KİV-də
kontent-redaktor anlayışı
O həm müxbir, həm
redaktor, həm də texniki işçidir
İnternet ənənəvi jurnalistikanı və
çap mediasındakı təsəvvürləri mətbuatın
özündən də xəbərsiz dəyişdi. Qəzetçilikdəki
bir çox atributlar – mürəkkəblə
yazılmış əlyazmalar, soyuq redaksiyalarda boynuna şərf,
çiyninə palto, başına papaq keçirib
yazını qələmlə qaralayan redaktorlar, jurnalistlərin
məlumat almaq üçün qapı-qapı gəzmələri,
hətta çayxanalarda isti söhbətlər də yoxa
çıxmaqdadı. Yeni anlayış -
internet jurnalistikası anlayışı yarandı. Xəbər saytlarının istifadəçiləri,
qəzetləri internetdən oxuyan, informasiya agentliklərini
internetlə izləyən oxucuların sayı artır,
internet televiziya, radio və çap mediasının vahid
meydanına çevrilir.
İnternet jurnalistikası ənənəvi jurnalistikadan
seçilir, onun öz tələbləri, fəlsəfəsi
var. İnternet jurnalisti kompüter, mobil əlaqə, fotoaparat,
videokamera, rəqəmsal diktofon, müasir skaner, printerlə
«silahlanıb».
Ən əhəmiyyətlisi isə o, daim beynəlxalq
şəbəkədədi, bir anın içində istənilən
yerdən məlumatı çəkib gətirə bilər.
İnternet jurnalisti ana dilindən savayı ən
azı bir xarici dili bilməli, bir neçəsini isə
heç olmasa təxmini başa düşməlidi. İnternet jurnalisti elektron poçtla gələn məlumatdan
baş çıxarmalı, onu informasiyaya çevirməyi
bacarmalıdır. İnternet
jurnalistikasında tək müxbirlər yox, redaktorlar da ənənəvi
jurnalistikada olduğundan fərqlənir. Yeni
media yeni redaktor tipini - kontent-redaktorluğu yaradıb.
Ekspert İsmayıl İsmayılovun sözlərinə
görə, ingilis dilindən tərcümədə «kontent»
mahiyyət, məzmun deməkdi. Bu bir az informasiya
ötürmək mənasını da verir. Kontent-redaktor
anlayışı məlumatla işləyən insanı
ehtiva edir: “Saytların heç də hamısı operativ fəaliyyət
göstərmir. Çoxlu korparativ, şəxsi
saytlar, QHT-lərin, dövlət təşkilatlarının
internet səhifələri var. Ancaq hər bir internet səhifəsi
nə vaxtsa təzələnməlidi və bu vaxt işin
yaxşı alınması üçün kontent-redaktora
ehtiyac yaranır.
Məqalə yazmağı, xəbər, press-reliz
hazırlamağı və aydın məsələdi ki,
redaktə etməyi bacarmayan adamın kontent-redaktor işinin
öhdəsindən gələ biləcəyinə inanmaq
çətindi. Daha bir tələb texniki savadla
bağlıdı. Kontent-redaktor
kompüterdə ən azı ofis proqramlarından, qrafik
proqramdan baş çıxarmalı, saytda materialları təzələmək
qaydalarını bilməlidi. Kontent-redaktor
özündə texniki və yaradıcı qabiliyyətləri
birləşdirən şəxsdi. Varlı
şirkətlərdə saytı işlədən adamın,
kontent-redaktorun qarşısında qoyulan əsas tələb
- bir neçə xarici dili bilməkdi.
İmkansız QHT-lər və ya saytını tez-tez təzələməyən
dövlət idarələri öz internet səhifələrini
bir qayda olaraq başqa işlə məşğul olan, amma
interneti bilən adamlardan birinə tapşırır. Əyləncə
saytlarını təzələyən kontent-redaktorlarun əksəri
texniki bilikləri güclü, yazmaq, redaktə etmək
qabiliyyəti zəif olan gənclərdi”.
İ.İsmayılov
bildirib ki, kontent-redaktor üçün ən ağır
iş yeri xəbər istehsal edən jurnalist kollektivlərindədi.
İnformasiya saytının kontent-redaktoru hər
gün onlarla xəbər, iri məqaləylə işləyir.
O həm müxbir, həm redaktor, həm də texniki
işçidir. Onun zövqü, yazını
şəkil, link, videosüjetlə zənginləşdirə
bilməsi oxucuların sayına əməlli-başlı təsir
edir. Kontent-redaktorun həssaslığı internet səhifəsinin
ümumi tərtibatının təkmilləşdirilməsi,
yəni sayt qurulanda və ya saytın tərtibatı təzələnəndə
oxucu üçün daha rahat bir dizaynın tapılması
işinə də yaraya bilər: “Azərbaycanlı
kontent-redaktora ana dilində olan materialların hərəsi bir
şriftdə gələ bilər. Bu, necə
deyərlər, yerli problemdi. Vətəndaşların
elektron poçtla göndərdiyi xəbərlərin
faydalı və ziyanlı olanını ayırmaq
(kontent-redaktor bəzən ictimai təzyiqə məruz
qalır, xəbərinin saytda yerləşdirilməsini
çox arzulayanlar dalbadal elektron məktub yollayır, hətta
zəng edirlər), məktuba cavab verib-verməməyi müəyyənləşdirmək,
təmkini itirməmək isə ümumi «dərddi».
Anonim
ünvanlardan gələn informasiyalarla nə cür davranmaq məsələsi
də kontent-redaktor üçun çətin işlərdən
biridi: informasiya yollayanın məqsədini duymaq və hər
hansı çirkli oyunun iştirakçısına
çevrilməmək istedad tələb edir.
Kontent-redaktorun hər gün üzləşdiyi daha bir
problem rəsmi mənbələrin, şirkətlərin və
QHT-lərin mətbuat xidmətlərindən, ictimaiyyətlə
əlaqələr üzrə strurkturlarından gələn
press-relizlərdi. Bu cızma-qaralar həm müxbirlərin,
həm də redaktorların xeyli vaxtını alır. İki-üç abzaslıq xəbərin əvəzinə
iki-üç səhifəlik press-relizlər olur. Mətbuat xidmətlərinin və piar menecerlərinin
xəbər yazmaq qabiliyyətinin artması bütün medianın
işini xeyli asanlaşdırardı”.
O da
vurğulanıb ki, internet səhifəsindəki materialın
oxunaqlılığı həm də onun «bəzəyindən»
- maraqlı şəkil və videosüjetlərin, liklərin
olmasından, hətta şriftinin ölçüsündən
asılıdı. Şəkil materialın
ölçüsünə uyğun kəsilməli,
mövzudan kənar olmamalıdı. Qeyri-müəyyən
şəkillər oxucunu çaş-baş salır. Azərbaycan
mediasında, xüsusilə kriminal xəbərlərin təqdimatında
çox vaxt hadisə ilə bağlılığı olmayan
şəkillər verilir: “Yaxud bilyardla bağlı xəbərdi,
azərbaycanlı bilyardçının qələbəsindən
və ya məğlubiyyətindən bəhs edir, baxırsan,
şəkil də var, bilyard şarlarıdı – rəngli,
alabəzək... Amma Azərbaycanda yalnız rus bilyardı
yayılıb, rus bilyardında isə rəngli şar
olmur. Rəngli şarlardan daha çox ABŞ-da
məşhur olan «Pul» bilyard oyununda istifadə edilir.
Xırda detaldı, amma nəzərə alınmır…
Şəklin solda, sağda, ya mərkəzdə yerləşdirilməsi
də fotodakı şəxsin hansı rakursdan baxmasından
asılıdı. Belə məqamlara diqqət yetirən
kontent-redaktor azdı. Linklərin işləməməsi,
üzərində müvafiq işarə peyda olsa da şəklin
böyüməməsi kimi xırda texniki səhvlər onlayn
jurnalistikasının adına yaraşmayan
qüsurlardı. Bəzən xırdaca qeyri-dəqiqlik
bütün işi korlayır, kontent-redaktor yerləşdirdiyi
skripti bir də yoxlamalı olur. İşçi
qüvvəsinin məhdudluğu kontent-redaktoru texniki biliklərə
daha dərindən yiyələnməyə məcbur edir.
O, saytda sorğular, bannerlər yerləşdirir, yeni bölmələr
yaradır, forumda dəyişiklik edir. Bu onun
işi deyil, amma nə etməli, informasiya bazarında uduzmaq
istəmirsənsə çevik olmalısan.
«Siçan»ı şəkilə yaxınlaşdırarkən
onun götürüldüyü mənbənin adının
ayrıca pəncərədə görünməsinə
Rusiya saytlarında tez-tez rast gəlmək olur. Bu sırf
texniki məsələdi və bizim saytlar da belə imkanlardan
istifadə etsə, jurnalistikada etik prinsiplərin qorunmasına
yaxşı zəmin yaranar”.
O da qeyd
olunub ki, mənbənin göstərilməməsi, plagiat
halları tez-tez müşahidə olunur. Əziyyət çəkib
informasiya hazırlayan kontent-redaktor etik normalırı gözləyib
mənbəni göstərir, amma az sonra
öz əməyinin oğurlandığını
görür. Başqa bir informasiya saytı
materialda yalnız ilkin mənbənin adını saxlayır,
onu hazırlayana, tərcümə, redaktə edənə
istinad etməyi məqbul saymır. Bu,
düzgün deyil, axı, tutalım, rus mənbəsi onu sizə
Azərbaycan dilində, Azərbaycan oxucusunun marağına
uyğun hazırlamamışdı.
Belə hallardan qorunmaqçün kontent-redaktor bəzən
üzərində çox əziyyət çəkdiyi
materialda ilkin mənbəni göstərməmək məcburiyyətində
qalır. Amma
bunun özü də artıq etik normanın pozulması deməkdir:
“Azərbaycanda böyük kollektivi olan bir sıra informasiya
agentliklərində, telekanallarda əməkdaşların
yerli informasiya saytlarına girişinə məhdudiyyət
qoyulub. KİV rəhbərləri bu yolla
müxbirlərin başqa mənbələrin xəbərini mənimsəməsinin
qarşısını almağa
çalışdıqlarını deyirlər. Belə redaksiyalarda informasiyaya çıxış
yalnız kontent-redaktorda, rəhbər işçidə olur.
Bunun həm yaxşı, həm də pis tərəfi
var. Mənimsəmək imkanından məhrum olan jurnalist
yalnız özü informasiya istehsal edir, amma o, müəyyən
qədər informasiya mühitindən də məhrum olur,
günün nəbzini redaktorun tapşırıqları əsasında
tuta bilir. Kontent-redaktorsa istənilən məlumatı
mənimsəyə bilər. O bütün günü
müxtəlif mənbələrə baş vurur, maraqlı
informasiyaya rast gələndə müxbirə xəbəri
yoxlamağı tapşırır. Vaxt varsa, müxbir özü
nəsə yazır, yoxdusa onda redaktor hazır məlumatı
bir az dəyişdirib saytda yerləşdirir.
Başqa mənbənin yaydığı məlumatı
yoxlayıb sonra öz saytında öz məlumatın kimi yerləşdirmək
də onu mənimsəməkdi.
Başlığı qısa vermək ehtiyacından da bəzi
qüsurlar yaranır. Məsələn, saytda «Səfir ölkədən
qovuldu» kimi başlığa rast gəlmək olar. Əslində isə bu, faktiki mümkün deyil, səfir
nazirliyə dəvət olunur, ona «persona non qrata» elan edildiyi
bildirilir, ölkəni tərk etmək üçün vaxt
verilir. Bu bildiriş elə səfirin mədəni
şəkildə qovulmasıdı, amma «qovulmaq» ifadəsi
işlənməsə yaxşıdı”.
Kontent-redaktor informasiya müharibəsinin önündədi,
«arxa cəbhə»də hazırlanan məhsul bircə düyməni
basmaqla onun ixtiyarından çıxıb ictimailəşir. Qalmaqallar, ictimai təzyiq,
forumlardakı müzakirələr, mümkün məhkəmə
çəkişmələri bu müharibənin fəsadları
sırasındadı: “Hazırda Azərbaycanda
jurnalistikanın tədrisi sistemində internet
jurnalistikasına, kontent-redaktorluğun tədrisinə
xüsusi yer yoxdu. Ancaq internet sürətlə
öz şərtlərini diqtə etməkdədi, artıq mətbuat,
agentliklər, televiziya və radiolar saytsız ötüşə
bilmir. Lap yaxın vaxtda «İşçi tələb
olunur: kontent-redaktor» tipli elanlara rast gələcəyik. Əslində kontent-redaktor axtarışı
başlayıb, sadəcə, saytlara yaxşı redaktor axtaranlar
bəzən özləri də bilmirlər ki, əslində
kontent-redaktor axtarırlar”.
Yeri gəlmişkən,
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Elektron
Təhlükəsizlik Mərkəzinin şöbə
müdiri Rəşad Əliyev deyib ki, elektron KİV-lər rəqibləri
tərəfindən oğurluq edilməsi və informasiya
kontentinin vicdansızcasına istifadə edilməsi (copy-paste)
problemini müstəqil şəkildə həll edə bilər.
Onun sözlərinə görə, Mərkəz
informasiya təhlükəsizliyi ilə bağlı problemlərin
aradan qaldırılmasında hərtərəfli kömək
etməyə, belə problemlərin arzuolunmaz nəticələrinin
qarşısını almaq üçün konsultasiya xidmətləri
və zəruri tövsiyələr təqdim etməyə
hazırdır. İnformasiyanın mənbəyini
müəyyənləşdirmək məqsədi ilə
Tynt.com saytının xidmətlərindən istifadə etmək
olar.
Cavid
Xalq Cəbhəsi.- 2014.- 11 dekabr.- S.11.