Bir adın iziylə - Təklə

 

II yazı

 

XIX yüzilliyin axırlarında Azərbaycanda Təklə tayfasının Təklə-Mirzəbaba, Təklə-Sofu, Təklə-Şatullu, Təklə-Abdulla, Təklə-Xol, Təklə-Ağsaqlar, Təklə-Ağamollalar, Boşçalar, Xəlifəqullular, Talıbxanlı, Budaqlı, Ağamalılar, Avdallar, Buludlu, Hacılı, Bozçalar, Aşıqlı sair tirələri yaşayırdı. Tarixdə təklələr döyüşkən mübariz tayfa kimi şöhrət tapıb. Heç təsadüfi deyil ki, XIX yüzillikdə XX yüzilliyin əvvəllərində təklələrin xələfləri bir çox məşhur hərbçilər, o cümlədən generallar nəsli yetişdirib. Məşhur sərkərdələr nəsli Yadigarovlar, o cümlədən İsrafil bəy Yadigarov, Həsən bəy Yadigarov başqaları Borçalının Aran bölgəsində məskunlaşan Təklə tayfasındandırlar. Qarabağ xanlığında Təklə tayfasından olan Əlimərdan bəy Təklə, Cahangir bəy Təklə, Əmiralı bəy Əlimərdan bəy oğlu Təklə, Məmmədvəli bəy Təklə və başqa bəylər oba başçıları olublar. Süleyman Əlisa təklələrin Səvəfi xanədanlığındakı mövqei haqqında maraqlı məlumatlar verir: “Səfəvilərin 7 sütunundan biri - Təklə-Təkəli tayfası Təklə tayfası XV yüzillikdə Şah İsmayıl Səfəvinin tərəfinə keçərək Azərbaycana gəlmiş və Qızılbaşlara qoşulmuşdu. Onlar XVI əsrin əvvəllərində Şah I İsmayılın apardığı döyüşlərdə fəal iştirak edib və Səfəvi dövlətinin yaranmasında mühüm rol oynayıblar. Ona görə də Təbriz alındıqdan sonra göstərdikləri xidmətlərə görə Təkəli bəyi Sarı Əli möhürdar, bir qədər sonra isə Təkəli bəyi Burun Sultan Məşhəd əmiri təyin olunmuşdu. Bunlardan başqa Təkəlı Yekan Sultan, Çuxa Sultan, Rəis bəy və Şərafəddin bəy də hələ Şahqulu hadisələrindən öncə Şah İsmayılın yaxın tərəfdarları idilər. Səfəvilər dövlətinin siyasi həyatında mühüm rol oynayan təklələrin bir hissəsi sonralar mərkəzi hakimiyyətə qarşı çıxdığına görə, 1596-cı ildə I Şah Abbas tərəfindən məhv edilib, qalanları Azərbaycanın müxtəlif yerlərinə yayılıblar. Tarixdən məlumdur ki, “Səfəvi dövlətinin yeddi sütunundan biri” sayılan təklələr-təkəlilər 1514-cü ildə Şah İsmayılın Çaldıran döyüşündə Sultan Səlimə məğlub olmasından və Osmanlı İmperiyasının Səfəvilər dövlətinin işğalına yönələn siyasətindən narazı idilər. Bu və ya digər səbəblərdən əski Azərbaycan torpaqlarının geri qaytarılmasında Səfəvilər onların gücündən istifadə edə bilərdilər. Məlum olduğu kimi, Səfəvi dövlətinin qurulmasında rumlular mühüm rol oynamışdılar. Nur Əli bəy, Piri bəy və Div Sultan bu tayfanın ən tanınmış bəyləri idi. Şah İsmayılın və onun varislərinin dövründə hakimiyyətdə mühüm vəzifələri tutan bu rumlu bəylərinin yanında Təkəli bəylərinin də xüsusi yeri vardı. İmperiyaya müxalifətdə olan Ustaclılara qarşı mübarizədə böyük igidlik göstərən Burun Sultan Təkəli və Qaraca Sultan Təkəli öldürülsələr də, ustaclılar məğlub oldular. Şah Təhmasib dövründə hakimiyyətə yaxın olan Div Sultanı öldürtdürərək onun vəzifəsini ələ keçirən Çuxa Sultan təkəli bəylərini bir çox vilayətlərə rəhbər təyin etdirərək onlara xan rütbəsi, sultan dərəcəsi verdirdi”.

Süleyman Əlisa daha sonra yazır ki, təklələrin Səfəvi xanədanlığındakı hökmranlığı çox uzun sürmədi. Tezliklə Təkəli Üləma xan şaha qarşı üsyan qaldırdı. Hətta o, osmanlılarla Ferdinandın savaşına qatılıb osmanlı sultanına sədaqətini göstərdi. Səfəvi tarixində bu hadisə “Afəti Təkəli”, yəni Təkəli müsibəti adlanır. Çünki Şah I Təhmasib onların üsyanını amansızlıqla yatırtdı, Üləma xan Osmanlı sultanının himayəsində qaldı. O, fürsət tapan kimi qızılbaşlarla döyüşlər aparırdı. 1534-cü ildə Osmanlı Sultanı Süleyman Azərbaycana hücum edərkən Üləma xan da 10 min qoşunla ona qoşuldu və başda Təbriz olmaqla Azərbaycanın cənub hissəsinin, o cümlədən Təbrizin zəbt olunmasında iştirak etdi. Təkəlilər Səfəvi hökmdarı Şah Abbasın dövründə (1596-1597) öldürücü zərbə aldılar. Dövlət qulluğunda dəyərli yerlər ala bilməyən təkəlilər Amul hakimi məlik Bəhmənin hizmətinə daxil olduqları üçün Şah Abbas onların hamısının öldürülməsi haqqında əmr verdi. Sağ qalan təkəli camaatı ölkənin müxtəlif yelərinə dağılışmaqla canlarını qurtara bildilər. Bütün bunlara baxmayaraq, təkəlilər Səfəvi dövlətinin mədəni-siyasi həyatında mühüm rol oynadılar. Onların içərisindən şairlər, mahir bəstəkarlar çıxıb. Araşdırıcılar Təkəli tayfası ilə “Koroğlu” dastanı arasında bağlılıq görürlər. Həm Osmanlı, həm də Səfəvi imperiyalarında hərəkata başlayan tayfa eyni soykökə malik idi, Təklə-Təkəli tayfasıydı. “Koroğlu” dastanının Təbriz variantında Koroğlu Səfəvi hakimləri ilə deyil, əsasən Osmanlı paşaları, o cümlədən Osmanlı imperiyasına qatılan Dərbənd hakimi, Kürdüstan valisi və digərləri ilə vuruşur. Dastanda Cəlaliləri Səfəvi hakimiyyətinə bağlayan maraqlı faktlar var ki, bunlar Təkə-Türkman və Cəlali tayfalarının eyni soykökə bağlılığını göstərir. Süleyman Əlisanın dastandakı şeir parçalarından gətirdiyi nümunələr olduqca maraqlıdır. Koroğlu öz qoşmalarında fəxrlə deyir: “Təkə-Türkman, Cəlali tək elim var”, “Bolu bəg dutub Eyvəz balını, Deyün Təkəlidən ellərim gəlsin”. Koroğlunun özünü tanıdan türkülərində Yomut tayfasının adına da rast gəlirik: “Əslim gedər Təkə -Türkman – Yomuta”. Başqa bir yerdə Koroğlu öz tayfasının haralı olmasını belə söyləyir: “Muradbəyli derlər bizə, Meydanda mərdlik işləni”, “Ərəb paşa, sənə bir ərz eyləyim, Yerim xəbər alsan Muradbəyliyəm”. Koroğlunun sevimli aşığı Aşıq Cunun da əslən Təklə tayfasından idi. O, gənclik illərindən yaxşı tanıdığı Təkə-Türkman obasına gəlir. Burada qəssab Alının oğlu gənc Eyvazı yüz igidin içindən seçib bəyənir və onu Koroğluya və Nigar xanıma layiq bilir. Beləliklə, demək olar ki, Koroğlu indiki Ağdamın Muradbəyli, Eyvaz Bərdənin Türkmən, Aşıq Cunun isə Ağcabədinin Arasbar kəndlərində dünyaya gəliblər və Təklə tayfasındandırlar. Təklələrin təsərrüfat həyatı, mətbəx mədəniyyəti, toy adət-ənənələri tərəkəmə aləminə və prinsiplərinə aydınlıq gətirir.

Təklələrin musiqi duyumu, dini inancları ayrıca araşdırılmağa layiqdir. Bütün bunları nəzərə alan Süleyman Əlisa Təklə yazarlarının əsərlərindən bəzi nümunələri, Təklə elinin söz boxçasını kitabına daxil etməklə bu elin inkişaf səviyyəsini açıb göstərir. Professor Həsənbala Sadıqov yazır ki, Azərbaycanda kəndlilərin oturaq həyata keçmələri Səfəvilər dövründə tamamlanıb. Azərbaycan tərəkəmələri heç vaxt yaşadıqları kəndləri boş qoymurdular. Onların bir hissəsi mal-qaranı, qoyun-quzunu yaylağa aparanda bir qismi də kənddə qalıb əkinçiliklə, təsərrüfatla məşğul olurdular. Ona görə də tərəkəmə təklələr köçəri deyil, köçəri maldarlar idilər. Dünyanın müxtəlif guşələrinə səpələnmiş təkləlilərin qəbiristanlıqları onların həmin yerlərdə yaşadıqlarını əks etdirən daş salnamələrdir.

Tərəkəmələrin həyat tərzi tarixi ədəbiyyatda fərqlidir. Tərəkəmə təkləlilərin yaşadıqları məkanlarda iki yurd yeri və iki qəbiristanlığının olması onların həyat tərzinin müəyyən edilməsində mühüm rol oynayır. Belə ki, köçərilərin getdikləri yer olur, amma geri dönməli yerləri olmur. Tərəkəmə təkləliləri tarix boyu iki yurd yeri arasında hərəkət ediblər və hər iki yurdda öz daş kitabələrini əzizləri ilə birlikdə torpağın sinəsinə sancıblar.

 

Bilal Alarlı,

filologiya üzrə fəlsəfə doktoru

Xalq Cəbhəsi.- 2014.- 4 dekabr.- S.14.