Sözün Məmməd Araz zirvəsi
Xalqın içindən
çıxan bir insanın duyum və düşüncə tərzi
məhz belə aydın ola bilərdi
Məmməd
Arazı ilk dəfə 1973-cü il
mayında görmüşəm. Akademik Yusif Məmmədəliyev
adına Naxçıvan Dövlət
Pedaqoji İnstitutunun birinci kursunda oxuyurdum. Məmməd
Araz qələm dostlarından olan Fikrət Qoca və digər
tanınmış sənətkarlarla birlikdə
Naxçıvana gəlmişdilər. 60-cı
illərin sayılan və nüfuz qazanmış yazarları
ilə institut tələbələrinin görüşü
keçirilirdi. Görüşü
institutun prorektoru Abbas Mehdiyev aparırdı. Tələbələr
adından respublikanın paytaxtından gəlmiş
yazarları salamlamaq üçün Abbas müəllim
sözü mənə verdi. Məmməd Arazla Fikrət Qocanın
yazılarından xəbərdar idim, əslində o vaxt tələbələrin
və gənclərin ən çox sevdikləri bu ədiblərin
şeirlərinin çoxunu əzbər bilirdik. Fikrət Qocanın "Risq" şeiri, Məmməd
Arazın qoşmaları dillər əzbəri idi. Odur ki, mənim üçün danışmaq
çox da çətin deyildi, həm də onların
yaradıcılığı haqqında danışmırdım,
sadəcə olaraq onları salamladım və öz
yazdığım bir şeiri oxuyub yerimə keçdim.
Həmin görüşdə Fikrət Qoca "Risq"
şeirini oxudu. Məmməd Araz da vətən
haqqında şeir oxudu. Bir də
yadımda qalan odur ki, Məmməd Araz o vaxt çox
sağlam, saçları arxaya daranmış cüssəli, əsil
türk kişisi idi. O görüşdən sonra Məmməd
Arazın şeirlərini daha çox oxumağa
başladım, bəlkə indi də onun təsirini üzərimdə
hiss edirəm. Bəlkə də o təsirdəndir
ki, bədii yazılarımın əksəriyyəti Vətən
mövzusundadır.
Daha sonralar Məmməd Araz mənim üçün
daha da doğmalaşdı, sözün əyilməz heykəlinə
çevrildi.
Düşündüklərimi,
axtardıqlarımı Məmməd Arazda, onun poeziyasında
tapdım.
Bir
işıq tapdım, bir Araz dərdi tapdım, bir Vətən
nisgili tapdım...
Bir də gördüm Araz sevgisi içimə elə
köçüb, qəlbimə elə hakim kəsilib ki, bədənimin
istənilən bir hissəsini kəsib atmaq olar, lakin bu sevgini
qəlbimdən çıxarmaq mümkünsüzdür. Onda Məmməd
Arazı daha dərindən dərk etməyə
başladı, kitabları stolumun üstündən əskik
olmadı. Məmməd Araz təmannasız
şair idi, mərdlik, cəsarət, düzlük simvolu idi.
1980-ci ildə "Vətən mükafatı" adlı bir
şeir yazmışdı:
Heç
bir mükafatın yetmədi mənə,
Bircə
"sağ olun" da bəsimdi, Vətən!
Bəsimdi,
hər səhər təltif yerinə,
Qapımda
küləyin əsibdi, Vətən!
Ədib
1991-ci ildə Müstəqil Azərbaycan Respublikasının
ilk xalq şairi fəxri tituluna layiq görülmüş,
1993-cü ildə isə şairin adına
"Məmməd Araz" mükafatı təsis edilmişdi.
Zaman gəldi, 2004-ci ilin dekabrın 1-də Məmməd
İnfil oğlu İbrahimov - Məmməd Araz kimi
köçdü dünyadan, Fəxri xiyabanda dəfn olundu. Ancaq mənə
elə gəlir ki, Məmməd Arazın ruhu Arazın üzərindədir.
Ucalardan baxır, bizi Araza səsləyir.
Şair şeirlərinin birində belə demişdi:
Vətən
mənə oğul desə, nə dərdim,
Mamır olub qayasında bitərdim.
Məmməd Araz mamır olmadı. O, bir sevgi ağacı oldu və
Araz sevərlərin ürəyində bitdi. Yüz
illər keçəcək, gələcək nəsillər
də bugünkü insanlar kimi Məmməd Araz
ağacının kölgəsində dincələcəklər.
Elə mən özüm də bu ağacın
yarpaqlarının oxuduğu nəğməni duyuram, bu
ağacın sərinliyini, doğmalığını hiss
edirəm. Yaşımız artdıqca Məmməd
Araz bizə daha da yaxınlaşır. 2005-ci ildə
şairin "Vətən mükafatı" şeirinə
cavab olaraq "Bəsimdi" şeirimi yazdım:
Dünyadan
elə bir umacağım yox,
Mənə
salam verən çiçək bəsimdi.
Heç kimin
qapısın döyə bilmərəm,
Döyür
pəncərəmi külək bəsimdi...
Şil
görüm nəfsinə qul olanları,
Məramı,
məqsədi pul olanları,
Alçaltdı
ətəkdə dolananları,
Çox şükür, yetirir çörək bəsimdi.
Çox düşündükdən sonra Məmməd
Araz və xalq yaradıcılığı haqqında kitab
yazmağı qərara aldım. Məndən əvvəllər
də Məmməd Arazın yaradıcılığı
haqqında yazıblar, sonra da yazacaqlar. Hər
gülün öz ətri olduğu kimi hər yazının,
hər kitabın da öz ətri, öz ahəngi var. Ustad
şairin ruhu qarşısında bacardığım qədər
bir hesabat olaraq yazdıqlarımı özümə mənəvi
borc sayıram.
Ana yurdum,
hər daşına üz qoyum,
Hər dərəndə çaldığım saz
yaşayır.
Məmməd Arazın poeziyası indiyə qədər
bir sıra qiymətli araşdırmaların obyekti olub, əsərləri,
yaradıcılığı müxtəlif istiqamətlərdə
tədqiq olunub. Lakin konkret olaraq "Folklor və Məmməd
Araz şeiri" problemi sənətkarın
yaradıcılığını öyrənmək aspektində
öz elmi araşdırmasını gözləməkdədir.
Bizim məqsədimiz həmin boşluğu
aradan qaldırmaqdan ibarətdir.
Ötən
əsrin 50-ci illərinin ortalarından başlayaraq Azərbaycan
ədəbiyyatında sovet dövrünün tələblərindən
fərqli olan, yeni məzmunlu, insanın psixoloji
düşüncəsi, daxili narahatlığı, "milli mən"inin
taleyi, keçmişə münasibəti, azad durumu, fərdi
və ümumi baxışları əks olunan əsərlər
meydana çıxırdı. Ədəbiyyatımıza yeni
nəfəs, yeni məzmun gətirən ədəbi qüvvələr
içərisində Anar, Elçin, Mövlud
Süleymanlı, Sabir Əhmədov, Fikrət Qoca, Ramiz
Rövşən və başqa yazarların təşəbbüskarlığı
diqqəti cəlb edirdi. Belə yazarlardan biri də
xalq yaradıcılığından bəhrələnən,
folklor ənənələrini gözə çarpan və
çarpmayan qəliblərdə ədəbiyyata gətirən,
yazıları nağıllar və bayatılar qədər
şirin olan, yadda qalan Məmməd Araz idi. Müasir oxucu tərəfindən ən oxunaqlı, ən
çox sevilən şairlərdən olan Məmməd
Arazın yaradıcılığı rəngarəng və təkrarsızdır.
Məmməd Araz poeziyasının bu qədər
şirinliyi və ecazkar qüvvəyə malik olması, ilk
növbədə duyduğu, yaşadığı gözəlliklərin
xalqla təmasından qaynaqlanmış, xalq
yaradıcılığı süzgəcindən keçərək
ələnmiş, arıdılmış duyğu
düzümündə təqdim olunması ilə əlaqədardır.
Düşünmək olar ki, məhz xalqın içindən
çıxan, onun kəndlisi, çobanı, maldarı ilə
oturub-duran, nənələrin şirin nağılları ilə
yuxuya gedən, xoruz banı ilə yuxudan qalxan, ciyərlərinə
tərtəmiz dağ havasını çəkən bir
insanın duyum və düşüncə tərzi məhz belə
təmiz və aydın ola bilərdi.
Məmməd Araz vətənə, xalqımızın
adət-ənənəsinə, söz xəzinəsinə
bağlı olan, bu sonsuz maraq və məhəbbətini
yaradıcılığında dəfələrlə ürək
yanğısı ilə qələmə alaraq, bu incəlikləri
yetişməkdə olan nəsillərə ötürməyə
çalışan sənətkarlardan idi. Azərbaycan
dilinin şirinliyinə, ənənəvi adətlərə,
folklor qaynaqlarında qorunub saxlanılmış xalq
müdrikliyinə dərindən bağlılığı
onu içəridən tərpədir, bu axına
qoşulmağa vadar edirdi. Şairin
anası Cahan xanımın, atası İnfil kişinin təbirincə
desək, "Mahmud qızının" sinəsi
ağız söyləmələri ilə dolu idi. Anasının söyləmələri
uşaqlıqdan Məmmədin hafizəsinə
köçür, onun gələcəkdə bir vətəndaş,
bir xalq sənətkarı kimi yetişməsinə öz
müsbət təsirini göstərirdi. Təsadüfi
deyil ki, şairin ilk kitablarından biri anasına həsr
edilmiş "Anamdan yadigar nəğmələr" adı
ilə məşhurlaşıb müasir ədəbiyyatımızın
tarixində özünəməxsus yer qazanıb.
Şairin
yaradıcılığını diqqətlə izlədikdə
məlum olur ki, bütün həyatı boyu xalqın
yaratdığı müdriklik çeşməsinin təşnəsi
olan Məmməd Araz bu çeşmənin sərin
sularından heç vaxt ayrıla bilməyib, ona görə də
yetkinlik çağlarında nəşr etdirdiyi ən
sanballı poemasını "Atamın kitabı"
adlandırıb. Məmməd Araz
yaradıcılığında qazandığı uğurlara
görə valideynlərinə, nənə-babalarımıza,
atalarımızdan yadigar qalan mənəviyyatımıza və
əvəzedilməz söz xəzinəsi olan folklorumuza borclu
olduğunu dəfələrlə açıqlayıb.
Ümumilikdə
ədəbiyyatı bayatı, holavar, dastan, nağıl, əfsanə,
lətifə, zərb-məsəllərsiz təsəvvürünə
gətirə bilməyən Məmməd Araz folklordan kifayət
qədər yararlanaraq sonradan öz şeirlərində yeri gəldikcə
həmin mənbələrdən yaradıcı şəkildə
istifadə edə bilib. Məmməd Araz
Aşıq Ələsgərdən öyrəndiyini qeyd etməklə
yanaşı, həm də aşığın söz və
saz sənətinin yüksək qiymətini verməyə
çalışıb. Şair yetmiş
iki saz havası olmasına baxmayaraq, Aşıq Ələsgərin
sintez yolu ilə yüzdən artıq hava çala bilməsi
haqqında məlumat verib, onun qoşmalarının bədii
xüsusiyyətlərindən maraqlı detalları oxucularla
bölüşdürüb.
Məmməd Arazın əsərləri şifahi xalq ədəbiyyatından
gələn motivlər, nağıllar, ədəbi
üsullar, atalar sözləri, məsəllər, aşıq
poeziyası şəkilləri ilə zəngindir. Bu zənginlik
şairin təkcə poeziyasında deyil, həmçinin
publisist yazılarında da özünü qabarıq şəkildə
göstərir. Təsadüfi deyil ki, Məmməd
Araz yaradıcılığının böyük bir hissəsini
təşkil edən bu məqalələrdə xalqa, vətənə,
torpağa bağlılıq kimi tərbiyəvi, əxlaqi
keyfiyyətlər aşılanmaqla yanaşı, folklor
nümunələri və motivlərindən geniş istifadə
edildiyinin də şahidi oluruq.
Məmməd Arazın publisist yazılarının əksəriyyətində
folklor izləri müşahidə edilməkdədir. "Bahar düşüncələri",
"Nur xonçası" məqalələrində şair
Novruz bayramı ilə əlaqədar öz fikir və
düşüncələrini dilə gətirir, adət-ənənələrimizi
xatırlayır, əmək nəğmələrinin,
holavarların yaranmasından danışır, Səməngül,
Tərgül, Gülsənəm, Gülyaz,
Gülçöhrə, Güllü kimi qız
adlarının az qala unudulması halına gəldiyi
nigarançılığını yaşayırdı.
Şairin "Sözün yaşı, sazın
yaşı" məqaləsi böyük sənətkar
Aşıq Şəmşirin 80 illiyi ilə əlaqədar
olaraq 1973-cü ildə yazılıb. Məqalədə
Aşıq Şəmşirin yaradıcılığına
işıq tutulur, sənətkarın
yaradıcılığındakı xalq ruhunun
doğmalığından, aşıq poeziyasının incəliklərindən,
Aşıq Ələsgər irsinə sədaqətindən
söhbət açılır. Aşıq
Şəmşirin böyüklüyü ondadır ki,
özündən əvvəl yazılmış yüzlərlə
dastanı, ölçülü-biçili şeirləri
öz rəngi, öz forması ilə, yüzə qədər
saz havasını öz ahəngi ilə yaddaşına
köçürüb bu günə gətirib, üstəlik
özünün yeni nəğmələrini də həvəslə
oxuyur. Məmməd Arazın fikrincə,
Aşıq Şəmşirin sözü və sazı qoca sənətkarı
sağlığında sənətin əbədiyyət
dünyasına qovuşdurub.
Məmməd Araz ölkənin gəzdiyi,
gördüyü hər qarışının tarixini,
etimologiyasını öyrənir, nağıl və rəvayətləri
yazıya alır, onu bugünümüzlə əlaqələndirməyə
çalışırdı. Aparılmış tədqiqatlar
nəticəsində məlum olur ki, şairin eşitdiyi
nağıl və əfsanələri məqalələrinin
leytmotivinə çevirməsində məqsədi bu ibrətamiz
əhvalatların ilk növbədə yaddaşlara
köçürülməsinə vasitəçi
olmaqdır. Digər tərəfdən
şair hər bir əhvalatın, nağılın, əfsanənin
həmin yerin toponomikasının, etnoqrafiyasının, ərazidə
yaşayan toplumun genetik xüsusiyyətlərinin öyrənilməsində
çox böyük əvəzsiz mənbə olmasını
dərk edirdi. Bu anlamda folklor
materiallarının Məmməd Araz
yaradıcılığında yer alması təqdirəlayiq
hadisə kimi qiymətləndirilməlidir.
Hizami
Muradoğlu,
araşdırmaçı
Xalq Cəbhəsi.-
2014.- 18 fevral.- S.14.