azər Buzovnalı klassik şeir örnəkləri ilə
yanaşı heca vəznli şeirlərdə də öz bədii
təxəyyülünü əks etdirib. Klassik
üslubda rəvan və axıcı şeirlər müəllifi
olan Azər heca vəznində yazdığı şeirlərdə
həm təbiət gözəlliklərini, saf məhəbbəti,
həm də dövrünün ictimai-siyasi mənzərəsini
tərənnüm edib. Həyatının
müxtəlif dövrlərində, istər erkən gənclik
çağlarında, istərsə də ömrünün
ahıl yaşlarında şifahi xalq ədəbiyyatının
nümunələrindən, zəngin folklor irsimizdən təsirlənərək
yazdığı heca vəznli şeirləri, qoşmaları
mövzu və ideya baxımından müxtəlifdir, rəngarəngdir.
Belə ki, şair klassik poeziya nümunələri
ilə öz şairanə məharətini nümayiş
etdirməklə kifayətlənməyib, həm də xalq ədəbiyyatı
əsasında formalaşan janrlarda da qələmini
sınayaraq şeirlər yazıb. Onun
yaradıcılığının müəyyən dövrlərini
tədqiq edən alimlərdən biri olan M.Sultanov bu haqda
yazır: "Şair əsərlərini əsasən əruz
vəznində yazıb, lakin onun heca vəznində də əsərləri
yox deyil. Xüsusən şairin vaqifanə
qoşmaları öz səlisliyi və lirikliyi ilə nəzəri
cəlb edir". Şairin heca vəznli
lirik yaradıcılığına toxunan A.Zeynalzadə, erkən
yaşlarından şeir yazmağa həvəs göstərən
Azərin bir müddət xalq ədəbiyyatı səpkisində
də qoşmalar yazdığını qeyd edir.
Ümumiyyətlə, müxtəlif dövrlərdə
şairin həyat və yaradıcılığını, ədəbi
fəaliyyətinin müxtəlif istiqamətlərini
araşdıran alimlər Azərin əsasən
yaradıcılığının ilkin dövrlərində
heca vəznli şeirlərə müraciət etdiyini qeyd edirlər. Lakin şairin
əlyazmalarını araşdırdığımız zaman
ömrününün ahıl çağlarında da bu
növ şeirlər qələmə aldığının
şahidi oluruq.
A.Buzovnalının
AMEA M.Füzuli adına Əlyazmalar
İnstitutundakı şəxsi fondunda qorunan avtoqraf şeir dəftərlərinin
əksəriyyətində şair hər bir şeir nümunəsinin
altında qələmə aldığı tarixi qeyd edib ki,
bu da onun təkcə gənc yaşlarında deyil, qocalıq
dövründə də heca vəznli şeirlər
yazdığını göstərir. Məsələn, fond
12, s.v. 9 şifrəsi altında qorunan "Könlüm istər
danışasan, güləsən" misralı, "Gözəl
qız", "Yox-yox", "Olsam da bir, olmasam da bir",
"Qocalıq" rədifli şeirlərin sonundakı tarixlər
yuxarıda qeyd edilən fikirləri sübuta yetirir.
Onun əlyazmaları, nəşr edilən müxtəlif
məzmunlu şeirləri ədəbiyyatımızın
müxtəlif janrlarına məxsus ənənələri əsərlərində
vəhdət halında yaşadan, həm klassik, həm də
şifahi xalq ədəbiyyatını əhatə edən bədii
nümunələrdir. Şairin ideyalarının, təfəkkür
tərzinin incə təcəssümü olan bu əsərləri
XIX əsrin ikinci yarısı, XX əsrin birinci
yarısında Azərbaycan ədəbi mühitinin əksidir.
A.Buzovnalı heca vəznli şeirlərə müraciət
etməklə çevrəsində cərəyan edən hadisələri,
o cümlədən, cəmiyyətdəki müxtəlif
ictimai-siyasi prosesləri, mənəvi hisslərini, aşiqin
hicran və vüsal dəmindəki duyğularını,
dövrə və zəmanənin insanlarına qarşı
içərisində tüğyan edən
üsyanlarını dolğun şəkildə, xalqın
anlaya biləcəyi dildə və qavrayacağı tərzdə
canlandıra bilib.
A.Buzovnalının qoşmalarında cəmiyyəti narahat
edən məsələlər, ictimai fikirlər qüvvətli
və aktualdır. Sadə dildə yazılmış
qoşmalarda şair həm dövrünün
insanlarını, həm də müxtəlif ictimai-siyasi dəyişikliklər,
mədəni inqilablar xaosunda yaşayan xalqın təmsilçisi
olaraq öz arzularını, hisslərini də təsvir edib.
Bu baxımdan şairin xalq ədəbiyyatının
ən mükəmməl və praktik növü olan qoşma
janrına müraciət etməsi və bu janrda qələmini
sınaması təsadüfi deyil. Şair
bu şeir növündən istifadə edərək
yaşadığı mühitin daha real mənzərəsini
yaratmağa çalışırdı. Ədəbiyyatşünaslıqda
qoşmanın lirik yaradıcılıq sferasında bədii
üslub cəhətdən mövqeyi haqqında olan fikirləri
ümumiləşdirərək P.Kərimov lirik poeziyanın
yeni, realist istiqamətdə inkişaf etməsində klassik ədəbiyyatın
kanonlarının, ənənəvi obraz-üslub sisteminin
pozulmasında, fərdi üslub konsepsiyasının bərqərar
olmasında həyat hadisələrini, insan hisslərini hərtərəfli
əks etdirməyə imkan verən, aşıq şeirinin ən
universal və çevik janrı qoşmanın rolunun
böyük olduğunu qeyd edir.
A.Buzovnalı heca vəzninin bütün meyarlarına,
ölçülərinə riayət etməyə
çalışıb. Bu baxımdan onun fond 12, s.v.9 şifrəsi altında
saxlanılan qoşmalarından örnəkləri nəzərdən
keçirək:
Eşqü
qismətim ruzi-əzəldən,
Dilşad olsam da bir, olmasam da bir.
Çəkdiyim
cəfadır hər bir gözəldən,
Mütad olsam da bir, olmasam da bir.
Gözümün
yaşilə bəslənən şəcər,
Verməyir
hasili-kamına səmər,
Çəkdiyim
zəhmətlər həp olur hədər,
Bu yolda hasilim tək əzab olur.
Məhəbbət mövzusunda yazan şair cananın ona
verdiyi əzablardan, düşdüyü durumlardan, əhatəsindəki
insanların onun sevgi yolundakı çəkdiyi əziyyətlərinə
biganə qalmasından dərin təəssüf, həzin bir
duyğu ilə bəhs edir. Ümumiyyətlə,
onun məhəbbət hissləri ilə yoğrulan
qoşmalarının əsas lirik qəhrəmanı dərdli,
lakin eşqinə, sevdasına sadiq, bəzən bədbin, bəzən
də eşq oduna yanmasından usanmayan, bununla fəxr edən
bir aşiqdir. Azər o aşiqin
timsalında həm də özünün daxili aləmini, mənəviyyatını
və nəhayət, qəlbinin incə tellərini riqqətə
gətirən ümidlərini, arzu və istəklərini
oxucuya çatdırıb, onu düşünməyə
sövq edib.
Şairin qələmə aldığı müxtəlif
məzmunlu qoşmalar həm qafiyə quruluşu, həm də
hecalarının, bəndlərinin müəyyən sayda
olması, möhürbəndlərin yazılması kimi
şifahi xalq ədəbiyyatının bu növünün ənənəvi
xüsusiyyətlərini əks etdirmək baxımından da
diqqəti cəlb edir. Şairin qoşmalarının
mühüm hissəsi gözəlliyin təsvirinə həsr
olunub. O, həm özündən əvvəl, həm də
dövrünün söz sənətkarlarının tez-tez
müraciət etdikləri təşbehləri, simvolik
obrazları, orijinal ibarələri, xarici və batini gözəlliyi
əks etdirən epitetləri öz fərdi poetik dil
üslubuna uyğunlaşdıraraq şeirlərində ən
yüksək zövqlə ifadə edib. Şairin istifadə
etdiyi "sərv boylu", "şirin dəhən",
"simintən", "ahu gözlü", "kirpiyi
ox", "qaşı kaman" və s. ifadələr onun
qoşmalarının əsas bədii təyinləri kimi
şairin ruhunu oxşayan gözəlin daha qabarıq şəkildə
insan təxəyyülündə canlanmasına rəvac verir:
Dedim
qaşın kaman, kirpiyin oxdur,
Dedi, batil
güman, öylə şey yoxdur.
Dedim sənin
kimi gözəllər çoxdur,
Həpsi böylə şeymi, söylədi yox, yox.
A.Buzovnalı
gözəlin daxili və xarici gözəlliyini daha dolğun
təsvir etmək üçün onu təbiətin bənzərsiz
varlıqlarının gözəlliyi ilə müqayisə
edir, qələmə aldığı ifadələrlə hər
bir varlığın öz incəlik və gözəlliyini
qurban verməsi, hər bir yaradılışın yenidən
təbiətə dönməsi ilə
qarşılaşdıraraq, sanki sevgilisinə həyatın fəlsəfəsini
anladır, bir növ ibrət dərsi verməyə
çalışır.
Yolunda
başıma yağsa da daşlar,
Fərəhimdəndir
axan gözümdən yaşlar,
Anlamaz bu
zövqü sevdasız başlar,
Bu sevdadan xali olmasın başım.
Şairin heca vəznli şeirlərində cinas sözlərdən
ibarət təcnislərə də rast gəlinir. Məlum
olduğu kimi qafiyə təşkil edən sözlərin
müxtəlif mənalar daşıması təcnisin əsas
şərtlərindəndir və şeirdə belə qafiyyələri
yaratmaq şairdən xüsusi istedad və yüksək sənətkarlıq
tələb edir.
Könlüm
istər danışasan, güləsən,
Bənzəyirsən
iki açmış gülə sən...
Bu
misralarda forma cəhətdən eyni olan, lakin intonasiyasına
görə fərqlənən "güləsən" və
"gülə sən" sözləri cinas qafiyə təşkil
edib. Şair Azərbaycan ədəbiyyatı
tarixində heca vəzninin sənətkarlıq xüsusiyyətlərindən
bəhrələnib, lakin yaradıcılığında əsasən
11 hecalı şeir nümunələri yaradıb.
Açılsa
naz ilə dərci-dəhəni,
Dür saçar
ləbləri gəlincə sözə,
Axdırar
qaməti sərvü çəməni,
Soldurar gülləri gəlsə yüz-yüzə.
Göründüyü kimi 11 hecadan ibarət müxtəlif
məzmunlu şeirlərdə sevgili cananın məftunedici
gözəlliyinin tərənnümü əks olunub. "Mən qaldım" rədifli
şeirdə şair yaşadığı dövrü,
ömrünün son günlərini,
dost-tanışlarının onu və fani dünyanı tərk
etməsini, pərişan halını, məyusluğunu təsvir
edir, digər tərəfdən vaxtilə səmimi münasibətdə
olduğu qələm dostu, sirdaşı Səməd Mənsurun
ölümünü dərin hüznlə yad edərək
yazır:
Az
qalmış altmışa yetişsin yaşım,
Qocaman
dağlar tək ağarmış başım,
Köçüb
getdi bir-bir hamı sirdaşım,
Bu dar fənada tənha mən qaldım.
Azər Buzovnalı nikbin ruhlu bir şair olub. Yaradıcılığında
ruh yüksəkliyi, həyata bağlılıq, hər bir
qaranlıq gecənin sonunda sübh şəfəqlərinin
varlığına ümid və inam əsas motivlərdəndir.
Azər Buzovnalı milli ədəbi ənənələri
və Azərbaycan dilinin zənginliklərini əsərlərində
qabarıq şəkildə tərənnüm edib.
Könül
Bağırova,
Araşdırmaçı
Xalq cəbhəsi.-2014.- 29 avqust.- S.14.