“İnternet çap mediasını məhv
etməyəcək, sadəcə onların formasını dəyişəcək”
Həsir Əhmədli: "Diffamasiya
haqqında" qanun jurnalistikada səliqə-səhman
yaradacaq"
Natiq Məmmədli: "Mətbuatın
sərbəst fəaliyyət göstərməsi vacibdir"
Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin
Beynəlxalq jurnalistika kafedrasının professoru, filologiya elmləri
doktoru Nəsir Əhmədli bugünkü mətbuatın
durumu, söz-fikir azadlığı və plüralizmin
inkişafı haqqında fikirlərini bölüşüb. Onun sözlərinə
görə, siyasi baxımdan bu gün Azərbaycan mətbuatını
azad hesab etmək olar: "Çünki senzuranın ləğvindən
sonra mətbuata qarşı heç bir açıq basqı
və təzyiq görünmür. Amma bunun əvəzində
iqtisadi cəhətdən müəyyən
sıxıntılar var. Sözsüz ki, iqtisadi
asılılıq da basqının bir növüdür.
Belə ki, tanınmış iqtidar mətbuatının
maliyyələşməsində, sosial təminatında
heç bir problem yoxdur. Amma müxalifət
və müstəqil mətbuatda vəziyyət fərqlidir.
İqtisadi baxımdan onların vəziyyəti
çox acınacaqlıdır. Bunun əsas
səbəbi də reklamın mətbuat arasında
düzgün paylanmamasıdır. Əgər
reklam bazarı düzgün tənzimlənsə, mətbuatın
maliyyə problemləri o qədər də çox olmaz".
O, həmçinin
əlavə edib ki, söz, fikir azadlığından
sui-istifadə halları da var: "Hətta kifayət qədərdir
də deyə bilərəm. Amma ondan qorxmaq
lazım deyil. Çünki jurnalistlər
olmayan bir fikri ifadə eləmirlər. Düzdür,
qeyri-professional jurnalistlər var ki, öz şəxsi
maraqları üçün bu azadlıqdan istifadə edirlər.
Sadəcə, bunun o qədər də təhlükəli
bir hal olduğunu düşünmürəm. Odur ki, çəkinmədən mətbuata, sözə
azadlıq vermək lazımdır".
Onun
fikrincə, KİV üçün "4-cü hakimiyyət"
anlayışı nisbidir: "Bu ifadə müəyyən
dövrün nəbzindən asılı olaraq yaranıb. Və bu gün üçün məni qane eləmir.
Çünki zamana və hadisələrə
uyğun olaraq, mətbuat tez-tez yerini dəyişə bilir.
Hətta bəzən mətbuat birinci hakimiyyət də ola bilir. Hesab edirəm ki,
"4-cü hakimiyyət" köhnədən qalmış
bir ifadədir. Bilirsiniz ki, bu ifadənin
tarixi İngiltərədən gəlir. Mənim
fikrimcə, mətbuata "4-cü hakimiyyət"dən daha
çox "nəzarətçi hakimiyyət" statusu
yaraşır. Mətbuatın
funksiyalarından biri də baş verən hadisələrə
kənardan nəzarət etməkdir". Mətbuatda
qütbləşmə tendensiyasından danışan Həsir
Əhmədli onu da diqqətə
çatdırıb ki, qütbləşmə
özlüyündə pis iş deyil: "Cəmiyyət
özü iki yerə bölünübsə, iqtidar və
müxalifət varsa, bu, mətbuatda da öz əksini
tapmalıdır. Bu, qanunauyğunluqdur. Dünyanın quruluşuna fikir versək
görürük ki, o özü də iki qütbə - cənub
və şimal qütbünə bölünüb. Qütbləşmə pis şey deyil. Amma gərək vahid nüvə ətrafında
qütbləşməyi bacarasan. Bizim cəmiyyətimizin
çatışmayan cəhəti odur ki, biz, həmişə
müxtəlif nüvələr ətrafında cəmləşirik.
Bu da, təbii ki, mətbuata da sirayət edir.
Həm iqtidar, həm də müxalifət mətbuatına.
Deyək ki, vahid azərbaycançılıq
ideyası ətrafında birləşsək, cəmiyyətdə
də heç bir narazılıq olmaz. Bu
artıq dövlətin idarə olunması deməkdir. Amma bizim nüvələrimiz
başqa-başqadır. Bizdə azad mətbuatın
təzahürləri var, amma sadəcə
çalışıb o nüvələri birləşdirməliyik.
Mətbuatımız da buna xidmət eləməlidir.
Şəxsən mən Əli bəy
Hüseynzadənin üçəm düsturunun tərəfdarıyam.
Yeganə çıxış yolumuz budur:
türkçülük, islamçılıq və
müasirlik. Bu üçünün ortaq
nöqtəsini tapmalıyıq, gündəlik həyatımızdan
tutmuş, mətbuatımıza qədər tətbiq eləməliyik.
O ideya ətrafında birləşməliyik. Əks
halda nə cəmiyyət, nə də mətbuat indiki vəziyyətdən
çıxa bilməyəcək. Mətbuatda
plüralizm də eyni nöqtəyə aparıb
çıxaran müxtəlif yollardır. İnsanların ağzına və ağlına gələni
danışması plüralizm demək deyil. Vahid ideologiyadan çıxış edib müxtəlif
fikirləri ifadə edə bilərik. Bizim
cəmiyyətimizin yeganə
çatışmazlığı məqsədsizlikdir. Necə ki, cəmiyyətimiz vahid nüvə ətrafında
birləşməyib, jurnalistikamız da bu vəziyyətdə
olacaq".
Mətbuatın
siyasiləşməsinə gəldikdə isə Həsir
Əhmədli bildirib ki, mətbuat hər bir cəmiyyətin
güzgüsüdür: "Həsən bəy Zərdabini
yadımıza salaq. O deyib ki: "Hər bir vilayətin qəzeti,
həmin vilayətin aynası olmalıdır". Bu gün cəmiyyətimizdə siyasiləşmə
varsa, təbii ki, bu tendensiya özünü jurnalistikada da
göstərməlidir. Mətbuat cəmiyyətdə
baş verən hər bir hadisəyə obyektiv reaksiya verdiyi
üçün siyasiləşmədən kənarda
qalması mümkün deyil. Əgər Azərbaycan
cəmiyyəti iqtidar və müxalifət nümayəndələrinə,
yəni varlılar və kasıblara bölünübsə, mətbuatın
tam qalması real deyil".
Qeyri-ixtisas
sahiblərinin jurnalistikaya "hücum"una gəlincə isə
o, "bu, çox böyük problemdir",-
deyə vurğulayıb: "Bu məsələ ilə
bağlı dəfələrlə mətbuatda və
auditoriyalarda çıxış eləmişəm. "Jurnalistikaya "canlı orqanizm" kimi baxmaq
lazımdır. Burada söhbət təkcə
informasiya, məqalə yazmaqdan getmir. Yazmağı
hamı bacarır. Amma bir var jurnalistika, bir
var publisistika. Publisistik üslubda
yazmağı bütün savadlı adamlar, alimlər
bacarırlar. Amma jurnalistika ayrıca bir
redaksiyanı əhatə edən bir sənətdir. Necə ki, jurnalist olduğum üçün mən
gedib həkim işləyə bilmərəm. Eləcə də həkim gəlib jurnalist işləməməlidir.
Müalicə və müayinədə
olduğu kimi, jurnalistikanın da özünə görə
incəlikləri var. Mətbuatın vəziyyətinə
diaqnoz qoyub, onu sağaltmaq üçün jurnalistikada ancaq
professionallar işləməlidir".
O, həmçinin
əlavə edib ki, həmişə bu məsələnin
aktuallığını vurğulayıram: "Bir var peşə,
bir də sənət. Peşə elədir ki,
kiminsə əlinə baxmaqla öyrənmək olur. Amma sənət Allah vergisidir. Şair,
rəssamlıq kimi. Jurnalistika isə
peşədir. İstənilən adam
jurnalist ola bilər. Amma bir şərtlə ki,
sənin güclü müşahidə qabiliyyətin və
fikrini ifadə eləmək üçün qələmin
olsun. Hadisələri normal müşahidə
edib, gördüklərini qələmə ala bilirsənsə,
sən artıq jurnalistsən. Hamının
daxilində bir peşəyə istiqamət var. Vacib olan onu
üzə çıxarmağı bacarmaqdır. Adam var ki, riyaziyyatı sevir, biz niyə onu gətirib
jurnalist etməliyik?"
Elektron
KİV-in güclənməsinin çap mətbuatını
sıradan çıxarıb çıxarmayacağına gəlincə
isə, Həsir Əhmədli deyib ki, bu problem müasir Azərbaycan
KİV-nin problemi deyil: "Bu məsələ lap əvvəldən
mövcuddur. Radio çıxanda dedilər qəzetlər
"öləcək". Televiziya
çıxanda isə dedilər qəzetlər də, radiolar
da tarix olacaq. Amma zaman göstərdi ki, bu
vasitələrin hər birinin öz spesifikliyi, öz
funksiyası var. Amma internet bunların heç birinə bənzəmir.
Doğrudan da, internet bu media vasitələrinin hər
birini qılınclaya bilər. Amma bu
heç də o demək deyil ki, internet
hökmranlığı ələ alandan sonra qəzet ləğv
olacaq. Xeyr, sadəcə qəzetin bütün iş əmsalını
kompüter yerinə yetirəcək. Qəzet
üçün kağız, radio üçün ayrı
studiya lazım olmayacaq. Bir sözlə,
internet media vasitələrini məhv etməyəcək.
Sadəcə onların formasını dəyişəcək.
Yaxın olmasa da, uzaq gələcəkdə bu hadisə
mütləq baş verəcək".
Onun
fikrincə, Azərbaycanda hələ ki, "informasiya cəmiyyəti"
formalaşmayıb: "Biz, bu prosesin başlanğıc ərəfəsindəyik.
Amma müəyyən əlamətləri
görünür. Əgər bu gün biz birbaşa
internet vasitəsilə dünyanın istənilən ölkəsi
ilə əlaqə saxlaya biliriksə, bu artıq
"informasiya cəmiyyəti"nin bir əlamətidir.
Son vaxtlar məlumatları əsasən internetdən
alıram. Qəzetləri də
kompüterdə oxuyuram. Yazılarımı
da orada yazıram". Onun sözlərinə görə,
qəzetlərdə eynilik sovet dövründən qalma sistemdir:
"O vaxtları da bir dənə "Kommunist" alanda,
başqa qəzetlər almağa ehtiyac qalmırdı. Həmin dövrdən biz 20 ildir
uzaqlaşmışıq. Amma bu gün
öz yolu, öz istiqaməti olan qəzetlər də kifayət
qədərdir. Bu problem xüsusən rəsmi
qəzetlərdə özünü göstərir. Səbəb də materialı eyni yerdən, eyni
tapşırıqla götürmələridir. Bir də bu problem jurnalistlərin tənbəlliyindən
qaynaqlanır. Əksəriyyəti
internetin qabağında oturub, hazır materialları işləyir.
Nəticədə də qəzetlərin
manşetinə kimi eyni olur".
"Diffamasiya
haqqında" qanuna gəlincə isə Həsir Əhmədli
bildirib ki, bu, qanun Azərbaycan jurnalistikasında səliqə-səhman
yaradacaq: "Həmçinin bəzi üzdəniraq jurnalistlər
özlərini yığışdıracaqlar. Düşünmürəm
ki, "Diffamasiya haqda" qanun mətbuatda
özbaşınalıq yaradacaq. Qanun hər
bir insanın daxilindəki senzuradır. Hər
bir jurnalist yazmazdan əvvəl nə yazdığını
düşünməlidir. Həmin yazı
heç kəsin şəxsi mənafeyinə
toxunmamalıdır".
"Kaspi"
qəzetinin baş redaktoru Natiq Məmmədli isə deyib ki,
demokratik cəmiyyətin qurulması işində azad
medianın xüsusi rolu var. Onun fikrincə, aydın məsələdir
ki, Azərbaycanı istəməyən qüvvələr
qloballaşma çağında medianın artan
gücünü dərk edərək informasiya resursları
üzərində nəzratlərini gücləndirib ölkəmizin
imicini ləkələyən addımlar atırlar:
"İstər "Evrovision" ərəfəsində,
istər prezident seçkiləri vaxtı, ümumiyyətlə
ölkə həyatında mühüm hadisələr ərəfəsində
belə mexanizmlər işə salınır. Beynəlxalq
müstəvidə aparılan "qara piar" kampaniyası təəssüflər
olsun ki, bir çox yerli mətbuat orqanlarımıza sirayət
edir, çox güman ki, bilərəkdən təhrif
olunmuş materiallar Azərbaycanda tirajanlır və ictimai rəydə
öz mənfi təsirlərini buraxır".
Onun
fikrincə, mətbuatın ümumi fəaliyyətində diqqət
çəkən və barışmadığımız məqam
isə yalan, böhtan və təhqirlərin yer alması, qəzet
səhifələrində ictimai maraqları deyil, siyasi
maraqları təmin edən yazılara rast gəlinməsidir:
"Hər iki halda media özünün əzəli
funksiyasından uzaqlaşır və hansısa mübarizədə
alət təsirini bağışlayır. İstər
beynəlxalq təzyiqlərə cavab vermək, istərsə
də daxildə hədsiz siyasiləşmənin yedəyində
getməmək üçün mətbuatın sərbəst
fəaliyyət göstərməsi gərəkdir. Dövlətin iradəsi belə bir mühitin
yaradılmasına hesablanıb və siyasi iradə
ortadadır".
Əli
Xalq Cəbhəsi.-
2014.- 20 fevral.- S.11.