Azərbaycanın ilk
xanım diplomatı
Ağqoyunlu
hökmdarı Uzun Həsən ən çətin
danışıqlara onu göndərirdi
Adı Azərbaycanın və Şərqin dövlətçilik
tarixinə ilk xanım diplomat kimi daxil olan Sara Xatun həm də
ilk birinci ledi statusunda olub. O, Ağqoyunlu hökmdarı Uzun Həsənin
anasıdır. Tarixi mənbələr
dövrünün yeganə istedadlı diplomat qadını
kimi tanınan Sara Xatunu böyük ağıl və mətanət,
müdriklik və cəsarət sahibi kimi xarakterizə edir.
Şərqin ilk diplomat xanımı Bayandur elində
doğulmuşdu. Ağqoyunlular dövlətinin siyasətinin
sahmana salınmasında görkəmli diplomat və dövlət
xadimi Sara Xatun həlledici rol oynayıb. Ağqoyunlu hakimi
Cəlaləddin Əli bəyin ölümündən sonra
onun oğulları, habelə bayandurlar sülaləsinin
başqa nümayəndələrinin taxt-tac uğrunda ara müharibələrini sakitləşdirməkdə
onun böyük rolu olmuşdur. Bunun nəticəsində,
həmin dövrdə kiçik Ağqoyunlu dövləti kimi
iki qüvvətli rəqib arasında müstəqilliyini
qoruyub saxlaya bilmişdi. Olduqca
ağıllı və tədbirli qadın olan Sara Xatun
dövləti idarə işlərinin bütün sahələrində
oğluna yaxından kömək edib. Ağqoyunlu
dövlətinin xarici ölkələrlə diplomatik əlaqələrində
Sara Xatunun rolu çox mühüm idi. Uzun
Həsən bütün xarici siyasət məsələrini
onunla məsləhətləşir, ən məsul diplomatik
danışıqlar üçün onu göndərirdi.
O, nəinki xarici ölkələrin ayrı-ayrı
diplomatları ilə, həmçinin Teymuri hökmdarı
Əbu Səid, Osmanlı imperatoru II Mehmet kimi dövlət
başçıları ilə də diplomatik
danışıqlar aparamış, Ağqoyunlu dövlətinin
xarici siyasi mənafeyini müvəffəqiyyətlə
müdafiə etmişdi. Uzun Həsən, xüsusilə xarici
siyasətlə əlaqədər ən çətin məsələlərin
həllini Sara Xatuna etibar edirdi. Teymuri
hökmdarı Əbu Səidin Azərbaycana hücum təhlükəsi
yarandıqda sülh danışıqları üçün
göndərilən elçilərə də Sara xatun
başçılıq etmişdi. Türkiyə
Ağqoyunlu dövlətinin müttəfiqi və Aralıq dənizi
sahilində əlverişli strateji məntəqə olan Qaraman
əmirliyini aradan qaldırmaq istədikdə Osmanlı
imperatoru II Mehmedlə danışıqlar aparmaq
üçün yenə də Sara Xatun göndərilmişdi.
Sara Xatunu bir diplomat, həmçinin dövlət
xadimi kimi də təkcə Şərqdə deyil, Avropada da
tanıyırdılar. Venesiya respublikasının senatı
onun Ağqoyunlu sarayındakı nüfuzunu nəzərə
alaraq, demək olar ki, Azərbaycana göndərilən
bütün diplomatlarına ciddi tapşırırdı ki,
Sara Xatuna ehtiram göstərsinlər, müxtəlif hədiyyələr
versinlər, məqsədlərinə nail olmaq
üçün ondan geniş istifadə etsinlər. Venesiyadan Azərbaycana göndərilən, demək
olar ki, bütün diplomatik sənədlərdə Sara Xatunun
adı çəkilir, ondan bəhs olunur.
Azərbaycan diplomatiyasının çiçəklənməsi
orta əsrlərdə, xüsusilə də Ağqoyunlular
dövləti ilə başladı. Uzun Həsənin
dövründə Azərbaycanın Şərq-Qərb əlaqələrindəki
rolu daha da artdı. Azərbaycanın ənənəvi
əlaqələr saxladığı Şərq ölkələrindən
başqa Avropa dövlətləri ilə də geniş
diplomatik münasibətlər yaratdı. Uzun Həsən
dövründə Azərbaycan elçiləri Venesiya
Respublikası, Papalıq, Neapol krallığı, Albaniya,
Macarıstan, Polşa, Almaniya, Burqundiya hersoqluğu, Kipr, Rodos,
Trabzon imperatorluğu, Böyük Moskva knyazlığı ilə,
həmçinin bir çox qonşu Şərq ölkələri
hökmdarlarının saraylarında diplomatik
danışıqlar aparırdılar. Xarici
ölkələrlə aparılan danışıqlarda Uzun Həsənin
anası - o zaman bütün Şərqdə yeganə
qadın diplomat olan Sara Xatun mühüm rol oynayırdı.
Təbrizdə - Uzun Həsən sarayında
Venesiya Respublikasının daimi səfirliyi fəaliyyət
göstərirdi. O zaman Ağqoyunlular dövlətinin
dünyanın 30-dan çox ölkəsində daimi səfirliyi
fəaliyyət göstərirdi. Azərbaycan
Şərqlə Qərb üçün ümumi maraq
doğuran beynəlxalq problemlərin həllində
mühüm rol oynayırdı.
Azərbaycan Milli Elmlər Akademiyasının Tarix
İnstitutunun direktoru Yaqub Mahmudov Ağqoyunlular və Səfəvilər
dövlətlərinin qərbi Avropa ilə münasibətlərinə
həsr olunmuş araşdırmasında bildirir ki, Uzun Həsən
bir sıra dövlətlərlə diplomatik münasibətlər
saxlayırdı. Bundan başqa, Uzun Həsən Ağqoyunlu
tayfalarını birləşdirib, Dəclə və Fərat
çaylarının yuxarı axarı boyunca paytaxtı Diyarbəkirdə
yerləşən kiçik bir ərazidə öz hakimiyyətini
qurmaqla tarixə düşür: "Hər tərəfdən
düşmənlərlə əhatə olunmuş bu
kiçik dövlətin başçısı öz müttəfiqlərini
Osmanlı imperiyasının Avropaya doğru genişlənməsindən
qorxuya düşən qərb dövlətləri arasında
axtarırdı. Uzun Həsən öz
müşavirləri vasitəsilə bir neçə Avropa
ölkəsi ilə ona odlu silah yardımı göstərilməsi
barədə danışıqlar aparırdı. Həmin
yardım Qara dəniz və Aralıq dənizi vasitəsilə
Uzun Həsənin müttəfiqi, Ağqoyunlu tayfaları ilə
qədimdən əməkdaşlıq edən və Qaraman bəyliyinin
qərb sərhədlərində yerləşən yunan
Trabzon dövləti üzərindən keçib gəlməli
idi. Osmanlı isə bunun
qarşısını almaq istəyir və 1453-cü ildə
II Mehmet tərəfindən İstanbul fəth olunandan sonra Trabzon
dövlətini məhv etmək qərarına gəlirlər.
Uzun Həsən buna mane olmaq istəsə də,
Osmanlı qoşunlarının Ağqoyunlu ərazisinə
müdaxiləsi onu məcbur edir ki, sülh xahişi ilə
onlara müraciət etsin. Osmanlıların
Yastıçəmən yaylağında yerləşən
düşərgəsinə Uzun Həsənin anası Sara
Xatunun başçılığı ilə elçilər
yollanır. Sara Xatun mahir bir diplomat kimi
öz ölkəsindən çox-çox uzaqlarda da
tanınmışdı. O bu dəfə də öz vəzifəsinin
öhdəsindən gəlir və sülh
bağlanır".
Bir
diplomat kimi Sara Xatunun fəaliyyətində, onun sultan II Mehmedlə
bağladığı 1461-ci il
sülhünün böyük əhəmiyyəti var. Bu
sülh hələlik əlimizdə olan məlumata görə,
Sara Xatunun xarici ölkə hökmdarları ilə
bağladığı ilk müqavilələrdən biridir. Uzun Həsən Sara Xatunu sultan II Mehmedin hərbi
düşərgəsinə göndərərkən, onun
qarşısına iki çətin vəzifə qoymuşdu.
Əvvəla, o, Osmanlı sultanını
ağqoyunlular üzərinə hücum etmək fikrindən
daşındırmalı idi. Çünki
II Mehmedin bu hücumu Ağqoyunlu dövlətinin
varlığına son qoya bilərdi. Bu məqsədə
nail olduğundan sonra Sara Xatun sultanı mümkün qədər
Trabzonu fəth etmək fikrindən də döndərməli
idi. Bütün Yaxın və Orta Şərqdə
böyük nüfuzu olan Sara Xatun Osmanlı sultanın hərbi
düşərgəsində yaxşı
qarşılandı. Mənbələrin məlumatına
görə, diplomatik danışıqlar zamanı Sara Xatun və
II Mehmet bir-birinə "ana", "oğul" deyə
müraciət edirmişlər. Sara Xatun bu
danışıqlar zamanı özünün bütün
diplomatik ustalığından istifadə edərək Uzun Həsənin
birinci tapşırığını yerinə yetirə
bildi. II Mehmedi Ağqoyunlu dövlətinə
qarşı müharibə etmək fikrindən
daşındırdı. İki ölkə
arasında, ağqoyunluların Osmanlı
qoşunlarının Trabzona hücümu zamanı
Ağqoyunlu dövlətinin bitərəf qalması şərtilə
sülh bağlandı. Bu sülhün o
zaman Ağqoyunlu dövləti üçün böyük əhəmiyyəti
olmuşdu. Məhz Sara xatunun
bağladığı bu müqavilə nəticəsində
o zaman Türkiyə ilə toqquşmağa qadir olmayan
kiçik Ağqoyunlu dövləti öz müstəqilliyini
saxlaya bilmişdi. Lakin Sara Xatun ona
tapşırılmış ikinci vəzifəni yerinə
yetirə bilmədi. Sultanı Trabzon yunan
dövlətini Türkiyəyə qatmaq fikrindən döndərə
bilmədi.
Daha sonra mənbələrdə Ağqoyunlu dövləti
ilə Venesiya arasında haqqında bəhs etdiyimiz sülh
müqaviləsinin bağlanmasına dair ətraflı və zəngin
məlumat var. Ağqoyunlularla müharibə vəziyyətində
olan bir ölkəyə hücum etdiyini söyləmək məntiqi
cəhətdən də düzgün olmazdı. Ağqoyunlu
dövlətini təcrid etdikdən sonra II Mehmet Trabzon üzərinə
yeridi. Lakin o, Uzun Həsənin arxadan
hücum etməyəcəyinə əmin deyildi. Odur ki, sultan Sara Xatun başda olmaqla ağqoyunlu
elçilərini də özü ilə götürdü.
Sara Xatun yol boyu sultanı Trabzonu fəth etmək
fikrindən çəkindirməyə
çalışdı. Lakin onun səyləri
heç bir nəticə vermədi. Dənizdən osmanlı donaması tərəfindən
mühasirə edilən Trabzon 30 günlük mühasirədən
sonra, 1461-ci il oktyabrın 26-da türklər tərəfindən
zəbt edildi. Qara dənizdə Genuya ilə rəqabət
aparan mühüm ticarət mərkəzi süqut etdi. Artıq Trabzonun əldən getdiyini görən Sara
Xatun öz gəlininin-Dəspinə xatunun Trabzonun taxtına
varislik hüququnu irəli sürdü. Trabzon
xəzinəsini sultanla bölüşdürdükdən
sonra ağqoyunlu elçilərinin başında geri
qayıtdı. Görünür,
ağqoyunlularla kəskinləşən münasibətləri
yumşaltmaq üçün II Mehmet Sara Xatuna xoş rəftar
göstərmiş, onu çoxlu hədiyyələrlə
geri yola salmışdı. Uzun Həsənin
elçiləri ilə birlikdə, Yastıçəməndə
bağlamış müqaviləni yeniltmək
üçün sultanın qərbdəki istilalarını həyata
keçirdikdən sonra öz arxasını təhlükəsizləşdirmək
istəyirdi.
Teymuri hökmdarı Əbu Səidlə
danışıqlar aparan Ağqoyunlu elçilərinə də
Sara Xatun başçılıq etmişdir (1468). Avropa ölkələri
də bu Azərbaycanlı xanımı çox yaxşı
tanıyır, ona böyük ehtiramla yanaşırlar. Azərbaycana göndərilən Avropa, xüsusilə
də, Venesiya elçilərinə verilən məxfi məlumatlarda
mütləq Sara Xatunla görüşmək və öz məqsədləri
üçün onun saraydakı nüfuzundan istifadə etmək
tapşırılırdı. Sara Xatun
diplomat və dövlət xadimi olamqla bərabər,
böyük hərbi sərkərdəlik bacarığına
və hərbi intuisiyaya malik qadın olmuşdur. Onun əqli çevikliyi dar məqamlarda tez qərar
çıxarmağa imkan verirdi. Ümumiyyətlə,
tarixi mənbələr Sara Xatunu qeyrətli qadın, diplomat və
hərbi istedada malik bir insan kimi xarakterizə edirlər.
Ağqoyunlu dövrünün ən görkəmli
tarixçisi Əbubəkr Tehrani yazır ki, Sara Xatun
Qaraqoyunlu Cahanşahla danışıqlar aparmaq məqsədi
ilə onun yanına gəlmiş, bu zaman Rüstəm Tərxanın
düşərgəsində olmuşdur. Onun ordusu Sara
Xatuna o qədər də əzəmətli görünmədiyindən
Cahangir Mirzə və Uzun Həsənə sifariş göndərir
ki, "Əgər gəlsəniz, qələbə sizin
olacaq. Bu işi təxirə salmaq
olmaz". Sara Xatun orduya sadəcə bir nəzər
salmaqla ağqoyunlular arasındakı qüvvələr nisbətinin
Ağqoyunlu dövlətinin xeyrinə olduğunu düzgün
qiymətləndirməsi onun hərbi intuisiya və səriştəsindən
xəbər verir. Həqiqətən də,
bundan sonra Uzun Həsənin kəşfiyyat dəstəsi
Rüstəm Tərxanın ordularına hücum edərək
onları damadağın etmiş, qaraqoyunluları bərk
qorxuya salmışdı.
Qadınların hüquqsuz vəziyyətdə olduğu
bir dövrdə Sara xatunun gördüyü tarixi əhəmiyyətli
işlər onun qeyri-adi istedad və bacarığından xəbər
verirdi. Çətinliklərdən bacarıq və
ağılla çıxan, kişiləri düzgün yola məharətlə
istiqamətləndirməyi bacaran Sara xatun uzaq tarixi
keçmişdə yaşasa da, onun siyasi mədəniyyəti,
diplomatik fəaliyyəti və şəxsi şücaəti
bir örnək, məktəbdir.
Ülvuyyə
Tahirqızı
Xalq Cəbhəsi.-
2014.- 4 fevral.- S.13.