Qumuq ədəbiyyatı
O zəngin şifahi xalq
yaradıcılığına dayanaraq milliliyini qoruyub saxlaya
bilib
XIX yüzilliyədək qaynaqlarda "qumuk ədəbiyyatı"
anlayışına rast gəlinmir. Qafqazı işğal
edən Rusiya işğalçılığını
uzunömürlü etmək - xalqları bölmək,
bir-birindən ayırmaq üçün çoxlu oyunlar
qurdu. Yüzillər boyu yazılı ədəbiyyatı
bir olan Türklərin hər bölgəsi, hər
qövmü üçün dil, ədəbiyyat, tarix
yaratmağa başladı. 1883-cü ildə
Sank-Peterburqda Məhəmməd Əfəndi Osmanovun
yayınlatdığı "Nokayski, kumukski reç"
kitabı qumuk ləhcəsində ilk kitab sayılsa da,
qumuqlardan toplanmış "Minkullnun yiri" Şumer
dastanı "Bilqamıs"la, "Eniligim, Senligim eshkini
ac!" nağılı şumerlerin keçi qurd (bəzən
də şir), "Bozoğlan" nağılı
"Kitabi-Dədə Qorqud"dakı Bamsı Beyrəyi,
"Koroğlu" nağılı "Koroğlu"
dastanını xatırladır. Bu cür
oxşarlıqlar folklorda deyil, yazılı ədəbiyyatda
da çoxdur.
Artıq qumuq yazılı ədəbiyyatının
tarixini XV yüzildə yaşamış Kamal Ummu Nuri ilə
başlayırlar. Onun yayınlanmış şeirləri isə
günümüzün qumuqcasından çox Azərbaycan və
Türkiyə türkcələrinə daha yaxındır.
Rus-sovet işğalçıları 150 ildə
qumuq dili, qumuq ədəbiyyatı yaratmağa
çalışsalar da, istəklərinə çata bilmədilər.
Nəinki qumuqlardan toplanmış folklor örnəkləri, hətta
günümüzün qumuq yazıçılarının əsərləri
ləhcə etibarı ilə bir az fərqlənsə
də düşüncə, üslub, mövzu etibarı ilə
ümumtürk ədəbiyyatının bir
parçasından başqa şey deyil.
Türk dilinin qıpçaq qrupuna daxil olan qumuq dili
üç ağıza (şivəyə) - buynak, xasavyurt və
qaytaq ağızlarına bölünür. Araşdırıçıların
fikrincə, ədəbi əsərlər buynak-xasavyurt
ağızı (şivəsi) əsasında yazılır.
Yüzillər boyu ərəb qrafikalı əlifbadan istifadə
edən qumuqlar Sovetlər Birliyində yaşayan əksər
türk xalqları kimi 1929-cu ildən latın
qrafikalı əlifbaya keçdilər. Ancaq bu,
uzun sürmədi. Onlar üçün də
1938-ci ildə kiril qrafikası ilə əlifba yaratdılar.
Bu əlifbada 38 hərf var. Türk
xalqlarının əksəriyyətinin danışarkən
eyni cür səsləndirdikləri səslər fərqli
işarələrlə göstərildiyindən onlar bir-birlərinin
yazılarını rahat oxuya bilmirlər.
Qumuqların yayılma arealı geniş deyil. Onlar toplu halda - Rusiyanın
Dağıstan Respublikasında, az qismi isə qonşu
İçkeriya (Çeçen), İnquş
Respublikalarında və Türkiyənin Üçqozen,
Kuşoturağı, Yavu, Akköprü, Doqan, Azize,
Keyikqırı kəndlərində yaşayırlar. Rusiyada bu dialektdə danışanların
sayının 350 min nəfər olduğu göstərilir.
Əksəriyyəti rus dilini ana dili kimi bilsə
də, bu dildən ictimai yerlərdə, hökumət idarələrində
ünsiyyət vasitəsi, yazı dili kimi istifadə etsə də,
öz aralarında ana dilində danışmağa
üstünlük verirlər.
Muhammat Efendi Osmanovun 1883-cü ildə Peterburqda çap
etdirdiyi kitab qumuq dialektində nəşr edilmiş ilk ədəbi
abidə sayılır. Bu kitaba noqaylardan və qumuqlardan
toplanmış folklor nümunələri və müəllifi
məlum olan şeirlər daxil edilib. Professor
Bəkir Çobanzadənin 1926-cı ildə Bakıda ərəb
qrafikalı əlifbada çap etdirdiyi "Qumuq dili və ədəbiyyatı
tədqiqləri" kitabını qumuqların ədəbiyyatına
dair ilk dəyərli elmi əsər adlandırmaq olar. Rusiya işğal altında saxladığı
xalqlar arasında bölücülük siyasəti yeritdiyindən
uzun illər qumuqlar yaşayan bölgələrdən toplanan
folklor nümunələri ümumtürk folklorundan
ayrılaraq qumuqların şifahi ədəbiyyatı kimi
öyrənilib. Buna görə də toplayıcılar
xalq arasında mövcud olan nümunələrin
hamısını deyil, məhz "qumuqlara aid olan folklor
nümunələri"ni toplamağa və
nəşr etdirməyə üstünlük veriblər. Qumuqların çap etdirdiklərinin bir qisminə
bölgənin tarixi şəxsiyyətləri və hadisələri
ilə bağlı olanlara başqa türk xalqlarında rast gəlinmir.
Ancaq bunlarda da qədim türk dastan, mif və
nağıllarındakı ifadələrə, epitetlərə
və başqa bədii təsvir vasitələrinə rast gəlmək
olur. Bədii təsvir vasitələrinin
oxşarlığına görə qumuqlardan toplanmış
"Minküllünü yırı"nı
qədim şumer dastanı "Bilqamıs"la müqayisə
edir və onu ən qədim qumuq folklor nümunəsi
sayırlar. "Bilqamıs" dastanının
qəhrəmanlarından Enkudu ilə Minküllü
arasındakı oxşarlıqları başqa folklor nümunələrində
də tapmaq olar. Qumuqlardan toplanmış
"Eniligim, Seniligim, eşkini aç!" uşaq
nağılı ilə qədim şumerlərdəki
keçi-canavar (bəzən də şir) əhvalatı ilə
də parelellər aparmaq olar. Hətta onu
da söyləmək olar ki, Azərbaycandan toplanmış
"Şəngülüm, Şüngülüm, Məngülüm!
Aç qapını mən gəlim!" nağılı ilə
müqayisədə qumuqlardan toplanmış mətnlərdə
keçinin balalarının adları Şumer
mətnlərinə daha yaxın səslənir. Bu nağıllarda keçi balalarını xilas etmək
üçün qurdla savaşır və qalib gəlir.
Qumuq folklorunda mifləri dilçilik
baxımından öyrənən İ.A.Xalipayevaya görə,
Dağıstan Respublikasının Kayaxan bölgəsində
bir Tanrıxan ağacı var. Bölgənin insanları həmin
ağaca tapınıb qurban kəsirlər. Baxmayaraq ki,
yüzillərdir bu bölgədə islam dininə sitayiş
etsələr də, onillərlə ateist təbliğatın
təsiri altında olsalar da, bu gün yenə Tanrıxan
ağacına və başqa bu kimi daş-qayalara sitayiş
edilir, Tanrının göy rəngdə olduğunu və bu rəngin
"ilahi gözəllik" anlamı verdiyini qəbul edirlər.
Onlarla folklor nümunəsi arasında belə
paralelləri aparmaqla həmin süjetlərin türk
xalqları arasında daha geniş
yayıldığını göstərmək olar. Bu, tarixçilərimizin də dadına çatar.
Qumuqlarda da toylarda, mərasimlərdə oxunan nəğmələrin
çoxu yeddi hecalıdır. Onlar çox vaxt
dörd misra şəklində ifa edilir.
Araşdırıcı Əmin Abid 1928-ci ildə bu problemə
diqqət yetirərək "Türk xalqları ədəbiyyatında
mani növü və Azərbaycan
bayatılarının xüsusiyyətləri" adlı tədqiqatını
çap etdirib. O, türk xalqlarından toplanmış beş
min dördlük üzərində apardığı
araşdırmasında yazır: "Qərb (Osmanlı) ləhcəsində
mani, çöl Krım türkcəsində çın,
Kazan ilə cənub Kırımcada cır, özbəkcə əşulə,
aşulə, İraq türk ləhcəsində turqu, qazax və
qırğızlarda kayım öləng, yaxud aytıspa"
adlanır".
Müəllifin fikrincə, bu dördlüklər
müxtəlif cür adlandırılsalar da, eyni kökdəndirlər. Maraqlı
burasıdır ki, türk xalqlarının bir çoxunda nəsr
şəklində olan folklor nümunələri qumuqlarda
yır kimi, yəni mənzum söylənildiyi halda,
"Koroğlu" kimi məşhur dastan nağıl
janrında verilir. Bu da
açıq-aşkar onu göstərir ki, dastan vaxtında onu
yaxşı bilən və söyləyən-informatorlardan
toplanmayıb. Qumuq folklorçularının
"Minküllünü yırı", "Anjili
qız"ı" igidlik eposu, "Abdullanı
yırı", "İşayının yırı", "Zoruşnu
yırı", "Eldaruşnu yırı",
"Akmurzanı ve Bekmurzanı yırı", "Ayqazini
yırı", "Torkalili Tonay biyii yırı"nı
igidlik-tarixi yırları, "Soltanmutnu yırı",
"İslam batırın ve Soltanmutnu yırı"nı və
sairə tarixi yırlar kimi təqdim etsələr də xalq tərəfindən
sevilə-sevilə oxunur və yeni-yeni əlavələr, dəyişikliklər
də edilir. Əsarət altında olan xalqlarda
işğalçılar əleyhinə yazılıb və
yaradılmış bədii əsərlərin ifası,
yazıya alınması və nəşri yasaq olsa da, insanlar
həmişə belə əsərləri sevib, gizlində
olsa da ifa edib, nəsildən-nəsilə ötürərək
yaşadıb. Nəhəng Rus dövlətinə
qarşı 20 ildən artıq döyüşmüş
Şeyx Şamil haqqında qumuqların yaratdıqları və
yaşatdıqları "Şamil yırı"da belə
folklor nümunələrindəndir. Qumuqlar
arasında İmam Şamil və onun mübarizəsi ilə
bağlı çoxlu şeir, mahnı, rəvayətlər
olsa da, onlar vaxtında toplanıb çap edilməyib.
Qumuqlarda folklorun toplanmasına ilk başlayan M.Osmanov
olmuşdusa, sonrakı illərdə bu sahədə
D.Şixalıyev, A.Şamsüdinov, M.Alibekov, S.Hacıyeva,
A.Hacammatov, A.Hacıyev, K.Abukov, A.Abdullatipov və A.Sultanmuradov,
A.Hacıyev və başqaları böyük işlər
görüblər. Siyasi sifarişlərin
azalmasından yararlanan qumuq folklorçuları son illər bir
çox maraqlı nümunələr çap etdiriblər.
Mifoloji, maqiq mətnlərin, müstəmləkəçilərə
qarşı döyüşmüş igidlərə həsr
olunmuş yırların və s. çap edilməsi dediklərimizə
nümunədir. Bütün bunlar qumuq
xalqının əski çağlardakı dünyagörüşünü
ortaya qoymağa imkan verir.
İnsanları doğruluğa, ədalətə, düzlüyə, mərdliyə, sədaqətə səsləyən atalar sözləri, "beynin idmanı" adlandırılan tapmacalar, müdrik fikirlər aşılayan nağıllar, mərasim nəğmələri əvəzsiz bədii nümunələr olub yazılı ədəbiyyatın inkişafına təkan verib. Qumuq yazılı ədəbiyyatı uzun illər klassiklərindən mərhum edilsə də, zəngin şifahi xalq yaradıcılığına dayanaraq milliliyini qoruyub saxlaya bilib.
Qumuqlar qədim tarixləri ilə qürur duysalar da, uzun illər yazılı ədəbiyyatlarının tarixini XIX yüzillikdə yaşamış Yırçı Kazakla başlayıblar. Bu da səbəbsiz deyildi. Doğum və ölüm ili dəqiq məlum olmayan, təxminən 1830-cu ildə Tarkovsk uyezdinin Muslumavul (indiki Buynaksk rayonunun Atlanavul) kəndində anadan olan Kazak Tatarxan oğlu gəncliyindən gözəl yırlar - şeirlər söylədiyinə görə, xalq arasında Yırçı Kazak kimi tanınıb. Doğulduğu bölgədə xarakterik olan bir işdə - qızqaçırmada (gəncliyində dostuna sevdiyi qızı qaçırmasına kömək etmişdi) iştirak etdiyinə görə həbs edilərək Sibirə sürgün edilir. Sibirdə olarkən vətən həsrətli, ayrılıq nisgili və zəmanəsindən, məmurların özbaşınalığından, haqsızlıqdan, ədalətsizlikdən bəhs edən şeirlər yazır. Vətənə döndükdən sonra da yazı üslubuna sadiq qalır. Şairin şeirləri arasında aşiqanə, lirik nəğmələr olsa da, yaradıcılığının əsasını zəmanədən şikayət, düşmənlərinin ona etdikləri pisliklər, məmurların isə haqsızlıqlara göz yummalarının tənqidi təşkil edir. Gözəl şeirlərilə xalqının qəlbini ovsunlayan şairi düşmənləri təxminən 1879-cu ildə öldürtdürürlər.
Yırçı Kazakın ağrılı-acılı ömür yolu və zəmanədən narazılıq dolu şeirləri sovet ideoloqlarının işinə yarayır. Onun həyatına və yaradıcılığına bir sinfi mübarizə donu geydirərək təbliğ etməyə başlayırlar. Hansı ki, Yırçı Kazakdan öncə yaşamış və müasiri olmuş, ənənəvi doğu şeir üslubunda - didaktik, əxlaqi, lirik şerlər yazmış Kamal Ümminin, Abdürrahman Kakaşuralının (Atlıboyunlu), Muhammat Efendi Osmanov və başqalarının adı çəkilmirdi. Bu tendensiya tarixşünaslıqda da özünü göstərirdi. Ulu babaları qüdrətli türk dövlətləri qurmuş qumuqlara XVII-XIX yüzilliklərdə mövcud olmuş yerli özünüidarə qurumları, yəni yerli feodalların hakim olduğu Pargu Şavhallığı, Mehtulu xanlığı, Endrey, Köstek və Yahsay bəylikləri qumuq dövlətləri kimi tanıdılır və bunlarla qürur duymaları təbliğ olunurdu. Sovetlər Birliyi çökdükdən sonra bu ideoloji təsirlər də aradan qalxmağa başladı. Hələlik qumuqlar ədəbiyyatlarını zəngin folklorları və XV yüzildə yaşamış Kamal Ümmi (Nuri) ilə başlayırlar.
Əli Şamil,
araşdırmaçı
Xalq Cəbhəsi.-
2014.- 14 fevral.- S.14.