Azərbaycan milli mətbuatının
ideya istiqamətləri
Firudin bəy Köçərli: "... "Kəşkül"dən… on il
gəlib keçdi və … biz ruznaməsiz qaldıq"
Bu yazıda XIX əsrin
90-cı illərindən sonrakı
Azərbaycan milli mətbuatının ideya istiqamətləri haqqında
danışılacaq. Azərbaycan
mətbuatının tanınmış
araşdırıcılarından olan Akif Aşırlı
bildirir ki, "Kəşkül" qəzeti
bağlandıqdan sonra
"Şərqi-rus"un çapına
qədərki 14 il müddətində Azərbaycan
dilində heç bir qəzet və jurnalın nəşrinə icazə
verilmədi. Bu, çar
Rusiyasının müsəlmanlara,
məxsusi olaraq Azərbaycan türklərinə
qarşı apardığı
müstəmləkəçilik, ruslaşdırma siyasətindən
doğurdu: “Azərbaycan
dilində qəzet nəşr etmək istəyənlərə çar
III Aleksandrın Qafqaz
müsəlmanları üçün
söylədiyi “qoy onlar rusca oxusunlar”
kəlamını xatırladır,
təşəbbüslərin qarşısını alırdılar.
Çarizmin yeritdiyi bu siyasətə qarşı mübarizə
aparan ziyalılar milli mətbu orqanların çapı üçün bütün
vasitələrdən istifadə
edirdilər. Çünki
onlar gözəl anlayırdılar ki, ictimai fikrin inkişafında, siyasi və ictimai ideyaların mənimsənilməsində,
milli şüurun oyanışında anadilli
mətbuatın əvəzsiz
rolu var. Böyük pedoqoq və ədəbiyyatşünas - alim
Firudin bəy Köçərli "Şərqi-rus"
qəzetinin 1903-cü il
tarixli 17-ci sayında yazırdı: "... Axırıncı
qəzetənin ki,
"Kəşkül"dən ibarət ola, zavalından on il gəlib keçdi və bu müddətin
ərzində biz ruznaməsiz
qaldıq".
"Kəşkül" bağlandıqdan
iki ay sonra, yəni 1891-ci ilin dekabrında Ünsizadə
qardaşlarından Kamal
bəy "Azərbaycan"
adında qəzetin nəşrinə icazə
istəsə də, çar orqanları buna imkan vermədilər.
Avropa təhsili alaraq ölkəyə qayıdan, milli məfkurəli ziyalı Əhməd bəy Ağaoğlu 1893-cü ildə
mətbu orqan yaratmağa cəhd etdi. 1893-cü il 6 dekabr tarixində Baş Mətbuat Idarəsinə və əhli Əhməd bəy Ağayev" müraciət edərək
"Məşriq" adlı
qəzetin nəşrinə
icazə istədi. Rusiya daxli işlər
nazirinin Bakı polismeystrinə göndərdiyi
cavab məktubunda isə bunun yolverilməzliyi göstərilirdi:
"Azərbaycan dilində
qəzet və jurnalların nəşri tamamilə arzuedilməzdir.
Baş Mətbuat İşləri İdarəsi
belə hesab edir ki, cənab
Ağayevin xahişi rədd edilsin. "Məşriq"in çapına
icazə verilməməsinin
səbəbi Ə.Ağaoğlunun
çar rejimi nümayəndələrinə panislamist, pantürkist kimi təqdim olunması idi”.
“Azərbaycan”ın çapına
icazə ala bilməyən
Kamal Ünsizadə
1896-cı ildə
yeni mətbu
orqanı yaratmaq üçün müraciət edir: “Senzura
idarələrinin bəhanələrini kəsmək, qəzet
nəşrinə nail olmaq üçün K.Ünsizadə
“Letuçiya listok”u mülki müşavir Georgi Klimovski ilə
birlikdə nəşr etmək istəsə də, onun bu cəhdi
də alınmadı. K.Ünsizadənin az savadlı, mətbəəçilik
işində səriştəsi olmaması" əsas gətirələrək
qəzeti qeydiyyata almaqdan imtina etdilər.
Yeni mətbuat
yaratmaq istəyi K.Ünsizadəni təkrarən Qafqaz
mülki işlər üzrə baş hakiminə müraciətə
sövq edir. 1896-cı ildə o, "Daniş" adlı qəzet
nəşrinə ilkin hazırlıq görür. Həftədə
iki dəfə nəşr olunacaq qəzetin yığcam
proqramı və məramnaməsi tərtib olunur. 13
şöbədən ibarət olacaq "Daniş"in nəşrinə
hökumət icazə vermir”.
A.Aşırlının
tədqiqatından məlum olur ki, illərlə azərbaycandilli
mətbuatın çıxmasına icazə verilmədiyinə
baxmayaraq Azərbaycan aydınları qətiyyən ruhdan
düşmür, milli yönlü mətbuat uğrunda
mübarixə aparırlar: “Azərbaycan mətbuatı tarixində
və milli jurnalistikamızın formalaşmasında
böyük xidmətləri olan Məhəmmədağa
Şahtaxtlı da milli mətbuatın yoxluğunu duyaraq, bu
boşluğu doldurmaq üçün fəaliyyətə
başladı. O, 1896-cı ilin sonunda həftəlik
"Tiflis" adında qəzet nəşrinə hökumətdən
icazə istədi. Şahtaxtlı məqsədini izah edərək
yazırdı ki, rus təbəsi olan azərbaycanlıların
bir dənə də olsa qəzet və jurnalı yoxdur. Onlar
Baxçasarayda çıxan "Tərcüman" ilə
yanaşı, fars, ərəb və türk dillərində
xarici ölkələrdən gətirilən dövri mətbuatı
oxumaq məcburiyyətindədirlər. Savadlı olub rus dilini
başa düşməyənlər isə rus qəzetlərindən
istifadə edə bilmir. Bu səbəbdən onların rus həyatı,
ədəbiyyatı, incəsənəti, ümumiyyətlə,
mədəniyyəti və ölkə daxilində baş verənlərdən
xəbəri olmur. Ana dilində olan qəzet bu baxımdan
onlara kömək edər, nəticədə bu zümrənin
üzvləri Rusiyaya yaxınlaşar. İcazə
üçün M.Şahtaxtlı sənədləri Baş Mətbuat
İşləri İdarəsinə göndərir. Baş
idarə "Tiflis"in nəşri ilə bağlı Qafqaz
Senzura Komitəsinin rəyini tələb edir.
Şahtaxtlının qəzet nəşr etmək təşəbbüsünü
"xeyirxah niyyət" adlandıran, onun bu sahədəki səylərini
"hər cür təqdirə və mükafata layiq görən"
Simirnov arayışında yazırdı: "Cənab
Şahtaxtinski həm qəzetin istiqamətini, həmçinin
də gələcək qəzetin məzmununu özü
lazımınca dərk etmir. Qəzetin səhifələrini
müxləlif Şərq bağırtıları ilə
doldurmaqla məşğul olmaq istəyir. Başa düşmək
çətin deyil ki, bu qafqazlılar üçün də
ümumi dövlət dili olan rus dilinin kənar edilməsinə
və eyni zamanda hətta ərəb dilinin saxlanılmasına
səbəb olar və buna rus mənafeyinə xidmət kimi
baxıla bilməz"…
Araşdırmaçı
vurğulayır ki, sonralar M.Şahtaxtlı "Tiflisskiy
listok" qəzetindəki məqaləsində
Şahtaxtlı rus şovinisti Smirnovla olan
görüşünü təsvir edərək
yazırdı: "Var qüvvəmlə ona dil töküb
xahiş etdim, lakin bundan bir şey çıxmadı. O dedi:
tatar dilində heç bir qəzetə icazə verə bilmərəm.
İstəyirsinizsə, rusca qəzet çıxarmanıza
icazə verim. Qoy tatarlar sizdən nümunə
götürüb rusca oxusunlar. Siz rus dilində əla
danışırsınız, tatar qəzeti nəyinizə
lazımdır?" "Mən öz həmvətəndaşlarımın
hamısının tərəqqisinə kömək etmək
istəyirəm. Tatarlar hamısı rus dilində təhsil ala
bilməzlər. Bu ancaq varlı ailələrə müyəssər
olan bir nemətdir" dedim. O isə dedi: Qəzet xalqın nəyinə
lazımdır? Ziyalılar qoy rus dilində oxusunlar, adi tatarlar
isə qoy gedib sürülərini otarsınlar". Smirnovun
bu cavabı rus imperiyasının tərkibində olduğu
xalqlara qarşı apardığı milli
ayrıseçkilikdən, rus millətçiliyindən
doğurdu”.
Nəriman
Nərimanovun milli mətbuatla bağlı
çabalarını dəyərləndirən
araşdırmaçı yazır: “ O, 1896-cı ilin mart
ayında müəllim dostu S.M.Qənizadə ilə birlikdə
"Sovqat" adında uşaq jurnalı nəşr etmək
üçün çalışır. Azərbaycan məktəbləri
üçün nəzərdə tutulan "Sovqat" ayda
bir dəfə, şəkilli çıxmalı idi.
“Sovqat”ın nəşrinə icazə ala bilməyən N.Nərimanov
bir neçə ildən sonar yenidən qəzet
çıxarmağa təşəbbüs edir. Müvafiq idarələrə
müraciət edərək Azərbaycan və rus dillərində
çapı nəzərdə tutulan "Təzə xəbərlər"
adlı qəzetin nəşrinə icazə istəyir. Ancaq bu
dəfə də Nərimanovun arzusu reallaşmır. Bakı
şəhər məktəblərinin müəllimləri
S.M.Qənizadə və "Həbibullabəy Mahmudbəyov
1896-cı ilin mayında "Nübar" adlı ədəbi-pedoqoji
jurnal nəşr etməyə qərar verirlər. Hər iki
müəllimin imzaladığı ərizədə deyilir:
"Bizdə, Rusiyada rus müsəlmanları
üçün bir dənə də olsun ədəbi
jurnalın olmaması üzündən Zaqafqaziya müsəlmanları
hələ də məişətdə fars kitablarını
oxumaqda davam edirlər". Lakin çar orqanları
"Nübar"ın çapına icazə vermədi. Bu dəfə
isə S.M.Qənizadə "Çıraq" adlı qəzetin
nəşrinə razılıq almaq istəyir, ancaq yenə də
onun istəyi baş tutmur. Azərbaycan ziyalılarının
göstərdikləri fədakarlığa, təşəbbüslərə
baxmayaraq XIX əsrin son on illiyində anadilli mətbu orqan
yaratmaq mümkün olmadı. Ancaq bu dövrdə Qafqazda rus
dilində 20-dən artıq mətbuat fəaliyyət göstərirdi.
Bu mətbu orqanların bir neçəsi isə Bakıda nəşr
olunurdu”.
A.Aşırlı
qeyd edir ki, bu dövrdə Bakıda rus dilində nəşr
olunan qəzetlərin içərisində "Kaspi"
uzunömürlüyü, öz dövriliyini qoruyub
saxlaması ilə seçilir. Qəzetin ilk redaktoru Viktor
Vasilyeviç Kuzminin mətbuat işləri üzrə
baş idarəyə göndərdiyi məktubda
"Kaspi"nin proqramı geniş şəkildə belə
təsvir olunurdu: 1. Yerli həyatdan və ümumdövlət
həyatından bəhs edən baş məqalələr. 2.
Məlumatlar və eskizlər. 3. Gündəlik hadisələrin
xülasəsi. 4. Orijinal və tərcümə olunmuş
elmi məqalələr. 5. Rusiyada və xarici ölkələrdə
neft işi, neftə aid yeniliklər. 6. Son poçt. 7. Nəsr
əsərləri. 8. Məlumat xarakterli xəbərlər. 9.
Elanlar.
Redaksiya
bu proqram haqqında ilk məlumatı qəzetin 1881-ci ildə
çıxan
ilk
sayında dərc edib. Qəzetin ilk 28 sayı həftədə
iki dəfə, sonra isə həftədə 3 dəfə çıxırdı.
"Kaspi" 1884-cü ilin yanvarından gündəlik nəşrə
çevrildi. Əvvəllər qəzet 400-420 nüsxə ilə
çıxırdısa, 1887-ci ildən sonra tirajda artım
müşahidə olundu. Artıq 1887-ci ildən etibarən qəzetin
tirajı 1000 nüsxəyə qalxdı. "Kaspi" nəşrə
başlayandan 1897-ci ilə qədər rus millətindən
olan şəxslər onun redaktoru olmuşdu. V.V.Kuzmin,
E.İ.Starsev, V.P.Luçkuskomotov, Qordyeyevski, Sokolinski müxtəlif
vaxtlarda "Kaspi"nin məzmununu müəyyənləşdirmiş,
redaktor vəzifəsini icra etmişlər. 1897-ci ildə
N.Sokolinskinin ölümündən sonra "Kaspi"də dəyişikliklər
baş verdi. Qəzetin naşirliyini Hacı Zeynalabdin
Tağıyev öz üzərinə götürdü və
Əlimərdan bəy Topçubaşov qəzetə
redaktorluq etməyə başladı. Qəzetin bu
dövründən başlayan tarixini "müsəlman
kaspi"si adlandırırlar”.
Araşdırmaçının
fikrincə, "Kaspi"nin yayım arealı olduqca
böyük idi: “Nəşrinin ilk illərində
qarşılaşdığı çətinliklərə
baxmayaraq "Kaspi" öz ətrafına milliyyətcə və
əqidəcə müxtəlif olan publisistləri topladı
"Teleqramlar", "Xarici xəbərlər", "Mətbuat
xülasəsi" rubrikası altında dərc olunan xəbərlərdə
təkcə Rusiyada deyil, dünyada baş verən hadisələr,
yeniliklər oxuculara çatdırıldı. Qəzetin səhifələrində
Ə.Ağaoğlu, Ə.Hüseynzadə, S.M.Qənizadə,
H.Zərdabi, N.Nərimanov, M.A.Şahtaxtlı kimi Azərbaycan
ziyalıları, publisistləri çıxış edirdilər.
H.Zərdabi qəzetin nəşrinin ilk ilindən başlayaraq
onun fəal əməkdaşı olub. Onun "Bizim kənd məktəbimiz",
"Bədii sənaye məktəbxanaları",
"Amerikada əqli inkişafla əl əməyini birləşdirən
yeni məktəb sistemi" adlı təhsillə bağlı
məqalələrində elmin yeni inkişaf mərhələlərindən
bəhs olunurdu. Hətta Zərdabi bir müddət
"Kaspi"nin redaktoru oldu. Bu dövrdə Hüseyn Minasazov,
Eynəlibəy Sultanov, Rəhim bəy Məlikov müxtəlif
səpkili yazılarını "Kaspi"də dərc
etdirirdilər. M.Şahtaxtlı da "Kaspi"də
ictimai-siyasi mövzuda publisist məqalələri ilə
çıxış edirdi. Müəllif öz
yazılarında qadın hüquqlarının qorunması,
mühafizəkarlıq, elmsizlik kimi dövrün ciddi problemlərini
gündəmə gətirirdi. Qəzetin nəşrinin
müxtəlif dövrlərində Azərbaycanın məşhur
maarifçi və ədəbiyyatşünas alimi Firudin bəy
Köçərli də "Kaspi"nin çap
imkanlarından yararlanıb. Cəlil Məmmədquluzadə Dəlmə
bağları haqqındakı ilk məqaləsini
"Kaspi"yə göndərmişdi. Məşhur pedaqoq və
ictimai xadim M.Sidqi də qəzetlə əlaqə
saxlayırdı. Rus dilində nəşr olunmasına
baxmayaraq "Kaspi" Azərbaycanda mətbuatın
formalaşmasında, jurnalistikamızın inkişafında
pozitiv rol oynayıb”.
Uğur
Xalq Cəbhəsi.- 2014.- 24 dekabr.- S.11.