“Azərbaycana getmək
istəyirəm”
Əlibəy
Hüseynzadənin qızı: “Atamın 150 illiyinə Azərbaycanda
göstərilən diqqət məni çox məmnun edir”
Fevralın
24-də Azərbaycanın və türk dünyasının
böyük oğlu, mütəfəkkir Əlibəy
Hüseynzadənin anadan olmasının 150 ili
tamam olur. APA bu əlamətdar gün münasibətilə
Ə. Hüseynzadənin qızı Feyzavər Alpsarın
İstanbuldakı evində ondan müsahibə alıb. Müsahibəni təqdim edirik.
-
Atanız 1910-cu ildə Bakıdan İstanbula
qayıtmasının səbəbləri barədə
danışardımı?
- Vallah,
atam həyatından çox danışmazdı, diqqəti
daim bizim üstümüzdə idi. Həbsdə
yatmışdı, məsələn, o divarda şəkil var.
O vaxt böyük bacım Səidə ilə qardaşım Səlim
var imiş, mən hələ anadan olmamışdım, atam
onları yelləncəkdə yellədir. O vaxt universitetin
yanında bir bina vardı, deyəsən, indi ora diş həkimliyi
fakültəsidir, atam orda həbsdə yatıb. Süleymaniyyədəki Hüseyn Qalip Paşa iqamətgahına
köçmüşdük. Hüseyn Qalip Paşa
misirlidir, onun oğlu Həmid bəy Atatürkün diş həkimiydi.
İstanbulun Eminönü səmtində diş müayinəxanası
vardı. Mən yetişkin yaşıma gəlib
atamı anlamağa başlayanda onu itirdim. Əslində
“atamı anladım” demək doğru ifadə deyil, təbii
ki, atamı uşaqlığımdan bəri çox sevirdim.
Nənəm nəyə görəsə məni
danlayanda mən əllərimi yanıma salıb hərbi təzim
vəziyyətində durardım. Nənəm isə “sən
kim olursan, bunu necə edərsən?” - deyirdi. Çox ciddi şəkildə
dayanaraq “mən Hüseynzadə Əli bəyin qızıyam”
– deyirdim. (Gülür.) Bu, mənim çox yaxşı yadıma gələn
xatirələrimdən biridir.
- O vaxt
neçə yaşındaydınız?
- Hələ
məktəbə getmirdim, 5 yaşında, kiçik idim. 6-7 yaşımda olanda da xatırladığım
şeylər var. Atam bizi gəzməyə aparırdı,
Gülhanə parkına çox gedərdik və ya Boğaza
aparardı. Səhər deyərdi ki, sizi
aparacağam, ancaq biz geyinib-hazırlaşsaq da, atam ayağa
durmazdı, işini yarımçıq qoymazdı. İşini bitirəndən sonra gəzməyə
gedərdik, evə gec qayıdardıq. Uşaqlarına
qarşı son dərəcə qayğıkeş idi.
- İstanbul Universitetindən neçənci ildə təqaüdə
çıxdı?
- Səhv
etmirəmsə, 1934-cü və ya 35-ci ildə təqaüdə
çıxdı. 1935-ci ildə Süleymaniyyədə
idik. Oradan çıxıb Misir
bazarına enərdik. O vaxtlarla bağlı bir xatirəmi
danışım: mən çox sevinirdim, çünki
maşınla gedirdik. Atam məndən
soruşdu ki, nə alaq? Pendir, yağ
aldıq, mən isə bal-qaymaq da istədim. Atam
hər ay maaşını alanda bizi Misir bazarından bu
cür şeylər almağa aparardı, mən də
yanında olurdum. Mən birinci sinifə
gedirdim. Torbalar əlimizdə Misir bazarının
qapısından çıxanda yoldan keçən at
arabası bir adamı vurdu, adam yerə
yıxıldı. Atam torbaları mənim yanıma qoyub dedi
ki, sən bu qapıdan ayrılma, mən o adama ilk yardım
edim. Atam o adamı yerə yatızdırıb
ilk yardım yapdı, sonra adamı arabaya qoyub göndərdilər.
Evə gəldik. Ertəsi
gün mən məktəbə getdim. Süleymaniyyə
ibtidai məktəbində oxuyurdum, o məktəblə bizim
iqamətgahımız yanaşı idi. Məktəbdə
müəllim hamıdan soruşurdu ki, səhər yeməyində
nə yeyirsiniz? Bəziləri zeytun-çörək, bəziləri
pendir-çörək, bəziləri çay-simit dedi. Növbə mənə gələndə
- bal-qaymağı sevirəm axı - dedim ki, qaymaqla bal (gülür). Sinifdə
alqış qopdu, mən utandım, amma hamının
xoşuna gəlmişdi. Bu, mənim
heç unutmadığım xatirələrimdən biridir.
- Azərbaycanın
üçrəngli bayrağı...
- Atam
yapıb...
-
Atanızın düşüncəsiylə yaradılıb:
türkləşmək, müasirləşmək,
islamlaşmaq. Atanızın sizləri son dərəcə
çağdaş insanlar kimi böyütdüyü məlumdur.
Qardaşınız Səlim bəyin rəssam
olmasını atanızmı istədi?
-
Baxın, orda bir tablo var (köməkçisi Əminə
xanıma tablonu gətirməsini xahiş edir). Bu,
Səlimin çəkdiyi ilk tablolardan biridir, atamla birlikdə
çəkiblər. Səlim Qalatasaray
liseyində oxuyurdu, bu tabloda atamın əməyi var. Bu tablo Səlimin
Qalatasaray litseyində oxuyarkən atamla çəkdiyi ilk rəsmlərindəndir.
Bu rəsmin çəkilməsini yaxşı
xatırlayıram, heç vaxt evimizdən qırağa
çıxarılmayıb.
-
Osmanlı imperiyası süqut dönəminə qədəm
qoyanda atanız, Əhməd Ağaoğlu, Yusuf Akçura,
Mehmet Emin Yurdakul və başqaları “Türk Ocaqları”nı qurublar. Sonrakı dönəmdə Qazi
Mustafa Kamal Atatürk Ziya Gökalpla birlikdə “Türk
Ocaqları”nın qurucularının fikirlərindən çox
faydalandığını demişdi. 1930-cu illərdə
Türk Dil Qurumu çərçivəsində
atanızın Mustafa Kamal Atatürklə əməkdaşlığı
barədə nələri xatırlayırsınız?
- Atam təqaüdə
çıxacaqdı. 1934-35-ci illər ola
bilər. O vaxt Atatürk atama, Ağaoğluna və bəzi
başqa insanlara millət vəkilliyi təklif edib. Atam deyib ki, mən təkpartiyalı dönəmdə
millət vəkilliyini qəbul etmərəm. Atatürk deyib ki, yaxşı, onda gəl, Türk
Dil Qurumunda əməkdaşlıq edək. O vaxtlar
atamın təqaüdü az idi. 3
uşaq, anam, onun anası... Ona görə
atamın maaşı çatmırdı. Yaxşı xatırlayıram, kasıb xəstə
gələndə atam ona dərman və yol pulu verirdi, o vaxtlar
hamı bu barədə danışırdı. Atatürklə atam Türk Dil Qurumunda yaxşı
işlər gördülər.
- Əhməd Ağaoğlu Malta sürgünündən
qayıdanda sizin evinizdə qaldı?
- Bəlkə
Əhməd Ağaoğlu bizdə bəzi vaxtlar qalıb, onu
xatırlamıram, ancaq qızları Sürəyya və Tezer
universitetdə oxuyurdular, bilirsiniz ki, bizim evimiz universitetə
çox yaxın idi, yandakı qapıdan çıxıb
aşağıya tərəf gedən yolun üstündə
idi. İndi orada Feyhaman Duran muzeyi var. Birinci
Dünya müharibəsində oraları ingilislər
işğal etmişdilər, ingilislər gedəndən sonra
ora məktəb olub. Mən o məktəbdə
oxudum. Ağlıma bir şey gəldi,
vaxtınızı almıramsa, danışmaq istəyirəm.
Bir dəfə xırda oğurluq etmişəm.
(Gülür.) Hamı məni
çox sevirdi, Səlim məni əsəbiləşdirməkdən
xoşlanırdı. Məktəbə mavi
yemək qabında yemək aparırdım, Səlim deyirdi ki,
sən mavi yemək qablı məktəbə gedirsən.
(Gülür). Mən də dedim ki, bundan
sonra məktəbə qabda yemək aparmayacağam, evə gələndən
sonra yeməyimi yeyəcəyəm. O vaxtlar pulun nə olduğunu bilmirdim,
məktəbdə də bizə yemək üçün
şeylər verirdilər. Bir gün anam yataq
otağındakı siyirtməni çəkib zərf
çıxardı. Anamdan soruşdum ki,
onlar nədir? Dedi ki, puldur. “Pul”
sözünü o vaxt ilk dəfə eşidirdim, ancaq pulun nə
olduğunu bilmirdim. Anam zərfdə hər şeyi dəqiqliklə
ayırmışdı: bu, uşaqların pulu, bu, yeməyimizin
pulu və s. O vaxtlar üçün böyük pul olan 10 lirəni
zərfdən götürdüm, məktəbin
qapıçısının satdığı fındıq,
fıstıq, ləbləbi alıb məktəbdəki
yoldaşlarıma və müəllimlərimə verdim. Axşam evdə anam soruşdu ki, qızım, sən
bu gün siyirtmədən pul götürmüsənmi?
Dedim ki, təbii, anacığım, götürdüm və
yoldaşlarıma ziyafət verdim. (Gülür.)
Mən onun oğurluq olduğunu bilmirəm ki?
Anam dedi ki, bunu bir daha etmə, pulu məndən istə. Ondan
sonra anam mənə 2,5 lirə, yoxsa 2,5
quruş verərdi.
-
Ağaoğlunun övladlarıyla səmimi dostluğunuz var
idimi?
-
Onları çox sevirdim. Sürəyyya və Tezer abla
universitetdə oxuyanda 2-3 il bizdə
qaldılar. Anam onların yataq otağına mavi
yorğan salmışdı, axşam yatanda mən də
onların arasına girirdim, sonra otağımıza
çıxıb yatırdım. Tezer
ablamla bağlı çox xoş bir xatirəm var. Küncdə
bir mənzil varmış, ordakı qonşu ləyəndən
su atır, su Tezer ablamın başına tökülür,
çox əsəbiləşir. Orda bir
ayaqqabı boyaçısı var imiş, Tezer ablam həmişə
ona pul verirmiş, bu dəfə üst-başı
islandığına görə, boyaçıdan pul istəyib.
Onlar bizdə qalanda mən çox xoşbəxt
idim, daha sonra həmişə dostluğumuz davam etdi. Hələ də Ağaoğlu nəslinin nümayəndələriylə
görüşürəm. Əhməd var, Təkdaş
keçən il vəfat etdi. Onlar da öz hallarında çırpınırlar,
həyat belədir.
- Səməd Ağaoğlu bəyi
xatırayırsınızmı?
- Təbii
ki. Səməd bəy nazir oldu. Həmişə görüşürdük.
-
Atanızın dostları, xüsusilə Əhməd
Ağaoğlu bəy evinizə gələndə onların
söhbətini dinləmə fürsətiniz olurdumu?
- Əhməd Ağaoğlu, Yusif Akçura həmişə
bizə söhbətə gələrdilər. Fuad Köprülü
oğluyla gəlirdi, onun oğlu məndən bir az böyükdür. Süleymaniyyədəki
evimizə gəlirdilər. Biz uşaqlar
ayrı oynayırdıq, onlar içəridə söhbət
edərdilər. Orada bir tablo var, Səlim
Süleymaniyyədəki evimizi təsvir edib. Onlar küçəyə oynamağa
çıxanda deyirdim ki, mən niyə çıxmayım?
Cümhuriyyət elan ediləndən sonra
qızların hüquqları xeyli artdı. Bir gün mən Taksimə getdim. Siqaret çəkən deyiləm, mində bir halda 1
siqaret çəkərdim. İncəsənət
Akademiyasına daxil olmazdan əvvəl mən Qız
Gimnaziyasında oxumuşdum. Atatürkə bəyaz
beretka ilə şarf hədiyyə veriləcəkdi, onları
o vaxt mən yapmışdım. Allah rəhmət
eləsin, o vaxtkı müəllimim Luqarla birlikdə. Taksimdə Sürəyya abla məni siqaret çəkərkən
görüb. Üsküdardakı evimizə
qonaq gəlmişdi. Dedi ki, mən səni Taksimdə
gördüm, siqaret çəkirdin. “Təbii
ki, çəkərəm, o biri qızlardan nəyim əskikdir,
onlar çəkir, mən niyə çəkməyim?”
– dedim. (Gülür.)
- 1926-da
İzmirdə Atatürkə qarşı həyata
keçirilmək istənilən sui-qəsddə
yanlışlıqla atanızın da adı
hallandırılıb, hətta atanız qısa müddət
həbsdə qalıb. Atanız o yanlışlığın
haradan irəli gəldiyi barədə sizə nəsə
demişdimi?
- Xeyr,
heç danışmadı. İndi tam yerini deyə
bilmirəm, Sirkəçidə İstanbul polis idarəsi
vardı, oranı xatırlayırsınızmı? Orada böyük və gözəl bir bina vardı.
Atam məni parka gəzməyə
aparmışdı. İndiki
ağlımla düşünürəm ki, bəlkə mən
də yanında olduğuma görə, atamın heç bir
sui-qəsd planında iştirak etməyəcəyinə
inanıblar. Bu, mənim yozumumdur. Binaya girdik, mən ilk dəfə liftə minirdim.
O vaxt hələ məktəbə getmirdim. Atam Qara Kamal
adlı bir adamla danışdı, mənə bir rəsm
kağızı verdi, cızma-qara etdim. Atamın o binaya girdiyini və Qara Kamalla
görüşdüyünü biliblər, ona görə həbs
ediblər. Süleymaniyyədə
yaşayarkən qapılarımız bir-birinə
açılan qonşumuz vardı, general idi. Axşamlar Həmid bəyin evində
görüşlər olurdu. Atam qısa müddət həbsdə
qalandan sonra çıxdı, amma təəssüf ki, Qara
Kamalı edam ediblər.
-
Atatürklə atanızın arasında yaxın əlaqə
olduğunu dediniz. Onun ölümü ailənizin
üzərində necə təsir yaratdı?
- Atam Atatürklə dostluğundan çox xoşbəxt
idi. Mustafa Kamal Paşanın İstanbula gəldiyini bizə
xəbər verəndə atam, anam və
bacı-qardaşım gəmiyə minərək onu
qarşılamağa getdik. Sarayburnundan
Üsküdara keçdik. O vaxtlar oraların sahili
bomboş idi. Atatürk dedi ki, buraya ağaclar-çiçəklər
əkməlisiniz. Bir də indiki hökumətimizə
baxın. Biz o vaxtlar ordan dənizə girərdik.
1935-də biz Üsküdara köçdük.
O vaxt bal gecələri təşkil
edilirdi, atamın kapitan Yavuz paşanın paltarlarını
geydiyi fotoları var. Memar Sinan adına akademiyada oxuyanda 10
noyabr günü dərsə getdim. Tələbələr
tez-tez balkona çıxıb Dolmabahçe sarayı tərəfə
baxırdılar ki, bayrağın yarıya qədər
enib-enmədiyini görsünlər. Bir xəbər
gəldi, sanki akademiyaya bomba düşdü, hamımız pərişan
olduq. Mən evə gedə bilmədim, əvvəlcə
müəllimimin yanına çıxdım. Evə necə gedim, nə deyim?
(Ağlayır...) Hamı təlaş içində
idi. Karaköydən gəmiyə minib evə
getdim, atam məni qarşıladı. Atatürkün vəfat
etdiyini dedim. “Təəssüf” dedi. Bir də
gördüm ki, atam Ağaoğlu Əhmədin fotosunun
qabağında durub, “mənim heç kimim qalmadı” - deyib
ağlayır. Atamı ilk dəfə onda
ağlayarkən gördüm. Çox
hüznlü idik. (Sükuta dalandan sonra qalxıb
atasının masasının başına keçir, onun
gözlüyünü, qələmini, maşasını
göstərir...)
- Atanız Üsküdardakı evinizdə vəfat etdi?
- Bəli,
orda. O gün mən bitdim, bitdim, bitdim... Bir
yoxuş vardı, o yoxuşdan doktora tərəf uçdum,
indi o yoxuşu 3 saata çıxa bilmərəm. Səlim yataq otağındaydı, mən atamla eyni
otaqda idim, anam ağır xəstəlik keçirmişdi,
danışa bilmirdi. Anama heç nə
demədik, evimizin qabağındakı məktəbin
direktoruna vurmuşam ki, yavaş danış, anam eşidəcək.
Anama bir müddət atamın
ölümünü deyə bilmədik. Təəssüf
ki, atam o cür getdi. Səlim qarderobun
güzgüsündə üzünü qırxanda
güzgüdən atamı görürmüş. Mən də səhər atamla danışdım,
aşağıdan şeylər almağa getdim.
Qayıdanda Səlim dedi ki, mənə bir güzgü tap. Güzgünü üzünə tutduq, nəfəs
yox. Ondan sonra mən aşağıya
uçdum, doktor gəldi, ancaq atam artıq getmişdi. Təəssüf. Bacımın əri
məzarlıqda yer ayırtdırıbmış, oraya dəfn
etdik. Əvvəldən bilsəydik, qəbristanlıqda
bir neçə məzar yeri alardıq.
- Atanızın Azərbaycandakı qohumlarından sizə
gələn olmuşdumu?
-
Atamın əmisinin oğlu Sadıq paşa gəldi, o vaxt mən
məktəbə getmirdim, məni çox sevərdi. Bizə noğullar, şəkərlər gətirmişdi,
çox başqa bir insan idi. (Kövrəlir...)
-
Atanız 1926-da Bakıda keçirilən İ Türkologiya
Qurultayına gedib. Mehmet Fuad Köprülü ilə.Bu
barədə evdə nəsə
danışmışdımı, nəsə
xatırlayırsınızmı?
- Atam Bakıya gedibmi? Bunu bilmirdim,
dayanın, mən də bunu qeyd edim. Sizdən
öyrəndim. Mən heç Bakıya
getməmişəm. Bunu dəftərə
yazım. İstanbuldan gedib, elə deyilmi?
- Bəli,
burdan gedib.
- Bildim,
Fuad Köprülü ilə bir səfəri var. O vaxt biz
Süleymaniyyədə yaşayırdıq. (Bir
daha yerindən qalxıb atasının yazı masasının
arxasına keçir, masanın üstündəki əşyalar,
divardakı tablolar və fotolar barədə məlumat verir.
Əminə xanım fotolarımızı
çəkir, Atatürkün vəfatından sonra
atasının yazdığı şeiri oxuyur – M. Ə.)
Atam Azərbaycana gizli gedib?
- Yox,
türkologiya konfransına gedib. Orada hamı onu
hörmətlə qarşılayıb. Səməd
Ağaoğlu 60-cı illərdə Azərbaycana gedib,
ata-anasının doğulduğu yer olan Şuşanı ziyarət
edib, qayıdandan
sonra kitab yazıb. Sizə Azərbaycan barədə
nəsə danışırdımı?
- Səməd
bəy bir neçə dəfə getmişdi, ancaq çox
danışmazdı.
- Atanızın Azərbaycanın fikir və
düşüncə həyatında önəmli yeri olmaqla
birlikdə, o, eyni zamanda, Azərbaycanın ilk peşəkar rəssamı
sayılır.
- Eləmi?
- “Bibiheybət məscidi” tablosu muzeydə
saxlanılır.
- Atam
çox gözəl şəkillər çəkirdi
(divardakı bir tablonu göstərir). Bu,
atamın babasının və onun qızının tablosudur,
atam çəkib. O divardakı Atatürk tablosunu
naturadan çəkib. Əhməd
Ağaoğlunun evində Atatürklə Lətifə
xanımın portretini qara qələmlə çəkib.
Bir kitab var, adını xatırlaya bilmirəm.
Böyük bir əməliyyat keçirdiyim gecə
o kitabı yuxumda gördüm, adını xatırlaya bilmirəm.
Süleymaniyyədəki evimizin
bağçasında böyük bir xəzinəmiz vardı,
oranın bağbanı rus idi, onlar da qaçıb gəlmişdilər,
bütün kitablar ona əmanət edilmişdi. Əməliyyat gecəsi yuxumda gördüyüm o
kitab yasaqlanmışdı. Ondan başqa təxminən
300 yasaqlı kitabı o xəzinədə gizləmişdilər.
Anam türk qadınlarını qoruma dərnəyinin
üzvü idi, çox fəallıq nümayiş etdirirdi.
O vaxt xanımlar çadralı imişlər, anam isə
atamla evlənəndə başında yarı çadra kimi
bir şey olub. Çox müasir qadın idi.
Cümhuriyyətdən sonra isə anam həmişə
başı açıq olurdu, onu heç vaxt qapalı
görmədim. Atamın bütün
materiallarını onun barəsində kitab yazan Əli Heydər
Bayat bəyə vermişdik, yoxsa o kitab da Heydər bəydə
qaldımı? Məndə “Füyuzat”ın ipək
basqısı var.
-
Qardaşınız Səlim Turan Türkiyənin ən önəmli
rəssamlarından biridir, əsərlərinin bir qismini
İstanbul Universitetinə bağışlayıb, oradakı
bir neçə salonda daimi nümayiş etdirilir...
- İndi orada təmir gedir, ona görə Səlimin
tablolarını Sabancı muzeyinin anbarına aparıblar, təmir
bitəndən sonra qaytaracaqlar.
(APA-nın
qeydi: Sabancı muzeyinin direktoru türkologiya sahəsində
Türkiyədə professor elmi dərəcəsi almış ikinci adam olan
Əhməd Cəfəroğlunun qızı Nazan
Ölçərdir).
-
Atanızla bağlı Azərbaycandakı yasaqların ləğv
edildiyini nə vaxt öyrəndiniz, nə hiss etdiniz?
- (Yenidən atasının iş masasına tərəf
gedib 1995-ci ildə Azərbaycanda çap edilən və
üstündə Əlibəy Hüseynzadənin fotosu olan təqvimi
göstərərək söhbətinə davam edir.) Bir dostumuz Qapalı
çarşıda bu təqvimi görüb, mənə 2 ədəd
gətirib dedi ki, sizin atanız bu adam
deyilmi? Bacıma və Səlimə dedim ki, artıq atamla
bağlı fəaliyyətə başlamaq lazımdır. Onlar dedilər ki, gecdir. Ancaq mən
etiraz etdim. Daha sonra Azərbaycandan gələnlər
oldu, Heydər bəyin atamla bağlı kitabı
çıxdı. Əli Yavuz Akpınar bəyə
də xeyli material verdik. Atamın anadan
olmasının 150 illiyinə Azərbaycanda göstərilən
bu diqqət məni çox məmnun edir. Nə xoşbəxt
insanam ki, atamın 150 yaşını qeyd edənlər arasında mən
də olacağam. Özümü həm də ona görə
xoşbəxt hiss edirəm ki, Azərbaycanda gənclik
atamın xatirəsini bu qədər əziz tutur, onun
kitablarını oxuyur, onun fikir və düşüncələrini
yaşadır. Bir insan üçün bundan gözəl
duyğular ola bilməz. Eşitmişəm
ki, atamın 150 illiyi ilə bağlı İstanbulda
toplantılar keçiriləcək, mən də iştirak edəcəyəm.
- Azərbaycanda
da keçiriləcək. Sizin də gəlməyinizi hər kəs
ürəkdən arzu edər...
- Azərbaycana
getməyi çox istəyirəm, ancaq bilmirəm, getmək
üçün səhhətim imkan verərmi? Atamın
heykəlini çox görmək istəyirəm.
- Siz getməyə
qərar verin, Azərbaycanın da sizi bağrına
basacağına əmin ola bilərsiniz.
- Bu
günlərdə özümü çox xoşbəxt hiss
etdiyimi bir daha vurğuladıqdan sonra agentliyiniz vasitəsilə
Azərbaycana salam və sevgilərimi
çatdırmağınızı rica edirəm.
Xalq Cəbhəsi.-
2014.- 19 fevral.- S.15