“Eşqdə yanmaqdan özgə bir əlamət
görmədim”
"Əliağa Vahid
siqaret qabının üstündə qəzəllərini
yazırdı, aparıb evdə üzünü
köçürürdü”
Onun anadan
olmasından 119 il ötdü. Zamanında olduğu kimi, indi də Vahidin qəzəllərinə
xanəndələr daha çox müraciət edirlər.
Səbəbi qəzəllərinin dilinin
aydın, yaddaqalan olmasındadır. Ancaq nədənsə
Azərbaycan xanəndələri Həsimiyə elə də
çox müraciət etmirlər. Hər
xanəndə də Füzulidən oxumur. Bütün
bunlarla yanaşı Azərbaycanda qədimdən gələn
şeiriyyət ənənəsi var və Vahid ötən
yüzildə bu ənənənin istedadlı
davamçısı kimi özünü təsdiq edə
bildi...
Hələ
sağlığında - neçə onillər ərzində
insanların yaddaşında bir şair olaraq dərin kök
salmasının səbəbləri vardı: əvvəla,
Əliağa Vahid az qala hamının qəzəldən,
klassik Azərbaycan şeirinin o dövrədək populyar
janrlarından əl çəkdiyi, xüsusən də qəzəlin
sovet ideologiyasına demək olar, tamamilə tabe etdirildiyi bir
vaxtda bu janrdan möhkəm yapışdı, onun qədim ənənələr
əsasında yaşaması üçün əlindən gələni
etdi.
Vahidin qəzəllərində ana dilimizin gözəlliyi,
özünəməxsusluğu əsas yer tutur. Qəzəlləri
klassik şeirimizdə olan ərəb-fars sözlərindən
xeyli dərəcədə təmizlənmiş, Azərbaycan
türkcəsinin halını özündə yaşadan
sözlərlə, ifadələrlə zəngindir. Vahidi Füzuli ilə müqayisə edirlər.
Bu, doğma istəklə bağlı olsa belə,
Füzuli ilə müayisə məsələsi düzgün
sayılmamalıdır. Mübaliğəsiz
demək olar, Füzuli bəşər tarixində ən
böyük eşq şairidir. İnsana
sevginin Füzuliyanə ölçüsü var və bu,
danılmazdır. Füzulinin sevgisi
heç bir dövran tanımır, mahiyyətcə
dövrandan üstündür. Vahidin
Füzulidən bəhrələnməsi, üstəlik də
yuxarıda deyildiyi kimi, qəzəlin ideolojiləşdirildiyi,
camaatın qulağının dövran havalarından
yağır olduğu bir zamanda sadə dillə yazması, son
dərəcə sadə həyat tərzi sürməsi,
meyxanada orijinal dəst-xətti onu sevdirdi. Vahid
əksər çağdaşları kimi dəbdəbə,
tarixdə qalmaq həşirində deyildi. Və
çox zaman könlünün səsini eşidənlər,
bunu vəsf edənlər sabahda yaşayırlar.
Danışırlar ki, Vahid bir gün Üzeyir Hacıbəylini
"kaşanəsinə" dəvət edir. Üzeyir bəy
onun yarıqaranlıq bir otaqda yaşadığını
görüncə burada necə yazıb-yaratdığına təəccüblənir.
Əliağa Vahid ona deyir ki, doğrudan da bura mənim
üçün kaşanədir. Bundan sonra Üzeyir bəyin
və Məmməd Səid Ordubadinin səyilə Mircəfər
Bağırov Vahidə iki otaqlı ev
verir... Vahidin həyatının idealizə edilməsi
də düzgün deyil. Onun içkiyə
aludəliyi barədə bu gün də
danışılır. Hər halda bu,
Vahidin dövrana etirazı kimi qələmə verilsə belə,
səmimi səslənməz.
Onun faciəvi həyatı olub. Şəxsi həyatı
ilə yaradıcılığının daim təzad təşkil
etməsi, şəxsi ailə həyatındakı
uğursuzluq həyatında faciəvi notlar yaradıb. Deyilənə görə, 37-ci ildən təsadüf
nəticəsində sağ çıxa bilib. Onun talantının hüdudsuzluğu, fitri
şairliyi, meyxana janrının qaydalarından məharətli
baş çıxara bilməsi XX yüzilin əvvəllərindən
başlayaraq onillər ərzində "Vahid"
imzasının Azərbaycan ictimaiyyəti arasında daim
populyar qalmasına səbəb olub. Xalq
arasında şəxsiyyətiylə bağlı müxtəlif
söhbətlər olsa da, populyarlığını saxlaya
bildi. Əliağa Vahiddən bəhs edən
"Qəzəlxan" filmində onun
meyxanaçılığı xüsusi şəkildə
qabardılır. Əslində Vahid
meyxanaçı deyildi, qəzəl şairi idi. Hər halda meyxana camaat arasında rəğbət
qazanmış bir janrdır. Onu hamıdan
yaxşı tanıyan mərhum Həkim Qəni idi.
Vahidi çox sevirdi: danışardı ki, Vahid həmişə
şeir aləmində olardı. Onun kədərli
həyatı yaradıcılığına təsir etməyib.
Vahidin hünəri idi ki, bütün əzablara
sinə gərə bildi, şairlik aqibətinə sadiq
qaldı. Əsil ədəbiyyat adamı
idi. Onu heç də hamı sevmirdi.
Yaradıcı adamlar içərisində kifayət
qədər paxıllığını çəkənlər
vardı. Siqaret qabının üstündə
qəzəllərini yazırdı, aparıb evdə
üzünü köçürürdü. Qəzəllərinin
bir qismi "Vışka" siqaretinin qutularının
üstündə yaranıb: "Onun gözəl tərcüməçilik
qabiliyyəti bir neçə məqamda mənim
üçün tamamilə aydın oldu. Füzulinin
farsca əsərlərinin tərcüməsi ilə
bağlı keçirilən müsabiqədə birinci yer
tutmasının səbəbi həm də fars dilini gözəl
bilməsi idi".
Həkim
Qəni Vahidin şəxsi həkimi olduğu dövrdə
bütünlüklə xarakterinə dərindən bələd
olmuşdu: "Müharibə vaxtı Vahidi müharibəyə
göndərmişdilər. O zaman təsadüfən həkim
işlədiyim yerdə rastlaşdıq, Vahidin xəstə
olduğunu sübut etdim, nəticədə o, davaya göndərilməkdən
xilas oldu. Sonradan Bakıya gələndə məclislərdə
tez-tez deyirdi ki, əgər Həkim Qəni olmasaydı, kim bilir, harada ölüb qalmışdım. Təəssüf ki, onun nəslindən heç kəs
Vahidin yolunu davam etdirmədi. Ümumiyyətlə,
Vahidin nəslində yaradıcı adamlar olmayıb. Əliağa Vahidi həmişə müəllimim və
ustadım olaraq xatırlamışam, yaşatmışam.
Əliağa Vahid vur-tut mollaxana məktəbində
üç sinif oxumuşdu, sonra nə oxumuşdusa,
qazanmışdısa, şəxsi qabiliyyəti hesabına əldə
etmişdi. Bundan sonra Vahid cavan
yaşlarından meyxana deməyə başladı. Buzovnalı Azər vardı, Firdovsidən, Füzulidən
tərcümələr etmişdi. Vahidin
istedadını görən kimi bunu aparmışdı
İçərişəhərdəki "Məcməüş-şüəra"nın məclisinə. Vahid orada
məharətini göstərmiş, imtahandan əla
çıxmışdı. Bundan sonra ona
"Vahid" ("yeganə, tək") təxəllüsünü
vermişdilər".
Bakı kəndlərində bu gün də muğama
ciddi münasibətin qalması təqdirəlayiq hal hesab edilməlidir. Ancaq
meyxanaçılığın ifrat bayağılığa
meyl etməsini hər halda yaxşı cəhət hesab etmək
olmur. Meyxananın imkanlarından vaxtilə
Sabir böyük məharətlə istifadə etdi.
Sonradan Əliağa Vahid yaradıcılığında
meyxananın təsiri xüsusi hiss olundu. İndi
texniki imkanların artdığı bir şəraitdə
ümumən bayağılığa meyl edən meyxana
janrı əslində insanların zövqlərinin
korlanmasına, korşalmasına səbəb olur. Bu mənada əvvəlki ənənələrdən
istifadə edilməsi zövqlərin inkişaf etməsinə
də səbəb olar. Şair Firidun
Şahbuzlu deyir, şeirə vurğunluğunun qol-qanad
açmasında Əliağa Vahidin xüsusi təsiri olub.
"Dirili Qurbani" şeir məclisinin rəhbəri Yusif
Dirili isə deyir: "Ulu Füzulidən bəri bəlkə
də çox illər öncədən məhəbbət
mövzusu yazılı ədəbiyyatın aparıcı
qanadı olub. Ancaq ədəbiyyat tarixində az
şair var ki, yaradıcılıq ünvanı birbaşa məhəbbətlə
bağlıdır. Məsələn, Məhəmməd
Füzuli, Molla Pənah Vaqif, Əliağa Vahid belələrindəndir.
Bütün yaradıcı şəxsiyyətlərin
fəaliyyət istiqamətində məhəbbətin hərəkətverici
qüvvə olduğunu da istisna etmək olmaz. Hə
yaxşı ki, sevgi var. İnsanlığa sevgi, vətənə
sevgi, dünyaya sevgi, sevdiyinə sevgi..."
Tanınmış
tarzən Vamiq Məmmədəliyev Əliağa Vahidin qəzəllərindən
Azərbaycan xanəndələrinin daim bəhrələndiyini
bildirir: "Bu, Vahidin bir qəzəlxan olaraq xoşbəxtliyidir
ki, xanəndələrimiz daim onun qəzəllərinə
müraciət edirlər. Vahidin şeir dili
çox musiqilidir".
Araşdırmaçı
Teyyub Qurban isə deyir: "Pul hesabına vəzifəyə gəlmək
olar, ancaq pulla sənətkar, şair, əsil rəssam olmaq
mümkün deyil. Hüseyn Cavidin, Əliağa Vahidin şair
təbi məgər pulun hesabına mümkün olmuşdu? Yalnız sənətə, yaradıcı aqibətə
sadiq olanlar sabahda yaşayırlar. Bu mənada
illər ötəcək, Vahidin Azərbaycan ədəbiyyatına
gətirdiyi yeniliklər barədə yeni-yeni söz deyiləcək".
Meyxananın imkanlarından Sabir qədər ustalıqla
istifadə edən başqa birisini hələ ki, görmədim. Bu, o demək
deyil ki, imkanlar tükənib. İmkan həmişə
var. Bu gün ümumən sənətin bu dərəcədə
özündən ayrıldığı çağda sənətdən
istənilən nə olmalıdır? İlk
növbədə sənətin insaniliyə çatması gərəkdir.
Sənət daim insanı ucalığa səsləməli,
onun inam, idrak, mənəviyyat, iradə imkanının
aşkarlanması sarıdan borcunu yerinə yetirməlidir.
Yoxsa ki, "Sənət sənət
üçündür" prinsipi sənətin insanilikdən
ayrılmasına, insanın üzərində
ağalığına yol açır. Təəssüf
ki, acı gerçəklik qənaətimizi təsdiq edir.
Sənət Həqiqət
üçündür və insanı yalnız bu qənaət
ucalda, insaniliyinə çatdıra bilər. Yoxsa ki, bər-bəzəkli, insana çatmayan,
adamlıq səviyyəsini qoruyan zövqlər bundan sonra nəinki
hər bir kəsin fərdi mənəvi yetkinliyini
yaratmasını əngəlləyəcək,
insanlığa, milliliyə ziyanlı amillərin
qaynağı olacaq, habelə bütövlükdə
inkişafı ləngidəcək. Ümumən
bugünkü səviyyə ilə sabahımızı yarada
biləcəyikmi? Bayağılıq,
nümayişçilik niyə sənətin insaniliyini təsdiq
etmir? Suallar çoxdur. Bu qədər sənətlər inkişaf edir,
"sənətkarlar" aşıb-daşır, ancaq
insanlar çaşıb qalıblar. Sənətin
insana çatması üçün neyləmək gərəkdir?
Bunun üçün sənətin insaniliyə bərabər
olması gərəkdir. Sənət bu mənada insanın insaniliyə
çatmasına əvəzsiz yardımçı
olmalıdır.
Hər bir meyxana deyənin şairliyinin olması təbiidir.
Bədahətənliyin mayası çətinliyə, məsuliyyətə
dayanmayanda asanlıq təsdiq olunur. Bu gün hamı
ağıl öyrədir, ancaq heç kəs dediyi kimi
yaşamaq istəmir. Ümumən sənətin
yaratdığı ilğım var və bu ilğım mehi
çox zaman adamları sərməst eləyir. Şübhəsiz ki, meyxanaçıların
halı ilə Füzuli, xüsusən də Xəyyam
meyxanaçılığı, ilahi şairliyi arasında
böyük birlik görə bilmirik. Onların
meylə dostluğu əslində zamanı aşan həqiqətlə
dostluqdur. Füzulinin, Xəyyamın meypərəstliyi
mey sərməstliyi, meyxana əhvalı insanlığın həqiqət
ünvanının bulunduğu müqəddəs məkan
anlamındadır. Bu gün meyin mənəvi,
irfani xüsusiyyətindən daha çox maddi, nəşəsevərlik
xüsusiyyətləri alışdırılır cəmiyyətdə.
Meyxana folklor hadisəsi olduğu dərəcədə
də yazılı ədəbiyyat nümunəsidir.
O deməkdir
ki, heca vəzni ilə bağlı olduğu dərəcədə
də əruzla bağlıdır. Bununla
yanaşı meyxananın mayasında folklorluq cəhəti
müəyyən hallarda üstünlüyünü büruzə
verir.
Hər bir sahədə artma olmayanda azalma baş verir.
Bu, həyatın adi qaydasıdır. Meyxana bu
gedişlə, bu əhvalla sönə bilər. İndi adamlar hadisənin məğzinə daha tez
çatmaq istəyirlər. Bunun xeyirli və
ziyanlı tərəfləri var.
Meyxanaçılıq uzunçuluqdan, fikirsizlikdən,
hədyanlardan, nümayişçilikdən, mənasız əhvallardan
qurtulmalıdır.
Bir vaxtlar elmləri fəlsəfə birləşdirirdi. İndi bəşərin
ümidsiz çağında belə birləşdirici cəhətə
qaçılmaz ehtiyac yaranıb. Meyxananın
universallıq keyfiyyəti daha çox ciddilik üstə
olarsa, sabahı var.
Uğur
Xalq Cəbhəsi.-
2014.- 22 fevral.- S. 14.