“Türk
xalqlarının tarixi mirasları birgə qorunmalıdır”
Dekabrın
19-da mədəniyyət və turizm naziri Əbülfəs
Qarayev TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə
milli komissiya və komitələrinin 5-ci iclasında
iştirak etmək üçün ölkəmizdə səfərdə
olan nümayəndə heyətlərini qəbul edib.
TÜRKSOY-un baş katibi Düsen Kaseinovun rəhbərlik
etdiyi heyəti səmimi salamlayan nazir Bakıda keçirilən
iclasın önəmli olduğunu, UNESCO və TÜRKSOY-u birləşdirən
amallara xidmət etdiyini bildirib: "Ölkəmiz bu gün
UNESCO səviyyəsində yubileylər, musiqi festivalları,
bayram tədbirləri kimi maraqlı layihələr həyata
keçirir. Ötən il Azərbaycanda UNESCO-nun Qeyri-Maddi Mədəni
İrs Komitəsinin toplantısı gerçəkləşdi
və bu toplantıya rəhbərlik etmək mənə qismət
oldu".
TÜRKSOY-a
üzv ölkələrin UNESCO ilə əlaqələrindən
söz açan nazir qeyd etdi ki, bu istiqamətdə daha
genişmiqyaslı layihələr həyata keçirilməli,
birgə əməkdaşlıq məsələləri
üzərində işlər aparılmalıdır.
Əbülfəs
Qarayev Heydər Əliyev Fondunun Azərbaycan-UNESCO əlaqələrinə
verdiyi töhfələr haqqında qonaqlara məlumat verdi.
Bildirdi ki, ötən il qurumun fəaliyyətini dəstəkləmək
məqsədilə Azərbaycan dövləti tərəfindən
UNESCO-nun hesabına vəsait köçürülüb:
"Bu vəsait bizim təqdim etdiyimiz layihə, o cümlədən
türk dünyasının mədəni və qeyri-maddi
irsinin qorunub saxlanmasına xərclənəcək. Hesab edirik
ki, bu, düzgün bir addımdır. TÜRKSOY-la uzunmüddətli
əlaqələr də öz bəhrəsini verir. Təşkilatın
20 ildən artıq fəaliyyəti dövründə bu əlaqələr
daim inkişafdadır. Dekabrı Azərbaycanda TÜRKSOY
ayı da adlandırmaq olar. Çünki ay ərzində
Bakıda təşkilatın bir sıra tədbirləri həyata
keçirildi".
TÜRKSOY-la
əməkdaşlığın davamlı
olacağını diqqətə çatdıran nazir bildirdi
ki, hər bir xalq öz kökünün müqəddəsliyini
qoruyub saxlamaq istəyir: "Buna görə də biz səylərimizi
birləşdirib türksoylu ölkələrin mədəni
irsinin qorunmasında birgə addımlamalı və
müştərək layihələr təqdim etməliyik.
Biz razı ola bilmərik ki, tarix və mədəniyyətimizə
özgələr sahib çıxsın. Bizi nə birləşdirir?
Kökümüz, dinimiz, mədəniyyətimiz, tariximiz,
dilimiz. Bütün xalqlara məxsus eyni qəhrəman, eyni adət-ənənələr
və bunlar da bizi birləşdirən əsas faktorlardır.
Ümumi fəxrimiz olan sahələr üzərində birgə
çıxışlarımız və onların
qorunmasında həmrəy olmağımız mütləqdir".
UNESCO-nun
son iclasında Türkiyə və
Qırğızıstanın yekdil olaraq Azərbaycanı dəstəklənməsini
yüksək qiymətləndirən Əbülfəs Qarayev
buna görə nümayəndə heyətlərinə təşəkkürünü
bildirdi. Türk xalqlarının tarixi miraslarının birgə
qorunmasının əsas məsələ olduğunu
vurğuladı, milli komitələrə daha fəal mövqe
tutmaq yolunda uğurlar arzuladı. Qonaqlar səmimi qəbula
görə nazirə minnətdarlıqlarını bildirdilər.
İclasın keçirilməsində göstərilən
diqqət və qayğıya görə bir daha ölkə rəhbərliyinə
təşəkkürlərini ifadə etdilər.
Tərlan
Xalq Cəbhəsi.-
2014.- 20 dekabr.- S.15.