Türkdilli yazılı ədəbiyyatın
meydana gəlməsi
Aprınçur Tigin əski
türk şeiri tarixində ilk şair kimi tanınır
V yüzildə türklər arasında iki cür
yazı növü ilə yaranan ədəbiyyat mövcud idi. 1. Runik yazı -
Göytürk yazısı. 2. Uyğur yazısı Oğuz
türkləri Göytürk yazısından istifadə etdiblər
ki, Orxon-Yenisey, Onkin, İrk Bitik və s. nümunələr bu
yazı ilə tərtib olunub. XIX yüzilin
sonlarında (1893) Danimarkalı şərqşünas V.Tomsen
tərəfindən oxunub.
552-ci ildə əski türk dövləti
Göytürklərin qurucusu İltəriş Kağan və
onun oğlu müdrik dövlət başçısı kimi
tanınan Bilgə Kağanın dövründə daş
üzərində yazılıb. Göytürk yazısı
5 əsrdən çox fəaliyyət göstərib. Ev əşyaları, qapılar, geyim və bəzək
şeyləri, məzar daşları, gümbəzlər,
daş parçaları üzərindəki yazılar bu
faktı sübut edir. XI əsrə qədər
Göytürk əlifbasından böyük bir ərazidə
yaşayan türklərin istifadə etdikləri tarixə məlumdur.
Mahmud Kaşqarlıdan başlayaraq bütün tədqiqatçılar
göstərirlər ki, ərəb əlifbasından türklərin
istifadəsinin tarixi XI yüzildən aşağı getmir. Başqa
sözlə, türklər ərəb əlifbasından XI
yüzildən başlayaraq faydalanmışlar. Türklər X əsrin ortalarında toplu halda
İslam dinini qəbul edirlər və bu səbəbdən də
XI əsrdən başlayaraq ərəb əlifbasına
keçirlər. Buna görə də belə
bir səhv qənaət meydana gəlmişdi ki, köçəri
halda yaşayan türklərin XI yüzildən əvvəl
yazısı olmayıb. Guya yazı mədəniyyətini
türklərə İslam dini verib. Azərbaycan
türklərinin ədəbiyyatının qədim
dövrü ilə bağlı isə belə bir qənaət
var idi ki, ərəb əlifbasına keçməmişdən
əvvəl Alban və Pəhləvi əlifbalarından
yararlanıblar. Lakin bu əlifbalarla
türk dilində heç bir ədəbi əbidənin, yaxud
digər yazı faktının olmadığını
görürük. Y.V.Steblevanın
"VI-VIII əsrlərdə türklərin poeziyası"
(1965) kitabında Orxon-Yenisey abidələrini şeir nümunələri
kimi təqdim edir. V.Jirmunski və
A.Şerbak isə bununla razılaşmırlar. Jirmunski
yazır: "Orxon və başqa əski türk
runik yazıların mətnləri şeir mətnləri
deyil, nəsr mətnləridir". A.M.Şerbakın
dili ilə desək, "Abidə mətnləri normal nəsr
nümunələridir". F.Korş
bildirir ki, Orxon-Yenisey abidələrində şeir
parçaları da verilib. Məsələn: "Üzə
Tenqri basmasar, Asra yır telinməsər". Çin mənbələrində
Nun dövrü şairlərindən parçalar verilir:
"Yengişan dağlarını itirdik,
Qadınlarımızın gözəlliyini aldılar. Silanşan yaylasını itirdik, heyvanları
otardığımız yerləri aldılar". Qeyd olunur ki, bu şeir parçası miladdan öncə
ikinci əsrdə 119-cu ildə yazılıb. Nəhayət, Avropa alimləri A.Fon Lekok, V.Vanq, A.Fon
Qaben və b. əsgi türk şeirinin toplanması və nəşri
ilə məşğul olmuşlar. 1919-1930-cu
illərdə topladıqları materialları geniş şərhlərlə
nəşr etdirmişlər. Bu işi
Türkiyədə Rəşid Rəhməti Arat davam etdirib.
Ötən əsrin 30-cu illərindən
başlayaraq o, əvvəl V.Vanqla birlikdə, sonra 1965-ci ildə
isə özü tək "Əski türk şeri"
adlı bir kitab çap etdirib. Beləliklə, Manihey,
Hoço, Himn, Turfan, Uyğur şeirləri aşkarlanıb. Manihey II əsrdə Yaxın Şərqdə meydana
gələn məlum dini ədəbiyyatdır. Dünyanın mahiyyətində əzəldən
xeyirlə şərin varlığı düşüncəsinin
mövcudluğuna çalışan həmin təlim
Çində, Orta Asiyada, türklərin yaşadıqları
digər yerlərdə yayılıb. Himn - avropalılar
tərəfindən əski türk şeir şəkillərindən
birinə verilən addır: "Tan Tanrı gəldi, Tan
Tanrının özü gəldi, Tan Tanrı gəldi, Tan
Tanrının özü gəldi. Qalxın,
bütün bəylər, qardaşlar, Tan Tanrını gəlin
öyək. Görən Günəş tanrı, Siz
bizi qoruyun! Görünən Ay tanrı, Siz bizi qurtarın! Tan
Tanrı, Gözəl qoxulu, müşk qoxulu,
Parıltılı, işıqlı, Tan Tanrı! Tan
Tanrı! Tan Tanrı səhər
tanrısıdır, şeir onun şanına
yazılmış nəğmədir. İnsan
bir yerə toplaşıb sabahın açılmasını,
səhər Tanrısının gəlməsini gözləyirlər.
Səhər tanrısı gələndə insanlar onu öyən
nəğmələr oxuyurlar"...
Bir cəhət maraqlıdır ki, Azərbaycan türkləri
Səhər tanrısının əski çağlardakı
adını (Tan) bu gün də canlı danışıqda
işlənən ifadələrində yaşadır. Bizdə səhərin
açılmasını bildirən "dan
sökülür" kəlmələri işlənir.
Yaxud "dan yeri qızarır" deyə
havanın işıqlaşmasını izah edirik. Sual
ortaya çıxır: bu fikirlərdəki
"dan" sözü nə deməkdir? Əlbəttə,
dilçilərimiz başq sındırsalar da, optimal
izahını verməmişlər. Bizcə,
"dan" elə əski çağlardakı "Tan
tanrı"dır. Kar samitin sonralar
cingiltiləşməsi halları ilə çox
rastlaşırıq. Eləcə də
xalq arasında həmin şeirlə səsləşən
"Gün çıx, gün çıx"
çağırışı da məhz səhər erkən
insanların bir yerə toplaşaraq tanrıya müraciətlə
oxuyurdular.
Bəs nə üçün "dan yeri
qızarır" deyirik? Ona görə ki, Tan
Tanrı - səhər tanrısı gəlməmişdən
qabaq onun üfüqdəki yeri işıqlanır. Deməli, əski çağlarda Tan/Dan
tanrısının yeri, yurdu mənasında başa
düşülürdü. İkinci şeirdə Mani
adı xatırlanır və bu, Günəş, Ay və Səhər
Tanrısına müraciətlə oxunan nəğmədir:
"Tanrı, nurlu, qüdrətli bilgəyə
yalvarırıq, Günəş və Ay tanrılarına
rica edirik. Şimşək tanrı, törə
səadəti, Mar Mani və Peyğəmbərlərə.
Səadət niyaz edirik, ey tanrı! Vücudumuzu qoruyun! Ruhumuzu
xoş, sərbəst buraxın! Səadət
niyaz edirik nurlu tanrılardan, Gəlin təhlükələrdən
uzaq duraq. Sevinc içində olaq".
Üçüncü şeirin müəllifi də bəllidir
- Aprınçur Tigin. Bu şeir Turfan mətnləri arasında
imiş. Kağız üzərində
uyğur əlifbası ilə yazılıb. Mədhiyyə
xarakterindədir, burada da Mani öyülür: "Bizim tanrımızın
yaxşılığı cövhərdir derlər, Cövhərdən
də üstündür mənin gözəl tanrım,
alpım, qüdrətlim! Cövhərdən də
üstündür mənin gözəl tanrım, alpım,
qüdrətlim! Almaz üçün bilinmədən
kəskin deyərlər Almaz üçün bilinmədən
kəskin deyərlər. Almazdan daha kəskin
mənim bildiyim, əsilim, işığım, Almazdan daha kəskin
mənim bildiyim, əsilim, işığım".
Aprınçur Tigin əski türk şeiri tarixində
ilk şair kimi tanınır. Onun sevgi haqqında da şeirləri
var və üçlük şəklindədir: "İstəklimi
düşünür, həsrət çəkirəm, Həsrət
çəkdikcə, qaşı gözəlim, qovuşmaq istəyirəm".
Belə
şeirlərində şair pərilərdən, mələklərdən
güc, qüvvək istəyir: "Qüdrətli mələklər
qüvvət versinlər, Gözü qaram ilə Gülə-gülə
oturum"... Mani mühitində yaranan müəllifi bəlli
olmayan iki şeirdən biri ölüm haqqındadır:
"Əsil, bilgə insanlar toplanaq, Tanrının
kitabını dinləyək. Dörd hakim
tanrıya tapınaq, dörd böyük əzabdan
qurtaraq".
"Dörd hakim tanrıya", "Dörd
böyük əzab" fikirləri göstərir ki,
türklərin özünəməxsus mifik
dünyagörüşü olub. Dünya
xalqlarının mifologiyasında sayı 12, 9, 7, 5, 3 (triada), 2
(dual) və nəhayət, 1 (tək-mono) tanrılardan bəhs
edildiyi məlumdur. Olimp tanrılar
panteonunun sırası daha çoxdur.
Misirdə Doqquz Böyük tanrının dünyanı
yaratması haqqında təsəvvürlər var. Atəşpərəstlikdə
və Maniheydə iki tanrı qarşılaşması (xeyir və
şər) özünü göstərir. Bəs
türklərin əski çağlarda inandıqları
"dörd hakim tanrı" nə deməkdir? Şumer mədəniyyətinin türklərə məxsusluğunu
irəli sürənlər məhz ilkin
dünyagörüşü sistemlərində
özünü göstərən səsləşməyə
diqqət yetirməlidirlər. Belə ki,
b.e.ə. XIV-XIII yüzilliklərdə şumer-akkad mədəniyyəti
hurritlərə, Hurrit mədəniyyəti isə hetlərə
güclü təsir göstərib. Əski türklərin
yaşadıqları Boğazköydən tapılan het
hökmdarlarının arxivində, qədim hurrit mətnlərinin
surətində Bilqamış eposunun hurrit versiyasına, Akkad
padşahları haqqında hekayətlərin hurrit
variantlarına, hett tərcümələrinə, eləcə
də hurritlərin öz qoşmalarına - "Göydə
hökmranlıq haqqında dastan" və "Ullikummi barədə
nəğmələr"ə rast gəlirik. Son
iki əsərin yazılma tarixi miladdan əvvəlki
1400-cü ildən 1200-ci ilə qədərki dövrə
aiddir. Maraqlıdır ki, "Göydə
hökmranlıq haqqında dastan"da şumer-akkad və
vavilyon eposları ilə səsləşən dünyanın
yaranması mifi var ki, məhz həmin mətnlərdə
dörd tanrı nəslinin bir-birini əvəzləməsindən
söhbət açılır.
Çin mənbələrindən türklərə aid
nəğmədəki "Dörd hakim tanrı" ilə
Boğazgöy arxivindəki eposlardakı dörd böyük
tanrının üst-üstə düşməsini təsadüfi
saymaq olmaz. Diqqət yetirin, ilk türk şeirlərində
dörd hakim tanrı - Günəş, Ay, Şimşək/Tufan,
Göy/Havadır. Boğazgöy mətnlərindəki
Birinci tanrı - Alaludur. Şumerlərin
Enlili ilə uyğun gəlir. İkincisi,
onu taxtdan salan tanrı - Anu. Şumerlərin
Göy tanrısı Anla eynidir. Üçüncüsü,
tanrı Kumarbi - dağ, qaya, yer deməkdir (Anunun qenitali
dişlədiyi üçün üç tanrıdan hamilə
qalır, sonra onun kəlləsindən törəyirlər).
Dördüncü nəslin nümayəndəsi doğulanlar
arasından çıxan Tufan tanrısı Teşubdur:
"Dörd hakim tanrını tanımayanlar öləndə
cəhənnəm əzabına düçar olacaqlar. Dörd hakim tanrını inkar edənlər,
Tanrının sözünü qiymətləndirməyənlər.
Qaranlıqda şeytanlara tapınarlar, on minlərlə
günah işlədərlər! Sonunda
insanın yenə bu ölməsi var, qaranlıq cəhənnəmə
düşməsi var. Qaranlıq gecə kimi üzərinə
çökər deyirlər, sinəsində oturub dəlik-deşik
edər deyirlər, inkarçı ruhlar kənara
çıxar deyirlər".
Göründüyü
kimi, qədim çin və runik türk əlifbası ilə
yazı yaddaşına göçürülən türk ədəbiyyatı
uzun bir tarixi yol keçərək orta əsrlərdə
Mahmud Kaşqarlı, Yusif Balasaqunlu kimi möhtəşəm
qələm ustalarını, "Dədə Qorqud" tək
nəhəng abidəni meydana gətirib, türkdilli
xalqların müştərək dövründən sonra (bu
dövrü bəziləri XIII əsrlə - Həsənoğlu
və "Dastani-Əhməd Harəmi" ilə, bəziləri
XV-XVI əsrlə - Nəsimi, Füzuli və Şah
İsmayıl Xətayi ilə, bəziləri isə XVIII əsrlə
- Vaqif və Vidadi ilə əlaqələndirirlər). Lakin danılmaz faktdır ki, VII-X yüzilliklərdə
Azərbaycan, eləcə də bütün türk aləmində
oğuznamələr yaranıb və yazıya
köçürülüb. Orta əsrlərdə
Şərqdə ərəb və fars dilləri
bütün müsəlman ölkələri
üçün elmi və ədəbi dil sayılmağa
başlanıb. Bu səbəbdən də uzun müddət tədris
ərəb dilində aparılıb, ədəbi dil isə fars dili sayılıb. Təsadüfi deyil ki,
XII yüzillikdə Xaqani və Nizami kimi qüdrətli Azərbaycan
şairləri bu ənənəyə uyğun olaraq əsərlərini
fars və türk dilində
yaratmışlar. Lakin türkcə divaniləri
hələlik tam şəkildə üzə
çıxarılmayıb. B.Qaskoyn "Böyük
moqollar" əsərində göstərir ki, Əmir Xosrov
Dəhləvi mənşəcə türk olsa da,
poemalarını fars, hind və urdu dillərində
yazıb...
Ramazan Qafarlı,
filologiya elmləri doktoru, professor
Xalq Cəbhəsi.-
2014.- 21 fevral.- S.13.