Həqiqi hürriyyət
savaşçıları...
Əbdürrəhman Fətəlibəyli həm də
mühacirətdə iki dildə çıxan “Azərbaycan” qəzetinin
baş redaktoru idi
Əbdürrəhman Fətəlibəyli Düdənginskinin
adı mətbuat sahəsində hər kəsə
tanışdır. Keçmiş Sovet zabiti əsir
düşəndən sonra azərbaycanlı legioner dəstəsinin
fəallarından olub və bütün sahələrdəki
fəaliyyətində Azərbaycan xalqının müstəqilliyi
uğrunda çalışıb. Düdənginskini Məhəmməd
Əmin Rəsulzadə ilə birlikdə Almaniyada olan azərbaycanlı
əsriləri azad etmək yönündə iş görür.
ABŞ-ın görkəmli siyasətçisi olan
Eyzenhauerin başçılığı ilə SSRİ-yə
qarşı psixoloji müharibə planı hazırlandı. Bu proqrama
Qafqazdan olan başqa hərbi siyasi əsirlərlə
yanaşı Fətəlibəyli-Düdənginski də cəlb
edildi. 1953-cü ildə “Azadlıq”
radiosunun Azərbaycan redaksiyası açıldı və Fətəlibəyli-Düdənginski
həmin redaksiyanın baş redaktoru oldu.
Maraqlıdır ki, həmin redaksiyada ilk buraxılış
Stalinin öldüyü gün, yəni 1953-cü il martın 5-də efirə verildi. 1953-54-cü ildə Düdənginski həmin radioda
SSRİ-yə qarşı çox kəskin
çıxışlar etdi”.
Fətəlibəyli həm də mühacirətdə
iki dildə çıxan “Azərbaycan” qəzetinin baş
redaktoru idi.
Onun ilk və hələlik yeganə
araşdırmaçısı olmuş Nəsiman Yaqublu
Düdənginskinin bir çox yazılarını üzə
çıxarıb. Bu yazıda onun Almaniyada nəşr edilən
“Azərbaycan” qəzetindəki məqalələrindən
nümunələr verəcəyik. “Kreml hür
dünyanın gözü önündə hürriyyət əleyhinə
“Xalqlar” konqresi çağırdı” yazısında Sovetlər
Birliyinin qərb ölkələrində pul gücünə
gördüyü “sülh hərəkatı”ndan yazır:
“Kremlin əmri və hüdudsuz maddi yardımı ilə
(Kominternin-Kominformun uşağı) olan Dünya Sülh
Şurası adından, 12 dekabr 1952-ci ildə Vyanada
"Xalqların Sülhü Müdafiə konfransı"
açılmışdır. "Sülh hərəkatı"
vaxtilə Politbüronun (Siyasi Büronun - N.Y.) gizli dərinliklərində
başlamış və güclü pul sayəsində
sürətlə genişlənmiş, 1949-cu ildə isə
"Sülh tərəfdarları dünya konfransı"
çağırılmışdır. Bu
konfransdan sonra hür (azad) məmləkətlərdə
"sülh tərəfdarları" milli təşkilatları
qurulmuş və yuxarıda adı çəkilən mənfur
"Dünya Sülh Şurası" meydana gətirilmişdir.
Lakin "Xalqların Sülhü Müdafiə
konfransında" hər şey Kremlin istədiyi kimi
olmadı. İtaliyalı Alessandra Piaycionun ifşası bomba
kimi partladı. Britaniya nümayəndəsi Harmonun
söylədikləri: Sovetlər Hind layihəsini rədd etməklə,
hərb əsirlərini Sovetlər İttifaqında saxlamaqla
dünyada əndişəli vəziyyət yaratmışlar.
Vışinskinin Hindistan sülh layihəsi əleyhinə
kəskin çıxışı sülhə olan son
ümidləri suya batırdı. İsveç
yazarı Erik Axel Blomberq sovetlərin kiçik dövlətlərə
qarşı təcavüzkar olduğunu söylədi. Fransız papası Rene Ronyon göstərdi ki, sovet
siyasətçiləri başqa xalqların psixolojisi ilə
heç hesablaşmaq istəmirlər. Hər
kəsə məlumdur ki, "xalq demokrasiləri" Sovetlərin
zoru ilə yaranmışlar. İsveçrəli
Hüqo Kramer öz çıxışında İlya
Erenburqa müraciət edərək soruşmuşdu: "Elə
düşünmürsünüz ki, Amerika əleyhinə
etdiyiniz ittihamlar sırf Sovetlərə qarşı edilməlidir".
Bu şəxsiyyətlərin
çıxışları haqda sovet mətbuatı bir kəlmə
belə yazmır. Amerika əleyhinə
çıxışlar isə təfsilatı ilə
bütün sovet mətbuatında nəşr edilmişdir.
Beləcə, həqiqi hürriyyət
savaşçıları olan antikommunist qüvvələrinin
laqeydliyindən Kreml hür insanların qüvvəsi ilə
hürriyyətə hücum edir. Saysız, hesabsız
antikommunist cəmiyyətləri, təşkilatları
satıcılar kimi təkbaşına
çalışırlar. Dağınıq
halda olan antikommunist ictimai təşkilatlarının birləşərək
tək və hür bir Dünya uğrunda böyük bir hərəkat
yaratmalarının zamanı artıq gəlmişdir.
«Azərbaycan»
jurnalı, Münhen, 1953-cü il yanvar, ¹
8.
Fətəlibəyli
“Kommunizm – utopiyadır” məqaləsində müəllif
kommunizmin həyata tətbiqinin yaratdığı dəhşətlərdən
söz açır: "Quraq yeni bir aləm... Bolşeviklərə
görə bu yeni aləm, yenə də çeşidbəçeşid
qeyri-proletar elementləri əleyhinə
yaşayışın hər sahəsində, köhnə
rejim qalıqları əleyhinə amansız sinfi mübarizə
nəticəsində qurulmalıdır. Biz
görürük ki, Stalinə görə sosializm quruluşu
ancaq sinfi mübarizə əsasında mümkündür.
Bu adamlar sırasında yalnız aristokratları deyil,
Ordu və Donanma zabitlərini, məmurları, ziyahları, qolçomaq
deyə adlandırılan kəndlilərin ən zəhmətkeş
qismini soydular və məhv etdilər. Məhv edilmiş beş
milyon qolçomaq ailəsi ilə kifayətlənmədilər.
"Stalin sosializminin" daha sağlam
quruluşu üçün "qolçomaq quyruğu"
damğası altında başqa kəndliləri də məhv
etdilər. Sonra isə çeşidbəçeşid bəhanələrlə,
partiyada, sənayedə, kənd təsərrüfatında,
orduda,
donanmada,
elmi müəssisələrdə, müxtəlif
"ünsürlər" məhv edilirdilər. Həqiqətən, kommunizmin həyata tətbiqi dəhşətli
oldu. Məsələn, hərbi kommunizm
dövründə Sovet hökuməti mütləq
ölümə doğru gedirdi. Yeni iqtisadi
siyasətə - NEP-ə keçməklə Lenin onu bu fəlakətdən
qurtardı. Kommunizmin nəzəriyyəsi ilə
azacıq tanış olanlar bilirlər ki,
NEP-in kommunizmlə heç bir əlaqəsi yoxdur. Buna görədir
ki, o müsbət nəticələr verdi
və beləliklə, Lenin Sovet hökumətini
yaşatmağa, bolşevik hökmranlığını davam
etdirməyə müvəffəq oldu. Hətta,
bolşevik idarəsi altında, kommunizm nəzəriyyəsindən
müvəqqəti ayrılmaq iqtisadi həyatın, rifahın
yüksəlməsini təmin etdi. Fəlakətdən
qurtardıqdan sonar bolşeviklər NEP-ə dözə bilərdilərmi?
Əsla, yox! Əks təqdirdə isə onlar
bolşeviklikdən çıxardı. Qısası,
yox olub gedərdilər”.
“Koreyada
Sovet təcavüzünün məğlub olması”na həsr etdiyi məqalədə Fətəlibəyli
yazır: “Sovet imperialistləri Koreyada planlarını həyata
keçirə bilmədilər. Kreml xalqa
qarşı qardaş müharibəsinə başlayaraq,
çalışırdı və çalışır ki,
maxinasiya vasitəsilə öz imperialist üzünü gizlətsin.
O, bildirirdi ki, bu hadisələrdə guya Şimali Koreyaya
hücum edən Cənubi Koreya günahkardı. Bu faktların kobud və həyasızcasına
saxtalaşdırılması, dünyəvi ictimai fikri
çaşqınlığa salmaq və Koreyadakı
müharibəni xəstə başdan sağlam başın
üstünə atmaq məqsədi daşıyırdı.
BMT-də ABŞ-ın nümayəndəsi Vorren Ostin sovetlərin
siyasətini belə xarakterizə edirdi: «Sxem çox sadədir:
Hər hansı bir ölkədə kommunist üsyanı təşkil
etmək, sonra öz diviziyasını təcavüzkarlara
köməyə göndərmək və onları
«könüllü» adlandırmaq, sonra isə hücumun
qurbanlarına yönəlmiş beynəlxalq köməyə
qarşı çıxmaq». Burada Stalinin - Hərbi
doktrinasının qısa və dəqiq xarakteristikası
verilib. Onun mahiyyəti əsas düşmənə
qarşı zərbə əvəzinə, əsas zərbəni
bir sıra dağınıq, guya bir-biri ilə əlaqəsi
olmayan hərəkatlara qarşı zərbələrlə əvəz
etdirməkdir: Koreya, Tibet. Hindistan-Çin.
Bu zaman bütün bu aksiyalar yerli əllər tərəfindən
aparılır, Siyasi büro isə kölgədə qalır
və «alçaldırılmışların» və «təhqir
olunmuşların» himayədarı rolunda
çıxış edir. Qələbə zamanı
şan-şöhrət Stalinin idi, məğlub olanda isə
eybi yoxdur! Onsuz da sovet qoşunu döyüşmürdü ki,
koreyalıların, tibetlilərin və s. qanı
tökülürdü, evləri məhv olurdu. Sovet
imperialistləri Koreyadakı bu təcavüzkar müharibəyə
uzun müddət və səylə
hazırlaşırdılar. Onlara elə gəlirdi ki, hər
şey kiçik detallarına qədər nəzərə
alınıb, hesablanıb uğurlarına az da olsa şübhə
etmirdilər. Lakin Kreml ən əsasını nəzərə
almamışdi ki, qanlı düşüncələri
onları əvvəlcədən qaçılmaz məğlubiyyətə
aparır. O, nəzərə almamışdı ki,
yalnız Cənubi Koreyanın qoşunları ilə yox, həmçinin
bütün demokratik dünyanın əsgərləri ilə
vuruşmalıdır. O, nəzərə almamışdı
ki, sovet təcavüzkarlığı bütün
xalqların ciddi etirazına gətirib çıxaracaq. Məhz buna görə də, Koreyadakı müharibə
ilk günlərindən sovetlərin gözləmədiyi
tamamilə başqa bir şəkil aldı. Sovetlərin hesab etdikləri qələbə əvəzinə,
bir-birinin ardınca məqlubiyyətə uğradılar.
Sovetlərin Koreyadakı macərası azad
xalqların qəzəbinin son həddə
çatdırdı və sovet imperialis təcavüzkarlarına
qarşı nifrət yaratdı. «Azərbaycan»
jurnalı, Münhen, 1952-ci il iyul, ¹ 3.
Fətəlibəyli Üzeyir Hacıbəyliyə həsr etdiyi “Azərbaycan xalqının böyük oğlu” məqaləsində Azərbaycan xalqının əvəzsiz sənətkarını özünəməxsus şəkildə qiymətləndirir və xəstəliyin nəticəsi olaraq vəfat etməsini şübhə altına alır: “Onun klassik sənətində əsas amil Vətən sevgisi olmuşdur. Bütün yaradıcı həyatını millətimizə həsr edən Üzeyir bəy millətimizin böyük və tükənməz qüdrətini və tarixi fəal rolunu öz musiqisində göstərmişdir. Xalqımızın dərin və incə sevgisini qazanan Hacıbəyli ailəsinə sovetlər əl uzatmadılar. Bu xalq sevgisini istismar niyyəti ilə, sovetlər Üzeyir və Zülfüqar Hacıbəyliləri "sovetləşdirməyə", bu gün Milli İstiqlal hərəkatımızı idarə edən Ceyhun Hacıbəylini isə xalqımıza büsbütün unutdurmağa qərar verdilər. Bu "sovetləşdirmə" əməlini Kreml öz köləsi Bağırovun əli ilə etdi. Nəhayət, 18 susma illərindən sonra 1938-ci ildə Üzeyir Hacıbəylinin "Koroğlu" operası meydana gəldi. Bu opera Azərbaycan sənətini sovet dünya görüşündən geniş bir yola sövq etdi və bütün Türk-Müsəlman musiqi sənətinə yeni bir istiqamət verdi. Bu operada başlıca qəhrəman millətimizdir. Xalq hisslərini öldürməkdə mahir olan sovetlər, xalqımızın Hacıbəyli ailəsinə qarşı sevgisini və dərin hörmətli hisslərini öldürmək məqsədi ilə Üzeyir və Zülfüqar Hacıbəyliləri verdikləri bir çox ordenlərlə (medallarla), vəzifə və ünvanlarla "sovetləşdirmişdir". Böyük bəstəkarımızı "sovetləşdirdikdən" sonar onun həyatda olmasına Kreml dözə bilməzdi. Ani olaraq 25 noyabr 1948-ci ildə, Moskva radiosu bütün dünyaya bu bəyanatı yayınlamışdı: "Uzun sürən, ağır xəstəlik üzündən böyük bəstəkar Üzeyir Hacıbəyli vəfat etmişdir". Necə xəstəlik? Necə olur bu xəstəlik uzun sürür? Vəfatından bir an əvvəl Üzeyir bəy Moskvada bəstəkarlar toplantısında idi. Eyni məchul şərait içərisində də dəyərli bəstəkar Zülfüqar Hacıbəyli vəfat etmişdir. Bu haqda "Bakinskiy Raboçiy" qəzeti 1 dekabr 1950-ci ildə eyni şeyləri yazırdı: "30 sentyabrda uzun sürən ağır xəstəlikdən sonar Azərbaycanın qocaman bəstəkarı Zülfüqar Hacıbəyli vəfat etmişdir..." «Azərbaycan» jurnalı, Münhen, 1952-ci il oktyabr-noyabr, ¹ 6/7.
Ülviyyə
Tahirqızı
525-ci qəzet.-
2014.- 23 dekabr.- S.11.