Azərbaycanda 530 min əlil var

 

3 dekabr - Beynəlxalq Əlillər günü ilə əlaqədar tədbir keçirilib

 

 

3 dekabr - Beynəlxalq Əlillər günü ilə əlaqədar dünən Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən əlillərin stolüstü idman oyunları üzrə IV ümumrespublika yarışlarının qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Nazirliyin məlumatına görə, tədbirdə hökumət qeyri-hökumət qurumlarının, əlil ictimai birliklərinin nümayəndələri iştirak edib. Əmək əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov tədbiri giriş sözü ilə açaraq, bu gün bütün dünyada olduğu kimi, Azərbaycanda da Beynəlxalq Əlillər gününün qeyd edildiyini, əlilliyi olan şəxslərə dövlət qayğısının artırılmasının ölkəmizin sosial dövlət statusunun səciyyəvi cəhətlərindən olduğunu bildirib: “Yalnız onu qeyd etmək kifayətdir ki, cənab Prezident tərəfindən əlilliyi olan şəxslərin, sosial cəhətdən həssas digər əhali kateqoriyalarının sosial müdafiəsinin daha da gücləndirilməsi ilə bağlı son bir ildə ümumilikdə 10-dan çox fərman sərəncam imzalanıb. Bu sənədlərə əsasən, müharibə əlilləri onlara bərabər tutulan şəxslərə təyin olunan Prezident təqaüdlərinin orta aylıq məbləği 50 faizə yaxın artırılıb. Əmək pensiyası almaq hüququ olmayan ümumi səbəblərdən I qrup əlil şəxslərə sosial müavinətdən əlavə ayda 60 manat məbləğində Prezident təqaüdünün təyin edilməsinə, müharibə əlilləri şəhid ailələrinin ödənişli ali orta ixtisas təhsil müəssisələrində təhsil alan övladlarının təhsil haqlarının dövlət büdcəsi hesabına ödənilməsinə başlanılıb”.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən dünya əhalisinin 15 faizinin əlilliyi olan şəxslər olduğunu qeyd edən nazir Azərbaycanda bu göstəricinin 5,6 faiz, yəni 530 min nəfər təşkil etdiyini, ölkəmizdə əlilliyin səviyyəsinin digər ölkələrə nisbətən aşağı olmasının əsas səbəbi kimi respublika əhalisinin əsasən gənc olduğunu bildirib: “Qeyd olunan şəxslərin maddi təminatı daim gücləndirilir. Hazırda əmək pensiyası alanların 28,2%-i, sosial müavinət alanların 58,3 faizi, Prezident təqaüdü alanların 68,3%-i əlilliyi olan şəxslərdir. Əlilliyə görə sosial müavinətlərin orta aylıq məbləği 2004-cü illə müqayisədə 8,1 dəfə, sağlamlıq imkanları məhdud uşaqlara ödənilən sosial müavinətin aylıq məbləği 7,4 dəfə, əmək pensiyalarının orta aylıq məbləği isə 9 dəfədən çox artırılıb”.

S.Müslümov əlilliyi olan şəxslərin avtomobil və mənzillə təminatı işlərinin sürətləndiyini qeyd edib: “Dövlət başçısının 23 dekabr 2013-cü il tarixli və 30 aprel 2014-cü il tarixli Sərəncamlarına əsasən bu ilin ötən dövründə 2014-cü ilin əvvəlinədək növbədə olan 1453 nəfər əlilliyi olan şəxs avtomobillə təmin olunub. Həmçinin bir sıra rayonlar üzrə 172 nəfər müharibə əlili və şəhid ailəsinə mənzil verilib. Hazırda bu insanlar üçün ölkənin müxtəlif bölgələrində yeni çoxmənzilli və fərdi evlər inşa edilir. Cənab Prezidentin 2014-cü il 20 iyun tarixli Sərəncamı ilə bu ilin əvvəlinədək mənzil növbəsinə dayanmış 5731 nəfər əlil və şəhid ailəsi 2014-2018-ci illərdə mənzil və ya fərdi evlə təmin olunacaq”.

Nazir bildirib ki, ƏƏSMN-nin tabeliyindəki müvafiq müəsissələrdə hər il orta hesabla 8 min nəfərə yaxın əlilliyi olan şəxs və sağlamlıq imkanları məhdud uşaq dövlət hesabına tibbi-sosial reabilitasiya xidməti ilə, 5 min nəfərə yaxın belə şəxs isə protez-ortopedik məmulat və reabilitasiya vasitələri ilə təmin olunur. Təkcə bu il ərzində 76 nəfər əlilliyi olan şəxsin, 85 nəfər sağlamlıq imkanları məhdud uşağın xarici ölkələrdə reabilitasiya mərkəzlərində bərpa-müalicəsi təşkil edilib. Eyni zamanda nazirliyin sifarişləri əsasında icra olunan layihələr çərçivəsində müxtəlif bölgələrdə sağlamlıq imkanları məhdud uşaqlara çoxşaxəli reabilitasiya xidmətləri göstərilir: “BMT-nin “Əlilliyi olan şəxslərin hüquqlarına dair Konvensiya”sının icrasına dair Azərbaycanın bu ilin aprelində BMT-nin Əlillərin hüquqları üzrə Komitəsinin 11-ci sessiyasında təqdim edilən ilk məruzəsi razılıqla qarşılanıb. Eləcə də hazırlanmış “Əlilliyi olan şəxslərin hüquqları haqqında” yeni Qanun layihəsinə həmin Komitə tərəfindən müsbət rəy verilib. Bu layihə, həmçinin qeyd olunan Konvensiyanın müddəalarının icrası məqsədilə hazırlanmış “Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinə dair 2014-2018-ci illər üçün Milli Fəaliyyət Proqramı”nın layihəsi ictimai müzakirə üçün ƏƏSMN-nin rəsmi saytında (mlspp.gov.az) yerləşdirilib”. Nazir əlilliyi olan şəxslərin peşə reabilitasiyası yönündə də işlər aparıldığını, ötən ilin dekabrında dövlət başçısının iştirakı ilə açılışı olan Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinin bu sahədə önəmli rol oynadığını, hazırda Bakının Sabunçu rayonunda nazirliyin sifarişi ilə gözdən əlillər üçün Tədris-Bərpa Mərkəzinin də inşa edildiyini bildirib: “Əvvəllər əlillik müayinəsi aktından çıxarış blanklarında “əmək qabiliyyətsiz” sözünün yazılması əlil şəxslərin məşğulluğuna maneə yaradırdı. Artıq əlillik arayışlarında bu söz yazılmır və onlar üçün əmək zəmanəti qeyd olunur. Bununla da belə insanların öz fiziki imkanlarına uyğun işlə təmin olunmaq imkanı var”. Nazir əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasında, sağlamlıq imkanları məhdud uşaqlara qayğının artırılmasında Heydər Əliyev Fondunun fəal iştirakından söz açıb: Fondun dəstəyi ilə əlilliyi olan şəxslərə İKT-dən istifadə imkanlarının yaradılması üçün müxtəlif bölgələrdə Regional İnformasiya Mərkəzləri, həmçinin ƏƏSMN-nin Şaqan 3 saylı və Saray 7 saylı internat evlərində uşaqlar üçün nümunəvi şərait yaradılıb.”

Əlilliyi olan şəxslərin yaradıcılıq və idman qabiliyyətlərinin dəstəklənməsi sahəsində görülən işlərdən də bəhs edən S.Müslümov bildirib ki, Gənclər və İdman Nazirliyi ilə əməkdaşlıq şəraitində əlillərin stolüstü idman oyunları üzrə IV Ümumrespublika yarışlarının təşkili də bu işlərin davamıdır: “Nərd, dama, şahmat, stolüstü tennisqol güləşi (armrestlinq) idman növləri üzrə zona yarışlarında min nəfərə yaxın şəxs arasında fərqlənən 103 nəfər, o cümlədən 95 nəfər əlil şəxs və 8 nəfər sağlamlıq imkanları məhdud uşaq final mərhələsində iştirak edib. Final turunun iştirakçılarının mehmanxanada yerləşdirilməsi, onların yarışların keçirildiyi yerə aparılıb-qaytarılması xərcləri dövlət hesabına ödənilib. Artıq bu yarışın qalibləri məlumdur. Beynəlxalq Əlillər günündə biz yarışın yalnız qaliblərini deyil, əslində bütün iştirakçılarını sevindirmək istəyirik. Bu yarışlarda əsas məqsəd əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların idmana maraqlarının artırılması, onlar arasında sağlam həyat tərzinin təbliği, onlarda özünə inam hissininözünü cəmiyyətdə təsdiqləmək əzminin yüksəldilməsidir”.

Tədbirdə çıxış edənlər Beynəlxalq Əlillər günündə belə bir tədbirin keçirilməsinin ümumən bütün cəmiyyət tərəfindən rəğbətlə qarşılandığını və əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasında belə tədbirlərin təşkilinin xüsusi önəm kəsb etdiyini vurğlayıblar. Daha sonra yarışlarda I, II və III yerləri tutmuş şəxslərə mükafatlar, ümumən yarışların final turunda iştirak edənlərin hər birinə pul mükafatları və təşəkkürnamələr təqdim olunub.

 

Tərlan

Xalq Cəbhəsi.- 2014.- 4 dekabr.- S.15.