Karikatura sənətində azadfikirlilik
ideyaları
Bu gün də
söz-fikir azadlığının inkişafında karikatura
sənəti mühüm rol oynaya bilər
Karikatura rəssamlığın elə janrıdır
ki, burada fikrin, düşüncənin ifadə olunması əsas
məqsəddir. Karikatura janrının dünyada zəngin
ənənəsi mövcuddur. Hazırda
dünyada karikatura sənəti çox güclü şəkildə
inkişaf edir. Kompüter əsrində
internetdə karikatura sənətinə dair onlarla saytlar var. Azərbaycan
karikaturaçılarının beynəlxalq sərgilərdə
iştirakı, əsərlərinin karikatura saytlarında yerləşdirilməsi
Azərbaycan karikatura sənəti haqqında bitkin bir təəssürat
yaradır. Rəssamlıqda, xüsusən
də karikatura sənətində eybəcərliyə
gülüş ifrat həddə ifadəsini tapıb, indi də
belə nümunələr yaranır. Di gəl
ki, tamaşaçı özündə ciddi köklənmək,
eybəcərliklərdən islah olunmaq üçün
güc tapa bilmir. Bunun əsas səbəbi
sənətin büsbütün insaniliyin tələblərinə
köklənə bilməməsidir. Əsil
gülüş insanın istənilən vəziyyətlərdə
nikbin qalmasına yardımçı olur, onu naşı, hərcayi
gülüşlərdən qoruyur. Özünə
müəyyən mənada sahib olan insan əslində sənətdəki
ciddi məqamları ağlına, ürəyinə
yığır, onları daxilində böyüdür,
artırır.
Bu mənada
Azərbaycanda ciddi yaradıcı, incəsənətin müəyyən
sahələrinə təsir edən gülüşün
yaranması və inkişafında "Molla Həsrəddin"in
müstəsna xidmətləri var. "Molla Həsrəddin"in
qurucusu və ideyavericisi olan böyük yazıçı Cəlil
Məmmədquluzadə jurnalın cəlbedici, özünəməxsus
çıxması üçün çox axtarışlar
aparırdı. Onun felyetonlarının
mövzusuna, ümumən jurnalın qayəsinə uyğun
karikaturaçı-rəssamlar axtarıb tapması bu
baxımdan çox uğurlu alınmışdı.
"Molla
Həsrəddin" jurnalının az vaxt
ərzində məşhurlaşmasında "Mollanəsrəddinçi"
rəssamların xüsusi rolu olmuşdu. Azərbaycanda
karikatura sənətinin tarixi XX yüzilin əvvəllərinə
təsadüf edir. Jurnal 1906-cı ildə
nəşrə başlayandan sonra Azərbaycanda karikatura sənəti
yaranmağa və inkişaf etməyə başladı.
"Molla Həsrəddin" jurnalı məhz Təbrizdə
çıxan dövrdə karikatura sənəti İranda intişar tapdı. Həyatın
eybəcərliklərinin komik şəkildə təsviri,
insanın daxili eybəcərliklərdən islah edilməsi
istəyi karikatura sənətinin başlıca tələblərindəndir.
Əzim Əzimzadədən başlanan bu məktəb
sonrakı dövrdə özünün xeyli istedadlı
ardıcılını yetirib. Azərbaycanda Əzim
Əzimzadədən üzü bəri karikatura sənəti
tarixində bu vaxta kimi imzası tanınmış onlarla
karikaturaçı rəssam var.
İlk
"Molla Həsrəddin"çi rəssamlardan biri olan
alman rəssamı Oskar Şmerlinqin jurnalın
populyarlaşmasında mühüm xidmətləri var. Cəlil
Məmmədquluzadənin həyat və
yaradıcılığının tanınmış
araşdırıcısı, "Molla Həsrəddin" ədəbi
məktəbinə həsr olunmuş kitabların, elmi əsərlərin
müəllifi, akademik İsa Həbibbəylinin Oskar
Şmerlinqin həyat və yaradıcılığı ilə
bağlı araşdırmaları diqqətəlayiqdir. Yüzillik karikatura sənəti sahəsində zəngin
ənənələri olan Azərbaycan rəssamlığının
sözügedən sahəsinin daim öyrənilməsi
günümüz üçün olduqca aktualdır. "Molla Həsrəddin"in yaradıcısı Cəlil
Məmmədquluzadə tükənməz bir ideyaverici olaraq
özü mövzuları "Molla Həsrəddin"çilərə
verirdi. Oskar Şmerlinqin "Molla Həsrəddin"
məcmuəsini bəzəyən məşhur
karikaturaları jurnalın xəttini, məqsədini, məramını
gözəl ifadə edirdi. Cəlil Məmmədquluzadə
"Molla Həsrəddin" jurnalının nəşrinə
başlayarkən Azərbaycanda peşəkar satirik rəssam
olmadığı üçün jurnala rəsm çəkmək
işinə ilk növbədə Tiflisdə yaşayıb
yaradan alman rəssamı Şmerlinqi dəvət edib. Şmerlinq Cəlil Məmmədquluzadənin təklifini
təmənnasız surətdə qəbul edib. O.Şmerlinq 1906-1917-ci illərdə "Molla Həsrəddin"
jurnalının əsas rəssamlıq funksiyasını
bacarıqla yerinə yetirib. "Molla Həsrəddin"
jurnalının aparıcı ideyalarını əks
etdirdiyindən onun rəsm əsərləri əksər
hallarda jurnalın birinci səhifəsində, yəni üz
qabığında özünə layiqli yer tapıb. Milliyyətcə alman olmasına baxmayaraq Oskar
Şmerlinq Azərbaycan mühiti və mənşəyini, azərbaycanlıların
həyatını və psixologiyasını dərindən
öyrənib. Şmerlinqin nadir
fırçasının məhsulu olan "Sizi deyib gəlmişəm",
Qafqazda mədrəseyi-ruhaniyyə", "Hiyə məni
döyürsünüz?", "Molla Həsrəddin",
"İran sərhəddindən", "Xabi-qəflət",
"Müsəlman məclisində rus zabiti", "Məhəmmədəli
şahın Təbrizdən çıxması" və s.
kimi yüzlərlə satirik rəsmləri sözün
geniş mənasında karikatura sənətinin şah əsərləri
səviyyəsinə yüksəlib.
Qeyd edək ki, "Molla Həsrəddin"
jurnalının ilk sayının üz
qabığındakı məşhur karikaturanın müəllifi
Oskar Şmerlinqdir. O, həm də "Molla Həsrəddin"in bədii
obrazını yaratmaqla bu obrazın təkcə Azərbaycanda
deyil, bütün Şərq aləmində qəbul edilməsinə
nail olub. Bu cəhəti xüsusilə nəzərə
çarpdıran professor İsa Həbibbəyli yazır ki,
"Molla Həsrəddin"in bədii obrazını ilk dəfə
və çox mükəmməl şəkildə Oskar
Şmerlinq yaradıb: "Şmerlinqin çəkdiyi Molla Həsrəddin
portreti uzun illər müxtəlif süjetlərlə birlikdə
ayrı-ayrı vəziyyətlərdə "Molla Həsrəddin"
jurnalında çap olunub. Şmerlinqin yozumunda
Molla Həsrəddinin müdrikliyi və uzaqgörənliyi,
yüksək vətəndaşlıq keyfiyyətləri
böyük məharətlə canlandırılıb. Onun rəsmlərində Molla Həsrəddinin daxili
aləmi ilə yanaşı zahiri əlamətləri də milli
kaloritə, Şərq adətlərinə uyğun şəkildə
təsvir edilib. Bir sözlə, Azərbaycan
xalq satirasının baş qəhrəmanı Molla Həsrəddinin
portreti alman rəssamı Oskar Şmerlinqin kəşfidir".
Karikaturaçı-rəssam
Bayram Hacızadənin fikrincə, görkəmli
yazıçı Cəlil Məmmədquluzadənin "Molla
Həsrəddin" jurnalı istedadlı şair və
yazıçılarla yanaşı karikaturaçı rəssamlara
da öz sözlərini demək üçün geniş
imkanlar açdı: "1906-1917-ci illərdə jurnalın
ilk baş rəssamı olmuş O.Şmerlinq Mirzə Cəlillə
dost və həmfikir idi. Bu istedadlı insanlar
ölkədə baş verən ictimai-siyasi hadisələrə
öz tənqidi münasibətləri ilə seçilən
digər rəssam-ştrix şəklin ustası kimi
tanınan İ.Rotteri də əməkdaşlığa cəlb
etdilər. O zamanlar çap olunan "Kəlniyyat",
"Məzəli", "Zənbur", "Baraban" və
başqa satirik jurnallarda karikaturaçı-rəssam kimi fəaliyyət
göstərən gənc rəssam Əzim Əzimzadə
jurnalın ilk nömrəsindən "Molla Həsrəddin"lə
əməkdaşlıq etməyə başlayır. Bununla da Azərbaycanda karikatura məktəbinin təməl
daşı qoyulur. "Molla Həsrəddin"
bu istedadlı rəssamların sayəsində çoxluq təşkil
edən savadsız əhalinin şəkillərinə baxa biləcəyi
bir rəngli toplu idi. Tiflis Rəssamlıq Məktəbinin
şagirdi Xəlil Musayev, Rəfael Telenqater, A.İbrahimzadə,
Yusif Vəzir Çəmənzəminli, jurnalı Təbrizdə
çap olunduğu müddətdə rəssam Səid Əli
Behzat və başqaları jurnalın sovet dövrünə qədərki
zamanında saysız-hesabsız əsərləri ilə
çıxış etmişdilər. 1917-ci ildə
"Molla Həsrəddin" jurnalının baş rəssamı
kimi çalışan Ə.Əzimzadə ətrafına Qəzənfər
Xalıqov, İsmayıl Axundov, Əmir Hacıyev, Hüseyn
Əliyev kimi istedadlı rəssamları cəlb
etmişdi".
1930-cu illərdən heç bir satirik jurnalın
çap olunmadığını qeyd edən B.Hacızadə
bildirir ki, 1952-ci ildən "Kirpi" jurnalının nəşrə
başlaması dövrün, zamanın tələbi idi.
"Kirpi" jurnalının nəşrə
başlaması karikatura janrının inkişafında
müstəsna rol oynayıb. Bu sahədə yeni ənənələrin
yaranmasına təkan verib. Yarandığı
zaman jurnalın baş rəssamı istedadlı
karikaturaçı Həcəfqulu İsmayılov olub.
Bayram Hacızadənin "100 illik karikatura tariximiz"
adlı kitabında bir əsr ərzində karikatura sahəsində
zəhməti olan karikaturaçı rəssamlarımızın
əsərlərindən xeyli nümunələr verilib. Müəllif
qeyd edir ki, bir əsrlik tarixi olan Azərbaycan karikatura sənəti
nəinki özlüyündə, eləcə də dünya
karikatura sənəti tarixində çox böyük
dövrdür. Cəlil Məmmədquluzadənin
1906-cı ildə böyük zəhmətlə başa gətirdiyi
"Molla Həsrəddin" jurnalının ilk nömrəsini
uğrunda çalışdığı, əyintiləri ilə
barışmadığı, canından çox sevdiyi
yurddaşlarına təqdim etdi: ""Molla Həsrəddin"
böyük bir mədəni abidədir. O, həm ədəbi,
həm də təsviri sənət hadisəsidir. Ədəbi yöndən geniş araşdırmaya cəlb
edilən jurnalın təsviri sənətdəki əhəmiyyəti
təəssüf ki, sənətşünaslar tərəfindən
ciddi tədqiq edilməyib. Təqdim olunan
bu kitabda 100 illik Azərbaycan karikaturasında "Molla Həsrəddin"
jurnalının rolu və təsviri sənətimizdəki əhəmiyyəti
ilə tanış olmaq mümkündür".
"Molla Həsrəddin" fəaliyyət göstərdiyi
hər üç məkanda iz qoya bilib. 1921-ci ildə
jurnalın 8 nömrəsi Təbrizdə nəşr olundu.
Orada çıxan həmin sayların
karikaturalarını rəssam Seyid Əli Behzad çəkib.
"Molla Həsrəddin"in Təbrizdə nəşr
olunması bütövlükdə müasir İran karikatura sənətinin
əsasını qoymaqla onun inkişafına təkan verdi.
Müəllif "Molla Həsrəddin"dən sonra
çıxan çoxsaylı satirik jurnallar haqqında da
qısa məlumat verir. İlk satirik nəşrimizdən
üzü bəri xidməti olan bütün
karikaturaçı rəssamların adlarını çəkir,
onların əsərlərindən nümunələr təqdim
edir. Kimlər yoxdur bu sırada; Oskar Şmerlinq, İozef
Rotter, Əzim Əzimzadə, Qəzənfər Xalıqov,
İsmayıl Axundov, Hüseyn Əliyev, Vsevolod Ternavski, Ziya Kərimbəyli,
Sadıq Şərifzadə, Ələkbər Zeynalov, Arif
Ələsgərov, Adil Quliyev, Mikayıl Abdullayev, Kazım
Kazımzadə, Tahir Salahov, Oqtay Sadıqzadə...
Son
dövrlərin tanınmış karikaturaçılarından
olan Bulud Qasımov, Yavər Əsədov, Hafiz Həsiroğlu,
Soltan Soltanlı, Seyran Cəfərli, Elman Mirzəyev, Bayram
Hacızadə və başqalarının zəhməti
xüsusi qeyd edilməlidir.
Bu gün söz-fikir azadlığının inkişafında, ifadəsində karikatura sənətinin qarşısında duran mənəvi borc daha aydın görünür: insanın şərdən arınmasında, özündəki naqisliklərə bələdliyində müəyyən rol oynayan karikatura sənətinin bir əsas problemi göz önündədir. O da ki, karikaturaçılığa hava-su kimi gərək olan yeni, bənzərsiz ideyaların çatışmamasıdır. Hazırda dünyada bu sahədə problemlərin yaşanması da təbii sayılır. Ümumən dünyada bütün yaradıcı sahələrdə bir ideyaçılıq, təkrarçılıq hökm sürməkdədir. Çıxış yolu isə insanların daim inadlı, mənəvi axtarışlarda olmasından asılıdır. Bəşəriyyətin yaradıcı imkanları isə tükənməzdir.
Uğur
Xalq Cəbhəsi.-
2014.- 8 fevral.- S.11.