Həqiqətdə bu dil mənim
canımdır…
Ana dilini xalqın tarixi, mənəvi vəhdəti, əqidə
və vicdanı kimi dərk etmək - şeirdə lirik qəhrəmanın
yetkin vətəndaşlıq şüurunun əlamətidir. Sönməzin
“Anam dili” şeirinin bütün poetik mətninin əsasında
xalqın tarixi-mənəvi təcrübəsi, müqəddəs
nəcib yaddaşı dayanır. Bu qəzəldə
bir uğurlu cəhət də ondan ibarət olub ki, şair qəzəlin
lirik-emosional kontekstini aydın dərk edib, yetkin tarixilik hissi
ilə qüvvətləndirib və bundan qəzəlin
ideyası əhəmiyyətli dərəcədə
qazanıb.
Xalqın dili ölməzdir, əbədidir. Nə qədər ki, bu dil
yaşayır, nə qədər dilin ona qarşı
çevrilən müqavimətləri qırmaq,
dağıtmaq gücü, enerjisi tükənməzdir:
Könlüm
quşu oxur Vətən gülüylən,
Gül
necə ki, gülər öz bülbülüylən,
Sözlərimi yazdım xalqın diliylən.
Odur
adım ürəklərdən silinməz,
Yazılmasa dilin qədri bilinməz.
Dodaqlarım
gülümsərkən əzəldə,
Anam mənə
“oğul” deyib bu dildə,
Ana dili
unudulmaz min ildə,
Həqiqətdə
bu dil mənim canımdır,
İliyimdir,
sümüyümdür, qanımdır...
İstedadlı bir şair olan Sönməzin bu folklor
üslübünda qələmə alınmış, folklor
fiqurları ilə - təşbihlərlə, istiarələrlə
bəzənmiş poetik şərhində ana dili xalqın mənəvi
tərcümeyi-halıdır, xalqın ruhi tarixidir. Onu qeyd etmək vacibdir ki, nə
zaman Sönməzin, həm də təkcə onun yox, başqa
istedadlı şairlərin də lirik qəhrəmanı bu
tarixlə ruhən, qəlbən bağlı olur, onu öz
avtobioqrafiyalarında əks etdirir, o halda onların
poeziyalarında vətəndaşlıq dərin şəxsi
hiss təsiri bağışlayır və bu halda oxucu
onların səmimiyyətinə inanmaya bilmir.
Məlum məsələdir ki, Azərbaycan xalqı tarix
boyu öz doğma dilini qoruyub saxlamaq üçün zillətlərlə
üzləşib, lakin bununla belə tarixin
sınağından olduqca ləyaqətlə çıxaraq
bu dili göz bəbəyi kimi qoruya bilib. Həmişə
də doğma dilin qorunmasında şairlərin əvəzsiz
xidmətləri olub. Onlar daim qələmlərini
məhz bu dilin saflığını, təmizliyini, eyni
zamanda toxunulmazlığını qorumaq üçün itiləyib
və onun kütləşməsinə heç cürə
yol verməyiblər. Fars dilinin dövlət dili
olduğu İranda azərbaycanlı şairlər fars dilində
yazıb-yaratmağa məcbur olsalar da, çox hallarda təzyiqlərə
məruz qalmalarına baxmayaraq, doğma Azərbaycan dilində
bədii cəhətdən olduqca zəngin nümunələr
meydana gətirib, eyni zamanda bəzi qınından
çıxıb, qınını bəyənməyənlərə
ana dilinin ana südü qədər paklığını və
gərəkliyini izah etməkdən ötrü dəyərli əsərlər
meydana gətiriblər. Çayoğlunun
“Ananın səsi” adlı əsərində ibrətamiz bir
durum tərənnüm edilir. Bir vaxt ana dilinə biganəlik
göstərərək əcnəbi dildə yazıb-yaradan
oğul doğma anasının çox ciddi tənəsinə
məruz qalır:
Yad
bağçada gül əkdin və gülxanə bəzətdin,
Oğlum, de mənə, sən nə becərdin, nə
yetirdin?
Ol bal kimi dildən ki, südümdən sənə
verdim,
Öz xəlqinə nə töhfə düzəltdin, nə
gətirdin?
Burda şair ana dili problemini fəlsəfi ümumiləşmə
səviyyəsinə qalxan konkret, canlı lövhələrlə
həll edir. Mətnin daxilində və dərinliyində ana
dili-xalq, ana dili-vətən obrazı gizlənir. Şair F.Hasarlı isə ana dili problemini daha həyati
süjet çərçivəsində həll edir. Arxasında ağır yük aparan hambal uzun müddət
axtardığı ünvanı tapa bilmir. Onun əlindəki
kağızda yazılan ünvanı kimsə oxuya bilmir,
çünki kağızdakı ünvan hambalın və
onun həmvətənlərinin bilmədiyi dildə
yazılıb:
Dilim
olsaydı mən biçarənin,
Qabağın
kəsməzdim hər bir görənin,
Oxuyub
adresi tapardım özüm,
Özgənin ağzında qalmazdı gözüm.
Şair
Behrəngdustun “Ana dilim”, Dustağın isə “Azərli
yetişməz” şeirlərindəki lirik lövhələrə
o qədər işıq və saflıq hopub ki,
bugünün əxlaq həqiqətləri məhz bu meyarlarla
ölçülür, səmimilik, etibar və inam
sınağından keçərək Azərbaycan dilinin
şəffaflığını sanki bütün dünyaya bəyan
edir.
Tarix boyu Azərbaycan şairlərinin lirikasına ilham
verən vətən, xalq, onun səadəti olub. Bu ənənə
tarix boyu davam etdiyi üçün 1950-1980-ci illərdə də
yazıb-yaradan Güney Azərbaycan şairlərinin
lirikasının ən doğma, ən munis yavrusu şübhəsiz
ki, vətən, torpaqdır. Əsrlər
boyu dünyanın ən gözəl şəhərlərindən
biri olan Təbrizin füsünkarlığı,
ecazkarlığı haqqında minlərlə şeir meydana gəlib.
50-80-ci illərdə qələm işlədən
Güneyli şairlərimiz də Təbrizin tərənnümü
ilə bağlı bir sıra dəyərli nümunələr
yaradıblar. 1924-cü ildə Təbriizdə
dünyaya göz açmış Müzəffər Dirəfşi
“Təbrizim” əsərində sanki Təbriz şəhərinin
olduqca əlvan boyalarla portretini çəkib. Dirəfşi
bu əsərdə yerində işlədilən poetik
formalarla çox qədim bir tarixə malik Təbrizin əsrarəngiz
gözəlliyini nümayiş etdirməklə yanaşı,
şairin lirik rübabı bu hər daşı, hər abidəsi
min hekayət söyləyən, eyni zamanda onun bütün dərdlərinə
dərman olan şəhərin mənzum bir romanını
yaradıb:
Mənim röyalarımda
Parıldayan
“cəvahir”
Uşaqlıq
xatirəmin
Xəyalımın
“pərisi”
Abı,
yaşıl ipəklə,
Toxunmuş,
naxışlanmış
Al-əlvan
boyanmış
Şair
dostum demişkən
“gəlinlərin bəzəyi”
gözəllərin gözəli
Aşiq
olduğum diyar!
Məlahətli
Təbrizim!
Təravətli
Təbrizim!
Lirik poeziyanın təsir gücü onun insani hisslərinin
səmimiliyində və dərinliyindədir. Səmimi və dərin bəşəri
hiss olmadan lirik poeziya yoxdur. Eyni zamanda nə zaman
ki, şairin fikir və hissləri konkretdir, həyatın məhsuludur,
o halda bu fikir və hisslərin ifadəsi olan şeirdə
poetik icad hadisəsi olaraq yaranır. Təbriz
yaxınlığındakı Arpa dərəsi kəndində
anadan olmuş Süleyman Salis Cudinin şeirləri mövzuca
müxtəlifdir, əlvandır, ən başlıcası isə
ictimai dəyəri var. Onun şeirləri məzmun-məna
dolğunluğu, mövzu aktuallığı ilə
seçilir. Vətənpərvərlik onun
irili-xırdalı bütün şeirlərindən
qırmızı xətt kimi keçir. Şairin məziyyətlərindən
biri də əsrlərlə İran hakimiyyətini zəbt eləyən,
qəddar, zalım, zülmkar Pəhləvilər sülaləsinə
qarşı olduqca barışmaz bir mövqeyi, üsyanıdır:
Səndən
inciyibdi bütün
Xavəri-miyanə Pəhləvi.
Boyadı
mülki-İranı
Fərmanın qana Pəhləvi.
Ağlar
qoydun anaları,
Yaratdın
qanlı baharı,
Dördəlli
tut ruzigarı,
Poz ver cahana Pəhləvi.
Əslində şair bu şeirdə öz
arzularını əks etdirməklə duyğu və
düşüncələrini də ifadə edir. Xalqını
firavan, xoşbəxt görmək istəyir şair. Əlbəttə,
başqa cür ola da bilməz. Çünki əsl şairlər zatən xalqın
səadət bağçalarının qapısına istiqamətlənən
arzu və istəklərini bəyan etməkdən ötrü
özlərini şirinli-acılı, istili-soyuqlu,
enişli-yoxuşlu, dərəli-təpəli poeziya
dünyasının dərinliklərinə salırlar.
Xüsusilə 20-ci və 21-ci əsrdə siyasi-ictimai hadisələrin
tüğyan etdiyi, bir çox yerlərdə müsəlmanlara,
türklərə qarşı haqsızlığın
baş alıb getdiyi, bir zümrə insanın əxlaqsızlıq
girdabına yuvarlandığı bir dövrdə hər
şeyi pak, saf, düzgün, halal görmək istəyən,
yalansız, riyasız, rüşvətsiz, korrupsiyasız,
cinayətsiz, xəyanətsiz bir dünyada yaşamaq istəyən
xalqın arzu və istəklərini ifadə etmək ən
çox şairlərin öhdəsinə düşür ki,
onlar da imkanları daxilində, bacardıqları qədər
bunu yerinə yetirirlər.
Süleyman Salis “Bir qor olam cəhaləti yandıram”,-deyəndə
İranda adlarını müsəlman qoyub hələ də
cəhalətdən ayıla bilməyən
yalançıları, fırıldaqçıları,
münafiqləri nəzərdə tutur.
Süleyman Salisin bu şeiri qoşma formasındadır. Bütün şeirlərini
əsasən qoşma, gəraylı, müxəmməs və
başqa xalq şeiri forma¬larında qələmə alan şair lirik-publisistik əsərlərində
mücərrəd sözçülükdən, ritorikadan
qaçaraq yaşadığı zamanın poetik nümunələrini
yaradıb:
Minlərcə
ana yoldu saçın
Qırmızı
rəngləndi tacın
Səndən
betər Əşrəf bacın
Qəsd
edir cana Pəvləvi.
Süleyman Salisin həm şah üsul idarəsini, həm
də uzun illər əhaliyə qan udduran Rza şah Pəhləvini
ifşa edən bu əsəri müxəmməs
formasındadır. Müxəmməs və müsəddəslərdə
qoşma və gəraylılara nisbətən həm vəzn
başqadır, həm də qafiyələnmə qaydası
ayrı cürdür. Müxəmməslərdəki
qafiyələr daim rədifli qafiyələr olur.
Süleyman Salisin bu şeirində “Pəhləvi” rədifdir
ki, “miyanə”, “qana”, “cahana”, “cana” sözləri ilə qafiyələnib.
Şair xalq şeirinə mükəmməl surətdə
bələd olduğu üçün ənənəni
tamamilə pozmayıb, zəmanəsinin təbii təzahür
və lövhələrini qələ¬mə almaqla bərabər
qələminin, ruhunun nə qədər folklora, əcdada,
xalq xəzinəsinə bağlı olduğunu nümayiş
etdirib. Şair xalq şeirində olan
bütün formalara incəliklə yanaşıb, ənənəni
pozmamaqla yanaşı, fikri, düşüncəni, mənanı
saxlayıb.
Bu cür şairlərdən biri də o taylı, bu
taylı Azərbaycanda xalq tərəfindən çox sevilən
ustad şair Həbib Sahirdir. Poetik uğurları ictimai həyatın
təzadlı, təlatümlü mübarizələr
dövrünün tələbləri ilə bağlı olan
Həbib Sahirin poeziyası da öz növbəsində məna
və problematika təzəliyi ilə yanaşı, həm də
forma, bədii sənətkarlıq yetkinliyi ilə
hamının diqqətini cəlb edirdi. Məhz
buna görə də Sahir xalq yaradıcılığı
üzərində köklənmiş bir novator şair kimi
olduqca yüksək qiymətləndirilməlidir. Bu, şair günün tələbləri ilə
ayaqlaşmaq, hadisələrə dövrün, zamanın
gözü ilə baxmaq imkanı verir, onun
yaradıcılıq axtarışlarına səmərəlilik,
aktuallıq gətirir. Sahirin çox zəngin
poetik yaradıcılığı Azərbaycan poeziyasında
mühüm bədii hadisələrdən biridir. Ümumilikdə şairin
yaradıcılığına novatorluq, xalqın sosial-mənəvi
yüksəlişi ilə bağlı şəkildə dəyişmə,
yenilik və təzəlik xasdır. Bu onun
şeirlərinin müasirliyini şərtləndirən əsas
şərtlərdəndir. Bu müasirlik
bir çox cəhətlərdən-mövzu və mövzunun
bədii həlli, ideya-siyasi problemaktika lirik qəhrəmanın
daxili dünyası, forma, dil-üslub baxımından
qabarıq şəkildə duyulur. Onun
poeziyası bir də daxili narahatlığı və həssalığı
ilə seçilir, belə ki, şairin
yaradıcılığında həyat, cəmiyyət hadisələrinə
fəal, təsirli poetik müdaxilə çox
güclüdür. Şairin məhəbbət
lirikası olduqca dəruni hisslərin tərənnümü,
eyni zamanda könül oxşayan həzin nəğmələr
kimi səslənir.
Vüqar Əhməd,
professor
Xalq Cəbhəsi.-
2014.- 19 dekabr.- S.14.