Uşaqlarda anadangəlmə ürək xəstəlikləri
Əvvəllər ümidsiz
olan xəstəliklər indi
tam müalicə edilir
Yaxın günlərdə Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyasının sədri, Konfransın Təşkilat Komitəsinin sədri Rəşad Mahmudov baynəlxalq konfransda çıxış edərək bildirib ki, ölkədə hər il 800-1000 nəfərə yaxın uşaq ürək qüsuru ilə dünyaya gəlir. Dünya üzrə isə bu rəqəm 1 milyondan artıqdır: “Onların 100 min nəfəri 1 yaşadək dünyasını dəyişir. Hər il anadangəlmə ürək qüsuru ilə dünyaya gələn 1 milyondan çox uşağın 300-350 min nəfəri iqtisadi problemləri, böhran içində olan, tibbin səviyyəsinin aşağı olduğu ölkələrdə bəlli səbəblərdən həyatlarını itirlər”.
Anadangəlmə ürək xəstəliklərinin bəziləri yüngüldür və ailənin ilk anda fərq edəcəyi bir əlamət göstərmir. Bu zaman ancaq pediatr müayinə sayəsində onda ürək xəstəliyinin olmasından şübhələnərsə, uşaq kardioloquna yönləndirilir.
Həkimlər bildirir ki, anadangəlmə ürək qüsurları bətndaxili dövrdə qan dövranı sisteminin inkişaf pozğunluqları nəticəsində əmələ gəlir. Ürək bir orqan kimi bətndaxili həyatın 3-8 həftələrində formalaşır. Anadangəlmə qüsurun səbəbi ana tərəfindən hamiləliyin ilk 3 ayı ərzində keçirilmiş kəskin respirator virus infeksiyaları, qrip, məxmərək, herpes və s. xəstəliklər, siqaret çəkmə, hamiləlik zamanı qadağa qoyulmuş dərmanların qəbulu, eləcə də irsi faktorlar ola bilər.
Anadangəlmə ürək qüsurları müxtəlifdir, ancaq daha geniş yayılmış formaları qulaqcıqlar və ya mədəciklər arasındakı çəpərdə dəlik olmasıdır (sağlam insanlarda bu çəpər tam bağlı olur). Bu dəlikdən arterial qanın bir hissəsi ürəyin sol payından sağ payına (venoz qan axarına) düşür (şəkilə bax). Nəticədə oksigenlə zənginləşmiş arterial qanın bir hissəsi böyük qan dövranına düşmür. Bu zaman orqan və sistemlərin bir çoxuna kifayət dərəcədə oksigen və qidalandırıcı maddələr çatmır. Digər tərəfdən, arterial qanın bir hissəsi kiçik qan dövranına düşərək onun təzyiqini artırır (yükləyir) və ürək daha artıq gərginliklə işləyir. Kiçik qan dövranına nə qədər çox arterial qan düşərsə, qüsur bir o qədər ağırlaşmış olur.
Ağır anadangəlmə ürək qüsuru olan uşaqlar inkişafda yaşıdlarından geri qalır, çox pis çəki artırır, tez-tez xəstələnir, tez yorulurlar. Onlarda təngnəfəslik, sianoz əmələ gəlir, dəri örtükləri avazımış olur. Müalicə əsasən cərrahi yolla həyata keçirilir, bəzi hallarda ağırlaşmamış qüsurları medikamentoz yolla da müalicə edirlər.
Həmyaşıdlarına nisbətən süst, yorğun olan, gec inkişaf edən, dərslərini çatdırıb oxuya bilməyən, az hərəkət etdiyi zaman belə yorulan körpələrə vaxtında diqqət yetirib həkimə göstərmək lazımdır. Çünki belə uşaqlarda qüsurlara daha çox rast gəlinir. Fiziki gərginlik zamanı sağlam uşaqlar 5 dəqiqəyə özlərinə gəlirlərsə, ürək qüsuru olanlar uzun müddət tövşəyir, baş gicəllənmələri olur, tənginəfəslik uzunmüddət davam edir. Dəridə və dırnaqlarda avazıma və göyərmə halları müşahidə olunur. Bu zaman artıq uşağın sağlamlığına şübhə yaranır.
Kardioloq Maqsud Mirzəyev deyir ki, ürək kameraları arasında olan deşiklər daxili orqanların kifayət qədər oksigenlə təmin olunmamasına səbəb olur. Nəticədə qanda hemoqlobin yüksəlir, tənginəfəslik yaranır. Ürək qanı itələmək üçün daha ağır hərəkət etməyə başlayır ki, nəticədə əzələlər bərkiyir, qalınlaşır. Bu hal uzun müddət davam etdikdə ürək öz işinin öhdəsindən gələ bilmir və həyat üçün risk yaranır: "Uşaqlarda anadangəlmə ürək qüsuru olması hazırda çox geniş yayılıb. Elə qüsurlar var ki, onlar öz-özünə bağlanır. Belə deşiklər ürəyin ayrı-ayrı hissələri arasında olur. Lakin elə qüsurlar var ki, onların özü-özünə bağlanması mümkün deyil və belə qüsurlar bir neçə əmliyyatla bağlanır. Ürək qüsurları ciddi qüsurardırsa, bu, körpə dünyaya gəldikdən bir neçə saat sonra artıq bilinməyə başlayır. Belə ki, körpənin rəngi dəyişir, əsasən ağ, yaşıl rəngə çalır. Süd əmən zaman tənginəfəslik yaranır. Ciddi olmayan qüsurlar isə uşaq böyüdükcə üzə çıxır. Əsasən 4 yaşından sonra uşaqda qüsur olub-olmaması aşkar olunur. Bu zaman uşaq tez yorulur, əl-ayaqlarında tərləmə yaranır, ən kiçik hərəkətdə belə tənginəfəslik müşahidə olunur".
Mütəxəssislər deyir ki, uşaq ürək cərrahiyyəsində 500-ə yaxın nazologiya, müxtəlif xəstəliklər var. Hər bir xəstəliyin özünü büruzə verməsi fərqlidir. Heç də bütün qeyri-adi əlamətlər uşağın qüsurlu olmasına işarə vermir. Zahirən normal görünən yeni doğulmuş bir uşağın ürəyinin vəziyyəti kritik ola bilər. Yaxud qeyri-adi əlamət müşahidə olunan uşaqlarda vəziyyət sağlamlıq baxımından çox gözəl ola bilər. Maqsud Mirzəyev bildirir ki, EXO kardioqrafiyası ilk müayinə üsullarından biridir: "Elə qüsurlar olur ki, onların diaqnoz qoyulma vaxtları üçün gec olur. Belə qüsurlar mümkün qədər tez aşkarlanmalıdır. Gec aşkarlanan qüsurlarda artıq əməliyyat belə uşaqları xilas edə bilmir".
Azərbaycan üçün
ən geniş yayılmış qüsur "Falo
tetradası" adlanan qüsurdur:
"Bu qüsurla doğulan uşaqların sayı həddindən
artıq çoxdur. "Fallo
tetradası"nda magistral
arteriyaların hər
ikisi sağ mədəcikdən çıxır. Vaxtında diaqnozları
qoyulub, əməliyyat
olunan uşaqların indi hər biri
həyatdadır və
sağlam yaşayır".
Həkimin dediyinə görə, xəstə uşaqlar vaxtında müalicə, yaxud əməliyyat olunmadıqda maksimum 15 ilə qədər yaşaya bilər. Ürək qüsuru
olan uşaqların sağlam həyat tərzi keçirməsi,
yaxud uzun ömürlü olması
mümkün deyil.
Elmi araşdırmalar
hələ də ürək qusurlarının
səbəbini tam aydınlaşdırmağa
imkan vermir. Genetik amillər
və hamiləlik zamanı qəbul olunan dərmanların buna təsir etmə ehtimalı böyükdür.
Ginekoloq Elmira Kərimovanın sözlərinə
görə, hamilə
olarkən xəstələnməməyə,
sağlam həyat keçirməyə diqqət
etmək lazımdır. Alkoqolun
qəbul edilməsi, siqaret çəkilməsi,
həkim nəzarətindən
əlavə hər hansı bir dərmanın özbaşına
qəbul edilməsi ana bətnində olan körpəyə birbaşa təsir edir: "Hamiləlik zamanı qızılca xəstəliyini keçirmək,
yaxud diabet xəstəsi olan qadınların şəkəri
normasında saxlamaması
da uşaqda ürək qüsurlarının
yaranmasına səbəb
ola bilir.
Təbii ki, irsi faktorlar da var. Körpə ana bətnində olanda belə onun qüsurunun olub-olmaması exokardioqrafiya
ilə müəyyən
ola bilər".
Yaşından, ixtisasından, necə yaşamasından asılı
olmayaraq, ürək zaman-zaman insana var olduğunu hiss etdirir. İstər ağrı, istərsə
də müxtəlif sancmalar insanları təşvişə salır
və həkimə getməyə məcbur edir. Ürək xəstəliyi sadəcə
böyüklərin xəstəliyi
deyil. Təəssüf ki, bu gün azyaşlı uşaqlarda da ürək problemlərinə
çox rast gəlinir. Statistika göstərir ki,
uşaqların 5 faizdən
çoxu anadangəlmə
ürək qüsuru ilə dünyaya gəlir. O cümlədən,
Türkiyədə hər
il 12 min, Rusiyada isə 17 mindən çox uşaq ürək qüsurlu doğulur. Bu rəqəm Azərbaycanda
da kifayət qədərdir. Hər
il dünyada
20 minə yaxın insan ürək qüsurundan dünyasını
dəyişir. Təəssüf
ki, bu rəqəmlər
içində yaşı
az olan
körpə uşaqlar
da var.
Pediatr Yasəmən
Cəlilovanın sözlərinə
görə, adətən,
anadangəlmə ürək
xəstəlikləri bu
xəstəliyin növünə
və ağırlığına
bağlı olaraq körpələrdə müxtəlif
əlamətlərə yol
açır. Bunlardan birincisi ürəkdəki
dəliklər və qapaq pozğunluğu ilə ortaya çıxan əlamətlərdir.
Bunlara yatan körpənin sürətlə
nəfəs alması,
süd əmərkən,
ya da əmziklə
qidalanarkən alnının
çoxlu tərləməsi,
qidalanarkən tez yorulması, ara
verməsi, yaxud yuxuya qalması, yuxu nizamının pozulması hallarını
göstərmək olar.
İrəliləmiş mərhələdə ürək rahatsızlığına
körpədə çəki
artımının dayanması,
eləcə də boy
artımının geri
qalması, müəyyən
müddət içərisində
körpənin ürək
döyüntülərinin nəzərəçarpacaq dərəcədə
artması, ürəyin
olduğu yerdə sinənin qabarıq hala gəlməsi, körpənin tez-tez sətəlcəm və ya bronxit olması,
daha böyük uşaqlarda isə tez yorulma, sinə
ağrısı və
ürəkdöyünmə kimi əlamətlər ortaya çıxır.
İkinci əlamət isə siyanotik ürək xəstəliklərinə aiddir. Bu zaman körpənin dodaqlarında və barmaq uclarında - dırnaqda göyərmə
olur. İlk vaxtlar bu göyərmə arada bir, xüsusilə də körpə ağladığı zaman
yüngül bir şəkildə ortaya çıxsa da, getdikcə artır və davamlı xarakter alır. Körpə ağladığı zaman,
qidalanmadan sonra, səhər oyandığında
və ya isti vanna qəbul
etdikdən sonra özündən getmə
deyilən hal keçirməyə başlayır.
Üzünün ağarması və
ya göyərməsi,
qısa müddətə
də olsa ətrafla əlaqəsinin
kəsilməsi və
gözlərin sabit bir nöqtəyə baxması, daha böyük uşaqların
yorulduqlarında göyərməsi
və yerə çöməlmə ehtiyacı
duyması da müşahidə olunur.
Alimlərin fikrincə, artıq hətta birgünlük, 2
kq çəkili, ürək qüsurlu körpələr uğurlu
əməliyyat edilirlər. Bir ailədə
birdən çox uşaqda anadangəlmə
ürək xəstəliyinə
çox nadir hallarda rast gəlinir. Bəzən valideynlər ürəyində
qüsur olan uşaqlarının fiziki
aktivliyinə qadağalar
qoyurlar. Bu vəziyyət onların yaşıdları ilə
bərabər olmasını
əngəlləyərək uşağın həyat səviyyəsinin düşməsinə
səbəb olur.
Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin uşaq ürək cərrahiyyə
şöbəsinin rəhbəri
Elnur Həsənov bildirdi ki, anadangəlmə
ürək xəstəliklərinin
mənbəyində müxtəlif
əlamətlər dayanır.
Belə ki, anadangəlmə ürək
qüsurlarının yaranma
səbəbləri sırasında
irsi keçid, qohum evliliklər, valideynlərin ikisindən
birinin alkoqollu içki qəbul etməsi, radiasiya və s. amillər yer alır. Eyni zamanda əldə, ayaqda, dodaqda göyərmə, tez yorulma, tez-tez xəstələnmə kimi
əlamətlər ürək
qüsurlarından şübhələnməyə
imkan yaradır. Uşaqlarda bu problemin aşkarlanmasına
gəldikdə isə
həkim deyir ki, artıq hamiləliyin 2 həftəliyində
körpənin ürəyi
döyünməyə başlayır.
Mövcud qüsurla bağlı
əməliyyatdan sonra
isə uşaqlar kifayət qədər aktiv və tam sağlam həyat tərzi sürə bilirlər, amma bir şərtlə ki, əməliyyat uğurlu keçsin.
Uşaqlarda bu problemin müalicəsi mümkün
olduqda dərmanla aparılır, əks halda əməliyyata üstünlük verilir.
Bəzən ürəyə pil
qoyulur ki, müəyyən müddətdən
sonra ehtiyac olmadıqda o çıxarılır.
Həkimin dediyinə görə, müalicə nə qədər erkən olarsa, müsbət nəticə verər. Əks təqdirdə, müalicə
çətinləşir: “Hətta bu gün
dünyada ürəklə
bağlı problemi olan uşaqların arasında Avropa, olimpiya çempionları olan idmançılar var. Ölkəmizdə belə
bir məşhur idmançı var”. Hazırda diaqnoz üsulları və ürək əməliyyatları sahəsində
inkişafla bağlı
olaraq əvvəllər
ümidsiz olaraq xarakterizə edilən xəstəliklər müalicə
edilir.
Ülviyyə
Tahirqızı
Xalq Cəbhəsi.- 2014.- 2 dekabr.- S.13.