«Humayun»u Mirzə kimi gözəl oxuyan görmədim...

 

O, zil tembrli zurnanı peşəkar kamera alətinə çevirib

 

Məşhur balabançı Əli Kərimovun (el arasında ona Kalvalı Əli Dədə də deyiblər) sənəti ilə bağlı danışmaq, doğrusu, məndən ötrü böyük məsuliyyətdir. Xalq mahnılarını, aşıq havalarını, muğamlarımızı dinləyəndə bir anlığa özümü unuduram. Özüm də musiqi ilə bağlıyam, rus-alman savaşında şəhid olmuş atamın əmanət qoyub getdiyi tar məndən 5 «yaş» böyükdür. Ağlım söz kəsəndən onu dilləndirməyə çalışmışam. Ancaq, nədəndirsə, qara zurnanın, yastı balabanın səsi gələndə ruhum bütünlüklə yenidən köklənir. O ki ola Əli Dədənin bənzərsiz, sehrli çalğısında. Onun çalğısı möcüzəli, ruhani səsdir. Mən ustadın havacatlarını dinləyəndə, su kimi yumşaq, qayalar kimi sərt, buludlar kimi uca, gün kimi odlu, qış kimi soyuq oluram…

Ə.Kərimovla bağlı el arasında çoxlu xatirələr var. Mən onlardan bacardığım qədər toplaya bildim. Ustadın sənətinin daha ciddi, elmi yöndən araşdırlmasına gərək var. Ə.Kərimovun adı XIX əsrin sonu XX əsrin birinci yarısı peşəkar xalq yaradıcılığının ən görkəmli nümayəndələri ilə bir sırada durur. O, Q.Pirimov, C.Qaryağdıoğlu, S.Şuşinski, Keçəçi oğlu Məhəmməd, Mirzə Məhəmmədhəsən, aşıqlardan Hüseyn Bozalqanlı, Ələsgər, Mirzə Bilal, Aşıq Əsəd, Aşıq Mirzə, Dədə Şəmşir, Ü.Hacıbəyli, S.Rüstəmov, Ə.Bakıxanov, Bülbül kimi görkəmli sənətkarların yaxın dostu və çağdaşı olub.

Əli Kərimov zurna, balaban, tütək kimi nəfəsli alətlərdə çox böyük sənətkarlıqla çalıb, eləcə də onların imkanlarını texniki baxımdan genişləndirib. Ustadın böyük işi odur ki, o, zil tembrli zurnanı peşəkar kamera alətinə çevirib. O, təkcə çalğıçı yox, həm də çoxlu mahnıların yiyəsi, Azərbaycan milli musiqisinin irəliləməsində önəmli rol oynayan sənətkar olub. Əli Dədənin çalğısı bugünkü çalğıya oxşamır. Onun çalğısında türkün qədimliyi, döyüşkənliyi görünür, eşidilir, duyulur. Onun çalğısı əski türk yurdu olan Kalvadan ucalan ulu babalarımızın səsidir. Həmin səs həmişə bizimlədir. Əli dədədən öncə də Kalvada zurna sənəti olub, indi də qalmaqdadır. Əli Zülfüqar oğlu Kərimov 1874-cü ildə keçmiş Şamaxı qəzasının (indiki Ağsu rayonunun) Kalva kəndində yoxsul kəndli ailəsində anadan olub. Böyük bir ailədə dünyaya göz açan Əli kişinin ilk dəfə sənətə gəlişi çox çətin və keşməkeşli olub…

Deyilənə görə, Şahvələd adlı qonşu oğlana atası balaban alıbmış. O, bu alətdə çalmaqla bütün məhəllə uşaqlarını sehrə salarmış. Onların içərisində daha çox balabanın sehrinə düşən Əli olur. Əli qarşısında məqsəd qoyur ki, necə varsa bu aləti çalmağın sirlərini öyrənəcək. Bir gün Əli ormandan qayıdarkən iki qamış kəsir, birini o birinə geydirib kiçik gölməçənin qırağında uzanaraq burunu ilə nəfəs alır və suya üfləyir. Su köpüklənərək cürbəcür biçimə düşür, o isə çox sevinirdi. Sonlar ustad o günlərindən belə danışardı: «Məndə balabanı çala biləcəyim haqqında dərin inam hissi ilk dəfə belə yarandı. Elə oradaca mən bir qamış kəsib, üzərində 3 deşik açdım, özümün ilk «musiqimi» çalmağa başladım. Sevincim aşıb-daşırdı. Bundan iki il sonra atam çətinliklə mənə qara zurna aldı

O çağlar Əli böyük qardaşı İxtiyarla molla məktəbinə gedirmiş. Ataları Zülfüqar kişinin bir məqsədi var id: heç olmazsa, bu iki oğluna dini təhsil vermək. Odur ki, Zülfüqar kişi hər axşam uşaqlarından molla məktəbində nə öyrəndiklərini soruşarmış. İxtiyar qorxudan öyrəndiklərini əzbər söyləyərdi. Atası da sevinərdi ki, artıq böyük oğlu dindar olacaq. Əli kişi söyləyirdi ki, mənə növbə çatanda atamın qanı qaralardı: «Qardaşım İxtiyarla molla məktəbinə getsəm də, fikrim qarğıdan düzəltdiyim, həm də gizlində çaldığım «musiqi aləti»nin yanında idi. Ona görə də elə ki, atam molladan nə öyrəndiyimi soruşardı, heç nə bilməz, daha da atamın kötəklərini yeyərdim…

Hələ bu nədir ki, bir gün ölümlə üz-üzə qaldım. Atam öz növbəti cəzasını verdikdən sonra böyük qardaşım İxtiyara dedi ki, əl-üz dəsmalını bura gətir. İndiki kimi yadımdadır, uzun, üstündə xoruz şəkli olan əl-üz dəsmalı idi. O, ciddi görkəmdə qorxulu səslə qardaşıma göstəriş verdi:

- Sal bu dəsmalı Əlinin boynuna, bu otaqda yeddi dəfə ora-bura sürüklə.

İxtiyar başkəsən kimi göstərişi yerinə yetirdi. Bu ağır cəzadan huşumu itirərəm. Yerdə ölü kimi qaldığımı görcək atam əl-ayağa düşər, qardaşımın dediyinə görə, üz-gözümə su çiləyər, çox çətinliklə məni ölümün əlindən qopararlar. Yadımdadır, atamın ondan sonra mənə yazığı gəldi və «yaxşı daha səni döyməyəcəyəm», - deyib məni qucaqladı. Mən elə onda da ölə bilərdim. Daha atam məni döymədi. Sonra içimdən gələn güclü duyğu ilə musiqiyə bağlandım». Yuxarıdakı deyilənlər göstərir ki, Əli kişinin sənətə bağlılığı vergi idi, o, mütləq çətin imtahanlardan keçməli imiş…

Hər bir sənətdə olduğu kimi, musiqi ifaçılığının da öz yolu var: nəfəs almaq, temp və ritm təmizliyi, adi nəfəsalma texnikasının musiqiyə uyğunluğu, geniş dinləyici kütləsi üçün bu yoldan yararlanma. Bir də bizim heç birimizin fərqinə varmadığımız çoxlu sayda yol, vasitə və fərqlər. Ona görə də bütün bu sirləri bilmək üçün Əli ustaddan dərs almalı idi. Sonralar o, sənətin incəliklərini Əngəxaranlı Aşıq İbrahimdən (Şamaxının Əngəxaran kəndi) öyrənib. 1890-cı ildən başlayaraq o, 10 il aşığı balabanda izləyib.

Əli Kərimovun ilk ustadı kalvalı Allahverən Şıxıoğlu olub. O zaman Allahverən güclü zurnaçı sayılarmış. Əli Dədə deyərdi ki, mən iki il ustadım Allahverənə şəyirdlik etmişəm. Deməli, zurna sənətinin Kalvada dərin kökləri varmış. Eləcə də XVIII yüzildə yaşamış kalvalı Aşıq Babanın yaradıcılığı onun peşəkar bir sazçı olduğunu göstərir. Beləlikə, demək olar ki, Kalva türkün iki böyük dəyərinin sazın və zurnanın yaranıb yaşadıldığı yer olub. Üstəlik, nəzərə alaq ki, Əli Dədə təkcə zurna-balabanın ustadı olmayıb, ulusal musiqi alətlərimizdən olan sazda, tarda, nağara və qoşa nağarada gözəl çalmağı bacarıb. Əli Zülfüqaroğlu haradasa 16 yaşlarında Şirvan bölgəsində tanınmağa başlayır…

O, Azərbaycan aşıqlarının I və II qurultaylarının iştirakçısı olub. Ustad sənətkar Böyük Vətən müharibəsi illərində «Rəşadətli əməyə görə» medalı və «Şərəf Nişanı» ordeni ilə təltif edilib. Kalva kənd Mədəniyyət Evinin bədii rəhbəri olmaqla yan-yörədəki bölgələrdə çalıb-çağırardı. Onun yaradıcılığı folklor və xalq yaradacılığından yararlandığı üçün belə yüksək səviyyəyə çatmışdı. Əli Kərimovun altı qardaşı olub. Onlardan yalnız Abbas və Bəxtiyar Əlinin sənət yoldaşı olub.

Əfşan Kərimova (Abbas Kərimovun həyat yoldaşı – Q.S.) deyərdi ki, Abbas məşhur zurnaçı Əli Kərimovun doğmaca qardaşı idi. Özü də Əli ilə sənətə gedirdi. Zurnada, balabanda, tarda gözəl çalırdı. O, kəndçi oğlu idi, mən isə bəy qızı. Bir-birimizi sevirdik. Atamgilin bəhanəsi bu idi ki, həyətində zoğal ağacı olmayan evə qız vermirik. Üstəlik, Abbas zurnaçıdır. Qısası, biz zurnaçıya qız vermirik. Abbas sənəti məhəbbətə qurban verdi. O, çıxılmaz durumda qalıb sənəti atdı, biz həyat qurduq. Abbas balaca mağaza açdı. Bu əhvalat 1917-ci ildə olub. Sonradan Abbas kolxozun ilk mühasiblərindən biri oldu. 1932-ci ildə isə onu tutdular…

Əli Kərimovun 4 övladı olub: Narınc, Lumu, Ağalar, Muxtar. Oğlu Ağalar Kərimovun 11 övladı olub. Onlardan dördü – Adil, Fikrət, Fazil və Ərəstun Əliyevlər babalarının yolu ilə gediblər.Ustad 1962-cı ildə ölüb, sonevi (qəbri) Kalva kəndindədir.

Əli Kərimov milli muğamlarımızın sirrini çağının kamil və məşhur xanəndəsi, öz sehrli sənəti ilə ən çox Şirvan-Qarabağ məclislərinin bəzəyi olan Mirzə Məhəmmədhəsəndən (1831-1916) öyrənib, uzun müddət balabanda onu izləyib. Mirzə Məhəmmədhəsən Şamaxıda ən çox Mahmud ağanın məclislərində və bir də varlı şəxslərin toylarında oxuyardı.

Böyük Hüseyn Cavidin bəstəkar oğlu Ərtoğrulun Mirzə Məhəmmədhəsənlə bağlı qeydlərindən: “…Mirzə Məhəmmədhəsən «Humayun» və «Şur» dəstgahlarını məharətlə oxuyarmış. Onun tarçısı Məşədi Səlimin tarı böyük, səsi də gur oxuyanda çox gərgin olurmuş. Bəzən zəngulə vura-vura dizin-dizin məclisin ortasına kimi gələrmiş. O, uzun illər balabançı Əli Zeynalov, ustad sənətkar Əli Kərimovla da yoldaşlıq etmişdir. Özü kasıblığın hər üzünü gördüyündən xalqa münasibəti də çox yaxşı olub. Varlı toylarında saatı 300 manata oxumasına baxmayaraq yoxsul toylarında oxumağından başqa pul da paylayarmış…

“…Əli kişi ömrünün sonuna qədər Mirzə Məhəmmədhəsəni unutmadı. Təəssüflə deyərdi: Heyf Mirzədən ki, ömrünün sonu zillətlə keçdi. Onun balabançısı mən idim. Bilalla ikimiz bütün muğamların incəliklərini ondan öyrənmişdik. Mirzənin oxuduğu «Çahərzəm» və «Rakindi» muğamlarını indi heç bir sənətkar oxumur».

Yaxşı yadımdadır, Kalvadakı indiki mədəniyyət evinin bir otağında radio qovşağı yerləşirdi. Mərhum Ağabala Seyidov babası Əli kişinin çalğılarını (Bayram Hüseynlinin iştirakı ilə) maqnitofon lentinə yazır, sonra da radio qovşağı vasitəsilə kəndə yayırdı. Mənim onda 11-12 yaşım olardı. Əli dədə «Humayun»un 17 şöbəsini saat yarıma çalardı. Ona görə deyirəm ki, Əli kişi bu muğamı vaxtilə Mirzə Məhəmmədhəsəndən öyrənmişdi.

Millət vəkili, akademik Rafael Hüseynov Mirzə Məhəmmədhəsən, Əli Kərimov və Aşıq Bilal üçlüyü haqqında ürəkdolusu məhəbbətlə söz açaraq deyir: “… Onların üçündə də həm yüksək ifa bacarığı, həm də bəstəçilik vardı. (Mirzə Məhəmmədhəsən, Əli Kərimov və Mirzə Bilal – Q.S.) Və bu üç nəfər Azərbaycanımızın zəngin, əlvan musiqi xəritəsində özümlülüyü ilə seçilən Şirvan musiqisinin üç qanadını inkişaf etdirdilər, maraqlı ifaçılar nəsli yetişdirdilər. Mirzə Məhəmmədhəsən xanəndəlikdə bu vəzifəni yerinə yetirdi. Əli Kərimov balaban, zurna ifaçılığında bu işi gördü. Mirzə Bilalsa, aşıq sənətində”.

Rafael Hüseynov «Humayun» muğamı ilə bağlı yazır: “Humayun» muğamlarımızın ən qədimlərindəndir. Lüğəti açaq. Bu sözün anlamlarına baxın: uğurlu, səadətli, mübarək… Nə dürlü bir ziddiyyət… Uğur və qəm; səadət və qəm”; Nəhayət, - Mübarək qəm. Uğur, səadət adlı bir qəmli muğamı Mirzə Məhəmmədhəsən iki-üç saata oxuyub başa vurarmış…

Tanımlı el sənətçisi balabançalan Əli Kərimov bu muğamın Mirzə Məhəmmədhəsəndən öyrəndiyi 17 şöbəsini saat yarıma çalardı. Şəyirdlərinə, sənətini öyrətdiyi oğlu və nəvələrinə həmişə bir həqiqəti çatdırardı: ««Humayun»u Mirzə kimi gözəl oxuyan görmədim”. Unutmayaq: bu sözləri məşhur kalvalı ustad Əli kişi deyib. O Əli kişi ki, 86 illik ömrü boyu onlarla bilgin, bitkin sənətkarla çalıb-çağırmışdı”.

 

Qalib Soltanoğlu,

araşdırmaçı

Xalq Cəbhəsi.- 2014.-  10 dekabr.- S.14.