Jurnalistlərin peşə
davranışı normalarına əməl etməsi problemləri
Ən optimal yol cəmiyyətin
ideya, siyasi tərbiyə işini daha düzgün
formalaşdırmaqdır
Söz azadlığını təkcə XVII əsrdə
anqlo-sakson hüququnun ortaya çıxartdığı
doktrina kimi qəbul etmək doğru olmazdı. Onu
bütünlüklə insanlığın təbii haqqı
və bir əsas mübarizə və yaşam hədəfi
olaraq qəbul etmək lazımdır. Hər
şeyi ifadə edəcək gücdə olan söz-fikir
azadlığından məhrum edilmiş insan öz xisləti
ilə qarşı-qarşıya qoyulmuş, zəncirlənmiş,
buxovlanmış fil kimidir. Bu qeyri-təbii
vəziyyət fərdləri gizli, amma daha emosional və
radikal fikirlərə, kəskin addımlara təhrik edir.
Bunların isə heç bir ölkəyə,
heç bir xalqa əsaslı faydası olmamışdır.
Nəhayət insanlıq cəmiyyət həyatının
nəinki sabitliyində, eləcə də inkişafında
söz azadlığının mühüm çəkiyə
malik olduğunu dərk etdi və bunu dünyanın ən
mötəbər kürsülərindən bəyan etməyə
başladı. Həqiqətlər
müzakirə və təhlillər zamanı daha bariz şəkildə
üzə çıxır. Bu isə
yazılı söz azadlığını tələb
edirdi. Nəticədə yazarların -
jurnalistlərin və ümumilikdə mətbuatın söz
azadlığı tələbi yarandı.
Yazar Hafiz
Mirzənin fikrincə, "söz azadlığının
formalaşdırılması sahəsində daha zəngin
tarixi proses yaşamış İngiltərə və Fransada
bu məsələni müxtəlif və dolanbac ifadələrlə
təsbit etməyə çalışdılar.
"İdeya və rəylərin azad ifadə olunması
insanın ən qiymətli hüquqlarından biridir. Müvafiq olaraq, hər bir vətəndaş azad
şəkildə danışa, yaza və çap edə bilər.
Lakin vətəndaşlar qanunların müəyyən
edəcəyi sui-istifadə hallarına görə məsuliyyət
daşıyacaqlar". Bu maddə digər
tərəfdən azad sözə qoyulan bir qadağa idi.
Azad sözün çap üsulu ilə kütləvi
şəkildə ifadəsi ona nəzarət mexanizmini -
senzuranı yaratdı. Təyin edilmiş məmurun
çapdan əvvəl verəcəyi rəyi ifadə edən
bu senzura aradan qaldırılsa da, əvəzində azad dərc
edilənləri sonra isbata yetirmək tələbi yarandı.
Ən doğrusunu isə İngiltərənin
kaloniyaları sayılan dövlətlər
formalaşdırdı. ABŞ öz müstəqilliyini
elan etdikdən bir neçə il sonra -
1791-ci ildə konstitusiyasına on əlavə etdi. Məhz birinci əlavə dinin dövlətdən
ayrıldığını və söz azadlığını
təsbit edirdi. Konqres söz və mətbuat
azadlığını məhdudlaşdıracaq heç bir
qanun verməyəcəyi barədə qəti öhvəlik
götürürdü. Lakin bu, söz
azadlığının anarxiya, xaos və
başqalarının azadlıqlarını məhdudlaşdıracaq
həddə qalxmayacağına təminat vermirdi. Qərb
ölkələrində ona dörd aspektdən
yanaşmağa çalışdılar: həqiqət,
demokratiya, aftonomluq və neqativ nəzəriyyələr. "Hər bir nəzəriyyə cəmiyyətə
açıq şəkildə təqdim edilməlidir və
bundan qorxmaq lazım deyil, məhz ona faydalı olanı cəmiyyət
özü seçib götürəcək" - xarici
ölkələrdə indi də belə
düşünürlər. Azərbaycan
prizmasından baxdıqda bunun doğru və haqlı tərəfləri
ilə yanaşı gəncliyi çaşdıracaq, yolundan
azdıracaq və ya milli-mənəvi dəyərlərə
qarşı qərəz ifadə edəcək tərəfləri
də çılpaq formada görünməkdədir. Xüsusən də müharibə şəraitində
yaşayan bir ölkə ilə tam rahat, firavan, təhlükəsiz
həyat yaşayan və dini dəyərləri tamam fərqli
olan ölkələri eyniləşdirmək doğru
olmazdı. Amma ideyanın məqbul tərəfləri də
yox deyil: insanların öz fikirlərini azad ifadə edə
bilmədikləri cəmiyyətdə özünü təsdiq
imkanları və demokratik, azad seçkilər ola
bilməz. Bu da bir həqiqətdir ki, hökumətlərin
özünə özü tərəfindən nəzarət
düzgün icra edilə bilməz. Bu
yalnız azad sözlə ediləcək tənqidi yolla
mümkündür. Onu tənqid edəcək
söz - mətbuat isə hökumətdən asılı
olmamalıdır. Yalnız bu halda azad mətbuat
ictimai nəzarət funksiyasını tam uğurla
daşıya bilər. Lakin bu da söz
azadlığının heç bir sərhəd
tanımadığını ifadə etmir. Söz azadlığı başqa birisinin
söyülməsinin mümkünlüyünü təqdir
etmir. Amma bundan əvvəl cəmiyyət nəyin
söyüş, təhqir, nəyin isə tənqid ola biləcəyini dəqiq müəyyən
etməlidir. Azad söz cəbhəsində siyasət,
ədəbiyyat, incəsənət, reklam daha öndədir və
bu zaman ona heç bir müdaxilə qəbul edilmir. Bunlardan sonra gələn söyüş, ədəbsiz,
nalayiq jarqon ifadələrə görə isə azad söz
cavabdehlik daşımır və bu hal məhkəmə
araşdırmasına qədər yol keçə bilər.
Real vəziyyət xarici ölkələrdə
də, Azərbaycanda da eynidir. Bir prinsipial
fərq orasındadır ki, xarici ölkələrdə həyat
tərzi, milli, mənəvi və dini dəyərlər hər
nalayiq ifadəni, hətta aşkar söyüşü də
təhqir kimi qəbul etməyə bilir. Qərbdə
konkret şəxsi qıcıqlandırmayacaq, onu əks,
radikal, kəskin fiziki cavaba təhrik etməyəcək
söyüş müəllifə məhkəmədə həbs
qəti imkan tədbiri qazandırmır. Azərbaycanda
isə xalqın bir çox ifadələrə yanaşma tərzi,
ifrat söz azadlığına ictimai mövqeyi bir qədər
fərqlidir. Yəni, söz
azadlığı bütün qanunlarla təsbit olunsa da, hər
söz, hətta bu aşkar həqiqətdirsə belə
geniş ictimaiyyətə çıxardıla bilməz.
Heç kəs və heç bir qrum səhflərdən
sığortalanmamışdır. Hər
bir şəxs və qurum, hətta məhkəmələr də
səhv edə bilər. Eləcə də
jurnalistin bəzən səhvlər buraxması
mümkündür və buna görə onun kəskin ittiham
olunması, qəzetlərin cərimələnməsi,
bağlanması azad sözə qarşı basqı
sayılır. Lakin mətbu orqan və ya
jurnalist ardıcıl olaraq, qəsdən yalanlara, təhriflərə
yol verirsə, bu artıq qərəzdir,
düşünülmüş yalan və böhtandır.
Eyni zamanda şəxsin söz
azadlığına güvənərək birbaşa və
aydın şəkildə ictimaii itaətsizliyə, təşvişə,
xaosa, zorakılıq, terror və diversiyaya səbəb olacaq
çağrışlar etməsi də yolverilməzdir.
Bütün bu cür hallar baş verməsin deyə
jurnalistin peşə davranış normaları müəyyən
edilməli və buna riayət olunmalıdır.
Mərkəzi Brüssel şəhərində yerləşən
Beynəlxalq Jurnalistlər Federasiyası (BJF) elə bir sənəd
hazırlamışdır. BJF-a daxil olan 121
ölkə bu kodeksi qəbul edib və bunun əsasında
özünün milli peşə davranış
qaydalarını tərtib etmişdir. Eləcə
də ölkə jurnalistlərinin I qurultayında (2003) Mətbuat
Şurasının (MŞ) təqdimatı ilə "Azərbaycan
jurnalistlərinin Peşə Davranış Qaydaları"
adlı sənəd qəbul edilib. 160 min
jurnalisti birləşdirən BJF-nin və eləcə də
20 min jurnalisti birləşdirmiş Britaniya Milli Jurnalistlər
Birliyinin davranış və əxlaq kodekslərində
çox ciddi müddəalar təsbit olunub. Hər bir əcnəbi
jurnalist ictimaiyyətin həqiqəti bilmək hüququna
hörmətlə yanaşmalı, xəbərlərin obyektiv
toplanmasına, onu vicdanla və dəqiq ötürməyə,
tənqid və şərh zamanı ədalətli olmağa
çalışmalı, mühüm məlumatların gizlədilməsinə,
saxtalaşdırılmasına, plagiatlığa yol verməməli,
xəbər, şəkil, sənəd əldə edərkən
qanuni yollara istinad etməli, gizli yolla əldə olunan məlumatın
mənbəyini məxfi saxlamalı, qeyri-dəqiq və
yanlış informasiya yaydığı müəyyən edildikdə
isə jurnalist onu düzəltməkdən ötrü konkret
tədbirlər görməlidir. Bunlarla
yanaşı beynəlxalq aləmdə jurnalist
üçün plagiatlıq, şər, böhtan, iftira, əsassız
ittihamlar, qərəzli, yanlış şərh və əldə
etdiyi məlumatın nəşr edilməməsi müqabilində
pul alması ciddi peşə xətası hesab olunur. Eyni zamanda jurnalist öz peşə davranış
qaydalarına əməl edərək, hər hansı bir
şəxsin yaşı, cinsi, irqi, hüquqi və ailə
statusu, hətta cinsi orientasiyası barədə nifrətə
və ayrı-seçkiliyə aparıb çıxardan
materiallar yaymamlıdır. Lakin bu heç
də o demək deyil ki, beynəlxalq jurnalistikanın ən
aparıcı ölkələrində belə bunlara tam əməl
olunur. Britaniya şahzadəsi Diananın qəzaya
düşərək həlak olmasına məhz elə onun
şəxsi həyatına jurnalistlərin ciddi müdaxiləsi
səbəb olmuşdu. "Paparazi"
adlanan xüsusi qrup jurnalistlərin məşhurların şəxsi
həyatına kobud müdaxiləsi də məhz xarici ölkə
jurnalistlərinə aiddir.
Azərbaycan jurnalistləri siyasət liderləri barəsində
qara piar yaratmaq və şou-biznes nümayəndələrini
ifrat təbliğ etməklə peşə davranış
qaydalarını pozmuş sayılır. Azərbaycan
jurnalistlərinin Peşə Davranış Qaydaları
özündə həqiqətə xidməti, dəqiqlik və
obyektivliyi, informasiya qaynaqlarına hörmətlə
yanaşmanı, özünün və
çalışdığı orqanının təmiz
adının, şərəf və ləyaqətin
qorunmasını, şəxsi həyatın
toxunulmazlığına riayət olunması prinsiplərini
ifadə edir. Bu qaydalara ciddi əməl edən
jurnalistlər kifayət qədər çox olsa da, şayiələrin
yayılması və "reketçilik" halları da
günümüzün reallığıdır. Buna görədir ki, MŞ-nın "qara
siyahısına" 89 mətbuat orqanının adı
daxildir. 89 qəzet özlüyündə
yüzdən çox jurnalist deməkdir.
Bu günlərdə BMT-nin İnsan Hüquqları Şurası İnternetdə söz azadlığı haqqında ilk qətnamə qəbul edib. İlk baxışdan nə qədər mütərəqqi görünsə də, internetdəki Facebook sosial şəbəkəsi vasitəsilə Şimali Afrika ölkələrində başlanmış və hələ də davam edən süni qarşıdurmalar, itaətsizlik, qiyam və çevrilişlər nəzərdən yayına bilməz. Qondarma Wikileaeks saytı və onun rəhbəri Culian Assanc vasitəsilə ABŞ xüsusi xidmət orqanlarının öz məxvi, qismən də qondarma informasiyaları ilə virtual aləmdə beynəlxalq şantaj və kompromantla çıxış etməsi də, əslində bu sayt sahibi və admini sayılan jurnalistlərin virtual aləmdə heç bir davranış qaydaları və kodeks tanımadıqlarını ifadə edir. Bir yandan məhkəmələr guya ki, Assancın həbsinə qərar verir, digər bir yandan isə BMT səviyyəsində onun kimi şəxslər müdafiə olunur. Wikileaks saytının serverlər və ya xakerlər tərəfindən dayandırılmasının mümkünsüzlüyü də absurddur. Bu halda beynəlxalq qüvvələrin əsil niyyətlərini anlamaq çətin deyil. Şəxsi saytlar, bloqlar, müxtəlif maraq qruplarının informasiya portalları, sosial şəbəkələr qəzetlərdən daha böyük əhatəyə malikdir və virtual aləmdə daha çox jurnalist çalışır. Lakin virtual aləmdə müxtəlif qondarma adlar və niklər altında çıxış etmək imkanları olduğu üçün jurnalistin peşə davranış qaydalarına əməl etməsi orada nəzarətdən kənardadır. Kiber cinayətkarlığa qarşı mübarizə işini yüksəltməklə bu sahədə mühüm uğurlar qazanmaq olardı. Virtualda kodeks işləmir deyə qəzetdə edə bilmədiyini bəzi qərəzkar jurnalistlər virtualda rahatca gerçəkləşdirirlər. Davranış qaydalarını işlək və təsirli etməkdən ötrü virtual inspektor proqramlarını hazırlatmaq da mümkündür. Ən optimalı olanı isə cəmiyyətin ideya-siyasi tərbiyə işini daha düzgün formalaşdırmaqdır. Axı jurnalist də cəmiyyətin bir üzvüdür.
Cavid
Xalq Cəbhəsi.-
2014.- 13 fevral.- S.11.