Həyatını millətinin
azadlığına həsr etmiş şəxsiyyət
Pişəvəri təkcə
Azərbaycan üçün yox, bütün İranın
azadlığı üçün ağır mübarizə
yolu keçmiş şəxs olub
Seyid Cəfər
Mir Cavad oğlu Pişəvəri (Cavadzadə) 1892-ci il avqustun 26-da (hicri tarixlə 1313-cü il səfər
ayının 13-də) Azərbaycanın Güneyində, Xalxal
mahalının Zeyvə kəndində əkinçi ailəsində
dünyaya göz açıb. Seyidlər Zeyvəsi Ərdəbil
tərəfdən Təbrizin 334, Miyana tərəfdən 271,
Xalxalın isə 30 km-də yerləşir, hazırda Ərdəbil
əyalətinə daxildir. Pişəvərinin
doğulduğu Zeyvə kəndi Xalxal şəhərinin
güneyində, Alışma kəndi ilə Dəvə
ölən dərəsi qonşuluğundadır. XIX yüzilin axırında 550 ailədən ibarət
olan bu kənddə hazırda 1000-dək ailə
yaşayır. Onun həyatı və fəaliyyəti
haqqında indiyə kimi müəyən təzadlı qənaətlər
olsa da, son tədqiqatlar Pişəvərinin bütöv
obrazını təsəvvür etməyə imkan verir.
XX yüzilin əvvəllərində Səttarxan
hərəkatının ardınca Xiyabani hərəkatı
yarandı. Ancaq bu hərəkatları fars
şovinizmi və onların havadarları olan ölkələr
boğdular.
XX yüzil o taylı-bu taylı Azərbaycan-Türk
xalqının azadlıq uğrunda mücadilə tarixinə
bir sıra görkəmli siyasi xadimlər bəxş edib. Onların hər
biri öz əməlləri ilə tariximizdə əbədi
yaşar insanlardır. Ancaq keçən yüzillikdə
yetişən siyasi simalar içərisində haqqında az yazılan, az yad olunan, bəzən təhrif
və böhtanlara məruz qalan şəxsiyyətlərimiz də
var. Bunlardan biri də Seyid Cəfər Pişəvəri olub.
O, həm «sağdan», həm «soldan» vurulub, çox vaxt da
düşmənləri tərəfindən əsası
olmayan ittihamlara, hətta təhqirlərə belə məruz
qalmışdı.
Pişəvəri təkcə Azərbaycan
üçün yox, bütün İranın azadlıq və
qurtuluşu üçün ağır mübarizə yolunu fədakarcasına
keçmiş bir şəxs olub. Onun 1941-1945-ci illərdə
İranın və Güney Azərbaycanın xalq hərəkatında
unudulmaz və yadda qalan xidmətləri İranın müasir
demokratik ictimaiyyəti və xüsusən gəncliyi tərəfindən
bu gün də ehtiramla yad edilir. Güney
Azərbaycanda milli-demokratik hərəkatların zirvəsi
sayılan «21 Azər» inqilabı, Azərbaycan Millihökuməti
Pişəvərinin adı ilə sıx bağlıdır.
Onun həyatı, azadlıq yolunda göstərdiyi
mətanət və dözüm sonrakı nəsillər
üçün örnək olaraq qalır. Pişəvəri həqiqətən də öyrənilməli
səxsiyyətlərdəndir. O, Güney Azərbaycan
tarixinin yaxın keçmişidir. Onun
enişli-yoxuşlu həyat yolunun bütün çalarlarını
diqqətlə öyrənmək, ondan nəticə
çıxarmaq bugünkü və gələcək nəsillər
üçün çox faydalı və önəmlidir.
55 illik həyatının siyasi istiqamətinə,
məfkurə və düşüncə tərzinə bir mənalı
yanaşmaq mürəkkəb və çətindir. 1918-ci ilədək onun simasında vətəninin və
millətinin azadlıq yolunu axtaran və bu işdə müxtəlif
siyasi cərəyanlara, cəmiyyət və partiyalara
yanaşan, əslində ideya və məslək
axtarışında olan bir gənci görürük.
O, əvvəl demokrat, sosial-demokrat, sonra bir sıra İran
ziyalıları kimi kommunist məsləkinə yönəlir,
bu məsləkə köklənir və ona sədaqətlə
xidmət edir. İlk məqalələrini Məhəmməd
Əmin Rəsulzadənin «Açıq söz» qəzetində
çap etdirən və onun millilik və Azərbaycançılıq
ideyasına meyllənən Pişəvəri sonrakı illərdə
ondan uzaqlaşır və N.Nərimanov xətinə - kommunist
məramına qulluq edir. Rza şah
zindanına düşmək ərəfəsinədə bu mərama
sadiq qalır. Bu müddət ərzində
Nərimanovu özünə müəllim, «Şərqin
Lenini» adlandırır. Nəriman Nərimanov
kimi Seyid Cəfər Pişəvəri də Vətəninin
və məzlum Şərq xalqlarının xilasını
Moskvadan, bolşeviklərdən umurdu. Bu məqsədlə
o, 20-ci illərdə siyasi arenada kommunist məfkurəsilə
yaşayır və mübarizə edir.
«Ədalət»
firqəsindən uzaqlaşan Pişəvəri az
sonra İran Kommunist partiyası sıralarına keçir və
bir müddət İran kommunistlərinin aparıcı rəhbərlərindən
olur. 20-ci illərin əvvəllərində
bolşeviklərin müdafiə etdiyi Gilan inqilabında,
Bakıdakı Şərq Xalqları qurultayında, Kominternin
3-cü konqresində, İran kommunistlərinin qurultayında
iştirak edir. Bu dövrdə Pişəvərinin
adı tarixi sənədlərdə Sultanzadə, Heydər
Əmioğlu, Axundzadə (Bəhram Sirus),
Hüseyn Şərqi, Nikbin, Seyfi və s. görkəmli
İran kommunist rəhbərləri cərgəsində
çəkilir. Pişəvəri 20-ci illərin
sonunadək kommunist məramına sadiq qalıb və
yalnız bu məsləkə xidmət edib.
Ötən
yüzilin 80-ci illərinin sonunda, 90-cı illərin əvvəllərində
Arazın bu tayında, azadlıq hərəkatının ilk
illərində bəzi «tənqidçilər» tərəfindən
Seyid Cəfər Pişəvərinin mübarizə yolu, məram
və əqidəsini «təftiş» etməyə meyl göstərənlər
olmuşdu. Ara-sıra mətbuat səhifələrində,
yığıncaqlarda Pişəvərinin və onun
başçılıq etdiyi hökuməti qınamağa,
onların qeyri-müstəqil olmalarını, hər
addımı rusların göstərişi və məsləhətilə
atdıqlarını söyləyənlər və yazanlar
olmuşdu. Təəccüblü cəhət
burasıdır ki, bu «tənqidçilər» nə Güney Azərbaycandakı
baş vermiş hərəkatın milli zəmini, nə hərəkatın
aparıcı qüvvələri, nə də fars və əski
əlifbadamövcud olan çoxsaylı sənəd və ədəbiyyatla
tanış deyildilər. Üstəlik Pişəvərini
və 1945-1946-cı illərdə Güneydəki siyasi
olayları «təftiş» edənlərin çoxu tarix elmi
üzrə savadı və təcrübəsi olmayanlar və
bu sahədə əsaslı araşdırma aparmayanlar idi.
Öz yazılarında və deyimlərində
özgələrdən «kult» düzəltməyə
can-başla hazır olan bu adamlar keçmişimizi
insafsızcasına təhrif etməyə, tarixi şəxsiyyətlərimizi
haqq-nahaq qamçılamağa başladılar. Təəssüf doğuran cəhət budur ki,
bütün həyatını millətinin
azadlığına həsr etmiş Pişəvəriyə və
Güneydəki milli-azadlıq hərəkatına əsassız
ittihamları yağdıran nə erməni, nə rus və nə
də başqa yad qüvvənin nümayəndəsi yox, bizim
öz soydaşlarımızdır.
Rusiyadakı
Fevral inqilabı, Oktyabr çevrilişindən sonra bir
sıra Azərbaycan ziyalılarının sözügedən
hadisələrə müsbət meyllənməsi Pişəvərini
də tədricən Rəsulzadə xəttindən
ayırdı, digər xəttə keçirdi: bu xəttin
başında Həriman Hərimanov dururdu. Pişəvəri
1929-cu il dekabrın 28-də həbs olunub,
10 il azadlıqdan məhrum edilib. Edilən
sorğu-suallara cavabı, ümumiyyətlə, istintaq
materialları Tehranda kitab şəklində buraxılıb.
Müstəntiq
Pişəvəriyə sual verir ki, siz kommunistsiniz,bu məfkurə ilə dövlətə
qarşı mübarizə aparmısınız. Pişəvəri deyir ki, mən dövlətə
qarşı mübarizə aparmamışam, indi də
azadlıq uğrunda mübarizə aparıram. Qaldı ki, kommunistliyə, mən kommunist deyiləm.
Müstəntiq təəccüblə
soruşur ki, niyə? Pişəvəri cavab verir ki, mən
10 il ərzində kommunist
ideologiyasını diqqətlə öyrəndim, anladım
ki, bu məfkurənin İran zəmininə tətbiqi
mümkün deyil. Sonra da deyir ki, Bakıda
olduğum zaman birgə mübarizə apardığım,
çarizmə qarşı mitinqlərdə həmrəy
olaraq iştirak etdiyimiz adamlar sovetləşmədən sonra rəhbər
vəzifələrə gəlmişdilər, gördüm ki,
mənə başqa cür münasibət bəsləyirlər,
soyuq davranırlar. Sonra öyrəndim
gördüm ki, bu dönüklük, soyuqluq təkcə mənə
qarşı yox, Quzey Azərbaycanda yaşayan güneylilərə
qarşıdır. Gördüm ki,
Güney Azərbaycandan olanlaraqarşı inamsızlıq var,
onları rəhbər vəzifələrə qoymurlar. Hətta onlarla şübhəli adamlar kimi
davranır, yeri gələndə təhqir edirlər. Bu
münasibət məndə pərişanlıq əmələ
gətirdi: necə olur axı, dünənə kimi bir cəbhədə
vuruşurduq, indi isə bunlar bizə belə münasibət bəsləyirlər?
Pişəvəri ilə bağlı istintaq
materiallarındakı bir məqam da diqqət çəkir. İranda Rza
şah hakimiyyətə gələn kimi mətbuat təqib
olunur, azadfikirli qəzetlər bağlanır, kommunistlər,
sosialistlər, demokratlar, milli qüvvələr həbsə
alınır, təşkilatları dağıdılır,
bir sözlə, ölkədə irtica hökm sürməyə
başlayır. İranda söz-fikir
azadlığının boğulduğu, insan haqlarının
tapdandığı bir vaxtda Moskva İranla 1921-ci ildə
dostluq və əməkdaşlıq haqqında müqavilə
bağlayır.
Sonradan SSRİ həmin müqaviləni 1927-ci ildə
yenidən təzələyir. İstintaq materiallarında Pişəvəri
bu məsələyə təəccübünü bildirir,
fikirlərini dilə gətirir ki, görəsən, bu, nə
işdi, axı Sovetlər bizi himayə edirdi, kommunist hərəkatının
genişlənməsindən danışırdılar, bu
yandan da İrandakı azadlıq qüvvələrinə
qarşı təqiblər artır, SSRİ də
İranladostluq edir. Pişəvəri bu
düşüncələr içərisində Bakıya gəldiyini
deyir, ordan da Moskvaya gedir. Danışır
ki, Moskvada döymədiyim qapı qalmadı, axırda məni
yolladılar «Komintern»ə — İran üzrə şöbəyə.
Ora bir yəhudi rəhbərlik edirdi. Mən
ona Güney Azərbaycandakı, ümmumiyyətlə isə
İrandakı vəziyyəti başa saldım,bildirdim
ki, bizə siyasi-mənəvi, həm də maddi cəhətdən
kömək lazımdır. Hiss elədim ki, bu adam
sözlərimi bir qulağından alıb o biri
qulağından ötürür. Pişəvəri
onun soyuqqanlığından qeyzlənir. Danışır
ki, son dərəcə pərişan olmuşdum. Əliboş, tutduğum məsləkə
inamsızlıqla Bakıya qayıtdım, ailəmi
götürüb İrana gəldim.
Bu hadisə 1927-ci ildə olub. Pişəvərinin istintaq
materiallarındakı ifadəsində sonrakı gedişat
dilindən belə nəql olunur: «İrana gələndən
sonra fikirləşdim ki, ümumiyyətlə, kommunist
üsul-idarəsini, proletar diktaturasını İranda qurmaq
mümkün deyil. Ona görə ki, İranda
proletariat yoxdur. Rusiya isə proletar ölkəsidir.İranda
proletariat məsələsi heç 100 il
sonra da mümkün olmayacaq. İran
çoxukladlı ölkədir. Burada fəhlə
də, kəndli də, ortabab da, mülkədar da, tacir də
var. İranda sinfi mübarizə məsələsini önə
çəksən, heç nə alınmaz. Göründüyü kimi, Pişəvəri sinfi
mübarizə məsələsini o mənada inkar edir ki, deyir
burda azadlıq istəyən bütün siniflərin birliyi
olmalıdır. Bununla da o sinfi mübarizə
məsələsini kənara qoyur. Mülkiyyət
məsələsinəgəlincə isə deyir ki, İranda
xırda mülkiyyətçilik çoxdur. Ölkənin milli gəlirinin 80 faizini aqrar sektor
verir. Deyir əgər biz mülkiyyəti
ümumiləşdirsək, bu, böyük bir
partlayışa səbəb olar. Yəni
mülkiyyət məsələsini kommunistlərin dediyi kimi
bölmək, ümumiləşdirmək olmayacaq. Kommunistlərin məramında göstərilir ki,
onlar ateistdirlər. İran isə dindar bir
ölkədir.
Pişəvəri zindana düşmək ərəfəsində
artıq prinsiplərindən ayrılır, sırf milli
demokrat olur.
O, zindanda yatan zaman burada kommunistlər çox idi. Pişəvəri zindanda heç bir məfkurəyə
qoşulmadan öz məfkurəsini təbliğ edir. Doktor Salamulla Cavidin yazdığı kimi, «Qəsri-Qacar»
zindanında öz məktəbini yaradır.
Əkrəm Rəhimli,
araşdırmaçı
Xalq Cəbhəsi.-
2014.- 12 dekabr.- S.15.