Mühacir mətbuatımızın
görkəmli nümunəsi
“Mücahid”
jurnalında Azərbaycanın istiqlal
mübarizəsinə geniş yer ayrılırdı
Mühacir mətbuatımızın ən görkəmli nümunələrindən biri də Mücahid jurnalıdır. 1955-ci ilin iyul ayında Türkiyədə nəşrinə başlanıb. Sahibi və nəşriyyat müdiri Çingiz Göygöl idi. Jurnal Azərbaycan Kültürünü Tanıtma Dərnəyi və Azərbaycan Yardımlaşma Dərnəyinin yayım orqanı olaraq nəşr edilirdi. Jurnal aylıq olsa da iki aydan bir çap olunurdu. Başlıca istiqaməti belə idi: “Aylıq ictimai fikir məcmuəsi”. Ankarada nəşr edilən jurnalın aparıcı yazarları aşağıdakılar idi: Əhməd Cəfəroğlu, Zəki Vəlidi Toğan, Həsən İsmayıl, Mustafa Vəlioğlu, İsmayıl Əkbər, Məcid Musazadə, Əziz Alpaut, Həmid Dönməz və b.
Jurnal haqqında ən geniş araşdırma tarix elmləri namizədi Nəsiman Yaqubluya məxsusdur. O yazır: ““Mücahid” dərgisi fəaliyyət proqramında aşağıdakı qayəyə üstünlük verəcəyini bildirirdi: “Kommunizm əsarəti altında qalan 60 milyonluq Türküstan, Azərbaycan, Krım, İdil-Ural və Şimali Qafqaz türklərinin istismara qarşı apardığı və aparmaqda olduğu hürriyyət mücadiləsini müdafiə etmək, məhkum türk ellərinin coğrafi, iqtisadi və kültürəl qaynaqlarını tanıtmaq və eyni zamanda məhkum türk elləri arasında fikir birliyinin təmininə çalışmaq”.
Eyni zamanda bildirirdi: “Bu gün xaricdəki Türk mühacirət nəşriyyatında krımca, azərbaycanca, yakutca, qırğızca, tacikcə və özbəkcə təbirlərinin krım şivəsi, Azərbaycan türkcəsi və s. kimi təbirlərlə dəyişdirildiyini məmnuniyyətlə görməkdəyiz. Məhkum türklər, istisnasız müsəlman olduqlarından islam aləmindən heç bir zaman ayrılmazlar. “Mücahid” bu kimi bozğunçularla ağır başlı mücadiləsinə davam edəcəkdir...” .
Nəsiman Yaqublu araşdırmasında qeyd edir ki, “Mücahid” jurnalı mövzu müxtəlifliyinə görə də seçilən bir jurnal idi: “ Buradakı yazıları belə qruplaşdırmaq mümkündür: 1) Azərbaycanın mədəniyyət tarixi ilə bağlı yazılar; 2) Sovet və kommunist rejimi əleyhinə olan yazılar; 3) Qafqazla bağlı yazılar; 4) Azərbaycanın istiqlalı ilə bağlı xatirələr; 5) Azərbaycanın tanınmış şəxsiyyətləri və onların fəaliyyətləri haqqında yazılar; 6) Türk dünyasının tanınmış insanları haqqında olan yazılar; 7) Mühacirət və mühacirlərlə bağlı yazılar; 8) Türkiyə ilə bağlı yazılar; 9) İslam dini ilə bağlı yazılar; 10) Ədəbiyyat, şer.
Məsələn, Azadlıq Radiosunun Azərbaycan bölməsinin redaktoru Fətəlibəyli Düdənginski haqqında «Mücahit» dərgisi yazırdı ki, müharibədən öncə qırmızıların ona verdikləri bu rütbə və ulduzlu uniforma Fətəlibəylinin mənliyində ən ufak bir təsir yaratmamışdı: “ O, daima hürriyyət (azadlıq) maskası altında, hürriyyətsizlik zəncirləriylə sımsıx bağlanan əsir vətənini və kommunist çəkməsi altında can verməkdə olan Azərbaycan xalqını düşünürdü. Ona görə də, kommunistlərin Azərbaycana yapdıqları tükürpədici işkəncə və zülümlərdən dolayı qırmızı cəhənnəmdə intiqam hissiylə illərdir vəzifə tutan Fətəlibəyli, komandiri olduğu hərbi birliklə bərabər almanlar tərəfə keçməyə müvəffəq oldu. Qısa bir zamanda on minlərcə azərbaycanlıdan mütəşəkkil Azərbaycan legionu adı altında böyük bir ordu qurdu”. Xatırladaq ki, peşəkar hərbçi olan Fətəlibəyli Düdənginski İkinci Dünya Müharibəsində əsir düşmüş və sonradan SSRİ yə qarşı döyüşən Azərbaycan legionuna rəhbərlik etmişdir. Müharibədən sonra Azadlıq radiosunda işləyib, SSRİ-nin sifarişi ilə qətlə yetirilib.
Jurnalda aşıq Müseyib Zəyəm haqqında da məlumat maraqlıdır. Yurnal yazır: “Üsyanlar, savaşlar bütün Azərbaycan şəhərlərini sardığı kimi, qəhrəman gəncəlilərin üsyanını təqib edən qətliamlar insanlıq tarixinin üz qarasıdır. O günləri görən Müseyib Zəyəm, 21 yaşında ... yurdunu tərk etmək zorunda qalmışdır, Batum yolundan bir çox eldaşları kimi Anadoluya keçmişdir”. Beləliklə, aşıq əhalisinin əksəriyyəti azərbaycanlı olan İqdırın Mələkli kəndində yaşamağa başlamışdır. “Mücahid” dərgisinin 1959-cu il 21-22-ci sayında kiçik bir şərhdən sonra aşığın, əslində, 1927-ci ildə qələmə aldığı “Sevgili bacı” adlı şeiri verilib. Şərhdən məlum olur ki, Müseyibin bacısı mühacirətə üz tutan bir nəfərlə ona məktub göndərə bilib, “Bacısı məktubunda dərd yazır, orada qalan üç qardaşının üçünün də Sibirə sürüldüyünü, artıq kimsəsiz, yiyəsiz qaldığını anladır və geri dönməsi üçün ona yalvarır” (1,21). Müseyibin bacısına cavabı kimi yazdığı və “Mücahid” də yayımlanan şeir ürəkləri parçalayan həsrət və kədər notlarına köklənib.
“Mücahid” jurnalında məzmun və ideyasına, yeni faktlarla zənginliyinə görə aşağıdakı yazıları qeyd etmək mümkündür: 1) Çingiz: “Abay Mirzənin yeni əsəri “Füzuli” . 2) Abay Mirzə: “Azərbaycanda yazı dilini sadələşdirmə fəaliyyətləri . 3) Əhməd Cəfəroğlu: “Azərbaycan” . 4) Zəki Vəlidi Toğan: “Doğu türkləri üçün Kültür Birliyinin əhəmiyyəti. 5) Çingiz Göygöl: “Türkiyə Cümhuriyyətinin 32-ci ili”. 6) Tüymur Atəşli: “Milli Azəri şairi Mikayıl Müşfiq”. 7) İsmayıl Əkbər: “1920-ci ildə Azərbaycanda inqilab oldumu?” . 8) N. Xəzər: “Sovet Cümhuriyyətlərinə tanınan sözdə haklar”. 9) Əkbərağa Şeyxülislam: “Azərbaycan nasıl quruldu?”” .
“Mücahid” dərgisində Azərbaycan İstiqlal mübarizəsinə geniş yer ayrılırdı. Xüsusən 28 May İstiqlalı və 27 Aprel işğalı ilə bağlı məqalələr həmin hadisələrin ildönümündə xüsusi olaraq fərqlənirdi. Bu mənada jurnalın baş yazarı Çingiz Göygölün “Mücahid”in 1957-ci ilin may (yıl-3, say-8) buraxılışında çap edilmiş yazısı diqqəti cəlb edir. Müəllif yazırdı: “Mayıs günəşinin Qafqaz səmalarında parladığı 28 May 1918-ci il tarixi Azərbaycan türklüyünün çar Rusiyasına qarşı uzun mücadilə və mübarizəsinin müvafiq olduğu bir gündür. 28 May Azərbaycan türklüyünün milli şüurunun şahlanaraq rus köləliyini yerlə-yeksan etdiyi bir gündür. Azərbaycan milli istiqlal dövrünün təməl daşı 28 May 1918-ci il tarixində atıldı. Geniş hürriyyət və insan haqlarına dayanan istiqlal bəyannaməsi Azərbaycan milliyyətçiliyinin təməl prinsiplərini təşkil edir”.
“Mücahid” jurnalında milli istiqlalımızın matəm günü sayılan 27 aprel işğalı ilə də bağlı geniş materiallar verilirdi. Ə. Cəfəroğlu “Böyük matəm” adlı məqaləsində yazırdı: “27 nisan Azərbaycanın yas günüdür. 27 nisan 1920-də Azərbaycan yalnız düşmən istilasına uğramaqla qalmamış, yalnız bağımsızlığını və müstəqilliyini itirmiş, eyni zamanda insanlığın və müsəlmanlığın amansız düşməni olan kommunistliyin öldürücü zərbəsinə düşmüş vəziyyətdədir”.
“Mücahid” dərgisində 27 aprel işğalı ilə bağlı Mustafa Vəkiloğlunun “Azərbaycanın istilası”, Salih Gəncənin “27 nisanı anarkən” yazıları da çap olunurdu. Bu yazılarda rus işğalı pislənilir, Azərbaycan xalqının apardığı istiqlal mübarizəsi isə dəstəklənirdi.
“Mücahid” mühacirət mətbuatımızın ən uzun ömürlü nəşrlərindən biridir. Qeyd edək ki, “Mücahid” bir müddət Həsən bəy Zərdabinin oğlu Səffət Zərdabinin rəhbərliyi ilə oxuculara çatdırılıb. Çox təəssüf ki, Həsən bəyin bu millətçi-yazar oğlunun mühacirət mətbuatının formalaşmasında oynadığı rol, onun publisistik yazılarının məqsədi, məramı və istiqaməti barədə tədqiqat işi demək olar ki, yoxdur.
“Mücahid” jurnalı başqa bir istiqlal insanı Mustafa Mahmudoğlu haqqında məlumat verir. Mahmudoğlu Mustafa Kürdəmirdə anadan olub. Yüksək təhsilini Peterburqda tamamladıqdan sonra vətəninə dönmüş və göstərdiyi qabiliyyət üzərinə Bakı vilayəti türk xalqı tərəfindən İkinci Dumaya millət vəkili olaraq seçilib. “Mücahid” yazır: “Qısa sürən bu vəzifəsindən ayrılar-ayrılmaz, dərhal əski məsləyi olan ilk tədrisat öyrətmənliyinə dönmüş, ufaq azəri kuşağına kılavuzluk etmişdir. Pedaqoji formasyonu sayəsində beş illik Zərdabi okulu müdirliyinə gətirilmiş, uzun müddət bu məktəbin gəlişməsində əmək sərf etmişdir. Bir aralıq türk çocuqlarına rusca öyrətmək vəzifəsinə çağırılmış, bunu da milli vəzifədən sayaraq, kəndisinə tevcih edilən bu işə, milli mənfəətlər uğruna baş əymişdir. İddiasız, çalışqan, fəqət azəri türklüyü davasında, qoca Rusiyaya qarşı hırçın və qabına sığmaz qüvvətdi. Yetişdirdiyi və oxutduğu tələbələri arasında milli mücahidlərimizdən Məcid Musazadə də bulunmaqdadır. Sürgün tarixi olan 1937-yə baxılacaq olunursa, zavallı Mustafa bəy artıq pirləşmiş və sürgünlük çağını adlatmış bulunmaqda idi. Fəqət kim dinlər! Ölülər diyarı yaşa baxmaz, yalnız münəvvər, mücahid qanına susayanlara həyat haqqın tanır. İştə, Mahmudoğlu da bu ikinci bölümə girən insanlardan idi, qətli vacibdi. Nitəkim, sürgün gecəsindən bu yana haqqında nə bir xəbər duyulmuş, nə də bir səs eşidilmişdir. Məchul diyarın əziz vətəndaşlığına girmişdir. Demək ki, o da, istiqlalçı azəri sürgün münəvvərlər qafiləsinə qatılmış, yerinə-yurduna dönmədən və hətta arxasına belə baxmadan, Azərbaycan şəhidləri silsiləsi sırasına girmişdir. İştə, bunun üçündür ki, əziz mücahid; məsləyinin adını daşıyan “Mücahid” dərgisi səni, gec də olsa, bağrına basmış, sənin iman dolu çakıllı yollarına yürüməkdədir”.
Urnal Mustafa bəyin millət vəkili olduğu dönəmlərdə milli məsələlərlə bağlı apardığı mübarizəni də qeyd edir: “Millət vəkilliyi həyatında, ümumiyyətlə, atılqan bir mücahid olaraq tanınmışdır. Dumaya girdiyi andan etibarən, vəzifəsinin öhdəsinə yüklədiyi yükün ağırlığını ölçərək, dartaraq işə qoyulmuş, milli məsələlərlə ilgili bütün dartışmalara canla, başla qatılmışdır. Bilxassə, türkçülük üçün ən müzir və təhlükəli saydığı rus köçmən iskanı ilə, türk məktəblərindən türk dilinin qaldırılması məsələsində qabına sığmaz bir savaşçı idi. Birinci konunun amansız düşmanı Xəlil bəy Xasməmməd ikən, ikinci konunun qəhrəman mücahidi də Mahmudoğlu Mustafa bəy idi. Mahmudoğlunu, yalnız maarif və milli kültür savaşçısı olaraq tanımaq çox böyük haqsızlıq olardı. O eyni dərəcədə hərarətli bir inqilab dostu və mücahid idi…”
Ülviyyə
Tahirqızı
Xalq Cəbhəsi.- 2014.- 4 dekabr.- S.11.