Legionerlərin mətbuat
fəaliyyəti
Məcid Musazadənin məqalələrinin
geniş araşdırılmasına böyük ehtiyac var
İkinci Dünya müharibəsindən sonra
keçmiş legionçi azərbaycanlılar Vətənin
azadlığı üçün çalışmaqda davam
etdilər. Bu dəfə mübarizə qələmlə idi.
Mətbuat fəaliyyəti ilə Sovet imperializminin iç
üzünü, mahiyyətini açan bir çox aktiv
legionçular olub ki, onların yaradıcılığı
tam araşdırılmayıb.
Araşdırmaçı Nəsiman Yaqublu yazır ki, Azərbaycan
legionerlərindən daha çox mətbu fəallıq
göstərənlərdən biri Məcid Musazadədir
(Qarsalani). Onun mətbu fəaliyyəti çoxşaxəlidir.
Belə ki, 1942-1945-ci illərdə Azərbaycan
legionçularının “Azərbaycan” qəzetinə
başçılıq etmiş M. Musazadə mətbu fəaliyyətini
50-ci illərdən davam etdirib. 50-ci illərdəki
ilk fəaliyyəti dövründə o, daha çox Azərbaycan
folkloru araşdırmalarına, el ədəbiyyatı
nümunələrinin nəşrinə üstünlük
verib. Bu mənada onun çoxlu sayda
bayatıları, atalar sözlərini, tapmacaları çap
etməsi, Xəstə Qasımla Ləzgi Əhmədin
deyişməsini, H.Cavid yaradıcılığındakı
folklor nümunələrinin təbliği əhəmiyyətlidir.
Məcid Musazadənin bu dövrdəki mətbu
irsi sırasında “Üzeyir Hacıbəylinin Leyli-Məcnun
operasının 45-ci ildönümünə ithaf edirəm” məqaləsi
maraqlıdır. Yazıda böyük bəstəkarın
Azərbaycan mədəniyyəti və musiqisi tarixindəki
mövqeyini açıqlayır, həyat və fəaliyyəti
ilə bağlı geniş məlumatlar verir. Məcid Musazadənin
yaradıcılığında “Azadlıq” radiosunda
hazırladığı verilişlər də xüsusi yer
tutur. Bu verilişlər içərisində “Azərbaycan
Qızıl Ordusunun qurulması və ləğv edilməsi”
(158), “Stalin terrorunun qurbanları: Əliheydər Qarayev” (159),
“Azərbaycanın Şaumyan fitnəkarlığından
qurtulması münasibəti ilə” (160) yazılarının
Azərbaycanın XX əsr tarixinin öyrənilməsi
baxımından böyük əhəmiyyəti vardır. M.
Musazadə 70-80-ci illərdə yazdığı məqalələrində
Sovet hökuməti tərəfdarlarının aqibətindən
bəhs edirdi. Onun “Stalin terrorunun qurbanları” məqaləsi
Azadlıq radiosunda da səslənirdi: “Danışır
Azadlıq radiosu. Əziz dinləyicilər, bu il
Stalin təmizləmələrinin 50-ci ildönümü tamam
olur. Bu dəhşətli terror Azərbaycanda da
yüzlərlə siyasi və dövlət xadiminin,
ziyalının, tələbənin, şair və ədibin, kəndlinin
və hətta fəhlənin ölümünə səbəb
olmuşdur. Bu günkü söhbətimizdə
bütün səyini, bacarığını, Azərbaycanda
Sovet hakimiyyətinin qurulub möhkəmlənməsi yolunda sərf
edən, görkəmli siyasi və partiya xadimlərindən Əliheydər
Qarayevin sovetləşdirilmədən əvvəlki fəaliyyətindən
söz açacağıq”.
Nəsiman
Yaqublu yazır ki, M. Musazadənin mətbu fəaliyyətində
ermənilərin yaratdığı qondarma “Dağlıq Qarabağ”
probleminə çox sərt münasibət var. Onun bu
mövzudakı yazıları sırasında “Qarabağın
zəngin tarixinə dair” əsəri xüsusilə əhəmiyyətli
və dəyərlidir. Adıçəkilən əsərində
müəllif narahatlıqla bildirir ki, son vaxtlar dünya mətbuatı,
radio və televiziyalar Qarabağda törədilmiş süni
münaqişəni genişcəsinə şərh edir, azərbaycanlıları
Sumqayıt hadisələrinə görə fanatik, cəlladlar
və adamöldürənlər kimi qələmə verirlər.
Təəssüflər ki, azərbaycanlıların hansı
dəhşətli şəraitdə qətlə yetirilmələrinə
isə münasibət
bildirmir.
M. Musazadə tarixi faktlara istinadən göstərir ki,
Qarabağ heç zaman ermənilərin olmamışdır,
nə indi, nə qədim dövrlərdə.
Tanınmış Gürcüstan, Azərbaycan, Ermənistan,
eləcə də rus tarixçiləri belə bir nəticəyə
gəlmişlər ki,eramızdan əvvəl
4-cü əsrədək bu ərazidə heç zaman ermənilər
olmayıb.
Qarabağ
erməniləri orada sonradan məskunlaşıblar: XIX əsrin
əvvəllərində çar Rusiyasının himayəsi
və qayğısı nəticəsində Türkiyədən
və İrandan gəliblər. M.Musazadə elmi əsərində
alman tarixçisi Henrix Zimmferin 1923-cü ildə
yazdığı “Ermənistan yeni dövrdə” məqaləsinə
istinadla yazırdı: “Böyük Ermənistan”ın
mövcudluğu iddiası əsaslı deyil və elmi
axtarışlar tələb edir”. O, Qarabağ ermənilərinin
əsassız tələblərinə belə münasibət
bildirir: “Qarabağ erməniləri
deyirlər ki, onlar Azərbaycan dövləti tərəfindən
unudulub, istismar olunub. Faktlar isə əksini
deyir. Qarabağda 126 000 erməni
yaşayır (Nyu-York Tayms. 11.03.1988).
Sonuncu illərin
rəsmi məlumatına görə, Qarabağda 1715
çarpayılıq xəstəxana, 286 həkim, 1470 nəfər
orta tibb işçisi var. Vilayət mineral bulaqlar, isti sular,
sanatoriya və istirahət mərkəzləri ilə zəngindir.
Qarabağın 234 məktəbində 38 000 erməni
məktəblisi oxuyur. Burada bir çox
teatr, milli xor və rəqs qrupu, 3 muzey və 178 kinoteatr
vardır. Stepanakertdə, eləcə də 4 rayonda erməni
dilində
qəzetlər çıxır, erməni dilində radio verilişləri
gedir. Onlar şikayət edirlər ki, universitetləri
yoxdur, lakin harada görünüb ki, 126 000 əhali
üçün universitet olsun?”
M. Musazadənin
bu dəyərli əsəri Əlimuxtar Ordubadinin 1990-cı
ildə Parisdə fransız dilində hazırlayıb Monrealda
nəşr etdirdiyi “Qafbüro, Dağlıq Qarabağ, Stalin”
kitabında çap olunub, bir çox ölkələrdə
yayılıb. Azərbaycanın haqq səsinin
dünya ictimaiyyətinə çatdırılmasında və
ərazi bütövlüyümüzün qorunması
baxımından bu əsərin əhəmiyyəti
böyük idi.
Nəsiman
Yaqublu yazır ki, M. Musazadənin şəxsi arxivində
Qarabağ hadisələri ilə bağlı BMT-nin Baş
katibi Peres de Heylerə və Türkiyənin o zamankı
prezidenti Turqut Özala ünvanladığı məktublar da
var. M. Musazadənin 90-cı illərdə Azərbaycana
göndərdiyi, müəllifi müharibədə həlak
olmuş H. Haqverdiyevin hazırladığı “Nizami” portreti mədəniyyətimizə
onun qəlbən bağlılığının nəticəsidir.
M. Musazadə
mətbu yaradıcılıqla yanaşı, tərcümə
ilə də məşğul olub. Nəsiman
Yaqublu yazır ki, Qurban Səidin 1938-ci ildə Vyanada alman
dilində çap olunmuş məşhur “Əli və Nino”
romanını məhz M. Musazadə azərbaycan türkcəsinə
çevirib. (174) Həmin əsər
1993-cü ildə Bakıda ayrıca kitab olaraq nəşr
edilib.
Qeyd edək ki, M. Musazadənin 1990-cı ildə Azərbaycan
mətbuatına -“Gənclik” jurnalına göndərdiyi məktub
onun məcburiyyətdən legioner həyatı
yaşamasını göstərirdi. Həmin məktubda o yazırdı:
“Stalin əmr etmişdi ki, hər cəbhəçi əsgərə
əlli güllə verilsin. Bunlardan 49-nu o,
düşmənə atmalı, əllincisi ilə öz həyatına
son qoymalıdır. Düşmənə əsir
düşmək olmaz. Bunu hər kəs
bilməlidir. Sən saydığını say, gör fələk
nə sayır, demişlər. Hər şeydən
əvvəl, güllə tüfənglə atılır.
Ön cəbhədəki əsgərlərdən
bir çoxunun tüfəngi yox idi. Cəbhəyə
sürülən ordu nəfərlərinə əmr
vermişdilər ki, silahlarımız qıt olduğundan cəbhədə
həlak olan yoldaşlarınızın silahını
alıb mübarizəni davam etdirməlisiniz. Hərbi ləvazimat, ərzaqla təminat haqqında
danışmağa dəyməz. Milyonlarla
qızıl əsgərin əsir düşməsi də elə
bu başsızlığın, kor siyasətin nəticəsi
idi. ABŞ, İngiltərə, Fransa hökumətləri,
Qırmızı Xaç Cəmiyyətinin vasitəsi ilə
öz əsirlərinin qeydinə qaldığı, onların
ailələri ilə məktublaşmalarını, bağlama
göndərmək imkanlarını təmin etdikləri halda,
sovet əsirləri tif, ishal və digər xəstəliklərdən
düşərgələrdə milçək kimi
qırılırdılar. Stalinin ən qiymətli
kapital adlandırdığı biçarə insanlar beləcə
məhv olurdular. Hələ bu da kafi deyilmiş, Stalinin rəzil
tərəfdarlarından insafsızlıq iliyinə hopmuş
qorxunc İlya Erenburq müharibə bitəndən dərhal
sonra mətbuat və radio ilə bəyan etmişdi ki, biz
düşmənə əsir düşən Sovet əsgərlərini
göydə, suyun və torpağın altında gizlənmiş
olsalar belə, tapıb lazımi cəzalarını verəcəyik.
Marksizm-leninizm “mərhəmətinə”, kommunizm
insafına” bundan daha bariz misal zənnimcə çətin
tapılar”.
Qeyd edək
ki, Azərbaycanın görkəmli mətbuat xadimi olan,
xalqının azadlıq və
müstəqilliyi uğrunda çətin bir mücadilə aparmış
M.Musazadənin məqalələrinin
ciddi,
geniş araşdırılmasına böyük ehtiyac var. Nəsiman
Yaqublu mətbu fəaliyyəti ilə seçilən Azərbaycan
legionerlərindən Fuad Əmircanın da adını çəkir.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə
maliyyə naziri işləmiş Əbdüləlibəy Əmircanın
oğlu olan Fuad Əmircan bolşevik ordularının gəlişi
ilə 1923-cü ildə Türkiyəyə getmək məcburiyyətində
qalır. İstanbulda Qalatasaray məktəbini bitirdikdən
sonra əvvəl Parisdə, sonra da Almaniyada təhsil alan F.Əmircan 1941-ci ildə “Təsviri Əfkar”
qəzetinin müxbiri olaraq Almaniyada çalışır və
elə burada Azərbaycan legionerləri ilə əlaqə
saxlayır. F.Əmircanın fəallığı
ilə Azərbaycan legionerlərinin “Azərbaycan”, “Hücum” qəzetləri
və “Milli Birlik” jurnalı nəşr edilir. F.Əmircan 1943-cü ildə Azərbaycan Milli Birlik
Məclisi sədrinin müavini seçilir. 1943-cü ilin noyabr ayında Milli Azərbaycan Komitəsinin
birinci qurultayında F.Əmircana böyük etimad göstərilir
və o, Azərbaycan Milli Komitəsinə Başqan
yardımçısı seçilir.
İkinci Dünya hərbindən sonra F Əmircan
müxtəlif mətbu orqanlarda “Dəryal” təxəllüsü
ilə məqalələrlə çıxış edir. Bu baxımdan
onun “Kafkasya” jurnalındakı yazıları maraqlıdır.
F.Əmircan mətbuat sahəsindəki fəaliyyəti
ilə yanaşı, yüksək dövlət vəzifələrində
də çalışıb. Belə ki,
o, 1955-1961-ci illərdə Türkiyənin Almaniya səfirliyində
mətbuat attaşesi, sonradan isə Ankarada Mətbuat
İşləri Komitəsinin direktoru olaraq
çalışıb. O, 1961-1974-cü illərdə
“Amerikanın səsi” Radiosunun Türkiyə şöbəsinin
direktoru işləyib. 1974-cü ildə Verner
Hoferlə birgə onun “Dünyaya iki baxış” kitabı nəşr
edilib.
F. Əmircanın mətbu fəaliyyəti
sırasında bədii-publisistik yazılar, hekayələr,
qeydlər xüsusi yer tutur. Onun yazılarında
Azərbaycanı işğalda saxlayan Sovet rejimi kəskinliklə
tənqid edilir. F.Əmircanın legioner mətbuatında
və sonradan Almaniyadakı, Türkiyədəki qəzet və
jurnallardakı yazıları ciddi öyrənilməyə və
tədqiq olunmağa layiqdir.
Nəsiman Yaqublu “Azərbaycan” jurnalında mətbu fəaliyyəti
ilə məşğul olan legionerlərdən Şamil Atabəyin
də adını çəkir. Şamil Atabəy
yazılarında əsasən Stalin rejiminin tənqidi ilə məşğul
olub. Özünün “Kommunistlərin “ideoloji işləri”
məqaləsində isə göstərirdi ki, “Pravda” qəzetinin
hər bir baş məqaləsi insanın şəxsiyyətini
öldürən, insan vicdanına ləkə yaxan, insanı
Kremlin kor bir aləti mənsəbinə endirən ən dəhşətli
vasitədir”.
Ülviyyə Tahirqızı
Xalq Cəbhəsi.- 2014.- 27 dekabr.- S.11.