“Həyat” qəzeti: 1905-1906-cı illərin fikir, düşüncə və mübarizə salnaməsi

 

Ötən yüzilin əvvəllərində Azərbaycanda işıq üzü görən “Həyat” qəzeti mətbuat tariximizdə özünəməxsus cəhətləri ilə qalıb. Azərbaycan mətbuatının tanınmış araşdırıcılarından olan Akif Aşırlı bildirir ki, “Həyat” 1905-ci il iyunun 7-də işıq üzü görüb: “Həyata çox ziddiyyətli, təlatümlü mürəkkəb dövrdə "qədəm basan" bu mətbu orqanını jurnalistika tariximizin araşdırıcıları 1905-1906-cı illərin fikir, düşüncə və mübarizə salnaməsi adlandırırlar. 1905-ci il aprelin 16-da dövrün görkəmli ziyalıları Əli bəy Hüseynzadə və Əhməd bəy Ağaoğlu Peterburq baş Mətbuat İdarəsinə "Həyat" adlı qəzet nəşr etmək istəyini ərizə ilə bildirdilər. H.Z.Tağıyevin böyük nüfuzu və işə qarışması ilə 1905-ci il aprelin 22-də Qafqaz Canişini Vorontsov Daşkov "Həyat"ın nəşrinə icazə verdi. Lakin "Həyat"ın ideya-siyasi məzmunu ikiqat senzuraya məruz qaldı. Belə ki, qəzetin dərc etdiyi mühüm əhəmiyyətli yazılar rus dilinə tərcümə edilib Tiflis Senzura Komitəsinə göndərildi. Qəzetin məzmunu, ideya istiqamətləri milli mövqedə dayanan Əlimərdan bəy Topçubaşov (naşir), Əli bəy Hüseynzadə (baş redaktor) və Əhməd bəy Ağaoğlu (1905-ci ilin axırlarınadək baş redaktor) tərəfindən həyata keçirilirdi. "Həyat"a qarşı təzyiq və təhdidlər, senzorun ağır şərtləri qəzetin nəşrinin ilk aylarında özünü açıq büruzə verdi. İlk sayın çıxmasından ay yarım sonra erməni senzorların təhriki ilə Senzura Komitəsinin sədri Qallel "Həyat"ın çapının dayandırılması üçün Qafqaz canişinliyinə müraciət etdi. Senzura Komitəsi qəzeti və onun redaktoru Əhməd bəy Ağaoğlunu "panislamist ideyaların alovlu pərəstişkarı", "bütün müsəlmanların xəlifəsi sayılan türk sultanının nüfuz və qüdrətinin artmasının tərəfdarı" kimi qələmə verirdilər. Digər tərəfdən “Həyat”ın yaradıcı heyəti "qatı islamın tərəfdarları" kimi suçlanır və antierməni təbliğatı nəticəsində Qafqazda müsəlman fanatizminin alovlanacağı iddia edilirdi. Halbuki antitürk, antimüsəlman mövqeyi ilə Bakıda və Qafqazın bəzi bölgələrində nəşr olunan erməni qəzetləri düşmənçilik ovqatı yaradır, Qafqaz Canişinliyi və Senzura Komitəsi isə onlara heç bir irad bildirmirdi.

Senzura Komitəsinin Qafqaz Canişinliyinə müraciətində Ə.Hüseynzadənin və Ə.Ağaoğlunun "islamın təmizliyi və ilkinliyini qorumaq üçün" çarizmə və ruslara qarşı barışmaz mövqedə dayandığı ayrıca vurğulanırdı”. Araşdırmaçı vurğulayır ki, bu böhtan kampaniyası təsadüfi deyildi: “Ermənilər Əlibəy Hüseynzadə və Əhməd bəy Ağaoğlu birliyinin nəticəsində real bir qüvvənin formalaşdığını və "Həyat" qəzetinin bu birliyin nəticəsində ortaya çıxdığının fərqində idilər. "Həyat"ın ilk sayında dərc olunan "Qəzetimizin məsləki" sərlövhəli məqalədə mətbuatın xalqın həyatında, cəmiyyətin inkişafında önəmi vurğulanırdı. Baş məqalədə göstərilirdi ki, Qərb ölkələrində, hətta əhalisi 4-5 milyon nəfər olan ölkələrdə 300-400 qəzet buraxılır. Mədəni millətlər qəzeti "bəşəri ehtiyacların ən zərurilərindən" sayırlar. Həmin ölkələrdə insanlar qəzet oxumağa öyrəniblər, çaysız-çörəksiz dolana bilmədikləri kimi, qəzetsiz də keçinə bilmirlər. Mətbuatın cəmiyyətin inkişafında, xalqın maariflənməsi və tərəqqisindəki rolu məqalədə belə qiymətləndirilirdi: "İnsan üçün munis bir yoldaş, xeyirxah bir müəllim, nafiz bir məktəbdir, həm də zillətdə qalanlara doğru yolu, hidayət yolunu göstərir".

Məqalədə "bütün qəzetləri faydalı hesab etmək olarmı?" sualına cavab da axtarılır. Bu cavab isə ondan ibarətdir ki, zərərli fikirləri yayan, adamları pis yola dəvət edən mətbu orqanlar da var ki, bu cür qəzetlər peşə prinsiplərindən uzaqdırlar. "Həyat"ın yayılma arealına nəzər yetirsək, deyə bilərik ki, qəzet təkcə Qafqazda deyil, Volqaboyunda, Orta Asiyada, İranda və Türkiyədə yayılırdı. Məşhur tatar şairi Abdulla Turkay "Həyat"a şeir həsr etmiş və uzaqgörənliklə ermənilərin bu qəzetə düşmən kəsiləcəklərini söyləmişdi. "Həyat" geniş coğrafi məkanda yaşayan türk və müsəlmanların milli oyanışla eyni vaxtda meydana çıxmış və bu oyanışın davamlı prosesə çevrilməsində mühüm rol oynamışdı.

"Həyat" baş məqalədə məram və məqsədlərini oxucuya daha dolğun çatdırmaq üçün ümmət və millət məsələlərinə, ana dilinin inkişafına, maarifçiliyə dair baxışlarını izah edərək yazırdı ki, Azərbaycan türkləri "tazə-cavan bir millətdir, həyatın dürr-kəmalə doğru gedən yolun əvvəlindədir", "qəzetimiz həyatın mənafeyi-həqiqiyyəsinə, ovsaf və şəriyyəsinə agah bulunduğundan həyatiictimaiyyeyi-milliyyəmizin nigahbanı olub daxildən və ya xaricdən hər cür tərəqqi və təkamülə qarşı zühur edən maniə və müşkülata müqabilə" edəcəkdir. 1905-ci ildə çıxan ilk sayında "Həyat" öz məsləkini, ideya istiqamətlərini bu cür şərh edirdi”.

Professor Ə.Mirəhmədov yazır: ““Həyat”çıların əsas yaradıcılıq yolu ədəbiyyat, mətbuat və fəlsəfəyə xidmət, həmçinin, sosial kredosu azadlıq və milli birlikdir”.

1905-ci il iyunun 7-dən 1906-cı il sentyabrın 3-nə qədər “Həyat”ın 325 nömrəsi (131-i 1905-ci, 194-ü isə 1906-cı ildə) çıxıb.

A.Aşırlı: “Əhməd bəy Ağaoğlu da “Həyat”ın səhifələrində müntəzəm siyasi-publisistik yazıları ilə çıxış edirdi. Qəzetin ilk nömrələrindən başlayaraq Ə.Ağaoğlu Rusiyada, Qafqazda və məxsusi olaraq Bakıda ictimai-siyasi hadisələrə qiymət verməyi qarşısına başlıca məqsəd qoymuşdu. O, öz fikirlərini elmi və islam dini görüşləri fonunda şərh edir, demokratik ruhlu fikirlərini oxuculara çatdırırdı. “Həyat”ın 1905-ci il tarixli 7 və 12 iyun saylarında "Müxtəsir övzi Rusiya" məqaləsində Ə.Ağaoğlu rus-yapon müharibəsində Rusiyanın gücsüz vəziyyətə düşdüyünü və bu vəziyyətdən xalqın inqilabi-demokratik yola qədəm qoyub azadlıq şüarları irəli sürməsinin tarixi-siyasi mənzərəsini yaradırdı. Çar Rusiyasının yeritdiyi siyasətin qəbulolunmaz detallarına toxunan Ə.Ağaoğlu yazırdı ki, xalqın narazılığına əsas səbəblərdən biri onların dini inanclarının həyata keçirilməsinə mane olmasıdır. Müəllifin fikrincə, bu nöqsan göründü və "hər millətə sərbəstlik əta olundu ki, hər yerdə xahiş etsə, təmirat qanuna uyğun olaraq ibadətxanalar tikib öz ruhanilərini intixab etsinlər". Ancaq bu sərbəstliyin əta olunmasının müsəlman xalqlarına aid olub-olmayacağını soran Ə.Ağaoğlu yazırdı: "Gələcəkdə genə müsəlmanlıq cəhətinə müsəlmanları padşahlıq qulluqlarından, bəzi mənsəblərindən məhrum edəcəklərmi? Genə bəzi məkatibi aliyyənin qapıları onların üzlərinə bağlı qalacaqmı?” Məqalənin məzmunundan anlaşıldığı kimi Ə.Ağaoğlu hökumətin verdiyi fərmanlarda xalqın müxtəlif peşə sahiblərinin mənafeyinə müvafiq azadlıq və sərbəstliklər, onların maraqlarının qorunması axtarılırdı”.

Araşdırmaçı bildirir ki, nəşrinin ilk sayından sonra "Həyat"ın dili müzakirə obyektinə çevrildi və bu açıq-aşkar polemikalara gətirib çıxardı: “Dil məsələlərində Əli bəy Hüseynzadənin özünün baxışları var ki, bu yanaşma sistemi ümumtürk ədəbi dil konsepsiyasına əsaslanırdı. Azərbaycanda ümumtürk ədəbi dil konsepsiyasını ortaya qoyan, bu ideyanı praktiki baxımdan öz əsərlərində işlədən və müdafiə edən Əli bəy Hüseynzadə idi. Təsadüfi deyildi ki, ümumtürk dil birliyinin ideoloqu olan "Tərcüman"ın baş redaktoru İsmayıl bəy Qaspıralı "Həyat" qəzetini "Tərcüman"ın varisi hesab edirdi. İ.Qaspıralı kimi Əli bəy Hüseynzadə də hesab edirdi ki, bütün türklər vahid millətdir və buna görə də vahid dilə, yazı mədəniyyətinə malik olmalıdırlar. Başqa sözlə, türk xalqlarının milli-mənəvi birliyinə nail olmaq üçün Ə.Hüseynzadə ümumtürk ədəbi dilin qaydalarının işlənib hazırlanması və orta məktəblərdə, mətbuatda işlənməsini vacib hesab edirdi. Ortaq türk dili ideyası ilə bağlı polemika XX əsrin əvvəllərində daha da güclənmişdi. Ə.Hüseynzadəyə görə, ədəbi dil millətin mövcud olması və yaşaması üçün vacib şərtlərdən biri idi. O, fikrini əsaslandıraraq yazırdı: "Ədəbi dilə malik olmayan qövm müstəqil qövm surətində çox yazmaz. Ədəbi dili olmayan qövm yaşamaq və dünya məişətini keçirmək üçün özündən mədəniyyətli, ədəbi dili olan bir qövmün dilini itxaz etməyə məcburdur".

Əli bəy Hüseynzadə də İsmayıl bəy Qaspıralı kimi dünyada yaşayan türklərin ortaq dilini, imperiya dili məqamına yüksəliş Osmanlı türkcəsi olmasını qəbul edirdi. Məhəmməd Hadi 1906-cı ilin 20 yanvar sayında dərc etdirdiyi məqaləsində bu mövqeyi açıq şəkildə müdafiə etmişdi: "Başqalarını bilmirəm, zənnimə qalırsa, özgə işvə arayanlar yorulub peşman olacaqlar. Mübahisəsiz, münaqişəsiz Osmanlı dilini qəbul edəlim, çayi-tərəddüd deyil bu yer". “Həyat”ın səhifələrində İsmayıl bəyin dil məsələsində tutduğu mövqeyi müdafiə edənlərin sırasında Krım türklərinin nümayəndələri də var idi. H.S.Ayvazovun, S.İbrahimovun, Bəkir Əməkdarın məqalələrini xatırlamaq kifayətdir ki, bu müəlliflər də Əli bəy Hüseynzadənin ortaq türk dili ideyasını qəbul edirdilər. Ümumiyyətlə, türk dilinin yaradılması ideyası "İttihadi-Tərəqqi" Cəmiyyətinin qarşısında dayanan vacib məsələlərdən biri idi. Bu cəmiyyətin qurucularından biri kimi təbii ki, Ə.Hüseynzadə də bu ideyanın nəinki tərəfdarı, bu işi həyata keçirənlərdən hesab edilirdi. XX əsrin əvvəllərində İstanbuldan "İttihadi-Tərəqqi" Cəmiyyətinin Qafqaz bürosuna göndərilən məktubda deyilirdi: "Qafqazda hüquqi-islamiyyənin müdafiəsi yolunda Osmanlı türkcəsinin nəşriyyatlarda və məktəblərdə qəbul olunmasını hamılıqla alqışladıq".

Təbii ki, ümumtürk ədəbi dil konsepsiyasını qəbul etməyən cinahda da dövrün tanınmış maarifçi-ziyalıları, ədibləri dayanırdılar. Firudin bəy Köçərli Əli bəy Hüseynzadənin "Həyat" qəzetinə gətirdiyi ümumtürk dili ideyasını qəbul etmir, buna ciddi etiraz edirdi. Hətta F.Köçərli məqalələrinin birində yazmışdı: "Kaş o alicənab İstanbulda oturub bizim bu şümbəxt Qafqaza gəlməyəydi".

F.Köçərli ilə yanaşı, bu ədəbi dil konsepsiyasına Ö.F.Nemanzadə, M.Mahmudbəyov, Q.Rəşad da tərəfdar deyildilər. "Həyat"ın səhifələrində Ə.Kəngərlinin "Dil müşkülatı", S.M.Qənizadənin "Hansı dil ilə yazalım" məqalələrində toxunulan problemə Ə.Hüseynzadə "Yenə dil müşkülatı" adlı məqaləsində cavab vermiş, ədəbi dilin ədəbiyyat nümayəndələri, yazıçılar, şairlər tərəfindən formalaşdırıldığını və xalqın ədəbi dili öyrənməsi zərurətini irəli sürmüşdü. Bir sözlə, Ə.Hüseynzadə hamının anladığı sadə bir dillə deyil, formalaşmış, qəbul olunmuş ədəbi dildə yazmağı qarşıya məqsəd qoymuşdu və "Həyat" qəzeti də bu dildə nəşr olunurdu”.

 

Uğur

Xalq Cəbhəsi.- 2014.- 17 dekabr.- S.11.