“Demokratiyanın bir
göstəricisi də azad mətbuatdır
Tofiq Yusifov: "Bəziləri
plüralizmi ağzına
gələni danışmaq
və məsuliyyətsiz
bəyanatlar vermək
kimi anlayır”
"Azərbaycanda
plüralizm sahəsində
vəziyyəti ümumilikdə
normal qiymətləndirmək olar”
Ölkədə plüralizmin hazırkı
durumu, fikir və söz azadlığı ilə bağlı məsələlər
həmişə aktual
mövzu olaraq müzakirə edilir.
Jurnalist,
filologiya üzrə fəlsəfə doktoru,
"Təfəkkür" Universitetinin jurnalistika kafedrasının professoru
Tofiq Yusifov hesab edir ki,
Azərbaycanda plüralizm,
sözün azad ifadə edilməsi, şəffaflıq sahəsində
vəziyyəti ümumilikdə
normal qiymətləndirmək olar: "Mənim fikrimə etiraz edənlər ola bilər və bu təbiidir. İstənilən şəxsi,
strukturu, hətta hakimiyyəti də tənqid eləmək olar, amma proses
əsaslandırmalarla, faktlarla
müşayiət olunmalıdır.
Həm də səndən faktın haradan əldə olunduğunu soruşanda mənbəni təqdim etməyi bacarmalısan. Bizim mətbuatımızda çox
qıcıqlandırıcı, mücərrəd, basmaqəlib,
çox vaxt məsuliyyətsiz işlədilən
bir ifadə var: mötəbər mənbənin verdiyi məlumata görə. Kimdir bu "mötəbər mənbə?" Səmimi deyirəm,
bunların "mötəbər
mənbələrinin" 70 faizi ya özlərinin
heç də intellektlə öyünə
bilməyəcək beyinlərinin,
ya da avtobusda
kimdənsə eşitdiklərinin
məhsuludur. Mövcud qanunvericiliyə
görə, haqqında
söhbət gedən
şəxsin ixtiyarı
var ki, məhkəməyə
müraciət edərək
həmin mötəbər
mənbənin açılmasını
tələb etsin.
Məlumat hər hansı
insanın həyatı
üçün, yaxud
ictimai-siyasi cəhətdən
təhlükəlidirsə, dövlətin təhlükəsizliyinə
xələl gələrsə,
jurnalist mənbəni
məhkəmədə deməyə
borcludur. Demokratiyanın birinci göstəricisi azad mətbuatdır.
İndiyə qədər ABŞ-ın konstitusiyasına təxminən 28 əlavə
edilib. Onun birincisi mətbuat
və söz azadlığı haqqındadır.
Yəni ölkədə heç kəs insanların mətbuat və söz azadlığı haqqını məhdudlaşdıra
bilməz. Azərbaycanda isə plüralizmdən bəzən həddən artıq sui-istifadə xaos yaradır. Çünki bəziləri plüralizmi
ağzına gələni
danışmaq və məsuliyyətsiz bəyanatlar
vermək kimi anlayır. Amma danışılanların, yazılanların arxasında
məntiq, qərəzsizlik,
vicdanlılıq dayanmalıdır.
Plüralizm ölkənin, cəmiyyətin,
xalqın inkişafı,
tərəqqisi naminə
olarsa əladır, amma plüralizm populizmə, münasibətlərin
gərginləşməsinə, qarşıdurmaya xidmət
edəcəksə, bu
fitnəkarlıqdır".
"Nə qədər paradoksal olsa da, şəxsən mən hazırkı şəraitdə Azərbaycanda
"Diffamasiya haqqında"
qanunun qəbul edilməsinin tərəfdarı
deyiləm",- deyən professor bununla bağlı kifayət qədər arqumentinin olduğunu deyir: "Diffamasiyanın hərfi mənası latıncadan tərcümədə "ləkələmək,
qaralamaq" deməkdir.
İndi haqqında çox söhbət getməyə
başlasa da, diffamasiyanın çox dərin tarixi kökləri var. Hələ
1819-cu ildə Fransada diffamasiya elementlərini özündə ehtiva edən qanunlar mövcud idi. Ondan bir az sonrakı İngiltərə qanunvericiliyi
tarixinə nəzər
salsaq, orada da diffamasiyanın rüşeymlərinə rast
gələ bilərik.
Amma İngiltərə tam olaraq
diffamasiya qanununu neçənci ildə qəbul eləsə yaxşıdır - 1996-cı ildə.
Deməli, tarixilik nöqteyi-nəzərdən yanaşsaq,
lap bu yaxınlarda. Yaxud Rusiyaya nəzər salaq. Diffamasiya ilə bağlı
Rusiya bəlli mövqeyi olan ölkələrdəndir. Lakin bu yaxınlarda Rusiyada dövlət səviyyəsində böhtan
haqqında qanunvericiliyə
yenidən baxılması
tövsiyə edilib.
Bunlar artıq diffamasiyanın əleyhinə olan faktlardır.
Bu gün "Diffamasiya
haqqında" qanunu qəbul etmək üçün Azərbaycan
Respublikasının Cinayət
Məcəlləsinə, Mülki
Məcəlləyə, hətta
deyərdim ki, Konstitusiyaya dəyişikliklər
lazımdır. Çünki diffamasiyanın ümumi aurası, məğzi belədir ki, jurnalist dediyi sözə görə məsuliyyətə cəlb
edilə bilməz: əslində diffamasiyanın
elə qayəsi budur. Jurnalistika fakültəsinin bitirmiş və uzun illər mətbuat çalışan
jurnalist, fərd olaraq mən buna hazıram. Amma cəmiyyətimiz, bütöv
KİV ordusu buna hazırdırmı? Fikrimcə, bizim
cəmiyyətimiz, cəmiyyətdəki
ictimai təbəqələr
arasındakı münasibətlər
buna hazır deyil. Bəzi jurnalistlər elə
bilirlər ki, diffamasiya ilə bağlı qanun qəbul olunarsa nə istəsə yaza və deyə
bilərlər. Diffamasiyanın
ümumən əsas prinsiplərindən biri belədir: "təhqir edə bilməzsən, amma ləkələyə
bilərsən. Diffamasiya qanunun
müddəalarında da
göstərilir ki, diffamasiya qaydalarını
pozan insanlar məsuliyyətə cəlb
edilməlidir. İndi
mən sual edirəm: Diffamasiya prinsiplərini pozmaq nə deməkdir, bu hansı hallarda
olur? Əgər sən müsahibini
ləkələyirsənsə, nə bilim bu
ləkələmə necə
baş verib? Burada yazıldığı
kimi, bilərəkdən,
yoxsa bilməyərəkdən?".
Onun fikrincə, nəticədə
qeyri-müəyyənlik, anlaşılmazlıq
yaranacaq: "Azərbaycanın
publisistika, jurnalistika mühitində hələ
də müəyyən
bir qarışıqlıq
hökm sürür. Diffamasiya yüksək inkişaf etmiş cəmiyyətlərə
- Qərb ölkələrinə
və ABŞ-a daha çox aiddir. Onların dövlət quruculuğu təcrübəsi də böyükdür. Bu cəmiyyətlərdə kifayət
qədər möhkəm
birgəyaşayış qaydaları
formalaşıb. "Diffamasiya haqqında" qanunu qəbul etmək üçün cəmiyyətimiz daha da inkişaf etməlidir. Bizim hələ
cəmi 20 illik müstəqillik təcrübəmiz
var. Ona görə də hesab edirəm
ki, sözügedən
qanunla bağlı bir qədər tələsməmək gərəkdir.
Qərbin demokratiya institutları
bizi tələsdirir, amma bu tələsiklik
əslində özü
xaos yarada bilər. Mən bununla bağlı
Azərbaycan hökumətinin
mövqeyi ilə tam razıyam ki, hələ bu məsələnin vaxtı
yetişməyib. Hamımızın qəbul elədiyi bir faktdır ki, Azərbaycanda "reket jurnalistikası" deyilən bir cərəyan var. Başqa
cür adlandırmaq istəməzdim. Professor Qulu Məhərrəmli doğru buyurur ki, reket jurnalistika
ictimai təzahür, meyl deyil, nəsə
keçici bir şeydir. Bununla razılaşıram, amma onu da
əlavə etmək istəyirəm ki, bu tendensiya ilə
reket jurnalistikası heç keçiciyə oxşamır, getdikcə inkişaf edir. Jurnalistikaya qeyri-professionalların axını
da bu amillər
sırasındadır. Reket jurnalistikaya axın da deməzdim, maraq var. Bu gün də o maraq ölməyib. Cəmiyyətdə ümumi maarifçilik səviyyəsinin, intellektin
müəyyən dərəcədə
aşağı olması
ilə bağlıdır.
Bu istər dövlət
strukturlarına, istər
də idarə, müəssisə və təşkilat rəhbərlərinə,
istərsə də adi vətəndaşlara aiddir. Reket jurnalistikanın sıradan
çıxmaması idarə
və təşkilatların
rəhbərlərinin işlərində
hansısa çatışmazlığın
olmasından və
KİV-lə iş sahəsində elementar təsəvvürlərin olmamasından
irəli gəlir. Heç kəsə sirr deyil ki,
30-40 manata görə
ayrı-ayrı strukturların
qapısının dabanını
çıxaran üzdəniraq
"jurnalistlər", "müxbirlər" var. Bu "jurnalistlərin"
arı şirəyə
yığılan kimi
dövlət və özəl strukturlara daraşmasının əsas
səbəbkarları onları
ələbaxım öyrədən
məmurlardır, iş
adamlarıdır".
"Onu demək istəyirəm ki, bəzilərinin hesab etdiyi kimi, yalnız
Qərbə baxaraq güclənməyin, ölkədə
qayda-qanun yaratmağın
əleyhinəyəm",-
deyən Tofiq Yusifov vurğulayıb ki, hər bir
ölkənin, məmləkətin
özünün mental xüsusiyyətləri,
öz inkişaf perspektivləri və tarixi inkişaf yolu, modeli var:
"Biz kimlərinsə xoşuna
gəlmək üçün,
təqdirini qazanmaq üçün fəaliyyət
göstərməməliyik. Öz inkişaf yolumuzu, perspektivimizi özümüz
müəyyən eləməliyik.
Jurnalistka yaradıcılıq sahəsidir. Ölkənin bütün zamanlarda da öndə gedənləri ziyalılar
olub. Bu nöqteyi-nəzərdən
özündə dəyərli
ziyalıları birləşdirən
sahə kimi hər bir dövlətin,
hökumətin borcu mətbuatı inkişaf etdirməkdir. Bizim indiki
gənc nəsil kitaba, mütaliəyə
o qədər də həvəsli deyil. İnternet və televiziya daha çox gənclərimizin
maraq dairəsindədir. Elektron kütləvi
informasiya vasitələrinin fəaliyyətinin təşkilində
elə bir qayda-qanun yaratmalıyıq ki, onlar cəmiyyətin
yetişməsinə, gənc nəslin düzgün
formalaşmasına stimul versin, onu səfərbər eləsin.
Mətbuatın maarifçilik funksiyasını
bu gün əyləncə əvəzləyib. Bu, normal deyil. Hər bir hökumətin
kütləvi informasiya vasitələri ilə bağlı
konsepsiyası olmalıdır. Bu konsepsiya cəmiyyətin
firavan yaşaması üçün sosial cəhətdən
daha da təminatına xidmət eləməlidir. Bunun
üçün də lazımdır: maarifçilik,
maarifçilik, maarifçilik. Bölgələrdə,
eləcə də paytaxtda yaşayan insanları sivil birgəyaşayış
qaydalarına öyrətməliyik. Bunun
birinci yolu qəzet-jurnaldır. Ona görə
də bu məqsədlə Azərbaycan mətbuatının cəmiyyətə
təsirinin maksimum səmərəliliyini təmin etmək
üçün reket curnalistikaya son qoyulmalıdır, QHT
adı ilə fəaliyyət göstərən şübhəli
qurumlar sıradan çıxarılmalıdır. Hamımız cəmiyyətdə birgə fəaliyyət
göstərməliyik. Biz hələ yenicə
keçid dövründən sıyrılıb çıxan
gənc dövlətik, bir xoşbəxtliyimiz var ki,
sosial-iqtisadi göstəricilərimiz yüksəlir, xalqın
rifahı artır.
İstər neft, istərsə də qeyri-neft sektorunda inkişaf gedir. Bu resurslardan istifadə edilərək Azərbaycan cəmiyyətində rifah təmin edilməlidir, bunlar bütövlükdə insan resursunun inkişafına xidmət eləməlidir. Çalışmaq lazımdır bu insanlar ölkənin taleyi üçün çiyinlərində bir məsuliyyət olduğunu hiss eləsinlər. Bu da mətbuatın işidir. Yenə buna qayıdıram, mətbuatı gücləndirmədən, müasir tələblər səviyyəsinə qaldırmadan cəmiyyət qarşısında duran qlobal məsələlərin həllinə heç cür nail ola bilməyəcəyik. Mətbuatın keyfiyyəti yüksəldilməlidir. Burada peşəkar kadrların yetişdirilməsinə nail olmalıyıq ki, gələcəkdə bizim yeganə informasiya mənbəyimiz olan jurnalistikanın hörmət, inamı və nüfuzu artsın. Fikirləşirəm, daha doğrusu ümid edirəm ki, zaman-zaman üzdəniraq "jurnalistlər" də bu işin perspektivsizliyini görüb əl çəkəcəklər. Bu problem "Qordi düyünü" deyil ki, bir zərbəyə həll edəsən. Vətəndaş cəmiyyəti tam oturuşandan sonra bu problemlər aradan qalxacaq".
Əli
Xalq Cəbhəsi.- 2014.- 22 fevral.- S.11.