İnsan şüurunun inkişaf mərhələləri
İnsanın şüuru onu əhatə edən canlı aləmin "şüuru" ilə vəhdətdədir
Materialist fəlsəfədə bu, aləmin vəhdəti, yəni varlığı təşkil edən ünsürlərin birliyi kimi başa düşülür. Dini-idealist fəlsəfədə isə bu, varlıq aləminin Vahiddən - Allahdan yaranması və varlığın canlı-cansız nə varsa - bütün ünsürlərin hamısının ilahi vəhdət (ilahi birlik) içərisində olması kimi izah olunur. Bu baxımdan, ümumən canlıların şüurunun inkişaf tarixi iki qlobal mərhələdən keçir:
1. Canlıların şüurunun insanaqədərki mərhələsi: bu, instinktiv xarakterli ümumbioloji şüur, yaxud başqa adla heyvani şüur mərhələsidir;
2. Canlıların şüurun insandan başlanan mərhələsi: bu, bioantropoloji şüur, yaxud başqa adla insani şüur mərhələsidir.
"Mərhələ" bir termin kimi
diaxronik anlayışdır. "Diaxroniya" - tarixi, xronoloji ardıcılığı
nəzərdə tutan
anlayış və baxışdır. Bu baxışa görə, insan bir canlı
kimi heyvanlar aləminin ardıcıl təkamülünün inkişafının
ardı - davamıdır.
Çarlz Darvinin bioloji
növlərin təkamülü
(təkmilləşməsi - kamilləşməsi) haqqında
tədqiqatlarını insanın
əmələ gəlməsi
haqqında "təkamül
nəzəriyyəsi" adı
altında fəlsəfi
dünyagörüşünə çevirən materialistlərə
görə, insan heyvandan əmələ gəlib. Meymun heyvanlar aləminin təkamülünün insandan
öncəki sonuncu mərhələsidir: meymundan
sonra insan gəlir. Materialistlərin bu baxışları
idealist fəlsəfədə yerli-dibli qəbul olunmur. Dini-idealist fəlsəfəyə görə, insan bir növ kimi
öz başlanğıcını
Adəm və Həvvadan götürür.
Hər növün özünün
başlanğıcı, ilkin
variantı - invariantı,
ilkin tipi - arxetipi var.
Materializm və idealizm əsrlər boyunca bir-birini inkar edən, qarşı duran dünyagörüşü
qütbləridir. Bu iki
qütb bir-birini inkar etsə də, əslində vahid oppozitiv sistemin ayrılmaz tərəflərini təşkil
edir. Struktur dilçiliyin görkəmli
nümayəndəsi N.Trubeskoy
fonetik səs oppozisiyaların təkcə
fonoloji yox, (varlıq aləmindəki
- S.R.) bütün oppozisiya
sistemlərinə məxsus
qanunauyğunluqlarından danışarkən
yazır: "Hər bir qarşılaşma (oppozisiya) üzvlərinə
onları bir-birindən fərqləndirən
əlamətlərlə yanaşı
elə əlamətlər
də xasdır ki, bunlar qarşılaşmanın
hər iki üzvünə aid olur. Belə əlamətləri "müqayisə
üçün əsas"
kimi götürmək
olar. Müqayisəyə
gələ bilməyən,
yəni heç bir oxşar cəhətləri olmayan iki şey (məs.: mürəkkəbqabı və
iradə azadlığı)
oppozisiya yarada bilməz". Bu baxımdan,
materializm və idealizm əslində vahidin iki üzvüdür
və maddəni ideyadan ayırmaq mümkün olmadığı
kimi, materializmlə idealizmin bir-birindən ayrılması da mümkün deyil.
Bu iki zidd qütb arasındakı münasibətləri ifratla
onun tam əksi təfrit arasındakı münasibətlər kimi də anlamaq olar. Həqiqət nə mütləq
olaraq ifratda, nə də mütləq olaraq təfritdə olmadığı
kimi, nə mütləq olaraq materializmdə, nə də mütləq olaraq idealizmdə yox, bu ikisinin
ortasında, qovuşduğu
məqamda - korrelyativ əsasındadır. Məs., dini idealizm insanın
heyvandan yaranması haqqında təkamül nəzəriyyəsini qəti
şəkildə inkar
edir. Ancaq bu da bir həqiqətdir ki, insan öz
şüur səviyyəsinə
görə fərqləndiyi
meymunla, demək olar ki, "ortaq" (korrelyativ) anatomik quruluşa malikdir. Meymun da onunla oxşar olan başqa bir heyvanla "ortaq" quruluşa malikdir. Beləliklə, canlılar aləmində
ortaqlıqların düzümündən
ibarət təkamül
zəncirini doğrudan
da müşahidə etmək və birhüceyrəlidən çoxhüceyrəliliyin
ən mürəkkəb
kombinasiya vahidlərindən
olan insana qədər gələn təkamül zəncirini bərpa etmək mümkündür. Dini-idealist fəlsəfə
bunu inkar edərkən müqəddəs
səmavi kitablara əsaslanır.
Elmdə
ümumiləşmiş təsəvvürlərə
görə, bəşəriyyətin
- insanlığın şüur
tarixi iki mərhələyə bölünür:
1. Mifoloji şüur mərhələsi;
2. Tarixi şüur mərhələsi.
Mifologiyanın istər bir elm kimi, istər bir təfəkkür tipi kimi, istərsə də ən ümumi mənada kateqoriya kimi mahiyyəti "mifoloji şüur" və "tarixi şüur" terminlərinin bir anlayış kimi dərk olunmasından birbaşa asılıdır. Nazim Hüseynlinin yazdığı kimi, təfəkkürün əsas formalarından biri anlayışdır: təfəkkür özü anlayışlara əsaslanan prosesdir. Məntiqdə anlayışlar aşağıdakı kimi müəyyənləşdirilir: "Anlayışlar idrak prosesinin nəticəsi, yekunu və cəmidir"; "Anlayışlar predmetlər sinfinin mühüm və zəruri əlamətlərinin inikasıdır"; "Anlayışlar predmet və hadisələrin ümumiləşdirilmiş, vasitəli inikasıdır". "Anlayış və kateqoriyalar arasında olan subordinasiya əlaqələri onlar arasındakı genetik bağlılığı, belə demək mümkünsə, tabelik xətlərini, törəmə və törətmə əlaqələrini əhatə edir: Göstərilən əlaqə sistemi mürəkkəb və çoxlaylıdır".
Bu baxımdan "mifoloji şüur" və "tarixi şüur" anlayışları "şüur" kateqoriyası daxilində mürəkkəb və çoxlaylı əlaqə sistemini təşkil etməklə mifoloji şüur və və tarixi şüura məxsus "idrak prosesinin nəticəsi, yekunu və cəmi", "əhatə etdikləri predmetlər sinfinin mühüm və zəruri əlamətlərinin inikası", "predmet və hadisələrin ümumiləşdirilmiş, vasitəli inikası" kimi çıxış edir. Bu da həmin anlayışları vahid kateqorial sistem müstəvisində nəzərdən keçirməyi tələb edir.
Mifoloji düşüncədə məkan və zaman bir-birindən fərqləndirilmir. Məkan canlılara və cansızlara bölünmədiyi, hər şey canlı təsəvvür olunduğu kimi, zaman da canlı varlıq kimi təsəvvür olunur. İnsanlar və heyvanlar doğulub öldüyü kimi, bütün əşyalar, o cümlədən əşyavi bədənə malik olan zaman da doğulur və ölür. Lakin doğulma yenidən yaranma deyil: məkan və zaman fasiləsiz ritmlə ölür və dirilir. Doğulma əvvəl ölənin dirilməsidir. Ona görə də mifoloji şüurda heç nə bir-birinin ardınca gəlmir. Atanın oğlu, babanın nəvəsi kimi doğulmuş hər hansı körpə yeni uşaq yox, ölmüş əcdadlardan birinin yenidən dünyaya gəlməsidir. Bu, qapalı-təkrarlanan hərəkət sxem üzrə baş verir. Bu baxımdan mifoloji şüurda bir-birinin ardınca gələn məkanlar yox, ilk zamanda ("ol zamanda") yaradılmış bir məkan var: o, qapalı-təkrarlanan ritmlə daim ölür və dirilir. Tarixi şüurda olduğu kimi, bir-birinin ardınca gələn illər yox, bir dənə il var: o, ilin sonunda ölür, sonra təzədən dirilir. Həmin "il" bir il boyunca dövrə vuraraq ömrünü başa vurur və yenidən doğulur.
Qeyd edək ki, qapalı dövrə üzrə təkrarlanan hərəkət sxemi mifdənsonrakı mədəniyyətdə - tarixi şüurda mifi bərpa etməyə imkan verən əsas formuldur. Məs., əski oğuz-türk zaman düşüncəsi ilə "Avesta"da daşınan etnokosmoloji zaman düşüncəsini özündə qovuşduran Novruz bayramı mərasimində ölüb-dirilmə mifologemini asanlıqla bərpa etmək olur. Novruz mərasimlərində insanlar ilin sonunda - axır çərşənbədə qışın obrazı olan kuklanı yandırırdılar (öldürürdülər). Növbəti il onlar bunu yenidən təkrar edirdilər. Və insanlar bu zaman heç də onun fərqində olmurdular ki, bu kuklanı (qışı) onlar keçən ilin sonunda artıq öldürmüşdülər. Ona görə ki, axır çərşənbədə öldürdükləri kukla (qış) bir neçə gündən sonra Novruz bayramında yenidən dirilirdi. Yəni qış ölür, yaz şəklində doğulur və onu hər il təkrar-təkrar öldürmək və diriltmək lazım gəlirdi.
Seyfəddin Rzasoy,
filologiya üzrə elmlər
doktoru
Xalq Cəbhəsi.- 2014.- 4 fevral.- S.14.