Vətəndaş
şair
Mikayıl
Müşfiqin balaca bir şeiri belə xalqı azadlığa,
istiqlaliyyətə çağırışdır
Mikayıl
Müşfiqin faciəli ölümündən 76 il ötdü. O, 1908-ci ildə Bakıda müəllim
ailəsində anadan olub. Körpəlikdən
anasını, 6 yaşında atasını itirib. İbtidai təhsilini rus-tatar məktəbində
alıb. 1931-ci ildə Azərbaycan Dövlət
Universitetinin dil və ədəbiyyat şöbəsini bitirən
Mikayıl Bakı məktəblərində müəllimliyə
başlayıb, "Azərnəşr"də redaktor və
tərcüməçi işləyib. Son iş yeri 18
saylı Bakı şəhər orta məktəbi olub. Hazırda bu məktəb onun adını
daşıyır. İlk şeirlər
kitabı "Küləklər" üçüncü
kursda oxuyarkən çap edilib. 1937-ci ilə
qədər 9 kitabı çıxıb. "Çağlayan"
adlı kitabını nəşr etdirmək ona qismət
olmayıb. 1938-ci il yanvarın 6-da
güllələnib.
Mikayıl
Müşfiq irsinin araşdırıcısı
Gülhüseyn Hüseynoğlu yazır: "Mikayıl
Müşfiq itkisi xalq üçün ağırdır,
yeganə təsəllimiz şairin qoyub getdiyi və
xalqımızın göz-bəbəyi kimi qoruduğu zəngin
ədəbi irsi olub. Mikayıl Müşfiqi
bütün nəsillərin müasiri edən, həmişə
sevdirən onun ürəkdən gəlmiş, səmimiyyətlə
dolu poeziyasının xalq ruhu ilə bağlılığı,
Azərbaycanımızı böyük məhəbbətlə
tərənnüm edib sevdirməsi, vətəndaşlığı,
cazibə qüvvəsilə oxucuların qəlbini ehtizaza gətirməsidir.
Söz yox, ürəkdən
yazdığındandır ki, ürəklərdə
yaşayır Müşfiq. Axı bu, onun
bir şair kimi ən böyük arzusu idi. Vətəndaş şair, cəsarətli idi
Müşfiq.
Milli
musiqi alətlərimizdən olan tarın konservatoriyada tədris
olunması qadağan ediləndə "İnqilab və mədəniyyət"
jurnalı özünün 1929-cu il 2-ci nömrəsindəki
"Tar konservatoriyadan çıxarıldı" sərlövhəli
xəbərində yazırdı: "Azərbaycan Dövlət
Konservatoriyasını qüvvətləndirmək məqsədilə
AXMK bir çox qərar qəbul etmişdir. Bu qərarlara
görə, məcburi dərs kursu olan tarın öyrənilməsi
konservatoriyanın bütün dərəcələrində tədris
planlarından götürülür və konservatoriya
yanında olan Şərq orkestrosu ləğv olunur" yazanda
Müşfiq sinəsini qabağa verdi, məşhur
"Tar" şeirini xalqına bəxş elədi, tarın
şöhrətini bir az da qaldırdı. "Tar"
şeiri vətəndaş şairin uzaqgörənliyini
göstərməklə bərabər, həm də sənətkar
cəsarətini numayiş etdirən əsərdir.
Müşfiq 20-ci illərin axırı, 30-cu illərin əvvəlində
klassiklərimizə etinasızlığı görəndə
qələmə sarıldı, "Yeni il" şeirində
ürək sözlərini bəyan elədi: "Yazalım,
özümüzü öyməyəlim, Füzuliyə dəyməyəlim".
Axı Müşfiq əsl varis kimi şifahi xalq ədəbiyyatımızı
dərindən sevmiş, klassik ədəbiyyatımıza
böyük məhəbbət bəsləmiş, bunların
yaxşı ənənələrindən həmişə
öyrənməyin, yeni şəraitdə onları davam və
inkişaf etdirməyin ən ardıcıl tərəfdarlarından
olmuşdu. Müasirini özünü dərk edən,
mühitinin hadisələrindən baş çıxaran,
"xalqilə titrəyən, xalqilə gülən..."
görmək istəyən Müşfiq "Alqış
varlığını duyan insana!" misrasını
heç də təsadüfi yaratmamışdı. Özünü dərk edən insanın əzəli,
əbədi, nəcib sifətlərindən biri əməyə
məhəbbətdir. Məhz əməyə
bağlılıq insanı torpağı layiqincə dərk
etməyə, ona səcdə etməyə gətirib
çıxarır.
Şairə görə əmək insana güc verir,
insan gücü ilə yaşayışını
asanlaşdırır, gözəlləşdirir. "Özündən
alışan, özündən yanan, - hər sabah hamıdan
erkən oyanan, iş başına qoşan" insanları
şair bəxtiyar hesab edir".
Araşdırmaçı
daha sonra hesab edir ki, milli musiqi alətlərimizin göz bəbəyi
kimi qorunması və əmək mövzuları ilə
yanaşı Müşfiq insanın böyüklüyü,
maarif, müəllim nüfuzu, səfilsərgərdan həyat
keçirən uşaqların himayəyə alınması,
məktəblərə cəlb olunması,
qayğıkeşlik, qaynar gənclik və onun düzgün tərbiyə
olunması, vətən və onun tanınmasında, yüksəlməsində
iz qoyan şəxsiyyətlərin ucalığı, vətəndaşlığı,
sənət və sənətkar, həyat eşqi, təkliyin
acı aqibəti, təmiz, saf məhəbbəti, ülviliyi
və s. məsələlər haqqında da yazıb,
tutarlı poetik sözünü deyib: "Ədəbiyyatın,
sənətin bitib-tükənməyən, tükənməyəcək,
əzəli və əbədi mövzusunda, sənətkarların
bütün zamanlarda, dönə-dönə müraciət
etdikləri bəşəri mövzuda, məhəbbət
mövzusunda Müşfiq də yazıb-yaradıb.
Onun bu əsərlərində
məhəbbətin sehri, ucalığı, sevdanın "sərin
atəş"liliyi, ümid qapılarına dikilən
baxışlar, sevən gəncin ürəyini dərindən
tutub qoparan sevgilisinin gül əllərindən ərkyana
giley-güzarı, şikayəti, "hicran ümidinə"
qalmaq, hicrandan nicat gözləmək,
qısqanclığın qəlbi yaxıb-yandırması, qəlbdə
fırtınalar qoparması, məhəbbətin neçə-neçə
çaları, rəngi, acısı, şirini öz ifadəsini
tapmayıbmı? Müşfiqin duyğuları
ürəkdən gəldiyi üçün də təsir
edir, birbaşa ürəklərə gedir. Ayrı cür mümkün də deyil. Gözəl təbii mənzərələr, lirik
peyzaj yaratmaq ustasıdır Müşfiq. Harahat bir sənətkar
olan Müşfiq onu məşğul edən,
düşündürən, nifrət və məhəbbətinə,
kədər və sevincinə səbəb olan məsələlərin
ecazkar ifadəsi üçün həmişə
çırpınıb, rəngarəng mövzulu, məzmunlu
poeziyasında əlverişli poetik formaların da olmasına
çalışıb, bu sahədəki
axtarışını heç vaxt dayandırmayıb. Ənənənin
rolunu düzgün başa düşən, novatorluğu
layiqincə qiymətləndirən şair istər şifahi
xalq şeirinin, istərsə də klassik şerin poetik formalarına
həmişə həssaslıqla yanaşıb, bunların
çoxunu: qoşma, gəraylı, bayatı, oxşama,
rübai, məsnəvi, üçlük, dördlük
(mürəbbe), beşlik (müxəmməs), altılıq
(müsəddəs), yeddilik (müsəbbe), səkkizlik
(müsəmmən), tərcibənd, tərkibbənd, müstəzad
və s. poeziyasında işlədib. Şairin Qərb
şeirinin poetik forması olan sonetə biganə
qalmadığını, sonetlər yazdığını və
yeri düşdükcə özünün də yeni poetik
formalar yaratdığını qeyd etsəm, müəllifin
bu sahəyə nə qədər böyük əhəmiyyət
verdiyi aydınlaşır".
Ədəbiyyatşünas Gülxani Pənahın
fikrincə, Azərbaycan ədəbiyyatının görkəmli
nümayəndələrindən biri olan Mikayıl
Müşfiq müasir Azərbaycan poeziyasının
inkişafında mühüm rolu olan sənətkarımızdır. G.Pənah
G.Hüseynoğlunun aqibətcə Müşfiq taleyini
yaşadığını bildirir: "Mikayıl
Müşfiq yaradıcılığının yenidən nəşrinə
gərgin əmək sərf edən qələm sahibi
Gülhüseyn Hüseynoğlu Müşfiq taleyinin,
Müşfiq dərdlərinin,
ağrı-acılarını, həyatının bir sıra
məqamlarını yaşamış insandır. O da bir
zamanlar Stalinizm siyasətinin dəhşətlərini
yaşayıb, həbsxanaya atılıb, bəşəri
fikirlərlə, amallarla yazıb yaradan Mikayıl
Müşfiq kimi ölümə məhkum edilib, ancaq Stalinin
"humanizm"i sayəsində SSRİ-də güllələnmə
cəzası müvəqqəti ləğv olunduğundan,
iyirmi beş illik həbs cəzası
almış təsadüfi sağ qalanlardan, "baxtı"
gətirənlərdəndir. Müşfiq az
yaşadığı ömürdə elə əsərlər
yazıb qoyub gedib ki, balaca bir şeiri belə xalqı
azadlığa, istiqlaliyyətə
çağırışdır, hər biri millət, vətən
mənafeyini əsas tutanlar üçün əsl həyat məktəbidir.
Mikayıl
Müşfiqin, Hüseyn Cavidin, Əhməd Cavadın və
adların çəkmədiyim neçə-neçə ədib
və sənətkarlarımızın çox zəngin
yaradıcılığı var. Onlar özlərinin şəxsi
həyatlarını unudaraq xalqı düşünənlərdir.
Onların öz amalları, öz yolları var.
O yol yalanlardan, şöhrətdən uzaq, uca bir yoldur. Onlar öz əsərlərində ancaq millətini
düşünənlər, onu sevənlər, onun gələcəyi
üçün narahatçılıq keçirənlərdir.
G.Hüseynoğlu Azərbaycan ədəbiyyatının
inkişafına yorulmadan çalışan, onun xoşbəxt
gələcəyi naminə yazıb-yaradan, milli vətənpərvərlik
duyğularının, amallarının qurbanı olanların
yorulmaz tədqiqatçısı olub, konkret Müşfiqin əsərlərini
tərtib edərək nəşr etdirib,
"Müşfiq" kimi samballı elmi monoqrafiyasını,
"Mikayıl Müşfiqin yaradıcılıq yolu"
dissertasiyasını yazıb, onun
yaradıcılığından bəhs edən ilk dərs vəsaitinin
müəllifi olub, bu günə qədər onun
yaradıcılığına, sənətinə pərəstiş
edən, onun vurğunu olan müşfiqşünas kimi ədəbiyyat
aləmimizdə tanınmaqdadır".
Azərbaycanın
30-cu illərdə repressiyaya məruz qalmış şəxsiyyətlərinin
ömrünü araşdırmış Rəhman
Babaxanlının fikrincə, repressiya deyəndə
soydaşlarımız o saat 37-ci ili
xatırlayırlar: "Ancaq bəşər tarixinin əksər
səhifələri mahiyyətcə repressiya ilə doludur. Repressiyanın çeşidləri çoxdur.
Bəşər tarixində ən qanlı terror sovet
dövründə oldu: yüz minlərlə insanın qətlə
yetirilməsi, sürgünlərə göndərilməsi. Əhməd Cavadın, Mikayıl Müşfiqin və
başqalarının gələcəyinin əlindən
alınması, istedadlarına qəsd də bu qəbildəndir.
Almas İldırım, M.B.Məmmədzadə
başlarını götürüb qaçdılar. Xoşbəxt taleli hesab edilən Səməd
Vurğun da bütün acı-ağrıları
yaşadı".
Repressiya
mövzusunda araşdırmalar aparan professor Bədirxan Əhmədov
hesab edir ki, tənqidçi H.Zeynallının 1923-cü ildə
H.Cavidin "Peyğəmbər" dramına həsr
olunmuş məqaləsi həm həcminə, həm də
Cavid yaradıcılığını zamanında obyektiv dəyərləndirməsinə
görə özünə qədər və sonra yazılan ən
yaxşı məqalələrdən biri hesab
olunmalıdır: "Bu araşdırmaya səhv yanaşma nəticəsində
şairin həbsindən 14 il əvvəl yazılmış
bir məqalənin tənqidi yerlərindən sitatlar gətirib
onu repressiya ilə əlaqələndirmək heç bir məntiqə
sığmır. Yaxud H.Cavid haqqında ən kəskin
tənqidlərdən birinin zamanını və müəllifini
gizli saxlayıb onu ədəbi cameəyə təqdim etsək,
o, birmənalı şəkildə qınaq obyekti olacaq, bu
çıxışın müəllifi onun repressiyasında
günahlandırılacaq. Halbuki bu çıxış
repressiyadan üç il əvvəl Azərbaycan
Yazıçılar İttifaqının 1-ci qurultayında
(1934) C.Cabbarlı tərəfindən edilmişdi. Əgər biz istintaq sənədlərinin
doğruluğuna inanmalı olsaq, repressiya olunanların
işində onun ifadəsi zamanı alınan adlardan ibarət
siyahıları necə başa düşək? Doğrudanmı onlar (həbs olunanlar!) öz sənətkar
yoldaşlarının adlarını çəkmişlər?
Həbs olunanların demək olar ki, əksəriyyəti
ifadələrində müstəntiqə uzun bir siyahı
verirlər. Bunu kiminsə ələ verilməsi
kimi başa düşmək olarmı?"
30-cu illərin
anoloqu olmayan repressiya kabusu təkcə istedadlı, vətənpərvər
adamları tragik şəkildə həyatdan, sevdiyi sənətindən
ayırmadı (bu maddi, statistiklərin hesablayacağı
itkidir), həm də on minlərlə oxuma və yazma
savadı olmayan adamları belə ağuşuna alaraq xalqın
şüurunu dəyişdi, onu tərəqqidən
saxladı, mənəviyyata, tarixi-etnik düşüncəyə
ağır zərbə vurdu (bunu isə artıq statistiklər
heç cür hesablaya bilməz!). Neçə-neçə
bədii düşüncə, mənəvi-əxlaqi dəyərlər
məhv oldu, nəticədə ən böyük ziyanı
xalq çəkdi. O xalq ki, onun adı ilə bu təmizlənmə
"alqışlandı", "satqınların",
"xalq düşmənləri"nin
mühakiməsi "tələb edildi".
Bunu isə hər hansı bir fərdin kimisə
satmasının, yaxud danos yazmasının üzərinə
qoymaq olmaz.
Bunu bütövlükdə sistemin adına
yazmaq lazım gəlir. Mətbuatda, arxiv sənədlərində
qalmış məqalələrə, fikirlərə isə
metodoloji cəhətdən düzgün yanaşmaq ən
doğru yoldur....
Uğur
Xalq Cəbhəsi.-
2014.- 5 fevral.- S.14.