Türk məktəbində oxumaq o dövrün
uşaqlarında dərin təsir oyatdı
Pişəvəri bizim məhəlləyə
gələndə təəccüblə
onun bizim dilimizdə danışdığını
anama söylədim
Azərbaycanın Güneyində gedən milli-azadlıq hərəkatında
ana dilinin əhəmiyyətini və
dilə münasibətdə
qeyri-milli dövlətlərin
reaksiyasını anlamaqdan
ötrü bu prosesə Rza şahın zamanından –
1925-ci ildən nəzər
salmağa ehtiyac var. O
zaman ana dilinin gücünü və qeyri-milli dövlətlərin bu güc qarşısında
qorxub titrədiyini görmək mümkündür. Uşaqlıqda
yadıma gəlir ki, məktəbdə bizi altı yaşından fars
dilində danışmağa
məcbur edirdilər.
Danışa bilməyəndə
cərimələyir, «eşşək»
adı verməklə
qorxudurdular və təzyiqi o həddə çatdırmışdılar ki, Rza şahın
zamanında adam
özünə «türk»
deməyə utanırdı.
Ata-analar bu həqarətdən qurtarmaqdan
ötrü nə yolla olur-olsun, uşaqlarına və ailələrinə fars dilinin öyrədilməsinə səy
göstərirdilər. Hətta
yadıma gəlir ki, ailələr fars dilində
danışmaqla fəxr
edirdilər, farsca bilən qızlara, gəlinlərə üstünlük
verirdilər. O da yadıma gəlir ki, atam Tehrana
və ya Məşhədə gedəndə
farscayla türkcəni
qarışdırıb elə
danışırdı ki,
guya fars
dilini bilir. O bununla öz şəxsiyyətini üstün
tutmağa çalışırdı.
Biz də onun
bu hərəkətini
yamsılayaraq deyib-gülürdük.
Bu qorxu və həqarət Azərbaycan
Demokrat Firqəsinin gəlişilə buz kimi əridi. Azərbaycan xalqı,
xüsusən uşaqlar
və gənclər qürurla öz dillərində məktəblərə
başladılar. Hər axşam
uşaqlar fərəh
hissilə ata-analarına
filan hərfi yazdıqlarını, filan
şeiri öyrəndiklərini
deyirdilər. Bu qürur və dirçəliş haləti
yalnız evlərdə
deyildi, zavodları, fabrikləri də bürümüşdü. Atamın xalça fabrikində işləyən gənc oğlan və qızlar fasilə zamanı axşam məktəblərində oxuduqları,
öyrəndikləri kitablardan
söhbət eləyirdilər.
Azərbaycanın Güneyində Milli
Hökumətin bir illik hakimiyyəti, ana dilinin azad
olması milli-azadlıq
hərəkatına böyük
təsir göstərdi.
Tehran hökuməti bütün vasitələrlə
bu hərəkatın
qarşısını almağa
çalışırdı. Onların tapşırığı ilə
mollalar və məscid başçıları
öz söhbətlərində
türk məktəbində
oxumağın ziddi-islami
olduğunu təbliğ
edir, bunu allahsızlığa bərabər
tuturdular.
Atam türkcə
məktəb açılandan
iki ay sonra evə gəlib müctəhidin türk məktəblərinə gedənlərin
islama qarşı olduğunu söylədiyini
bildirdi və qardaşım İbrahimlə
məni mollaxanaya qoydu.
Digər tərəfdən dövlət
idarələrində türk
dilinin güclənməsinin
qarşısı alınırdı. Belə
ki, öz dillərində danışanları
“bisavad”, “pantürkist”,
“ruspərəst” adlandırırdılar,
iitham edirdilər. Tehran radiosu gecə-gündüz
türk dilinin əleyhinə təbliğat
aparırdı. Amma bu maneələrə baxmayaraq
türk məktəbində
oxumaq o dövrün uşaqlarında dərin təsir oyatdı, ana dilində təhsilin və rəsmi dövlət mərasimlərinin mümkünlüyü
inamını formalaşdırdı.
Yadımdadır ki, Pişəvəri bizim məhəlləyə
gələndə mən
təəccüblə onun
bizim dilimizdə danışdığını anama söylədim. Çünki o vaxta qədər mən vəzifə sahiblərini, başçıları
həmişə özgə
dildə danışan
görmüşdüm. Bu, məndə ona
hörmət yaratdı.Yaxud,
dərsdə müəllim
mənim halımı
türkcə soruşanda
buna təəccüblənir
və sevinirdim. Tehran ordusu gəlib
milli hərəkatı
qan dənizinə qərq edəndə mənim 10-12 yaşım olardı. Rza şahın oğlu Məhəmmədrza şah
radiodan dedi ki, həyatın qədrini o adam
bilər ki, müsibətə düşsün.
Bunu eşidəndə
mən öz-özümə
dedim ki,
axı, biz nə müsibətə düşmüşdük.
Azərbaycan Milli Hökuməti yıxılan zaman türk dilində yazılan kitablar yığılaraq meydanlarda
yandırıldı. Kitabxanalardan kitabları
yığıb məhv
elədilər, ana dilini – həqiqətdə
isə milli istiqlalımızı oda çəkdilər. Düşmənlərimiz yaxşı bilirdilər ki, ana dilində
məktəb açılması
milli hərəkatın
güclənməsinə, mədəniyyətin
möhkəmlənməsinə – nəhayət, Azərbaycanın
müstəqilliyinə aparacaq.
Buna görə də
1946-cı ildən sonra
təziyətələblik, pantürkistlik və s. adlarla düşünən
insanları həbslərə,
sürgünlərə, ölümə
məhkum etməyə
başladılar. Və
bu vəhşət o qədər qorxulu idi ki, dövlət
idarələrində fars dilindən başqa ayrı dildə danışmaq təhlükəli idi. Türk dili qısa bir zamanda hər
yerdən yığışdırıldı
və yenə köhnə həqarəti
davam etdirməyə başladılar. Bu, 1950-ci ilə – Müsəddiqin baş nazir seçilməsinə qədər
davam etdi. Bundan sonra bəzi şairlər ana dilində şeir yazmağa başladılar.
İctimai-siyasi mühitin
bir qədər yumşalması ana dilinin inkişafına güc verdi.
Şəhriyarın ana dilində
yazmağa başlaması,
«Heydərbabaya salam»ın
yaranması bu dövrə təsadüf
edir. Amma yenə də
«Heydərbabaya salam»ı,
Sabirin «Hophopnamə»sini,
«Kitabi-Dədə Qorqud»u
oxumaq, evdə saxlamaq cinayət hesab olunurdu. 1950-1952-ci illərdə qorxu nisbi olaraq
götürülmüşdü.
1953-cü ildə Müsəddiq
devrildikdən sonra mənim gözümün
qabağında onun evini topa tutdular,
bir çox insanları həbs və edam etdilər.
Ölkədən qaçmış
Məhəmmədrza şah
qayıtdı və islam inqilabına
qədər onun hakimiyyəti sürdü.
70-ci illərdə siyasi
təzyiq bir qədər azalanda Səməd Behrəngi kimi ziyalılar türk dilini kənd uşaqlarına öyrətməyə çalışırdılar. Bunun da milli hərəkatda müsbət izlərini görmək mümkündür.
İslam cümhuriyyəti dövründə
bir sıra qəzet və dərgilər türk dilində çıxmağa
başladı. Amma qanuni-əsasidə olan türk dilinin işlədilməsi,
bu dildə məktəb açılması
Tehran hökumətini qorxutdu.
Yenə həmin töhmətlərlə ana
dilini təqib edilir, şah zamanında olduğu kimi təziyətələb,
pantürkist və s. adlarla damğalanır. Hətta bu ilin 21 fevralında
dünyada Ana dili elan olunan gün
Təbrizdə kiçik
bir konfransın keçirilməsinin qarşısını
aldılar. Və
yenə də göstərdilər ki,
Tehran hökuməti və
fars şovinizmi
bizim ana dilimizin bazası, məktəbi olmasından,
nəhayət milli hərəkatın güclənməsindən
qorxur. Özünün qeyri-qanuni və
qeyri-insani hakimiyyətini
türk və digər xalqlar üzərində yürütmək
üçün ana dilinin və milli mədəniyyətin
qarşısını hər
cür üsulla almağa çalışır.
Bir sözlə, Azərbaycanın
düşmənləri bilirlər
ki, onun gücü, gələcəyi,
müstəqilliyi ana dilinə bağlıdır.
Buna görə də ana dili
Güney Azərbaycanın
milli strategiyasında mühüm rol oynayacaq.
Ana dilində məktəblər açılmadan istiqlaliyyətə nail olmaq mümkün deyil. Azərbaycanın Güneyində canlı hərəkat gedir, bu göstərir ki, ana dilimizin rişəsi kəndlərimizdə, şəhərlərimizdə, xalqın ürəyindədir. Və bu hərəkat yavaş-yavaş özünün siyasi yoluna düşür. Bunu daha dərin milli hərəkata çevirmək üçün bütün qurumların, fikirlərin bir yerə yığışması, vahid strategiyadan çıxış edilməsi lazımdır. Çünki gücümüz birliyimizdə, varlığımız, kimliyimiz ana dilimizdədir. Əgər bunu anlamasaq, ana dilinin əhəmiyyətini dərk etməsək, ümumbəşəri məsələlərdə də müvəffəq ola bilmərik. Çünki bəşəri məsələlərdən qabaq milli problemlərin həllinə ehtiyac duyulmaqdadır.
Qulamrza Səbri Təbrizi,
professor
Xalq Cəbhəsi.- 2014.- 11 dekabr.- S.13.