Dalğalı coşqun dəniz,
şimşək tək oynaqdır dilim!
Azərbaycan
şifahi xalq ədəbiyyatının lirik növü
xalqımızın böyük və mənəvi sərvətidir.
Xalqın həyat və məişətini, əsrlər boyu
zülm və işgəncələrdən xilas olmaq
uğrunda apardığı mübarizə tarixini, vətən
məhəbbətini, istək və arzularını əks
etdirən qoşmalar, bayatılar, sayaçı sözlər,
holavarlar, ağılar, oxşamalar, nəğmələr
şifahi şəkildə ağızdan-ağıza, nəsildən-nəslə
keçərək zəmanəmizə qədər gəlib
çıxıb. Bitkin və dərin mənalı bu
nümunələrdə xalqımızın keçmiş
tarixi, fəlsəfəsi, inamı, əqidəsi, əxlaqı,
adət və ənənələri, sevinc və arzuları,
kədər və həsrəti əks olunub. Sonralar xalq həyatının
ictimai-siyasi, tarixi hadisələri, fəlsəfi
düşüncələri, vətənpərvərlik hissləri,
sevgi, dostluq, təbiət lövhələri lirik əsərlərin
məzmununu təşkil etdiyi üçün lirikanın
bölgüsü mövzuya görə
aşağıdakı kimi qruplaşdırılıb:
1.Fəlsəfi
lirika. 2.Aşiqanə məhəbbət lirikası. 3.Siyasi
lirika. 4.Təbiət lirikası.
Milli
poetik ənənələrə, xüsusən folklora
qayıdışda müasir lirik qəhrəmanın
ehtirasları, həyata müdaxilə mövqeyi, mənəvi
idealları müxtəlif çalarlar qazandığı kimi
ənənənin bədii şərhində poetik məzmun
müxtəlifliyi Güney Azərbaycanın 50-80-ci illər
lirikasının bədii strukturunda da özünü göstərib.
Bu şairlərin lirikasında milli poetik irsin bədii
oxunuşuşunda intonasiya və ritm bənzərsizlikləri,
zahiri mövzu oxşarlığındakı orijinal mətnaltı
qatlar, sosioloji düşüncələr axarı, fərdi
poetik “mən”lə dünyanı duyum və qiymətləndirmək
səyləri üzə çıxır. Bir sözlə,
folklor ənənələrinə intensiv qayıdış bu
şairlərin bütün əsərlərində, o
cümlədən lirikalarında xalq poetik təfəkküründən
bəhrələnmə oxşarlığı fərdi poetik
üslubun əyaniləşməsinə mane olmayıb. Məlum
məsələdir ki, yazıldığı vəzndən
asılı olmayaraq şeirin zamanın minillik
sınağından çıxmış, bədii fikrin
inkişafında billurlaşmış öz daxili qanunları
var. 50-80-ci illər Güneyli şairlər poeziyanın dərin
tarixi qatlarından bəhrələnərək peşəkarcasına,
necə deyərlər, sənətə xəyanət etmədən
bu qanunlara riayət ediblər. Bu şairlərin bəzilərinin
lirikasında lirik qəhrə¬manın gerçəkliyi duyumu
obrazlı təfəkkürə və daha sonra onun əyaniləşməsinə
yönəlir. Burada həyat materialına müdaxilə, təbiət
fonunda ictimai şərh, obyektiv gözəlliyin əyani təcəssümünü
verən təsvirlər axını mövcuddur. Bir başqa
qismində isə həyat hadisələrinin doğurduğu
poetik anımlar, mühakimələr səciyyə¬vidir. Bəzən
adi bir fakt həyat haqqında ciddi poetik düşüncələrin
başlanğıcına çevrilir.
Mənəvi-əxlaqi keçmişə, folklora intensiv maraq 50-80-ci illər Güney Azərbaycan poeziyasında əhəmiyyətli ideya-poetik bəhrələri olan qanunauyğun hadisədir. Gerçəkliyi müxtəlif əlvan təzahürləri ilə duyma və qavrama Güney Azərbaycanın mütərəqqi şairlərindən olan Mərziyə Əhmədi Üsgülü Dalğanın lirikasına daxilən xas olan başlıca xüsusiyyətlərdəndir. Ancaq bununla belə romantik hisslərin ifadəsi, həyatın romantik tərəfləri bu lirikada daha qabarıq, daha fəaldır. Bu cəhət onun lirik şeirlərinin mövzularında, hiss-düşüncə tərzində özünü çox aydın bir şəkildə göstərir. Mərziyə xanım insanda ülviliyə, ideala, gözəlliyə, mübarizəyə olan təbii və qüvvətli meyli ifadə etməyə çalışır. Bu isə qanuni olaraq onun lirikasındakı romantik başlanğıcı qüvvətləndirir. Mərziyə xanımın lirik şeirlərindəki poetik yozuma aşılanan ruh və məna olduqca dərin, orijinaldır. Onun bütün lirik şeirlərində obrazlı fikrin aydınlığı, şəffaflığı, emosional parlaqlığı aydın görünür. Mərziyə xanımın lirikası vüsətli və əhatəlidir, mənən və fikrən olduqca zəngindir. Şairə, öz əsərlərinə olduqca peşəkarcasına, zərgər dəqiqliyilə fəlsəfi məzmun verə bilir. Lakin bununla belə folklor ənənələri üstündə köklənən formalardan, fiqurlardan, təşbih və istiarələrdən də məharətlə istifadə edir. Şairənin “Dalğa” şeiri fəlsəfi və emosional cəhətdən dərindir:
Xırda, incə arx idim,
Meşələrdən, dağlardan,
Dərələrdən axırdım.
Bilirdim durğun sular,
Öz içində boğular.
Bilirdim dəryalarda
Dalğalar qucağında,
Xırdaca arxlar üçün
Yeni həyat doğular.
Nə yolun uzağlığı
Nə qaranlıq çuxurlar,
Nə durğunluq həvəsi
Məni yoldan qoymadı.
İndi qarışmışam mən
Qurtulmaz dalğalara,
Varlığımız çalışmaq,
Yoxluğumuz dayanmaq!
Folklorda bayatıların və ağıların hər misrası yeddi hecadan ibarət olur. Ağılar da bayatı formasındadır. Yəni hər misra yeddi hecadan, hər bənd dörd misradan ibarətdir. Birinci, ikinci, dördüncü misralar bir-biriylə qafiyələnir, üçüncü misranın isə başı açıq olur, yəni o biri misralarla qafiyələnmir. Uşaq nəğmələri sayılan, əsasən uşaqların əl-ələ tutub oxuduqları sanamaların hər misrası bəzən yeddi hecadan, bəzən səkkiz hecadan, bəzən isə daha artıq hecalardan ibarət olur. Sanamaların bayatılardan, ağılardan, qoşmalardan, gəraylılardan fərqi ondan ibarətdir ki, bəndlərə ayrılmır.
Mərziyə xanımın bu şeirinin hər misrası yeddi hecadan ibarətdir. Şeirin ifadə tərzi, ahəngdarlığı onun bilavasitə folklordan qidalandığını göstərir. “Arx” obrazı folklor nümunələrimizdə istənilən qədər var:
Əzizim bizim darğa,
At çapır yorğa-yorğa.
Gözləri hey yol çəkir
Bəlkə su gəldi arxa.
Su gələr arxa nə var,
Tökülər çarxa nə var.
Yarı mən çox sevirəm
Bilmirəm xalxa nə var.
(Xalq bayatılarından).
Lakin əgər “Su gələn arxa bir də gələr” el məsəlinə nəzər salsaq, Mərziyə xanımın şeirini məhz bu el məsəlinin üzərində kökləməsinin şahidi olarıq. Arx suyun bir yerdən başqa yerə axmasından ötrüdür. Qurumuş arxlara bir müddətdən sonra hökmən suyun gəlməsi əcdadlarımız tərəfindən dəfələrlə sınanıb ki, bu da xalqın dilində-ağzında bəlkə də ən çox işlənən zərbi-məsələ çevrilib.
“Arx” obrazının fəlsəfi dərinliyi, böyük məna kəsb etməsi çox hallarda folklorşünas alimlərin yaradıcılığında özünəməxsus yer tutur. Ümumiyyətlə, folklor nümunələrindəki obrazlar folklorşünasların tədqiqat obyektidir və onların arasında bəzən müəyyən fikir ayrılıqları olsa da, onlar gerçək varlığın obrazlarını rəmzlərə çevirib mistik, mövhumi mənalar vermədən spesifik bədii idrak metodu olan gerçəkliyin nəzəri prinsiplərini maddi və mənəvi aləmin dünyagörüşü ilə bağlayırlar. Mərziyə xanım şeirin ümumi mövzu vüsətini, ictimai-siyasi və fəlsəfi-əxlaqi dərinliyini poetik qəliblərə uyğun nizamlamaq üçün folklor formalarına novatorcasına yanaşaraq obrazlı ifadələrlə bitkin bir forma meydana gətirib. Göründüyü kimi, ictimai pafosun, vətəndaşlıq qayələrinin ifadəsi lirikanın inkişafında nəzərə çarpan müsbət meyllərdəndir.
1950-1980-ci illər Güney Azərbaycan şairlərinin şəxsi hissləri, arzu və niyyətləri yox, məhz fəal sosial həyəcanları, vətəndaş təfəkkürü lirikanın məzmun tərəfini təşkil edir.
Zaman qarşısında, xalq qarşısında mənəvi borc və məsuliyyət duyğusu lirik qəhrəmanı fərqləndirən əxlaqi keyfiyyətdir. Həm də diqqətəlayiqdir ki, vətəndaşlıq bu qəhrəmanın nəinki ideya və sosial dünyagörüşünə, fəal həyat mövqeyinə xasdır; bu, eyni zamanda onun psixologiyasının, mənəviyyatının, dünyanı emosional qavrayışın ayrılmaz bir cəhətidir. Bu nöqteyi-nəzərdən, məsələn Mərziyyə xanımın lirik qəhrəmanının xüsusi bir çəkisi var. Lakin Mərziyə xanımın qəhrəmanı tək deyil. Təvəllüd cəhətdən bir-birindən xeyli fərqlənən, lakin 1950-1980-ci illərdə, daha doğrusu 30 il ərzində böyük yaş fərqinə baxmayaraq, 30 ildə Güney Azərbaycan ədəbiyyatına olduqca dəyərli tövhələr vermiş Firudin Hasarlı, Əlirza Nabdil Oxtay, Hüseyn Düzgün, Əli Şərif Dilcuyi Adsız və başqa şairlərin hardasa, hansı poetik məqamdasa bir-birinə yaxın, qohum olan lirik qəhrəmanları özlərini, öz fikir və hiss aləmlərini xalq tarixi, xalq yaddaşı ilə mənəvi təmasda ifadə etməyə can atırlar:
Gül-çiçəklər bəsləyən solmaz, gözəl bağdır dilim!
Qarlı qışlardan çıxan yaz tək üzü ağdır dilim!
Hər necə bir hiss ola söylər bu qüdrətli kəlam,
Dalğalı coşqun dəniz, şimşək tək oynaqdır dilim.
Həm Koroğlu nərəsi, həm Əslinin fəryadını,
Əks edir bir güzgü tək, bax gör nə parlaqdır dilim.
Gah ucaldır bizləri, gah güldürür, gah ağladır,
Dərddə, həm şənlikdə öz xəlqilə ortaqdır dilim.
Hər sözündə bir təravət, hər səsində bir ətir,
Bir gülün üstündə sanki incə yarpaqır dilim.
Qəhrəmanlar qanı ilə boy atıb, baş saxlayıb,
Var yeri, mən söyləsəm bir qanlı bayraqdır dilim.
Almış o, qüdrət Füzulidən, Nəsimidən mənim!
Vurğunun təbində indi yüksələn dağdır dilim.
Çox sitəmlər görsə də, çıxdı sınaqdan sınmadı!
Sabit oldu aləmə hər bir zaman haqdır dilim.
Çox çalır düşmən ki, bu dil ərsədən çıxsın daha,
Yaz ki, Adsız, görsün o xəlqim kimi sağdır dilim!
1955-ci ildə Urmiyada anadan olmuş, 14 yaşından şairliyə başlamış və artıq 70-ci illərdə bir şair kimi xeyli məhşurlaşmış Əli Şərif Dilcuyi Adsız bu qəzəldə beytlər arasında fikir əlaqəsi, məntiqi bağlılıq, forma və məzmun vəhdəti yaratmaqla yanaşı, ana dilinin ümumi, zahirən parlaq, gözqamaşdırıcı söz və ifadələrlə vəsfindən qaçaraq, doğma dilimizin mənəvi gücünü, xalqın müqəddəratını, tarixini, ruhi bütövlüyünü olduqca parlaq bir şəkildə göstərə bilib.
Ana dilinə yüksək qiymət verən Dilcuyi bu əsərini də bütün əsərləri kimi sadə, təbii və xalq danışıq dilinə yaxın bir şəkildə yaradıb. Bu da təsadüfü deyil. Dilcuyinin bütün həyatı xalqın içində keçib. Canlı xalq dili ilə gündəlik yaxınlıq onun yaradıcılığında böyük əhəmiyyət kəsb edib və şair xalqın daha tez başa düşəcəyi, daha tez mənimsəyəcəyi bədii forma yaradıb. Ana dilinin müqəddəsliyini göstərən, tərifini verən şairin bu şeirini mənimsəmək üçün bəlkə də beş dəqiqə vaxt lazımdır. Onu da qeyd etmək lazımdır ki, əsərlərini bu cür mənalı, məntiqli, bədii cəhətdən zəngin, eyni zamanda sadədən də sadə şəkildə oxucalara təqdim etmək hər şairə nəsib olmur. Bütün bu məziyyətlər şair Dilcuyinin böyük istedad sahibi olduğunu göstərir.
Vüqar Əhməd,
professor
Xalq Cəbhəsi.-
2014.- 27 dekabr.- S.13.