Mahmud Teymur
və Səid bəy Nizami
Onlarnı arasındakı dostluq və ədəbi əlaqələr
xüsusi maraq doğurur
Klassik ərəb-müsəlman
mədəniyyətinin yaranmasında
və inkişafında
ərəblərlə yanaşı,
xilafətin tərkibinə
daxil olmuş ərəb olmayan xalqların da böyük rolu olduğu elm aləminə
yaxşı məlumdur. Bunu müasir dövrün məşhur dünya şərqşünasları, o cümlədən X.Gibb, Q.Fon Qryunebaum, İ.Kraçkovski, Y.Bertels,
İ.Petruşevski, M.Mahmudov,
V.Məmmədəliyev və
bir sıra başqa görkəmli alimlər qeyd etmişlər. Bununla əlaqədar İ.Kraçovski
belə yazır:
"Ərəb ədəbiyyatı
tarixi o mənada dil prinsipi əsasında
qurulur ki, o, həm ərəblərin,
həm də ərəb olmayanların,
həm ərəb ölkələrində, həm
də qeyri-ərəb
ölkələrində ərəb
dilində yaranmış
əsərləri əhatə
edir. Hamıya məlumdur ki,
ərəb ədəbiyyatı,
ümumiyyətlə, ərəb
mədəniyyəti öz
inkişafı üçün
təkcə ərəblərə
deyil, habelə bir sıra xalqların
nümayəndələrinə borcludur".
Bu mənada ərəb-müsəlman
mədəniyyətinin yaranmasında
və inkişafında
Azərbaycan ədib və alimlərinin böyük rolu danılmazdır. İsmayıl
bin Yasər, Musa Şəhəvat,
Əbül-Abbas əl-Əma,
Müğləsi Mərəğayi,
Mənsur Təbrizi, İskafi Zəncani, Eynəl-Quzat, Şihabəddin
Sührəverdi, Xətib
Təbrizi, Əbu Ubeydə bin Məmər
bin əl-Musənnə, Əbu
Bəkr əl-Valibi, İzzədin Zəncani, Sədəddin Bərdəi,
Məhəmməd Ərdəbili,
Nəsirəddin Tusi, Hubeyş Tiflisi, Bəhmənyar Azərbaycani,
Səfiyəddin Urməvi,
Yusif Xoylu, Çarpərdi və onlarla başqa alim və ədiblərimiz
orta yüzilliklərdə
ayrı-ayrı elm sahələrində
böyük şöhrət
qazanmışlar. Azərbaycan ədib
və alimlərinin əsərləri yalnız
ölkəmizdə deyil,
eyni zamanda ayrı-ayrı ərəb
alimləri tərəfindən
də öyrənilərək
ərəb ölkələrində
nəşr olunur.
Onlarla orta əsr Azərbaycan alimlərinin ərəb dilində yazmış olduqları elmi əsərləri ilə yanaşı Xaqani Şirvani, Nizami Gəncəvi, Məhəmməd
Füzuli, İmadəddin
Nəsimi və başqa görkəmli Azərbaycan klassiklərinin
poetik irsi də müasir ərəb alimləri tərəfindən öyrənilib.
Bu da öz
növbəsində iki
xalqın ədibləri
və alimlərindən
ibarət ayrı-ayrı
nümayəndələri arasında
elmi və səmimi dostluq əlaqələrinin yaranmasına
gətirib çıxarıb.
Bu baxımdan müasir
ərəb ədəbiyyatının
görkəmli nümayəndələrindən
biri, ərəb ədəbiyyatında çağdaş
novella janrının banisi
Mahmud Teymurla Səid bəy Nizami arasındakı dostluq və ədəbi əlaqələr xüsusi
maraq doğurur. Dünya şöhrətli
yazıçı Mahmud Teymurun
həyat və yaradıcılığı bizə
yaxşı məlum olsa da, Səid
bəy Nizami haqqında heç bir məlumat yoxdur. Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd
Füzuli adına
Əlyazmalar İnstitutunun
fondunda Mahmud Teymurun on
kitabdan ibarət kolleksiyası saxlanılır.
Bu kitabların hamısı Mahmud Teymur tərəfindən Səid
bəy Nizamiyə hədiyyə edilib. Kitabların hər birində Mahmud Teymurun öz xətti ilə Səid bəy Nizamiyə hədiyyə edildiyi və tarixi yazıldığına
görə, bu kitabların 1934-1941-ci illər
arasında verildiyi məlum olur. Həmin kitabların hamısı heç də Mahmud Teymurun öz əsərləri deyil.
Belə ki, Mahmud Teymurun kolleksiyasında öz kitabları ilə yanaşı, başqa Misir yazıçı və alimlərinin əsərləri də
var. Bu kolleksiyada olan kitabların Azərbaycan
MEA Əlyazmalar İnstitutuna
daxil olması müəyyən bir tarixi hadisə ilə bağlı olub. Azərbaycan SSR Nazirlər
Sovetinin 12 oktyabr
1950-ci il tarixli 1410 saylı qərarına əsasən Azərbaycan
SSR Elmlər Akademiyası
Nizami adına Ədəbiyyat İnstitutunun
Əlyazması şöbəsi
Respublika Əlyazmaları
Fonduna çevrilərək,
Azərbaycan SSR Elmlər
Akademiyasına tabe edilib. Bu qərarla
bağlı nadir əlyazmaları,
qədim çap kitabları və nadir biblioqrafik əsərləri
olan bütün kitabxanalara, məktəblərə,
elmi-tədqiqat idarələrinə
və başqa təşkilatlara bunların
Respublika Əlyazmalar Fonduna təhvil verilməsi təklif edilib. Bu qərardan
sonra Azərbaycan SSR Elmlər Akademiyası kitabxanasının Şərq
şöbəsində olan
əlyazmalar və ərəb dilində olan kitabların bir qismi də
Respublika Əlyazmalar Fonduna verilib. Bununla da Mahmud Teymurun kolleksiyası Əlyazmalar
İnstitutunun fonduna Akademiyanın kitabxanasından
daxil olub. Bu kitabların Azərbaycan
Milli Elmlər Akademiyasının kitabxanasından
daxil olduğunu nəzərə alsaq, Səid bəy Nizaminin, bəlkə də Akademiyanın əməkdaşlarından olduğunu
ehtimal etmək olar. Yazıçı
bu kitablardan beş ədədini
Səid bəy Nizamiyə 1936-cı ildə
hədiyyə edib. Bu kitabların birincisi
17 sentyabr 1936-cı ildə
hədiyyə edilib və ədibin həmin ildə nəşr olunmuş
"Əfallah və qisas uxra" ("Əfallah və başqa novellalar") adlı hekayələr toplusudur. Kitabın titul vərəqində yazıçının belə
bir avtoqrafı var: "Ən səmimi salam
və ehtiramlarımla
fəzilətli ustad Səid bəy Nizamiyə hədiyyə".
Mahmud Teymurun 13 noyabr 1936-cı ildə Səid bəy Nizamiyə hədiyyə etdiyi ikinci kitab görkəmli
Misir yazıçısı
və dramaturqu Tofiq əl-Həkimin "Audətür-ruh" ("Ruhun
qayıtması") əsərinin
1933-cü il nəşridir. Kitabın titul vərəqində
yazıçının eynilə
yuxarıdakı avtoqrafı
öz əksini tapıb. Həmin ilin 28 noyabrında hədiyyə etdiyi digər kitab isə başqa bir ərəb yazıçısı, Mahmud A. əs-Seyyidin "Fi sain minəz-zəmən"
("Zamandan saatlar haqqında") adlı əsərinin birinci cildinin 1935-ci il
nəşridir. Kitabın titul
vərəqində Səid
bəy Nizamiyə bu əsəri hədiyyə etdiyini yazdıqdan sonra öz şəxsi möhürünü vurub.
Bu möhürün üzərində
aşağıdakı yazı
oxunur: "Mahmud Teymur,
əl-Əmir Hüseyn
küçəsi H 6. Əl-Cəzirə, əl-Qahirə bi Misir".
28 noyabr 1936-cı ildə
Mahmud Teymur Səid Nizamiyə daha iki kitab hədiyyə
edib. Onlardan biri Əbdül-Əsr Afifinin
"Əl-Hədi" ("Başçı") adlı
pyesinin 1933-cü il nəşri, digəri isə Mustafa Əbür-Raziqin "Əl-Bəhə"
("Gözəllik") tədqiqat
əsəridir. Birinci kitabın
titul vərəqində
yazıçının yuxarıda
göstərilən şəxsi
möhürü vurulub,
onun aşağısında
isə başqa bir möhür də basılıb.
Həmin möhürdə
bu yazılar oxunur: "Misir dirçəliş kitabxanası.
Mədabiğ küçəsi H 15, Misir, telefon-1394." İkinci kitabın
titul vərəqində
isə Mahmud Teymurun ərəb və ingilis dillərində olan başqa möhürləri vurulub.
1937-ci ildə isə
Mahmud Teymur Səid bəy Nizamiyə daha iki kitab
hədiyyə edib. Biri 20 fevralda
ərəb alimləri
Abbas Əllam və Əbdürrəhman
ən-Nasirin "Əl-Asrüz-zəhəbi
lil-islam fil-Əndəlus"
("İslamın Əndəlusdakı
qızıl əsri")
adlı kitabı, ikincisi isə 24 martda hədiyyə etdiyi doktor Mahmud Əhməd əl-Həfninin
qədim Misirin musiqisindən və musiqi alətlərindən
bəhs edən "Musiqa qudəməil-misriyyinə"
("Qədim misirlilərin
musiqisi") adlı kitabıdır.
Mahmud Teymurun dostu
və həmkarı Səid bəy Nizamiyə hədiyyə olaraq 1941-ci ildə göndərdiyi kitablar öz əsərləridir. Bunlardan biri
"Məktub aləl-cəbin
və qısəs uxra" ("Qorxağa məktub və başqa hekayələr"),
digəri isə "Nidaül-məchul" ("Məchulun
nidası") adlı
kitabdır. Mahmud Teymurun kolleksiyasındakı
"Əl-Hac Şibli
və əqasis uxra" ("Hacı Şibli və başqa hekayələr")
adlı kitabına yazdığı avtoqraf isə fərqlidir. Belə ki, o, bu kitabı
18 noyabr 1934-cü ildə
böyük alim, ustad Sədi Cauriyə hədiyyə etdiyini yazır.
Mahmud Teymurun hədiyyə
etdiyi kitablara yazdığı avtoqraflardan
məlum olur ki, yazıçı ilə Səid bəy Nizamini olduqca səmimi və isti dostluq
əlaqələri birləşdirib. Bu iki şəxsiyyət arasındakı əlaqələrin
gələcəkdə aydınlaşdırılması
mümkün olarsa və Səid bəy Nizaminin kimliyi müəyyənləşdirilərsə,
bu, Misir-Azərbaycan ədəbi əlaqələrində
yeni üfüqlərin
açılmasına gətirib
çıxara bilər.
Kamandar Şərifov,
filologiya elmləri doktoru
Xalq Cəbhəsi.- 2014.- 7 fevral.- S.13.