Analar niyə ölür?

 

Kimdir müqəssir: həkim, yoxsa, hamilə qadın?

 

Il Qazax rayonunda 22 yaşlı Vüsalə Məmmədovanın doğuş keçirəndən bir həftə sonra həyatını itirməsi ilə başladı. Belə ki, dünyaya gələn uşağın vəziyyəti normal olsa da, ananın halı pisləşib. Çarəsiz qalan ailə üzvlərinin üz tutduğu Gürcüstan həkimləri bildiriblər ki, gənc qadın həkim səhlənkarlığı ucbatından doğuşdan sonra daxili qanaxma keçirib. Ona Gürcüstanda tibbi yardım göstərilsə də, səhhətində heç bir irəliləyiş olmayıb. Belə ki, qadın vaxtından əvvəl təbii doğuş keçirdiyi üçün daxili orqanları zədələnib. Həkimlər bundan gec xəbər tutublar. Bütün göstərilən səyə baxmayaraq Vüsalə Məmmədova dünyasını dəyişib və bu, 2014-cü il ərzində Azərbaycanda doğuş zamanı baş verən yeganə ana ölümü faktı deyil. Məsələn, Təranə Əhmədova Ağstafa rayon Mərkəzi Xəstəxanasında qeysəriyyə əməliyyatı ilə övladını dünyaya gətirəndən sonra qan itkisindən vəfat edib. Zərdab rayon sakini, 20 yaşlı Sayad Abdulrəhmanova aprelin 21-də doğuş keçirdiyi Ucar Mərkəzi Rayon Xəstəxanasında dünyasını dəyişib. Dünyaya gələn oğlan uşağının isə tam sağlam olduğu bildirilib. Yeri gəlmişkən, Azərbaycanda doğuş zamanı körpə ölümləri də nadir hal deyil.

Səhiyyə Nazirliyinin Doğuşa Yardım Komissiyasının sədri Leyla Rzaquliyeva mətbuata verdiyi müsahibədə bildirib ki, Azərbaycanda 2012-ci ildə 173 547 doğuş zamanı 26 ana ölümü baş verib. 2013-cü ildə isə 175 minə yaxın doğuş qeydə alınıb ki, bu zaman 25 ana ölümü faktı baş verib. Bu halın 3-də 2-si barəsində inzibati tədbirlər görülüb. Belə ki, 11 ay ərzində 10 həkim işdən çıxarılıb, 77 tibb işçisi barəsində şiddətli töhmət və digər tədbirlər görülüb. Səhiyyə Nazirliyinin mətbuat katibi Anar Qədirli isə bildirib ki, “Ana və uşaqlara göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması dövlətin sosialyönümlü siyasətinin əsas prioritet istiqamətlərindən biridir. Son illər bu sahədə mühüm tədbirlər həyata keçirilib”. Onun sözlərinə görə, əgər 2005-ci ildə 141 901 doğuş zamanı 41 halda ana ölümü baş vermişdisə, 2012-ci ildə 173 547 doğuşdan 26 belə hala rast gəlinib. 2013-cü ildə isə 175 minə yaxın doğuş olub ki, bu zaman 24 ana ölümü faktı qeydə alınıb. Elə səhiyyə naziri Oqtay Şirəliyev də 2013-cü ilin yekunlarına həsr edilən kollegiya iclasında bildirib ki, “2006-cı ildə ana ölümü əmsalı 34,2 idisə, 2013-cü ildə bu rəqəm 14,5-ə enib. Uşaq ölümü 16,2 promillidən 13-dək aşağı düşüb”.

Ümumilikdə götürsək, ana ölümü halları bütün dünyada mövcuddur. 76 milyona yaxın əhalisi olan qardaş Türkiyənin Səhiyyə Nazirliyinin ötən il açıqladığı hesabatda göstərilir ki, son on ildə ana və uşaq ölümü azalıb. Belə ki, 2002-ci ildə hər yüz min canlı doğuşda ana ölümü əmsalı 64 idisə, indi sayı təqribən 4 dəfə azalaraq 15,4 olub. Canlı doğulan hər min körpədə ölüm nisbəti 2002-ci ildə 31,5 olduğu halda, hazırda bu göstərici 7,4 təşkil edir. 143 milyon əhalisi olan Rusiyanın Səhiyyə Nazirliyinin ötən il açıqladığı hesabatda bildirilir ki, son 12 il ərzində (2000-2012) Rusiyada ana ölümü iki dəfə azalıb. 2000-ci ildə 503, 2012-ci ildə isə 219 ana ölümü qeydə alınıb. 2013-cü ildə 100 min təbii doğuş keçirən qadından 11,5 faizi ölüb. Hər il Rusiyada doğuş zamanı 220-290 ana ölümü faktı qeydə alınır.

Azərbaycanda isə bu daha tez-tez təkrarlanan hala çevrilib. Səhiyyə Nazirliyinin Doğuşa Yardım Komissiyasının sədri Leyla Rzaquliyevanın sözlərinə görə, hamilə qadınlar qadın məsləhətxanasında qeydiyyata alındığı kimi, həmçinin sahə həkim-pediatr tərəfindən də qeydiyyata götürülməlidirlər. Amma qadınlar qeydiyyata düşmürlər və onlar müxtəlif özəl klinikalara müraciət edirlər. Həmçinin, onların müxtəlif xəstəlikləri olur və bunu gizlədirlər. Səhiyyə nazirinin müavini Elsevər Ağayevin sözlərinə görə isə, Azərbaycanda ötən il ərzində həkimlərin səhvi ucbatında ana ölümü halları baş verməyib. Hər bir ana ölümü Səhiyyə Nazirliyinin Doğuşa Yardım Komissiyası tərəfindən analiz edilir: “Ana ölümü halları yalnız Səhiyyə Nazirliyi tərəfindən deyil, prokurorluq orqanları tərəfindən də araşdırılır və bununla bağlı cinayət işləri açılır. Həkimlərin az və ya çox dərəcədə qeydə alınan səhvləri də Səhiyyə Nazirliyinin Doğuşa Yardım Komissiyasının diqqətindən kənarda qalmayıb. Bu həkimlər cəzalandırılıblar. Onların iş yerləri dəyişdirilib, daha aşağı vəzifəyə keçiriliblər, yaxud vəzifələrindən uzaqlaşdırılıblar” – deyə, nazir müavini bildirib.Kimdir müqəssir: həkim, yoxsa, hamilə qadın? “Ana ölümü məsələsində günahkar axtarmaq lazım deyil, burada araşdırmaq lazımdır” – bunu isə ixtisasca həkim olan millət vəkili Musa Quliyev deyir.

Bəzi eksprtlərin fikrincə, problemin kökündə rüşvət dayanır. Korrupsiya hallarının artması insanları həkimə müraciət etməkdən çəkindirir. Eksprtlərin hesablamasına görə, bir qadının doğuş keçirməsi üçün azı 800-1000 manat lazımdır. Bunu düşünən ailələr də çalışır övlad dünyaya gətirməyi ya ertələsin, ya da doğuşu evdə reallaşdırsın. Bəli, artıq nəinki bölgələrdə, Bakının özündə də ev şəraitində uşaq dünyaya gətirən qadınlara rast gəlinir. Belə qadınlar heç hamiləlik dönəmində də həkim müayinəsindən keçmirlər, yaxud qaydaya uyğun intensiv şəkildə keçmirlər. Düşünürlər ki, bir dəfə dünyaya övlad gətirmişəmsə, ikincidə nə problem ola bilər? Bütün bu proseslər isə sonda ana ölümünə, uşaqların əlil doğulmasına və başqa problemlərə gətirib çıxarır.

İqtisadçı-alim Nazim Məmmədovun məsələyə öz yanaşması var: “2013-cü ildə dövlət büdcəsindən səhiyyəyə 667 milyon manat vəsait ayrılıb. Bu, birbaşa maliyyələşmə olsa da digər dövlət proqramlarının nəzdində də səhiyyə məsələsi daim diqqətdədir. Əslində bu qədər maddi yardım ilə mümkündür ki, tibb müəssisələri texniki avadanlıqlarla təchiz olunsun. Lakin problemlər hələ də mövcuddur. Ölkəmizdəki statistik göstəriciyə görə, son 20 ildə hər 1000 nəfərə düşən ölüm halı 10.8-ə qədər azalıb. Ancaq qeyri-rəsmi hesablamalara görə, əksinə, son illər kifayət qədər problem var”.

N.Məmmədov bildirdi ki, hər bir ölkədə səhiyyə xidməti, dolanışıq dərəcəsi yüksək olarsa, orta yaş həddi də artır: “Dünyada ən yüksək orta yaş göstəricisi Yaponiyadadır. Orada orta yaş həddi 82 yaşdan yuxarıdır. Bizdə isə dövlətin təqdim etdiyi statistik rəqəmlərdə qadınlar üçün 77, kişilər üçün 75 yaş göstərilir. Lakin BMT-nin hesabatlarında 68-69 yaş göstərilir. Rəqəmlərdən də göründüyü kimi, arada böyük fərq var”.

İqtisadçının sözlərinə görə, hər şeydən əvvəl sadəcə hadisələrin gedişatını izləmək kifayətdir ki, son illər bu sahədə ölkədə ciddi problemlərin olduğunu müşahidə edəsən: “Bunun səbəblərindən biri də sözügedən sahənin şəffaf olmamasıdır. Onu da nəzərinizə çatdırım ki, körpə ölümləri əsasən 1 yaşa qədər olan uşaqların ölümü kimi hesablansa da BMT-nin araşdırmalarında bu yaş senzi 5-ə qədərdir. BMT-nin hesablamalarına görə Azərbaycanda hər yüz min doğuşa 38 ana ölümü düşür. Bu rəqəmlər isə Azərbaycanla BMT hesabatları arasında 3 dəfəyə yaxın fərqin olduğunu göstərir”.

N.Məmmədov son illər qeysəriyyə əməliyyatının dəbə minməsini də dilə gətirir: “Lazım oldu-olmadı həkimlər gənc analara bunu tövsiyə edirlər. Bu əməliyyatların elə əksəriyyəti dövlət xəstəxanalarında aparılır, bəzən də bir sıra özəl klinikalarda. Bu əməliyyatların tətbiqi isə çox zaman qadınlarda ciddi fəsadlara gətirib çıxarır. Ümumiyyətlə əməliyyat özü təhlükəli haldır. Bunun təbliği doğru deyil”.

Mərkəzi Neftçilər Xəstəxanasının həkim mama-ginekoloqu Rauf Bağırlının sözlərinə görə isə onun fəaliyyət göstərdiyi illərdə xəstəxanada hələ ölüm hadisəsi müşahidə olunmayıb: “ Ümumilikdə ana, yaxud uşaq ölümlərinin müxtəlif səbəbləri olur. Bu bir səbəbdən də qaynaqlana bilər, kompleks səbəblərdən də. İstənilən halda isə belə durum baş verdikdə xüsusi komissiya tərəfindən səbəblər araşdırılır. Bəzən elə olur ki, ana ölümü nə həkimin, nə də texniki avadanlıq təchizi ilə bağlı olur. Bu adətən tromb-embaliya deyilən fəsad zamanı müşahidə olunur. Belə ki, müəyyən bir maddə, hissəcik əgər həyati əhəmiyyətli damarın qarşısını tutursa, onun öhdəsindən gəlmək olmur. Əksər zaman ölümlə nəticələnir. Yaxud da qanaxmanın olması ölümə gətirib çıxara bilir”.

Həkim deyir ki, ana və uşaq ölümü bütün dünyada problemdir: “Bizdə bu hallar əvvəl daha çox idi, indi inkişafın olması səhiyyədə də problemlərin qarşısını alıb. İnformasiya bolluğu sayəsində insanlar öz səhhətləri ilə bağlı geniş biliklərə malikdirlər. Mövcud texniki baza, mütəxəssislərimizin yetərliliyi də imkan verir ki, problemlərin azalmasını istiqamətində ciddi tədbirlər görülsün”.

Tibb elmlər doktoru, professor Adil Qeybulla mətbuata açıqlamasında bildirib ki, Azərbaycanda bu gün hamiləliklərin 90 faizdən çoxu normadan kənara çıxır. Tibbi ekspertin sözlərinə görə, bu səbəbdən hamiləlik son nəticədə ölümlərə gətirib çıxarır: “Bu əsas səbəblərdən biridir. Digər tərəfdən qadınların böyük əksəriyyəti hamiləlik vaxtı özlərini yoxlatmırlar. Bəzən böyrəyində ciddi bir xəstəlik olan qadına hamilə qalmaq olmaz. Hamilə qalır və hamiləliyin sonuna yaxın böyrək çatışmazlığı inkişaf edir. Belə hallarda olsa belə hamilələyin pozulmasına razı olmurlar. Əmliyyatlar zamanı isə ciddə fəsadlar olur. Həmçinin xəstələrin həkimə gec-gec müraciət etməsi, adekvat tibbi yardımın göstərilməməsi kimi problemlər də var. Bütün bunlar kompleks şəkildə ana və uşaq ölümlərinə gətirib çıxarır”.

A.Qeybulla bildirib ki, qadınlar hamilə qalmamışdan öncə həkimlərə müraciət etməlidir: “Hər şeyi dəqiqləşdirməlidirlər. Bu cür müraciət etsələr sonra baş verən fəsadlar az olar. Bu gündə hər bir ana və uşaq ölümü ayrılıqda araşdırılmalıdır. Bunun səbəbləri araşdırılmalı və bu səbəblər əsasında qərar qəbul edilməlidir. Hansı səbəblərdən bu hallar baş verirsə, onları aradan qaldırmaq üçün işlər görülməlidir. Ümumi qərar qəbul olunmalıdır və bunu azaldılması üçün işlər görülməlidir”.

 

Ülviyyə Tahirqızı

Xalq Cəbhəsi.- 2014.- 16 dekabr.- S.15.