Məhəmməd Hadi və “Füyuzat”
jurnalı
Şairin fikrincə,
işlərin bu qədər qarmaqarışıq
olmasının səbəbi dünyada həqiqət və
hürriyyətin olmamasındadır
Həyatdan nakam getmiş (40 yaşında) Azərbaycan
şairi, ürəyi Vətən, millət eşqi ilə
döyünən Məhəmməd Hadinin
yaradıcılığında "Füyuzat" jurnalı
ilə əməkdaşlığı ayrıca yer tutur. Tanınmış
araşdırmaçı İslam Qəribli sözügedən
mövzunu araşdırıb. O, bildirir ki, tam bir il -
1906-cı ilin 1 noyabrından 1907-ci ilin 1 noyabrına qədər
Əli bəy Hüseynzadənin redaktorluğu, Hacı
Zeynalabdin Tağıyevin maddi yardımı və imtiyaz
sahibliyi ilə Bakıda, Nikolayevski küçəsindəki
"Kaspi" mətbəəsində çap olunan
"Füyuzat" jurnalının ən fəal
yazarlarından biri də Məhəmməd Hadi olub. Hər
nömrəsi 16 səhifədən ibarət olan, cəmi 32
sayı işıq üzü görmüş (jurnalın 6
nömrəsi 1906-cı ildə, 26 nömrəsi isə 1907-ci
ildə çıxıb) bu məcmuənin 23, 24 və 31-ci
nömrələri istisna olmaqla, qalan 29 nömrəsində
M.Hadinin şeir, məqalə və tərcümələrdən
ibarət 50 yazısı çap olunub. Jurnalda çap
etdirdiyi əsərlərində M.Hadi əvvəlki
idealına sadiq qalaraq, əsasən maarif və mədəniyyəti,
hürriyyəti, yer üzünün əşrəfi olan
insana məhəbbəti təbliğ edib, həqiqi arzusunun
millətinin səadəti olduğunu bildirib: "Əli bəy
Hüseynzadə tərəfindən Həştərxandan
jurnalın redaksiya heyətinə dəvət edilən M.Hadi
"Həyat" qəzetində olduğu kimi,
"Füyuzat"da da üç istiqamətdə fəaliyyət
göstərib: şair kimi; publisist kimi; tərcüməçi
kimi.
"Füyuzat"ın ilk nömrəsindən son
nömrəsinə qədər məcmuə ilə əməkdaşlıq
etmiş M.Hadinin jurnalın ilk sayında forma və məzmunca
fərqli dörd şeiri çap edilib ki, "Fünun və
maarif" şeiri bunlardan birincisidir. 17 beytlik qəsidə
formalı bu əsər şairin, 1908-ci ildə Bakıda
çap etdirdiyi "Firdovsi - ilhamat" kitabı istisna
olmaqla, sonralar çap olunmuş heç bir kitabına
düşməyib.
"Maarif
tərbiyyətbəxşayi-hissiyyəti-vicdandır, Maarif
rövnəqəfzayi-riyazi-fikrətü candır" - beyti
ilə başlanan şeir ruhu etibarı ilə şairin bu əsərə
qədər "Həyat" qəzetində və "Dəbistan"
jurnalında dərc etdirdiyi "Məktəb", "Məktəb
şərqisi", "İnsan nə ilə mükərrəm
olur", "Lövheyi-təsviri-maarif", "Maarifə
doğru" şeirləri ilə səsləşir.
Janrına
görə müxəmməs olan "Amali-tərəqqi"
əsəri beş bənddən ibarətdir.
Azadlıq, istiqlal və maarifin təbliği
niyyəti ilə yazılmış bu şeir mətnində
heç bir dəyişiklik edilmədən həm
"Firdovsi-ilhamat"da, həm də M.Hadinin poetik əsərlərinin
nisbətən kamil nəşri hesab olunan kitablarında
çap olunub. "Əsasi-fikrimiz təmini-istiqbali-millətdir",
- deyən şair bildirir ki, cəhalət odu Vətənin sinəsinə
çalın-çarpaz dağ çəkib, cəhl və qəflətdən
maarifin nuru, ziyası sönüb. Hər tərəfi
yaramazlıqlar bürüdüyündən (M.Hadidə
"xari-şaqavət") "Vətən gülzarı xar
olmuş", səadətdən əsər-əlamət
yoxdur. Ən istəkli əməli "irtiqayi-mülki-millət"
(millət mülkünün, Vətənin yüksəlişi
və inkişafı) olan şairə görə əsarət
zəncirini qırmaq, millətin istiqlalını qazanmaq
üçün iki başlıca yol var: TƏHSİL,
MAARİF və HƏQİQƏT. Çünki:
Həqiqət
sayəsində kəsbi-qüdsiyyət qılar millət,
Həqiqətlə edər növi-bəşər təhsili-hürriyyət.
Həqiqətlə
olur baği-vətən gülzari-əmniyyət,
Həqiqət
zahir olsa, parlayar ənvari-ülviyyət,
Həqiqətbin olanlar vasili-fövzü hidayətdir".
Hüseyn
Bayqaranın "Azərbaycan istiqlal mübarizəsi tarixində
ilk milli şair" adlandırdığı M.Hadinin
"Füyuzat"ın noyabrın 13-də çıxan
ikinci sayında iki şeiri dərc edilib: ""Şirvanzadə"
imzası ilə gedən birinci şeir "Təraneyi - qəmpərvəranə"
adlanır. "Bilməm ki?" rədifli bu əsər
16 beytdən ibarətdir və qəsidə formasında
yazılıb. Məzmun və ideya
baxımından əvvəlki şeirlərdən fərqlənən
bu əsəri şairin fəlsəfi lirikasının ən
gözəl nümunələrindən biri hesab etmək olar.
Bəşər, insan və cəmiyyət, istiqlal və
istibdad barədə düşüncələrini bildirmək
niyyəti ilə yazılmış şeirin ilk bəndi ilə
şair oxucusunu bir çox suallarla baş-başa buraxır: -
İnsan nədir? Əfsanə, ya həqiqət
və bu varlığın cahana gəlməkdə məqsədi
nədir? Səbəb nədir ki, fərzanələr
belə dünyanın dolaşıq işləri
qarşısında aciz qalmışlar? Niyə
dünya zülm və sitəm səhnəsinə
çevrilib və nədən "Bu zülmabadi-giytidə (ədalətsizlik,
zülm yeri olan dünyada) fəqət bir namı var ədlin?"
"Amali-istiqbal, yaxud ümid və əməllər"
şeirini şair "Amali - istiqbal" adi ilə
"Firdovsi-ilhamat" kitabına da salıb və mətndə
bir neçə düzəlişlər edib. Bu şeirdə və
şeirə nəsrlə əlavə olunmuş sonluqda M.Hadi
azadlıq, mədəniyyət barədə düşüncələrini
qələmə alır, Xristofor Kolumbun Amerika qitəsini kəşf
etmək üçün bu işə ümidlə girişməsindən
söz açır, fransız ədibi Viktor Hüqodan gətirdiyi
sitatlarla ("Həyat həqiqətlə, mövcudiyyət də
xəyal və ümid ilə qaimdir", "Mövcudiyyət
vicdandır, vicdan isə ümidlə, əməllə
qaimdir" və s.) fikrini qüvvətləndirir və bu qənaətə
gəlir ki: Ümid ilə insan ediyor teyyi-mərahil (İnsan
ümid ilə mərhələləri keçib başa
çatdırır - İ.Q.)".
Jurnalın
3-cü nömrəsində M.Hadinin iki şeiri nəşr
olunub: ""Bədaye" adlanan birinci şeir 11 beytdən,
"Kitabi-həyat"
şeiri
isə müxəmməs formasında olmaqla on üç bənddən
ibarətdir. Birinci əsərdə əsas
mövzu həqiqətin tərənnümüdür. Şairin fikrincə, həqiqət nəzərləri
ilə baxılarsa, dünyanın Turi-Sina (Ərəbistan
yarımadası ilə Misir arasında yerləşən Sina
yarımadasında Allah ilə Musa peyğəmbərin
danışdıqları yer- İ.Q.), ağaclardan bir
ağızdan "ya Musa" kəlməsinin eşidilməsinin
şahidi olmaq olar. Şairə görə,
həqiqət olmayan yerdə rəzalət ayaq tutub yeriyir,
bütün qaranlıqlar, pisliklər hökmfərma olur.
"Kitabi-həyat" şeiri üsyankar təbiətli
şairin fəryad və şikayətlərinin hələ
yaradıcılığının ilk illərində belə
poeziyasının əsas mövzularından biri olduğunu təsdiqləyir.
"Bütün əskiliyə qarşı
üsyan edən, haqsızlığa qarşı meydan oxuyan və
ona ilham verən ən ziyadə sərbəstliyi, hürriyyəti
şeirlərində tərənnüm edən"(A.Şaiq)
şair bildirir ki, "ürəyi azadlıqsevərlərin qəlbi
kimi yaralı olan" dünya şivən səhnəsidir,
buna səbəb isə "bizdə asari-mürüvvət
hissinin yoxluğudur". Cahan "bir
sürü cəllad əlindən əşkbar olmuş",
tərəqqi istəyənlər zindan künclərinə
atılmış, zaman-zaman haqq deyən dillər kəsilmiş.
Jurnalın dördüncü nömrəsində
M.Hadinin 26 beytdən ibarət olan bir şeiri -
"Hissiyyati-madəranə və yaxud övlad bəsləmək
hissləri" çap olunub. Araşdırmaçı
bildirir ki, "Firdövsi-ilhamat" kitabına
"Hissiyyati-madəranə" adı ilə daxil edilmiş
bu şeirin mətnində dəyişiklik edilməyib və
şeir sonrakı nəşrlərə də
"Firdovsi-ilhamat"da olduğu kimi daxil edilib.
"Məhəmməd
Hadi Şirvani" imzalı mürəbbe formasında 9 bənddən
ibarət "İsmət, yaxud əfif olan zatların xəsaili"
adlı, "Firdovsi-ilhamat"a və sonrakı nəşrlərə
düşən şeirin sonuncu bəndinin ilk - "Şeiri rənasında
söylər arifi-Rumi Ziya" misrasına türk şairi Ziya
Paşanın (1825-1880) aşağıdakı iki misrası ilə
verilmiş izah kitablara düşməyib:
Lənət
ola ol malə ki, təhsilinə anın,
Ya irz, ya
namus, ya qeyrət ola alət.
Mövzu və ideyaca jurnalda çap olunan əvvəlki
şeirlərdən bir o qədər də fərqlənməyən
bu əsərdə baş leytmotiv insanın öz şəxsiyyətini
qorumaq üçün yollar axtarması,
yaşayışında kimsəyə boyun əyməməsidir. Şair bu əqidədədir
ki:
Kimsəyə
qılmaz təməllüq həqpərəstan nan üçün,
Çaki-ismət
eyləməz alicənaban nan
üçün,
Abi-nayabi-ifafi-tökməz
insan nan üçün,
Tərki-məslək
eyləməz ərbabi-irfan nan
üçün.
Mürəbbe şəklində olan "Nidaül-vətən"
şeiri "Firdovsi-ilhamat" kitabına düşsə də,
şairin 1920-ci ildən sonra çıxan kitablarına
düşməyib. "Dünyada əməlimiz fəqət emari-vətəndir"
misrası ilə başlanan bu əsərdə vətənin
"gülşəni-rənası"nın solmasından,
"vicdani-münafiq" (ikiüzlü, riyakarların
vicdanı) kimi "bünyanı" (özülü, təməli)
pozulmuş, cahillərin fikirləri kimi halı pərişan
vətənin vəziyyətindən ürək
ağrısı ilə söz açan şair bildirir ki, bizlərdə
vətən məhəbbəti olmayınca, vətənin
şan və şərəfi hifz, himayə edilməyincə
nə vətənə, nə də millətə nicat
yoxdur".
"Füyuzat"
jurnalının 6-cı nömrəsində M.Hadinin
üç əsəri çap olunub: "Bunlardan birincisi
"Dəli şairə dəlilər mühibbi olan bir
quşun köməyi. Tövsiyeyi-mür?"
adlı şeir, ikincisi - "Müctəhid ağa Təbatəbayi
həzrətlərinin məktubu" sərlövhəli tərcümə,
üçüncüsü isə "Bakı tarixindən
bir nəbzə" adlı irihəcmli bir məqalədir.
Şeirin altında "Dəlilər
mühibbi", tərcümənin altında "Mütərcim
M.H.", məqalənin altında isə "M.Hadi"
imzası qoyulub. Şeir jurnalın birinci
nömrəsində "Dəli şair" imzası ilə
çap olunmuş "Heyrət, yaxud bir mələyin
insanlara xitabı" adlı on iki beytlik bir şeirə cavab
kimi yazılıb, vəzn, qafiyə və rədif sistemi belə
saxlanılıb. Yeri gəlmişkən
qeyd edək ki, "Füyuzat"in birinci nömrəsində
çıxan şeiri tədqiqatçılardan biri M.Hadinin
şeiri hesab edib ki, bizcə, bu fikir doğru deyil. Şeirin M.Hadinin olmadığını sübut
üçün bircə faktı söyləmək yetərlidir.
Altıncı nömrədə çıxan
şeiri M.Hadi öz əsəri kimi "Firdovsi-ilhamat"a
daxil edib, birinci nömrədəki şeiri isə məhz
başqa müəllifin olduğu üçün kitabına
salmayıb. (Bizcə, şeirin müəllifi
Əli bəy Hüseynzadədir). M.Hadinin
bu əsəri sonrakı kitablara da salınıb,
başlıq istisna olmaqla (həm "Firdovsi-ilhamat"da, həm
də sonrakı nəşrlərdə şeirin sərlövhəsi
belədir: "Tövsiyeyi-mürğ") mətn eyni ilə
saxlanılıb.
M.Hadi şeirlərində görünməkdə olan
ümumi kədər - "hüzni-ümumi" bu əsərin
hər beytində görünməkdədir. Quşun dilindən: "Niyə
insanlıq gülzarını yandırırsınız?"
sualı bir qədər sonra acı ittihama çevrilir. İnsana ədalətlə hökm etmək
buyuruğu verilsə də ("Atılmış
guşeyi-nisyanə nəssi-təhkumu bilədl"), o, buna əməl
etmir. Murdar nəfsinə uyaraq qan
tökür, məzlumun haqqını yeyir, bu azmış kimi
nə haqq söz, nə də Tanrıdan gələn fərmanlar
ona təsir etmir. İnsanın cahilliyi
ucbatından "cahan bir qətlgah olmuş", o isə hələ
də cəhalət eydinə - bayramına qurbanlar kəsməkdə
davam etməkdədir. Bu hala heyvanlar lənət
oxuduğu halda (lənətxandır heyvanlar), insanlar pis əməllərdən
əl çəkmir.. "Açıldı
sübhi-sadiq, xabdən millət oyanmazmı?" bədii
sualı ilə tamamlanan şeirdə millət və onun gələcəyi
barədə şairin duyğu və düşüncələri
çox yüksək bədii və fəlsəfi ümumiləşdirmələrlə
öz həllini tapıb".
Uğur
Xalq Cəbhəsi.-
2014.- 25 fevral.- S.11.