“Mənim sənətim düşündüyümü
yazmaqdır“
Avropada azad sözün
qələbəsi tarixindən
Söz və fikir azadlığı çağdaş dünyanın
ən çox müzakirə olunan məsələlərindən biridir. İnsanın öz fikirlərini azad şəkildə ifadə etməsi onun ən doğal
haqqıdır. Bəzən öz
fikrini azad şəkildə ifadə
edən insanlar, xüsusilə, jurnalistlər
müxtəlif təzyiqlərə,
təqiblərə məruz
qalır. Dövlət tərəfindən mətbuat
orqanlarına senzura tətbiq edilir və yaxud müxtəlif
yollarla onların fəaliyyətinə süni
əngəllər yaradılır.
Bundan ən çox əziyyət çəkən
isə bütün cəmiyyət, xüsusən
də onun fikir adamlarıdır.
Axı hər bir ziyalı üçün fikirlərinin
məhdudlaşdırılmasından daha böyük qadağa ola
bilməz. Qəzetlərə, jurnallara, kitablara
və müxtəlif nəşrlərə tətbiq
edilən senzuraya isə ilk dəfə 17-ci
əsrdə İngiltərədə
rast gəlinir. Senzura sözünün mənası
latıncadan tərcümədə
"dövlət nəzarəti"
deməkdir.
1637-ci ildə İngiltərədə
çap işi geniş vüsət aldı və bir çox müəlliflər öz
fikirlərini azad şəkildə ifadə
etməyə başladılar. Təbii ki,
bu, demokratiyanın ən mühüm elementlərindən biri idi. Ölkə öz yüksəliş
dövrünə qədəm
qoymuşdu. İngiltərədə mövcud olan azadlıqlar həmin vaxt heç bir dövlətdə yox idi və
bu, ingilis fikir adamlarının ən böyük qürur mənbəyi idi.
Bundan narahat olan kral
hakimiyyəti senzuranın
tətbiq edilməsi haqqında fərman verdi. Bu qanuna riayət etməyənləri sərt
cəzalar gözləyirdi.
Cəzaya ilk məruz qalan
müəllif Uilyam Prinn oldu. O, öz kitabında kraliçaya şər atmaqda günahlandırıldı,
buna görə də qulaqları kəsildi və ömürlük həbs cəzasına məhkum edildi.
Söz və fikir azadlığının
ilk ən fəal müdafiəçisi "İtirilmiş
cənnət" poemasının
müəllifi, məşhur
ingilis şairi Con
Milton senzura qərarı
əleyhinə qəti
mübarizəyə başladı. "...Mənə
hər cür azadlıqlardan daha öncə bilmək, danışmaq və öz məsləkimə uyğun olaraq sərbəst fikir yürütmək azadlığı
verin..." - Milton yazırdı.
O, əsərlərində kral hakimiyyətinin qondarma qanunlarına qarşı çıxdı.
Sonda Miltonun səyləri öz nəticəsini verdi
- senzura aradan götürüldü.
Amma bütün
bunlar müvəqqəti
xarakter daşıyırdı. Bir müddət
sonra kral hakimiyyəti senzuranı yenidən bərpa etdi. Ümumiyyətlə,
İngiltərədə senzura
1648-ci il Böyük Burjua İnqilabınadək gah tətbiq edilir, gah da fikir
adamlarının təzyiqləri
nəticəsində ləğv
olunurdu. Yeri gəlmişkən, bu inqilabın baş verməsində azad mətbuat əhəmiyyətli rol oynadı.
Fransa kralı 16-cı Lüdovik
həbsxanada Volterin və Russonun əsərlərini oxuduqdan
sonra "Fransanı (Burbonlar sülaləsini -
R.C) bu iki adam dağıtdı"
demişdi. Ona qul kimi sitayiş
edən xalqın indi ondan üz
döndərməsini heç
cür həzm edə bilməyən Lüdovik üçün
həbsxananın bir küncündə taleyinin
necə həll ediləcəyini gözləməkdən
daha acınacaqlı heç nə ola bilməzdi,
amma artıq hər şey gec idi. Volterin
və Russonun əsərləri - azad söz qalib gəlmişdi!
Öz əsərləri ilə əsrlərdən bəri
Fransaya qan udduran Burbonlar sülaləsinə, riyakar
kilsə hakimiyyətinə,
xurafata, cahilliyə qalib gəlmiş Frans Arue Volter
18-ci əsr Fransa inqilabı ərəfəsində
yaşayıb yaratmış
ən məşhur filosof, yazıçılardan
biridir. Məşhur
"Fəlsəfi hekayətlər"
kitabının müəllifi
Uill Dürant Volteri belə səciyyələndirir: "İtaliya
öz renessansına, Almaniya öz reformasiyasına, Fransa isə öz Volterinə malik idi. O, öz ölkəsi üçün
həm renessans, həm reformasiya, həm də inqilabın yarısı idi... Volterin öz zəmanəsi
ilə döyüşməyə
vaxtı vardı.
O, bu döyüşü
uddu və ömrünü bir fateh olaraq
başa vurdu".
Yəqin ki, indiyədək heç bir fikir adamı öz xalqı üçün Volterin fransız xalqına etdiyi yaxşılığın
yarısını belə
edə bilməyib. Onun əsərləri
o zamanki dövr üçün fantastik bir rəqəmlə - 300
min tirajla çap olunurdu.
"Burbonlar özlərini qoruyub saxlaya bilərdilər, əgər
onlar oxunan materialı öz nəzarəti altında saxlaya bilsəydilər...
O zaman ki, millət düşünməyə
başlayır, artıq
onu dayandırmaq qeyri-mümkündür" - bunu
sonralar Napoleon deyəcəkdi.
Volterin ömrü
təzyiqlərlə, təqiblərlə
müşaiyət olunub. Dəfələrlə həbsə atılıb,
sürgün edilib.
Demək
olar ki, hər yeni əsəri
qadağalara məruz qalırdı. Amma onun
əsərləri gizli
yollarla çap edilir, yayılırdı.
Ömrünün 3 ilini İngiltərədə
sürgündə keçirən
Volter burada insanların malik olduğu siyasi azadlığın genişliyindən
riqqətə gəlmişdi.
Əfv olunub ölkəsinə qayıtdıqdan sonra
"İngiltərədən məktublar" əsəri
çap olundu. Əsər bütün Fransanı dəhşətə saldı.
Kral, kilsə xadimləri ona qarşı çıxdı. Volter yenidən
ölkəni tərk etmək məcburiyyətində
qaldı.
Tarixə alman xalqının ən maarifpərvər imperatoru kimi Fridrixin Volterə böyük simpatiyası vardı. O, Volteri ölkəsinə
dəvət etdi ki, alman xalqının
maariflənməsinə yardım
göstərsin. Volter xeyli
müddət Almaniyada
yaşadı və alman xalqının maariflənməsində yaxından
iştirak etdi.
Amma vaxt gəldi ki, azad söz üstündə
Volterlə Fridrix arasında ixtilaf yaşandı. Volter Fridrixin sarayında
fəaliyyət göstərən
riyyaziyyatçı alimi
tənqid edən əsər yazdı.
Kral Volterə əsəri çap etməyə qadağa qoydu, amma əsər çap edildi və Volter sarayı tərk etdi. "Mənim
sənətim düşündüyümü
yazmaqdır" deyən
Volter yaxınlarına
məktubunda "mən
də müəllifəm
və krala əks düşərgədəyəm,
mənim əlimdə
olan isə hökmdar çubuğu deyil, qələmdir"- yazmışdı.
Volterin fransız
xalqını cahilliyinə
görə tənqid,
hətta təhqir etməsinə rəğmən
xalq onu sevdi və qorudu.
Avropa xalqlarının
inkişafında mühüm
rol oynayan Böyük Fransa burjua inqilabı əsrlərdən bəri
hökmranlıq etmiş
Kral taxt-tacını devirdi və fransız xalqının işıqlı gələcəyini
təmin etdi, bu prosesdə azad mətbuatın və fikir, ifadə azadlığının
mühüm rolu oldu.
Dünya
düzənini dəyişdirən,
onu yeni nizama salan İngiltərə
və Fransa burjua inqilablarından gətirilən misallardan, həmçinin bu gün öz cəmiyyətinin inkişafı
ilə fərqlənən
ölkələrə nəzər
saldığımız zaman
aydın olur ki, cəmiyyətin inkişafında azad sözün, mətbuatın
olması vacibdir, hətta əksər hallarda həlledicidir! Məhz buna görədir ki, qeyri-demokratik ölkələr bir qayda olaraq, azad
sözün qarşısını
alır, senzura tətbiq edir, min cür bəhanələrlə
insanların fikirlərini
sərbəst ifadə
etməsinə qarşı
çıxırlar.
Cəmiyyətin inkişaf prosesində meydana gələn müxtəlif siyasi, iqtisadi, sosial təsisatların ictimai sistemdə xüsusi yeri və rolu
vardır. İnsanların fərdi
və kollektiv ünsiyyət tələbatının ödənilməsində
sosial vasitəçi olan qəzet istənilən qrup və
sosial struktur qarşısında geniş imkanlar açır,
siyasi baxışların, mövqelərin, ideya və
proqramların ötürücüsü kimi cəmiyyətin
idarəçiliyində mühüm təsir mexanizminə
çevrilir. Elə bu səbəbdən də
qəzet və digər kütləvi informasiya vasitələri
hər zaman dövlət xadimlərinin, mütəfəkkirlərin
diqqətini cəlb edib. XVII-XVIII əsrlərdə
Avropada siyasi fikir adamlarının bir qismi mətbuatı
dövlət strukturuna daxil olan, hakimiyyət və idarə
olunanlar arasında yer tutan üçüncü element hesab
edirdilər.
Qəzet, mətbuat bir tərəfdən dövlət,
hakimiyyət orqanları üçün cəmiyyətin səmərəli
idarəçilik alətinə çevrilir, qanunların,
göstərişlərin, qərarların vətəndaşlara
ötürülməsində əvəzsiz rol
oynayırdı. Digər tərəfdən isə vətəndaşlar
öz sorğularını, tələb və təkliflərini
qəzet vasitəsilə hakimiyyət strukturlarına
ünvanlayır, cəmiyyətin dövlət orqanları
üzərində nəzarətini həyata keçirirdilər.
Beləliklə də, qəzet dövlətin fəaliyyətinə
dair informasiya azadlığının "şəffaflığını"
təmin etmiş olur, ictimai rəyin ifadəçisi kimi real
hakimiyyətə güclü təsir göstərir, bəzən
də onun qarşısına sədd çəkirdi.
Dövri
mətbuatın cəmiyyətin həyatına təsir
imkanlarını nəzərə alan
dövlət rəhbərləri Avropada hələ XVII əsrdən
başlayaraq mətbuatı nəzarət altında saxlamaq
üçün müxtəlif hüquqi təsir mexanizmlərinə
əl atır, siyasi və ideoloji senzuranı qanunvericilik yolu
ilə təsbit edirdilər. Söz və mətbuat
azadlığı genişləndikcə Avropa
hökmdarları daha çox qorxuya düşürdülər.
Napoleon Bonapart kimi qüdrətli şəxsiyyət
belə azad mətbuatın fəaliyyətinə laqeyd baxa bilmir,
dözümsüzlük göstərirdi. İmperator
deyirdi: "Mən üç qəzetdən daha çox
qorxuram, nəinki yüz min əsgər süngüsündən.
Siz məni Fransanın sahibi kimi
görürsünüz, amma mən azad mətbuat şəraitində
heç üç ay da ölkəni idarə edə bilməzdim".
Bu sözlər azad mətbuatın yarandığı
ilk dövrlərdə birinci hakimiyyətin dördüncü
hakimiyyətə münasibətinin real ifadəsidir. Zaman
keçdikcə söz və fikir azadlığı çətinliklə
də olsa, özünə yol açdı, cəmiyyətin həyatına
daha dərindən nüfuz edərək demokratikləşmə,
tərəqqi və inkişaf meyarına çevrildi. Dövlətin və dövlət xadimlərinin də
mediaya münasibəti dəyişdi.
Azad media sferası genişləndikcə, onun ictimai rəyə
təsiri artdıqca jurnalistikanın peşəkarlıq səviyyəsinin
də yüksəldilməsinə ehtiyac daha çox duyulur. Odur ki, beynəlxalq
jurnalistika təcrübəsini öyrənməklə,
plüralist siyasi mühit və demokratiyanın imkanlarından
bəhrələnməklə yanaşı, həm də cəmiyyətin
ictimai tələbatını bütünlüklə nəzərə
almalı, hüquq və azadlıqlarımız kimi vəzifə
və öhdəliklərimizi, mənəvi borcumuzu, ictimai məsuliyyətimizi
də dərk etməliyik. Jurnalist fərd
olaraq üzvü olduğu cəmiyyətə öz işi,
intellekti, qələmi ilə maksimum fayda verməli, öz mənəvi
borcunu ləyaqətlə yerinə yetirməlidir. Cəmiyyətin
ictimai tələbatını yerinə yetirməyə qabil
olmayan, insanların arzu və istəklərini dərk etməyən,
əməli fəaliyyətində qanunvericiliyin və peşə
etikasının tələblərinə məhəl qoymayan
media orqanlarına bizim aramızda yer ola
bilməz.
Azərbaycan
dövləti bu gün özünün media siyasətini mətbuat
və söz azadlığının təmin olunması,
siyasi plüralizmin bərqərar edilməsi, demokratik və
azad mətbuatın formalaşmasına hərtərəfli dəstək,
müstəqil medianın səmərəli fəaliyyət
göstərməsi üçün mütərəqqi
dünya təcrübəsini özündə ehtiva və təsbit
edən qanunvericilik bazasının formalaşdırılması,
normativ hüquqi aktların təkmilləşdirilməsi
istiqamətində həyata keçirir. Qətiyyətlə
deyə bilərik ki, bu sahədə Azərbaycan qanunvericiliyi
dünya standartlarına tamamilə uyğundur.
Cavid
Xalq Cəbhəsi.- 2014.- 18 fevral.- S.10.