Azadfikirliliyin qurbanları

 

 

Abay Dağlı və Cəfər Rəmzi öz fikirlərini mətbuat səhifələrində də yayıblar

 

Abay Dağlı 1906-cı ildə Şuşada anadan olub. Əsl adı Cəmildir. 1913-cü ildə Şuşada ikinci dərəcəli məktəbdə təhsil alıb. 1927-29-cu illərdə Azərbaycanda fəaliyyət göstərən Mərkəzi Partiya məktəbində oxuyub. 1940-cı ilə qədər Azərbaycanın müxtəlif rayonlarında, o cümlədən 1929-32-ci illərdə Şəmkir rayonunda müəllimlik edib. 1932-ci ildə indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin dil və ədəbiyat fakültəsinə daxil olur. 1936-cı ildə həmin fakültəni bitirdikdən sonra Şəkidəki Pedaqoji məktəbdə müəllim işləyir. Onun bu dövrdə müəllimliklə yanaşı Şəkidə nəşr olunan qəzetlərdə "Şuşalı" təxəllüsü ilə şeir və məqalələr yazaraq çap etdirməsi məlumdur. O, həmçinin jurnalistlik fəaliyyəti ilə də məşğul olub. Bu müddətdə elmi fəaliyyətlə məşğul olmaq qərarına gəlir. Aspiranturaya daxil olan Abay Dağlı 1940-cı ildə Hizami muzeyində elmi işçi vəzifəsində çalışıb. 1941-ci ildə gənc alim İkinci Dünya müharibəsinə göndərilir. Lakin Abay Dağlı müharibədən sonra Azərbaycana qayıtmır, ömrünün sonuna kimi mühacirətdə yaşayır. O, əvvəl Münhendə, sonralar Ankarada və İstanbulda yaşadı. Abay Dağlı vətənində gördüyü haqsızlıqları, yurdunun imperiya caynağında olmasını, xalqının başına gətirilən zülm-zillətləri heç cür həzm edə bilmir, bu səbəbdən də mühacirətdə qalmağı, yurdunun ağrı-acılarını dünyaya çatdırmağı qərara alır. O, 1918-20-ci illərdə mövcud olmuş Azərbaycan Demokratik Respublikasını devirərək onun yerində sosialist Azərbaycanı quran imperiyanın qayda-qanunlarını qəbul edə bilmir.

Araşdırmaçı Maarif Teymur bildirir ki, onun bu dövrdə yazdığı şeirlərində vətənə, yurda, ulusa bağlılıq motivləri çox güclüdür: ""Xanəndə Xana" adlı şeiri bu baxımdan çox xarakterikdir. Abay Dağlı doğulub boya-başa çatdığı Şuşaya, Xarı bülbülə yanıqlı şeirlər həsr edib. Bu şeirlərdə onun vətən həsrəti bütün aydınlığı ilə görünür, bilinir. "Səslərəm" adlı şeirində də bu motiv hədsiz güclüdür. Abay 30-cu illərdə Azərbaycanın dəyərli oğul və qızlarının başlarına gətirilən müsibətləri görmüş, eşitmişdi. Bütün bu hadisələr onun mənəvi aləmində daim gedişata qarşı bir üsyan yaradırdı. Abay Dağlı vaxtilə yazırdı ki, biz güllü-çiçəkli torpaqlarımızı, suyumuzu, meşələrimizi heç zaman düşmənin əsarəti altında qoymamalıyıq. Obrazlı şəkildə deyirdi ki, bir bağçada gül əkdim, onun ən yaxşılarını yağı düşmən dərdi. Almaz İldırımın yaradıcılığında da bu motivlər güclüdür".

Abay Dağlının Almaniyada, Münhendə bir müddət yaşaması təsadüfi deyildi. O, burada müəyən müddət yaşamağa məcbur olsa da, uzun müddət qərar tuta bilmir. Artıq o, 1955-ci ildə Türkiyədə idi: "1989-cu ilə kimi bu ölkədə yaşayır. Hazırda Abay Dağlının nəslini yaşadanlar az deyil. O, bu müddət ərzində qohumlarına məktublar yazır, çətinliklə də olsa onlardan hal-əhval tutur. Sovet rejiminin mahiyyətini bütünlüklə anlayan Abay Dağlı qohumlarına yazdığı məktularda deyirdi ki, nə etməli, əbədi bir həsrət içindəyik. O, qohumları ilə məktublaşmasına görə doğmalarına əziyyət veriləcəyindən çox narahat olurdu. Abay Dağlının 1960-1969-cu illərdə qohumlarına yazdığı 10-a qədər məktubu hazırda Dövlət Ədəbiyyat və İncəsənət arxivində qorunur. Məktublarda adı xatırlanan Xanım Abay Dağlının bacısıdır. Bir neçə il əvvəl 90 yaşlı qardaş həsrətli bacının vəfat etdiyini eşitdim. Abay Dağlının adına Dövlət Ədəbiyyat və İncəsənət arxivində açılmış şəxsi fondda Abayın yazdığı 300-ə qədər şeiri, tərcümeyi-halı və s. qorunur".

Abay Dağlı vaxtilə klassik ədəbiyyatımızı böyük bir səylə öyrənib. Onun arzusu bu yöndə maraqlı bir dissertasiya yazmaq idi. Ancaq 1941-ci ildə elmi işçi kimi çalışdığı muzeydə ixtisara düşür və müharibəyə göndərilir: "Onun müharibəyə gedənə qədər yazdığı şeirlərini bacısı Xanım uzun illər ərzində qoruyub-saxladı. Dövrün xofunun təsirindən Xanım qardaşı Abay Dağlının millətçiliyə həsr olunmuş şeirlərini qayçı ilə kəsib götürür ki, rejim qardaşını bu şeirlərə görə incitməsin. Hə yaxşı ki, Xanım xala qardaşının şeirlərini böyük bir sevgi ilə qoruyaraq bugünümüzə çatdırdı. Onun təqdim etdiyi materiallar əsasında Abay Dağlının adına arxivimizdə şəxsi fond açdıq, sonradan Abay Dağlının yaradıcılığından hansı soraqların qalmasını aradıq. 1991-ci ildə Ramiz Abutalıbov Parisdən gətirdiyi çoxsaylı sənədlərin içərisində Abay Dağlıya aid soraqlar tapıldı".

Bu kitab gündəliklər əsasında yazılıb. Abay Dağlı yazır ki, biz qoca türk məmləkətinin tarixini daim öyrənməliyik. Hə qədər ki, yurdumuzun tarixini öyrənməmişik, daim məhrumiyyətlərə, məğlubiyyətlərə məruz qalacağıq. Abay Dağlı "Onlar Türklərdir" kitabını Məhəmməd Əmin Rəsulzadəyə ithaf edib. "Onlar türklərdir" kitabında Sibirə sürgün edilən 30 nəfər ziyalının başına gətirilən müsibətlərdən bəhs edilir.

İndi də Cəfər Rəmzi haqında. Onu 1935-ci ilin iyulunda həbs etdilər. Yeganə səbəb isə onların azadfikirli olmaları, Vətənsevərliyi idi. 21 il, 2 ay həbsdə - qaranlıq, üfunətli dörd divar arasında yaşayan gənc isə "Sufi" təxəllüslü şair Cəfər Rəmzi - İsmayılzadə Cəfər Balaəmi oğlu idi. M.Teymur onun haqqında fikirlərini bölüşür: "Cəfər Rəmzilər 13-15 yaşlarında Şərqdə ilk dəfə olaraq Azərbaycan Xalq Cümhuriyyətinin günəş işığında isinməyə (1918-1920) başlayarkən tiranlar bu azadlığı yalançı azadlıqla əvəz etdilər. Cəfər Rəmzi artıq bu zaman öz kövrək şeirlərini yazırdı - "Cəfər Sufi" imzasıyla (1954-ci ilə qədər). Şərq klassiklərini vaxtı ilə öyrənərkən yeni hücumlara da rast gələn Cəfər müəllim həbsxanadan azad olandan sonra yenə də "Cəfər Rəmzi" təxəllüsü ilə yazıb-yaratmağa başlayır. 1922-1927-ci illərdə Bakı Darülmüəllimini başa vurur, 1929-32-ci illərdə isə keçmiş Lenin adına APİ-nin ədəbiyyat fakultəsini bitirir. Elə arzularının şirinliyi ilə yol gedən zaman birdən qara buludlar göy üzünü alır, Cəfər Rəmzi 1935-ci ildə həbs olunur".

Azadlıq şərbətini içindən sonra (həbsdən buraxılması) candan artıq sevdiyi Abşeron şairlərinin ədəbi irsini araşdırır və sabahımıza cild-cild arxiv sənədləri yadigar qoyub, cismani olaraq dünyasını dəyişir Cəfər Rəmzi: "Həddən artıq sadə, əməli işilə başqasını da insanlığa çağıran Cəfər Rəmzi ilə bu sətirlərin müəllifi 1990-cı illərdə tez-tez görüşərdi. Almaz İldırım adlı şairin həyat və yaradıcılığının öyrəndiyini ona deyərkən, gülümsəməsi isə heç vaxt yadından çıxmır. Gündəlikdən kiçik qeydlər: "Bu gün (24 mart 1992-ci il) başı bəlalar çəkmiş, haqsız həbs edilərək 21 ildən artıq həbsxanada "cəza"sını vüqarla çəkən Cəfər Rəmzinin nikbinliyi mənə danışdığı və başına gələn söhbətləri ilə birləşəndə 1930-cu illərin haqsızlığına söz tapmadım. Axşamdır, ondan ayrılıram. Amma razılaşdıq ki, şəxsi arxiv sənədlərini yaxın günlərdə dövlət mühafizəsinə qəbul edək".

Arxiv sənədləri ilə dolu olan qovluqlar, albomlar, kitablar məni heyrətləndirmişdi. Sənədləri elmi-texniki cəhətdən işlədikdən sonra elmi siyahısını tərtib etdik. C.Rəmzinin yüzlərlə şeirləri, məqalələri, xatirə və tərcümələri, tərcümeyi-hal sənədləri, oxuduğu kitablar, istifadə etdiyi arxiv sənədləri daha çox diqqəti cəlb edir. Cəfər Rəmzi həm də çox ciddi araşdırmaçı-alimdir. Müxtəlif yüzilliklərdə Bakıda və Abşeronda yaşayıb-yaratmış və az qala unudulmuş yazarların əsərlərini bir yerə toplayıb, tədqiq edib, onların xronoloji ardıcıllıqla salnaməsini yaradıb. On beşdən çox albom tərtib edib, yüzlərlə fotoşəkili həmin alboma daxildir. "Deyilən söz yadigardır" ("Yazıçı", 1981) kitabına daxil olmayan şəxslər haqqında Cəfər müəllimin tərtib etdiyi albomlardakı sənəd materiallarından da geniş istifadə etmək olar.

Həmin kitaba cəmi 87 şəxsin yaradıcılığından nümunələr və qısa informasiya daxil edilib. Bu kitaba daxil edilmiş şairlər klassik ədəbiyyatımızın görkəmli nümayəndələri səviyyəsinə yüksələ bilməsələr də, Azərbaycan poeziyasının inkişaf prosesində müəyyən dərəcədə işlər görmüşlər. XIII əsrin sonu, XIV əsrin əvvələrində yaşayıb-yaratmış Bakuvinin kitaba daxil olmuş müxəmməsi diqqəti cəlb edir. Şəxsi arxivində irəli sürdüyü şəxslər haqqındakı fikirlərini ömrünün sonuna kimi araşdırıb və yeni yazarları müəyyənləşdirib. Onun 1987-ci ildə nəşr etdirdiyi kitabda artıq 119 şəxsin yaradıcılığını görürük. XIII-XX yüzilliklərdə yaşamış və Abşeronun əbədi vurğunları olan şəxslərdən Nəsir Bakuyidən Əlabbas Müznibə qədərki şəxsiyyətlərin bizə çatan əsərləri çox maraqlıdır. Əbədiyyatımızın klassiki, poeziyamızın XX yüzillikdə günəş kimi parlayan Hüseyn Cavidin aşağıdakı mirsalarını özünə əməli-düstur hesab edən C.Rəmzi son nəfəsinə qədər yorulmaz zəhmətə qatlaşaraq gələcək nəsillər üçün əbədi yadigarlar toplayıb. C.Rəmzi 91 il yaşadı. Sabirsayağı yazan Abşeron şairlərinin də bir neçəsini aradı, tapdı və bizə çatdırdı. Cəfər müəllimlə görüşüm zamanı dedi: "Sabir şerinin təsiri altında yazan Abşeron şairlərindən bir neçəsi Həsənoğlu, Əliheydər Asif, Əlabbas Müznib, Məhəmməd Səmədoğlu, Əsgər Heybət, Məhəmməd Saib və b. poeziyasında M.Ə.Sabirin dəsti-xətti duyulur, istəyirəm ki, bu qisim şairlərin şeirlərini ayrıca toplayıb nəşr etdirim".

Lakin bu unudulmaz görüşümüzdən iki il sonra Cəfər Rəmzi Abşeron torpağında əbədiyyətə qovuşdu. Həbsxanaya düşməsini sonralar C.Rəmzi belə nəql etmişdi: "Orta məktəbdə müəllim işlədiyim vaxt cəza tədbirləri şiddətlənməyə başladı. Məni nahaq həbs etdilər. Məhkəməsiz düz 21 il iki ay dustaq oldum, arzularımdan ayrıldım, yurduma həsrət qaldım. Stalinin cəllad gözləri qapanandan sonra bəraət aldım".

C.Rəmzi həbsdən qayıtdıqdan sonra 1959-cu ildən ardıcıl olaraq mətbuat səhifələrində yorulmadan yazdığı şeirlərini, elmi əsərlərindən parçalar, Abşeron torpağında yaşayıb-yaradanları bir-bir tapıb dərc etdirib. İranda, Türkiyədə, Bolqarıstanda, ərəb ölkələrinin bəzilərində 500-dən çox şeir, tərcümə və elmi əsərlərini dərc etdirən C.Rəmzi 1968-ci ildə "İran şairi Yəğma Cəndəqənin poeziyası" adlı dissertasiyanı uğurla müdafiə edib. Həyatda çox ağır günlər keçirdiyinə baxmayaraq o, həmişə ümidlə yaşayıb, əqidəsinə sadiq qalmışdı. Quruluşun, hakim məmurun, ədalətsizliyin hücumlarına mərdliklə sinə gərən Cəfər Rəmzinin yüksək insanlığını da xüsusilə qeyd etmək yerinə düşərdi.

 

Uğur

Xalq Cəbhəsi.- 2014.- 4 fevral.- S.11.