Çarpacaq
qəlbim, əgər sussa dilim...?
Müşkinaz Cavid Hüseyn Cavidin
ilk oxucusu olmaq, onun əsərlərinin üzünü
köçürmək kimi bir missiyanı yerinə yetirib
Hər dahi kişinin arxasında bir güclü qadın
dayanır. Məhz o mütəfəkkirin güc və ilham mənbəyi
olur. Bu gücün sayəsində
bütün bəşəriyyəti ədalətə səsləyir,
ətrafını sarmış dumana rəğmən haqq səsini
ucaldır, qorxmadan, çəkinmədən müstəbidlə
vuruşur. "Sürüklənən bəşəriyyət
qadınla yüksələcək" deyən Cavid və onun
həyat yoldaşı Müşkinaz xanım kimi.
Böyük ədibin layiqli xanımı, qürurlu, şərəfli
bir qadın, qayğıkeş ana və qüvvətli şəxsiyyət
- Müşkinaz Cavid ...
1902-ci ildə Naxçıvanda anadan olub Müşkinaz
xanım. İlk gənclik illərinə qədər heç
bir təhsil almayıb. Atası onu
yaşlı bir kişiyə ərə vermişdi. Lakin o, evdə qərar tuta bilməmiş, baş
götürüb qaçmışdı o evdən. Ömrü Cavidlə birləşəndə
özünü, həyatını, arzu və istəklərini
unudub Cavid ömrünə caladı ömrünü. O,
Cavidə yalnız sədaqətli, dəyanətli bir həyat
yoldaşı deyil, həm də dost, sirdaş ola
bildi. Cavid də ona sevgiylə savad verdi, həyatı
öyrətdi. Mişkinaz beləcə Hüseyn
Cavidin yüzlərlə tələbəsindən birinə
çevrildi. Caviddən aldığı o
savadla Mişkinaz çox illər sonra şairin unudulmuş əsərlərini
yazıya köçürdü, onun haqqında ən
doğru xatirələri qələmə aldı.
Müşkinaz
Cavidin gündəliklərindən Cavidlə bağlı bir
xatirə: "Biz 1918-ci ilin avqust ayında evləndik. Çox kiçik, xudmani toy məclisi oldu.
Toydan bir-iki gün sonra Cavid mənə dedi ki, axı mən hərdənbir
cızmaqara edirəm, gərək mənim ilk oxucularımdan
biri də sən olasan. Mən isə onun oxucusu ola
bilməzdim. Çünki savadım yox idi.
Cavid mənə dərs deməyə başladı..."
Müşkinaz
xanımla Cavid 19 il birgə
yaşayıblar. Və beləcə adı,
özü, yaşantısı ilə daha bir Cavid ömrü
yaşansın deyə, illərlə ömür-gün
yoldaşının ədəbi mirasının keşiyində
durub. Ta Allahın ona verdiyi ömür
payı kəsilənədək, 1976-cı ilin soyuq
noyabrınadək ürəyində böyük sevdanın hərarəti
ilə yaşadı. Müşkinaz
xanım Hüseyn Cavidin ilk oxucusu olmaq, onun əsərlərinin
üzünü köçürmək kimi bir missiyanı
yerinə yetirib. Təsadüfi deyil ki,
"İblisin intiqamı" pyesinin onun xətti ilə
köçürülmüş surəti olmasaydı,
böyük şair və dramaturqun repressiya qurbanı
olmuş bir sıra ədəbi nümunələri kimi, bu əsər
də itəcəkdi. Ümumiyyətlə,
Müşkinaz xanımın ömrü Cavidləşmişdi,
onu elg belə də adlandırırdılar - Müşkinaz
Cavid.
Beləcə, aylar ötür, xoş günlər
bir-birini əvəz edirdi. Ədəbi mühitdə
söz qovğaları nə qədər çətin, bəlkə
də dözülməz olsa da, sevgi dolu evdə səadət
hökm sürürdü. Cavidin ölməz əsərlərinin
say sırası da genişlənir, ilhamlanan ədib durmadan
yazıb-yaradırdı. "Keçmiş günlər"
və "Bahar şəbnəmləri" kitabları,
"Ana", "Maral", "Şeyx Sənan",
"Şeyda" nəşr edilərək
yayılırdı. Əsrin ikinci onilliyində
Cavid artıq Azərbaycan ədəbi mühitində
özünü təsdiq etmişdi. 1919-cu
ildə oğlu Ərtoğrol, 1923-cü ildə qızı
Turan dünyaya gəlib ailənin həyat təqvimini daha da rəngarəng
etmişdilər.
Cavid səhhətindən
dolayı Kislovodskda müalicə alarkən evə
yazdığı məktublardan sətirlər..
"4 həziran, 1927. Kislovodsk.
Əziz və
sevgili Mişkinaz! İndiyə qədər
dörd-beş açıq məktub yazmışam. Ərtoğrolun otkrıtkasından başqa bir məktub
almamışam. Bilməyirəm, cavab
yazmayırsan, yaxud poçtxanamı verməyir? Hər halda, bu qədər tənbəllik yaramaz.
Desəm ki, vannalar və elektrik məndə hal
qoymamış, nəinki uzun məktub yazmaq, hətta
qısasına da ərinirəm. Daha doğrusu, Məşədi
İbad kimi adımı da özgədən soruşuram.
Vannalar bütün-bütünə əsabı
və hafizəni bərbad edir. Az
qalmış ki, tədavi proqramımı yarılayım,
bugün-yarın qulluğunuzdayam. Çocuqlardan muğayət
ol! Ərtoğrola söylə ki, gözü
Turancığın üzərində olsun,
savaşmasınlar, yoxsa acıq edib bir yolluq Mərdəkana gəlmərəm.
Çocuqları mənim tərəfimdən öpərsən...
Hüseyn Cavid".
"30 iyun, 1927. Kislovodsk.
Mişkinaz!
Bu gün üçüncü məktubunuzu
aldım ki, Ərtoğrol ilə bərabər
yazmışdınız. Çox məmnun
oldum. Keçən gün doktorun
yanında idim. Üçüncü dəfə
müayinə etdi. Yenə narzan və
elektrik və digər ilaclar yazdı. Doktorun
fikrincə, iyulun iyirmisinə qədər tədavi bitər, sərbəst
olaram. Mən bir də doktora gedəcəyəm.
Proqrama bir şey əlavə etməsə, ayın iyirmisində
çıxacağam, çünki qəribsəməyə
başladım, tanış da çox
az... Pənah bəy də dünən yox,
srağagün gəldi. Kislovodsk
yağmurları dad-bidad eləyir. Dışarı
çıxmaq mümkün deyil. Yenə
beş-altı girvəngə kökəldim. Professor, qətiyyən yaramaz - deyə, ac buraxır.
Gündüz yatmağa heç qoymayır.
Gələn dəfə ayrıca
Ərtoğrola şəkilli otkrıtka yazacağam, bu dəfə
bağışlasın. Çocuqları
öpürəm. Ərtoğrol Həlimənin də dərslərinə
baxsın... Baqi ehtiram, səni öpürəm".
1937-ci ilin qara maşınından sonra onların da həyatı
alt-üst oldu, həyatları "xalq düşməni"
ləkəsi ilə bulandı. Yavaş-yavaş
qapılarından əl-ayaq kəsildi, yaxın-uzaqlar üz
çevirdi, yan-yörələrində dolaşmaq qorxuya
çevrildi. Unuduldu həyatın
şirinliyi, sevdanın ülfəti. Az
sonra pozuldu həyatın ritmi, ev-eşiklərindən, Cavidli
yurd-yuvalarından zorla çıxarıldılar. Soyuq küləklər əsdikcə əsdi. Dondu dodaqlardakı təbəssüm, itdi üzlərin
sevinc saçan cizgiləri, batdı şaqraq
gülüşlərin cingiltisi. Bir
özləri oldu, bir də dağdan ağır dərdləri,
ruh sıxan əzabları.
Dostlar kədərlənməsin, düşmənlər
sevinməsin, hər gün məskunlaşdıqları yad,
soyuq mənzilin küncləri məhəbbətlə isinib, əmanət
balaların qarnı doysun deyə çalışmaq, hər
şeyə rəğmən yıxılmadan yürümək
lazım idi. Onda nə etməli, bu kəskin münasibətlərin,
cüzamlı kimi hər kəsin qaçmağa
çalışdığı vəziyyətin içindən
necə çıxmalı?!
Müşkinaz
xanım "xalq düşməni"nin
həyat yodaşı olduğu üçün bütün
qapılar üzünə bağlı idi,
yaşadığı mənzil əlindən
alınmışdı. Çətinliklə də olsa, nəhayət
1938-ci ilin aprelində "Klara Setkin" adına
sənaye kooperativ artelində işə düzəldi. Ehtiyac məcburiyyəti ilə fasilələrlə
ta 1948-ci ilə qədər burada çalışdı.
Artel o vaxt işəmuzd qaydada qəbul etdiyi
qadınlara bacaracaqları qədər sifariş verirdi.
Ən adi iş üçün bağlanan qapılar, o
qapıların ardındakı dəyişən simalar
Müşkinaz xanımı çox yorduğundan buna da
şükür edib çalışır, çörək
ağacı olan dərziliyindən əl çəkmək
istəmirdi.
O
bütün çətinliklərə rəğmən həmişə
Bakıda yaşadı. Sanki Cavidin hər an
gələcəyini gözləyirmiş kimi. Böyük
şəhərdə böyük dərdlər
daşıdı ürəyində.
Cavid çox nadir istedadı ilə yanaşı,
böyük pedaqoq, üzaqgörən və qeyri-adi insan idi. Bir dəfə Keşlə
həbsxanasında olarkən, Mişkinaz xanımla
görüş zamanı Cavid ona deyib ki, filan əsərimin
filan səhifəsində Ərtoğrolla Turanın taleyini
yazmışam, tap, oxu, amma özlərinə göstərmə.
Mişkinaz xanım o yazını tapıb
oxuyub, sonra da yandırıb.
Sonra amansız ayrılıq onları ayrı saldı
bir-birindən.
4 il həyat yoldaşının məktublarını
gözlədi, səbrlə, göz yaşlarıyla. Sonra məktublar kəsildi, Mişkinaz xanım
başladı Caviddən gələn məktubların köhnə
ünvanına yazmağa. Yenə də cavab olmadı, hər
dəfəsində oxşar cavablar - "Burdan gedib"...
"Sevgili
Mişkinaz, 2 gün sonra Daşkənddən Vladivastoka
doğru hərəkət edəcəyik. Keyvim
yaxşıdır, məndən tez-tez məktub gözləməyin.
Fürsət düşərsə, yazaram.
Abuzərə, Qərənfilə (Abuzər Müşkinaz
xanımın qardaşı, Qərənfil isə qonşusu
olub) salam. Sən də
Ərtoğrul da Turan xanımdan muğayat olun, hər yerə
yalnız buraxmayın. Öpürəm.
H.Cavid 26 iyul 1939".
Bu bircə qırıq kağızda min kilometrlərlə
uzaq məsafədən, qarlı düzlərdən,
dağlardan, səhralardan, meşələrdən şəhərlərdən
aşıb gələn doğma, isti ata məhəbbəti
var.
"Əzizim Mişkinaz! Sən və uşaqlara Vladivostokdan salam. Bura sentyabrın 22-də gəlib
çatdıq. Burdan haçan, hara
göndəriləcəyimiz bəlli deyil. Sağ-salamatam. Sizə də səmimi
qəlbdən bunu diləyirəm. Məktub
yazmayın, mənim məktubumu gözləyin. Öpürəm sizi. Cavid. 29.09.1939".
"Əzizim Mişkinaz. İndiyədək sizə
bir neçə məktub yazmışam. Hələ
heç bir bağlamaya ehtiyac yoxdur. Ancaq hər
iki aydan bir teleqrafla 100 manat göndərin. Öpürəm sizi, oğlumu və sevimli
qızımı. Turan orta məktəbi bitiribsə, bir il dincəlsin. Bir də mənə
yazın görüm özü hansı ixtisası
arzulayır? Müfəssəl yazın
görüm necə yaşayırsınız? Yenə
öpürəm sizi, yaxınlara, dostlara, qohumlara salam. H.Cavid. Xabarovsk vilayəti,
Maqadan Əlillər zonası. 30.06.1940".
"Əziz Mişkinaz! Köhnə yerimdə
yaşayıram, sağlamam. Hər ay siz
göndərən pulları alıram, yazdığım kimi
hər ay teleqrafla 50-60 manat göndərin. Bağlama lazım deyil. Ancaq hər
yarım aydan bir səhhətiniz haqda məktub yazın. Burda hərdən yüzlərlə dustaq azad edilir,
ya da müddətlərini qısaldırlar. Arxayın olun, mənə də növbə
çatacaq. Səni, ağıllı,
bacarıqlı oğlumu və xüsusən istəkli,
mehriban qızım Turancığımı öpürəm.
Yenə də öpürəm. H.Cavid 27
may 1941".
Bu, Cavidin Bakıya gəlib çatan son məktubudur. Evdəkilər bundan xəbərsizdirlər,
xəbərsiz olduqları üçün də gözləyəcəklər.. Çox gözləyəcəklər.
İllərlə gözləyəcəklər.
Bilməyəcəklər ki, Cavid bu məktubu yazandan 6-ay sonra
-1941-ci il dekabrın 5-də keçinib.
Amma
çox illər sonra Cavidin ellisi-nehrəmli Məmmədin
acıdan-acı bir xatirəsi çatacaq onlara:
"Aparılanda 9-cu sinifdə oxuyurdum, 17 gün Cavidlə bir
qatarda getdik. Əlbəttə
yarımqaranlıq bir yük maşınında Cavidi seçə
bilməzdim, lap görsəydim də tanımazdım. Özü məni səslədi. Danışığımı eşidən kimi ləhcəmdən
Naxçıvanlı olduğumu bilib məni
çağırdı, "kimlərdənsən?"
soruşdu. Xeyli dərdləşdik 17-gün gedəndən
sonra qatarı saxladılar,
başladılar bizi düşürməyə. Burdan hərəni nəzərdə tutduqları yerə
yola salacaqdılar. Vaqonun qapısı yerdən
hündür idi. Cavid deyəsən
düşməyə çətinlik çəkirdi. Elə bu vaxt hirslə onu itələyib yerə
saldılar ki, hamı düşüb sən qalmısan.
Cavid üzü üstə yerə sərildi, burnundan qan
gəldi. Cəld ona tərəf yüyürdüm. Elə qolundan yapışıb qalxmasına kömək
etmək istəyirdim ki, mənim özümə də arxadan
güclü bir təpik ilişdirdilər. Huşumu itirdim, ayılanda nə o
düşdüyümüz yer qalmışdı, nə də
Cavid - artıq tamam başqa qatar məni aparırdı."
Hüseyn Cavidin nəşini Vətənə gətirmiş
Həmid Cəfərov danışır ki, Cavidi taxta tabutda,
iki metr dərinlikdə, üzü Şərqə, yəni
üzü qibləyə, müsəlmansayağı dəfn
etmişdilər. Ayağında Müşkinaz xanımın toxuduğu
corab hələ də qalmaqda idi...
1996-cı ilin oktyabrında Hüseyn Cavidin
Naxçıvanda məqbərəsi yaradıldı,
Mişkinaz xanımın məzarı Bakıdan, şairin erkən
vəfat etmiş oğlu Ərtoğrolun məzarı isə
Naxçıvandan Cavid türbəsinə
köçürüldü. 2004-cü ildə Turan
xanımın vəfatından sonra Cavidlərin
dördüncü - sonuncu nümayəndəsi də həmin
məqbərədə dəfn edildi.
Ülviyyə Tahiqızı
Xalq cəbhəsi.-2014.- 30 avqust.- S.13.