Sovet imperiyası
azadfikirliliyə qarşı idi
Hizaməddin Şəmsizadə:
"20-ci illərdə ədəbiyyat sahəsində gedən
mübarizə ideoloji yalanlara qarşı
çevrilmişdi"
Ötən
yüzilin 20-ci illərindən başlayaraq Sovet
imperiyasının xüsusən türkdilli xalqların
inkişafına qarşı total hücumları
başladı. Moskva əsarətində
saxladığı türk xalqları ilə
sınırının o tayındakı türk xalqları
arasında əlaqəni qırmaq üçün çoxlu
üsullara əl atdı. Daxildəki
türk xalqlarının arasında ayrılıqlar yaratdı.
Eləcə də hər birinin mənəvi
imkanlarını bacardıqca tükətdi. Bunun ən optimal yolunu isə ziyalıları,
yazı-pozu adamlarını repressiya, məhv etməkdə
gördü.
1937-ci il yaradıcı adamların ürəyində
və ağlında dəhşətli xof yaratdı. Repressiyalar zamanı imperiyanın mütləq
hakimliyi bütün aydınlığı ilə
göründü, bilindi. Tanınmış ədəbiyyatşünas,
professor Hizaməddin Şəmsizadənin fikrincə, tarix
H.Cavidin, M.Müşfiqin, Ə.Cavadın, S.Hüseynin,
S.Mümtazın, Ə.Nazimin, Ə.Abidin, B.Çobanzadənin,
M.Quliyevin, H.Zeynallının - 1937-ci ildə
amansızcasına güllələnənlərin və
tutulanların əməllərinin təsdiqinə xidmət
edir: "Onlar az idi, ancaq buna baxmayaraq saf və qüdrətli əməlləri
ilə tarixə iz saldılar. Tarix hələ
onlara çox xidmətlər göstərəcək,
çünki onlar tarixi yaradanlar idi. 37-nin
tufanından sağ çıxmayanlar xalqımıza şərəf
və ləyaqət, sağ çıxanlar isə vahimə və
xəyanət bəxş etdilər. Adı Köləlik,
soyadı İmperiya olan bu vahimə sonrakı nəsillərin
mənəviyyatını zəhərlədi, xofun hakim
olduğu rəzil bir mühit yaratdı, tarixini əks yazan
manqurt alimlər, köləliyi səadət kimi mədh edən
şairlər, ədiblər yetirdi. İllər keçdi:
37-də 37-li metodun işgəncələrinə dözə
bilməyənlərin fəryadı sağ qalanlar üzərində
mənəvi qələbə himninə çevrildi. Hər bir xalqın taleyində "tarixin günahları"
adlanan amansız bir yalan qəbiristanlığı var. Bu, əslində
yalana, zora qarşı gücsüzlüyün simvolu, milli-mənəvi
qorxaqlığın ifadəsidir.
Zaman-zaman tarixin günahları açılaraq, hər
yeni nəsil üçün gizli bir vahiməyə,
milli-ictimai təslimçilik aşılayan xofa çevrilir. Hər bir nəsil
öz tarixi yükünü ləyaqətlə özü
çəkməyəndə "tarixin günahları"
ağırlaşır, sonrakı nəsillər
üçün ikiqat əzaba çevrilir. Tarixin günahlarını açmaq, həqiqətləri
üzə çıxarmaq bu gün ziyalının təkcə
professional yox, həm də əxlaqi borcu, vətəndaşlıq
vəzifəsidir.
XIX
yüzilliyin rus mütəfəkkiri M.Çaadayev: "Biz
qeyri-adi xalqıq, biz o millətlərdənik ki, sanki onlar bəşəriyyətin
tərkibinə daxil deyil və yalnız dünyaya hansısa
bir dəhşətli dərs vermək üçün
mövcud olur". Bu fikir əslində həmin
dəhşətli dərsin başlanğıcı - Türkmənçay
aktına cavab deyilmi?! "Dəhşətli
dərs"in növbəti mərhələsi 20-ci illərdə
başlandı - 37-ci ildə isə tamamlandı. Bu dərsin müəllimləri ağıllı tərpəndilər.
Millətlərin öz müqəddəratını
təyin etmək hüququ olduğunu və hamını
qardaş edən beynəlmiləlçiliyi elan etdilər,
kütlə buna inandı. Ziyalılar
üçün daha incə yol seçildi. Sonralar
sosializmin baş ideoloqlarından olan, 30-cu illərdə sovet
yazıçılarının nəhəng təbliğat
ordusunun başçısı A.Fadayev yazacaq: "Biz çox
idik və böyük axınla ədəbiyyata gəlirdik. Bizi birləşdirən doğma münasibət bəslədiyimiz
yeni dünya hissi və ona məhəbbətimiz idi".
Yeni dünya hissinə yad olan hər şeyi məhv edən
bu axın kütləyə layiq bir hərəkat idi,
çünki o, patavalı mujikin gündəlik mənafeyini sənətin
meyarına çevirirdi. "Sənət sənət
üçün" yox, "sənət xalq
üçün" olmalı idi. Lakin nə 20-ci illərdə,
nə də sonralar sənət xalq üçün ola bilmədi. Çünki ədəbiyyatın
70 illik tarixi göstərdi ki, bolşevik təbliğatı -
dəzgah "ülviyyətinə", mazut ətrinə,
pambığın ağ gün rəmzi olmasına,
yalançı əmək qəhrəmanına, İliç
lampasına, kolxoza, MTS-ə həsr olunmuş "əsərləri"
sənət ümmanı çirkab kimi özündən kənara
tulladı. Əslində 20-ci illərdə ədəbiyyat sahəsində gedən mübarizə də sənətdə
"yeni dünya hissi"
adlanan
yalana qarşı, həqiqi sənət uğrunda mübarizələr
idi".
Ötən
yüzilin 20-ci illərindəki Azərbaycan ədəbi
mühitini təhlil edən araşdırmaçı bu qənaətə
gəlir ki, 20-ci illərdə Azərbaycanda da tənqid sənətdə
təbliğata qarşı bədiyyat uğrunda mübarizə
aparır, təbliğat bədiyyatı üstələmişdi:
"Bu dövrdə bir çox mübahisələr ədəbi
irsə münasibətlə bağlı idi. Lakin
20-ci illər boyu sakit axarda, paralel inkişaf edən mübahisə
və mülahizələr 30-cu illərdə kəskinləşir,
qarşılıqlı ədəbi-siyasi ittihamlara
çevrilir. Bunun geniş araşdırmalar tələb
edən bir çox səbəbləri var. Ədəbi
mühitdə çaxnaşma və ziddiyyətlər əslində
Kommunist Partiyasının ədəbiyyat səhnəsində
siyasəti haqqında 1925-ci il qətnaməsindən
başlandı. Onun mahiyyəti ədəbi mühitdə
proletar ədəbiyyatının hegemonluğuna nail olmaqdan
ibarət idi. Bu sənəddə ilk dəfə 20-ci illərdə
fəaliyyət göstərən yazıçılar rəsmi
surətdə sinfi mövqedən üç qrupa
bölündü: proletar yazıçıları,
burjua-qolçomaq yazıçıları və
cığırdaşlar. Məhz bundan sonra ədəbi
mübahisələr bədii-estetik problemlərə doğru
yol aldı. Ən sürüşkən məsələ
cığırdaşlara münasibət idi. Əslində 30-cu illər ərəfəsində ədəbiyyatda
cığırdaşlar uğrunda çarpışma gedirdi.
Böyük Mirzə Cəlilin Sabirin heykəlinə baxaraq
dediyi "Vaxtında ölmək də xoşbəxtlikdir"
sözləri "köhnə" yazıçıların
20-30-cu illərdəki faciəsini dolğun əks etdirir. C.Məmmədquluzadəni, Ə.Haqverdiyevi,
C.Cabbarlını 37-ci ilin biabırçı işgəncələrindən
yalnız səbəbi hələ də müəmmalı
qalan "vaxtında ölmək" xilas etdi. Ədəbi-nəzəri qarşıdurmanın
ikinci əsas səbəbi partiyanın XVI qurultayında irəli
sürülən, bütün sahələrdə xüsusi
bir amansızlıqla həyata keçirilən "Sosializmin
bütün cəbhə boyu geniş hücumu!"
şüarı idi. Burada sosializmin necə deyərlər, iç üzü
açıldı. Lakin artıq gec idi. Sənədlərə diqqət yetirək.
"ÜK(b)P-nin XVI qurultayının qərarları
əsasında milli məsələyə meylə
qarşı mübarizə fəallaşdı. Bu
sahədə başlıca təhlükə fövqəl-dövlətçi
şovinizm olaraq qalırdı. Sosializmin bütün cəbhə
boyu hücumunun başlanması ilə əlaqədar
partiyanın bəzi üzvləri belə hesab edirdilər ki,
vahid beynəlmiləl dil tətbiq etməyin vaxtı
çatıb, siyasi, təsərrüfat və administrativ rəhbərliyi
mərkəzləşdirmək tələb olunurdu, az qala respublikaları ləğv etmək təklif
edilirdi. Nəhayət, üçüncü və
əsas səbəb Şərqlə, xüsusilə Türkiyə
ilə bağlılıq idi. Məlumdur ki, 20-ci illərin
görkəmli ziyalıları - H.Cavid, B.Çobanzadə,
Ə.Abid və s. Türkiyədə təhsil
almışdılar, inqilab ərəfəsində - Azərbaycanda
1920-ci il bolşevik işğalı
başlananda M.Rəsulzadə, M.Məmmədzadə,
Ə.Hüseynzadə, Ə.Topçubaşov,
Ə.Ağaoğlu kimi görkəmli şəxsiyyətlər
mühacirətə getmiş və xarici ölkələrdə
iş görürdülər. Əlbəttə,
bu, yalnız bəhanə idi. O zaman sovet dövlətinin
Türkiyə ilə rəsmi münasibətləri var idi.
Paradoks burasında idi ki, Moskvada Tofiq Fikrətin kitabı
çap olunur (1923), Leninqrad Şərqşünaslıq
İnstitutunun tələbəsi, tənqidçi Əli
Nazimin müəllimləri Samoyloviç və Bertelsin təşəbbüsü
ilə Türkiyəyə 6 aylıq ezamiyyəti və burada məqalə
çap etdirməsi ona qarşı ittiham üçün əsasa
çevrilirdi və s.
Beləliklə, partiyanın XVI qurultayından sonra
"Ədəbiyyat cəbhəsində" qəzeti
dövrün ruhuna uyğun olaraq iki həftədə bir
çıxan "Hücum" jurnalına çevrilir və
dərhal ədəbiyyat cəbhəsində opportunizmə
qarşı hücuma keçir. İlk saylardan birində Azərbaycan
proletar yazıçıları cəmiyyətinin gənc məsul
katibi Mehdi Hüseyn "Sol" maska altında opportunizm"
("Hücum", 1931, 9-10) adlı məqalə ilə
çıxış edərək kommunist tənqidinin vəzifələrini
göstərir: "Müasir kommunist tənqidi
qarşısında olduqca ciddi və məsuliyyətli vəzifələr
durur. Onun baş vəzifəsi sinfi düşmənin
proletar inqilabı əleyhinə hansı yollarla
çıxdığını, nə kimi vasitələrlə
ona qarşı durduğunu öyrənərək,
bütün yabançı sinfi təmayüllərin köklərini
arayaraq tapmaqla, onları şiddətli bolşevik atəşinə
tutaraq əzməkdən ibarətdir". Beləliklə,
"sinfi düşmən" tapmaq, onu "atəşə
tutmaq", "əzmək" ədəbi tənqiddə
estetik anlayışları əvəz etməyə
başlayır. Bu zaman təkcə M.Hüseynin yox, bir
çox tənqidçi və yazıçıların məqalələrində
belə anlayışlar işlənir, hamı bir-birinin
simasında "sinfi düşmən", onun "xalis"
Azərbaycan variantı olan "pantürkist",
"panislamist", trotskist, varonskiçi, plexanovçu və
s. axtarırdı. 30-cu ildə artıq
ayrı-ayrı yazıçı və tənqidçilərin,
hətta onların əsər və qəhrəmanlarının
"ədəbi məhkəmələri" başa
çatmaqda idi.
Bu zaman ədəbi
mübahisələrin düyün yeri 1931-ci il
idi. Doğrudur, artıq 29-cu ildə bu
mübahisələrin həddi görünməkdə, onun
başlıca meyilləri hiss olunmaqda idi. XVI
qurultayda irəli sürülən maksimalist şüar həmin
ziddiyyətli prosesi kəskin dərəcədə
qızışdırırdı. Yeri gəlmişkən,
deməliyik ki, 30-cu illər ərəfəsində rus ədəbi
prosesində olan ədəbi qrup və cərəyanlar
arasında da çəkişmə kəskinləşmişdi.
İncəsənətdə sinfiliyi ardıcıl yeridən, ədəbiyyatla
siyasət arasında analogiyanı qəbul edən
"Oktyabr", "Ədəbiyyat cəbhəsi", "Gənc
qvardiya" dəstələri birləşərək RAPP təşkilatını
yaratdı. Partiyanın ədəbiyyat sahəsində
siyasətini həyata keçirən RAPP-ın yerlərdə
təşkilatları, o cümlədən bizdə AzAPP
yarandı. Bu təşkilat sənətin mahiyyətini
başlıca olaraq forma və dildə axtaran "Lef" və
"Konstruktivistlər", intuitivizm, irrassionalizm yayan,
ideyalılıq və partiyalılığı inkar
mövqeyində duran "Serapinov qardaşları" və
"Aşırım" qruplarına qarşı mübarizə
aparırdı. Bütün bu qruplar və onların irəli
sürdüyü nəzəriyyələr rus sovet ədəbi
həyatı ilə sıx bağlı olan Azərbaycan tənqidinə
də ciddi təsir edir, onun ədəbi-nəzəri mürəkkəbliyini,
milli aspektlərini ideoloji baxımdan daha da
dolaşdırırdı. 1931-ci ildə
RAPP-ın rəhbərliyinə təbiətən maksimalist
olan L.Averbax gəldi və XVI qurultayın ruhuna uyğun
"Müttəfiq, ya düşmən!"
şüarını irəli sürdü. Beləliklə
də 31-ci il, sonralar 37-də repressiyaya məruz
qalan adamların taleyində düyün məqamına
çevrildi. Ədəbiyyatda, daha artıq tənqid
sahəsində ideoloji zəmində qarşılıqlı ədəbi-siyasi
ittihamlar və qorxunun, vahimənin eybəcər ifadəsi olan
etiraflar başlandı".
Uğur
Xalq Cəbhəsi.-
2014.- 14 fevral.- S.11.