Folklora bağlı sənətkar həmişə müasirdir

 

Dünyanın bütün dəyərlərindən yüksəkdə dayanan söz zirvəsi var. Bu zirvəni fəth etmək məqsədi ilə minillərdir milyonlarla müsafir yol gəlir, amma Söz zirvəsini fəth etmək xoşbəxtliyi barmaqla sayılacaq qədər az yolçunun qismətinə düşüb. Söz zirvəsinə yüksəlmək məqsədi ilə qoyulan söz pillələri zərgər dəqiqliyi ilə elə cilalanmalıdır ki, onlardan heç birini yerindən tərpətmək mümkün olmasın. Azərbaycan ədəbiyyatının dünya ədəbiyyatına bəxş elədiyi korifey ədibləri: Nizami, Nəsimi, Xaqani, Füzuli, Vaqif, Sabir, Cavid, Mirzə Cəlil başqaları sözü qədərində işlədib, qədrini biliblər. Bu dahi ədiblərin yaradıcılığında xalq müdrikliyindən gələn, şifahi ədəbiyyatın hikmətlərindən qaynaqlanan çoxlu əlamətlər vardır bu əlamətlər mənəvi sərvətlərimizi öyrənmək, tədqiq etmək, araşdırmaq məqsədinə xidmət edir.

Tarixən sənət adamlarının söz boxçaları nağıl, dastan, bayatı, qoşma məsəllərlə dolu olub. Xalqın həyatını, işini, məişətini, onun bədii yaradıcılığından ayrı təsəvvür etmək mümkün olmadığı kimi yaradıcılıqda da, xalq həyatının tərənnümü əsas şərt kimi qəbul edilib. İnsan bütün ömrü boyu xalq ədəbiyyatı ilə təmas bağlayıb ondan qidalanıb. Hər bir insanın dünyagörüşünün formalaşmasında, onun yetkinləşməsində folklorun müstəsna rolu danılmazdır. Xüsusilə yaradıcı, söz zirvəsini fəth etməyə çalışan adamların həyatında folklora münasibət, folklordan yararlanmaq, hətta bəzən foklorun zənginləşməsində töhfələr vermək önəmli yer alır. Bu baxımdan tədqiqatçıların apardığı araşdırmalar zamanı yaradıcı ziyalıların əsərlərində rast gəlinən folklor məziyyətləri həmin ədiblərin sənətkarlıq xüsusiyyətlərindən sayılıb, folklordan bəhrələnmə xalqla yaxınlığın əlaməti kimi görülüb.

XX əsr Azərbaycan ədəbiyyatında folklorizm özünü mütəşəkkil formada, yeni məzmunda göstərməyə başladı. Hüseyn Cavid, Cəfər Cabbarlı, Mikayıl Müşfiq, Səməd Vurğun başqaları öz əsərlərində foklordan geniş istifadə edir ədəbiyyata yeni məzmun məna gətirirdilər. Bu hal xalq tərəfindən sevilir, müsbət cəhət kimi qəbul edilirdisə , 30-cu illərin tənqidçiləri tərəfindən gerilik, ətalət əlamətləri kimi qiymətləndirilir kəskin tənqid atəşinə tutulurdu. Məhz bu dövrün ədəbi tənqidçiləri xalqın ruhu ilə köklənmiş, əsərlərində milli-mənəvi dəyərlərimizi yaşadan, onu yazılı ədəbiyyata gətirən, yeni baxış, yeni formada oxucuya təqdim edən mütərəqqi yazıçı şairləri "köhnəliyin qalığı" kimi qiymətləndirir, onlara "xırda burjua yazarları" damğası vurur, hakimiyyətin yanında gözdən salır, hər vəchlə xalq ədəbiyyatına bağlılığı xalq müdrikliyinə arxa çevirməklə əvəzləməyə çalışırdılar. Xalq ruhundan qaynaqlanan, kənd həyatının məişətinin təsviri, məhəbbət motivli yazılar gerilik, köhnəpərəstlik xüsusiyyətləri kimi tənqid olunur, şairlər, yazıçılar sovet həyat tərzini tərənnüm etməyə çağırılırdı.

Bu azmış kimi 30-cu illərin axırlarında Azərbaycanın görkəmli ziyalılarına qarşı repressiyalar başladı bu repressiyaların da ilk qurbanları Mikayıl Müşfiq, Əhməd Cavad, Hacıkərim Sanılı, Hənəfi Zeynallı Hüseyn Cavid oldu. Ədəbi mühitin dalana dirəndiyi bu dövrün ədəbi mənzərəsini filologiya üzrə elmlər doktoru, professor Kamran Əliyev belə təsvir edir: "O illərin ağrısını, o illərin mətbuatını vərəqləyən hər hansı bir adam elə həmin anı yaşamağa başlayır. O illərdə evlər, küçələr bütövlükdə torpaq deyil, əqidələr, saatlar, bütövlükdə zaman özü zəlzələ keçirirdi. Bu zəlzələ adamların ömrünü yarıda saxlayır, onlara bütün keçmişi gələcəyi unutdurur, gündüzün vaxt başlayıb, vaxt qurtardığını yaddaşlardan silirdi. Çox çətin mürəkkəb vəziyyət yaranmışdı: Bu gün atəşə tutan, sabah atəşə tutulurdu".

Bu dövrdən başlayaraq Azərbaycan ədəbiyyatında sovet həyat tərzinin tərənnümü ön plana çəkilir. Yeni yazılan əsərlərdə foklorizm elemetləri müəyyən qədər zəifləyir, mətnaltı məzmunda görünməz hala gəlir, amma tamamilə yox olub sıradan çıxmır. Belə ki, milli-mənəvi dəyərlər, xalq hərəkatı qəhrəmanlarının həyatı, mərasim rituallarla bağlı xalq oyunlarının yeni məzmunu bir sıra əsərlərdə özünü göstərməyə başlayır. Yusif Vəzir Çəmənzəminlinin "Qızlar bulağı", Süleyman Rəhimovun "Aynalı", Süleyman Rüstəmin "Qaçaq Nəbi" əsərlərində foklorizm yeni şəkildə özünü biruzə verir.

Ancaq bütün bunlara baxmayaraq, folklor janrının ədəbiyyatda təzahürü çox da genişlənmir, təqribən 20 il müddətində Azərbaycan ədəbiyyatında foklorizmin sükunət halı davam edir. Bu, şübhəsiz ki, həmin dövrdə həm kollektivləşmə, həm Böyük Vətən müharibəsi ilə bağlı olaraq müharibə mövzusunun ədəbiyyata gəlməsi ilə əlaqədardır. Müharibədən sonrakı dövrdə Azərbaycan ədəbiyyatında foklorizm yenidən canlanmağa başladı. Məmməd Səid Ordubadinin, Mirzə İbrahimovun, İlyas Əfəndiyevin, İsmayıl Şıxlının, Rəsul Rzanın, Süleyman Rüstəmin, Səməd Vurğunun, Bəxtiyar Vahabzadənin başqa ədiblərin əsərlərində milli dəyərlərə qayıdış meylləri özünü göstərdi. Daha sonra 60-cı illərin yaradıcı gəncliyi arasında xalq ədəbiyyatına müraciət geniş vüsət aldı.

Şifahi xalq ədəbiyyatı ilə yazılı ədəbiyyatın əlaqəsi bütün dövrlərdə ədəbi-nəzəri fikrin aktual problemlərindən olub. Azərbaycan folklorşünaslığında son zamanlar bu məsələnin araşdırılmasına, problemlərin elmi-nəzəri baxımdan ümumiləşdirilməsinə milli maraq daha da artıb. Müstəqillik əldə olunması bütün sahələrdə olduğu kimi, ədəbiyyatın da mənalı, sərbəst, obyektiv inkişafına zəmin əlverişli şərait yaradıb. Bu baxımdan yazılı ədəbiyyat folklor probleminin öyrənilməsi bu gün daha önəmli, daha aktualdır. Müasir əsərlərin bədii-estetik dəyəri, məna-məzmun dərinliyi o zaman hərtərəfli qiymətləndirilə bilər ki, onun məzmununa hopdurulmuş folklor ruhu, xalq düşüncə tərzi üzə çıxarılıb ümumiləşdirilsin.

Folklorun yaradıcısı xalqdır folklora qayıdış xalqın keçmişinə, milli ənənələrinə kökünə qayıdış deməkdir. Mənəvi yaddaşı dirçəltmək isə ona yenidən ruh verməkdir.

Müstəqil Azərbaycan Respublikasında gənclərin vətənpərvərlik, milli-mənəvi özünüdərk ruhunda inkişaf etməsi xalqın bədii təfəkkürünün zəngin nümunələrini dərindən öyrənib mənimsəməkdən asılıdır. Şifahi xalq ədəbiyyatı ucu-bucağı görünməyən söz xəzinəsidir. Bədii söz, gözəl, yaddaqalan ifadələr dolğun kəlamlar mənəvi ehtiyacdan doğub. Ta qədim dövrlərdən ən qiymətli, ən yaxşı əsərlər - nağıllar, əfsanələr, bayatılar, qoşmalar, dastanlar s. xalqın arzusuna, zövqünə, istək amalına uyğun yaradılıb. Yazıçı şairlər məhz buna görə şifahi xalq ədəbiyyatından hər zaman məharətlə bəhrələniblər. Ən istedadlı şair qüdrətli yazıçı belə folklor kimi dərin bir ümmana baş vurmadan keçinə bilməz. Əfzələddin Xaqani, Nizami Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Molla Pənah Vaqif, Molla Vəli Vidadi, Hüseyn Cavid, Səməd Vurğun başqa söz korifeylərimizin yaradıcılıq uğurları öncə mənsub olduqları xalqın zəngin şifahi xalq yaradıcılığına dərindən bələdliyi ilə əlaqədardır. Folklora bağlı sənətkar həmişə müasirdir, o, yaradıcılığında zəmanəsinin düşündürücü problemlərini dolğun hərtərəfli, yüksək sənət meyarları ilə əks etdirə bilir, elə buna görə xalqın yaddaşında əbədi yaşamaq hüququ qazanır.

 

Nizami Muradoğlu,

araşdırmaçı

Xalq Cəbhəsi.- 2014.- 19 fevral.- S.13.