“Xocalıya ədalət” kampaniyası
davam edir
Dünyanın
ayrı-ayrı ölkələrində soyqırımla
bağlı tədbirlər keçirilir
Xocalı soyqırımının 22-ci
ildönümü ilə əlaqədar dünyanın
ayrı-ayrı ölkələrində tədbirlər davam
edir. Heydər
Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən
irəli sürülmüş "Xocalıya ədalət"
beynəlxalq təbliğat və məlumatlandırma
kampaniyası çərçivəsində dünyanın
bir sıra ölkələrində aksiyalar təşkil
olunur, bu dəhşətli faciə haqqında həqiqətlərin
dünya dövlətlərinə və beynəlxalq ictimaiyyətə
çatdırılması üçün davamlı təbliğat
işləri aparılır.
Londonda
Xocalı mitinqi
Londonda təhsil
alan azərbaycanlı tələbələrin
təşkilatçılığı və Xaricdə Təhsil
Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq
Forumunun (ASAIF) dəstəyi ilə Xocalı
soyqırımının 22-ci ildönümü ilə əlaqədar
Londonda mitinq keçirilib.
ASAIF-dən verilən məlumata görə, bir neçə
saat davam edən mitinqdə Britaniyanın müxtəlif
universitetlərindən azərbaycanlı və xarici tələbələrlə
yanaşı çoxsaylı insan iştirak ediblər.
Əllərində
Xocalı hadisələri zamanı erməni faşistlərinin
dinc sakinləri amansız işgəncələrlə qətlə
yetirmələri, ümumiyyətlə, Ermənistanın Azərbaycana
qarşı işğalçılıq siyasəti ilə
bağlı faktların əks olunduğu plakatlar tutan aksiya
iştirakçıları faciənin
günahkarlarının cəzalandırılması, bu
soyqırıma beynəlxalq səviyyədə obyektiv
siyasi-hüquqi qiymət verilməsi barədə
çağırışlar ediblər, "Xocalıya ədalət!",
"Rədd olsun erməni terrorizmi!", "Biz ədalət
tələb edirik", "Biz sülh istəyirik",
"Sarkisyan terrorçudur", "Qarabağ bizimdir, bizim
olacaq" şüarlarını səsləndiriblər.
Aksiya çərçivəsində soyqırımla
maraqlanan müxtəlif ölkələrin təmsilçilərinə
Xocalı faciəsini əks etdirən broşürlər
paylanıb.
Aksiyanın gənc fəalları Azər Əsgərov,
Ramazan Abbaszadə və Mərdan Həsənzadə fikrilərini
KİV nümayəndələri ilə
bölüşüblər. Ənənəvi olaraq hər il Londonda və dünyanın müxtəlif
yerlərində keçirilən aksiyaların əhəmiyyəti
vurğulanıb. Azərbaycanlı tələbələr
bildiriblər ki, dünyanın müxtəlif ölkələrində
yaşayan, təhsil alan həmvətənlərimiz,
xüsusən də gənclər ölkəmizə
qarşı edilən bu ədalətsizliyi tezliklə dünya
ictimaiyyətinin diqqətinə çatdırmaq
üçün əllərindən gələni əsirgəməməlidirlər.
Aksiya Azərbaycanın Dövlət himninin oxunması ilə
başa çatıb.
İzmirdə
soyqırımı qurbanları anılıb
Türkiyənin İzmir şəhərində də
Xocalı soyqırımının 22-ci ildönümü qeyd
olunub. Tədbir Azərbaycanın Türkiyədəki səfirliyi
və Türkiyədə fəaliyyət göstərən Azərbaycan
Dostluq və Qardaşlıq Dərnəyi tərəfindən
təşkil olunub.
Tədbirin əvvəlində Xocalı
soyqırımının qurbanlarının xatirəsi bir dəqiqəlik
sükutla yad olunub, Azərbaycan və Türkiyənin dövlət
himnləri səsləndirilib.
Azərbaycanın
Türkiyədəki səfirliyinin təhsil üzrə
müşaviri Nəcibə Nəsibova bildirib ki, xaricdə fəaliyyət
göstərən 100-dən çox Azərbaycan nümayəndəliyi
Xocalı soyqırımının ildönümünə həsr
olunmuş tədbirlər keçirir: "Lakin Azərbaycan-Türkiyə
qardaşlığını nəzərə alaraq, Türkiyədə
bu tədbirlər xüsusi əhəmiyyət
daşıyır və bütün fevral ayı ərzində
keçirilir".
Nəcibə Nəsibova "Dünya Hocalıyı
anlatıyor" adlı xüsusi yaradıcılıq layihə-müsabiqəsində
iştirak edən 29 ölkədən 53 tələbə və
məktəbliyə minnətdarlığını bildirib.
Azərbaycan
Milli Məclisinin deputatı Qənirə Paşayeva
çıxışında qeyd edib ki, soyqırım
dünya birliyinin Azərbaycan ərazilərinin 20 faizinin ermənilər
tərəfindən işğalına göz yumması
üzündən baş verib. O, soyqırım
günahkarlarının layiqli cəza alması və belə
faciələrin təkrarlanmaması üçün
"Xocalıya ədalət" təşəbbüsü
çərçivəsində səyləri birləşdirməyə
çağırıb.
Tədbirdə müsabiqənin qalibləri
mükafatlandırılıb. Onlar arasında Azərbaycan
və Türkiyə ilə yanaşı,
Qırğızıstan, Monqolustan, Qvineya, Əfqanıstan və
digər ölkələrdən təhsil alanlar da olub.
Qeyd edək ki, ilk dəfə bu tədbirdə Xocalı
soyqırımı haqqında qumda əllə rəsm çəkmək
yolu ilə hazırlanmış film-hekayənin təqdimatı
olub. Tədbirdə
İzmirdə təhsil alan müxtəlif
ölkələrdən tələbə kollektivləri, cəmiyyətlər
və şəhər administrasiyasının nümayəndələri
iştirak və çıxış ediblər.
İstanbul
da Xocalını andı
Türkiyənin İstanbul şəhərində də
Xocalı soyqırımının ildönümünə həsr
edilmiş anım tədbiri keçirilib. İstanbul
Türkiyə-Azərbaycan Dərnəyinin təşkil etdiyi
tədbirdə çıxış edən dərnək
başqanı Səfər Qaraqoyunlu bu faciənin dünyada
soyqırım kimi tanınması üçün
bütün qüvvələri səfərbər etməyə
çağırıb.
Daha sonra çıxış edən Azərbaycanın
İstanbuldakı Baş Konsulu Həsən Zeynalov
"Xocalı həftəsi" çərçivəsində
Türkiyənin müxtəlif bölgələrində 50-yə
qədər tədbir keçirilməsinin
planlaşdırıldığını bildirdi.
MHP İstanbul millət vəkili Atilla Kaya isə
Xocalı soyqırımının baş vermə səbəblərindən
danışıb.
CHP İstanbul millət vəkili Ali Özgündüz isə
çıxışında Xocalı soyqırmını
"XX əsrin Kərbəlası" adlandırıb. Millət vəkili
Ermənistanın apardığı etnik təmizləmə
siyasəti barədə də geniş məlumat verib.
Azərbaycandan dəvət olunmuş deputat Elman Məmmədov
həm də Xocalı soyqırımının şahidi və
yaxınlarını bu faciədə itirmiş şəxs kimi
çıxış edib. Azərbaycan Ordusunun
işğal olunmuş torpaqları azad etmək əzmində
olduğunu vurğulayan deputat bu soyqırımın dünyada
tanınması üçün Türk Birliyinin dəstəyinin
də önəmli şərt olduğunu qeyd edib.
Tədbirdə TURSAM Strateji Araşdırmalar Mərkəzinin
rəhbəri Əhməd Şahidov Xocalı
soyqırımının bütövlükdə Türk millətinə
qarşı həyata keçirildiyini bildirib. O, bu soyqırım
aktına görə Ermənistanla yanaşı, Rusiyanı da
qınayıb və bu gün rus şovinizminin əsarəti
altında inləyən tatar və başqırdların,
Sibirdə yaşayan türklərin də bu zülmdən
qurtulacağına inandığını bildirib.
Təl-Əvivdə "Xocalıya ədalət!"
Təl-Əvivdəki
"Şimon Peres Dünya Mərkəzi"ndə Xocalı
faciəsinin 22-ci ildönümünə və 2009-cu ildə
başlanmış "Xocalıya ədalət!" Beynəlxalq kampaniyasının 5 illiyinə həsr
olunmuş mərasim keçirilib.
Kampaniya
çərçivəsində "İsrail-Azərbaycan"
Beynəlxalq
Assosiasiyası ("Azİz") Heydər Əliyev
Fondunun dəstəyi ilə İsrailin 10 şəhərində
Xocalı faciəsini özündə əks etdirən fotosərgi
təşkil olunub. Fotosərginin açılış mərasimi bir il əvvəl Təl-Əviv Universitetinin
Diaspor Muzeyində olub. Sonradan həmin fotolar
Afula, Tirat-Karmel, Or-Akiva, Kiryat-Ekron, Netanya, Təl-Əviv,
Rehovat, Aşkelon, Akko və Loda şəhərlərində
nümayiş etdirilib.
Bütün sərgilərdə onun keçirildiyi şəhərlərin
rəhbərliyi, ictimai təşkilatların
başçıları, mətbuat nümayəndələri
iştirak edib, sərgi yerli və xarici KİV-lərdə
geniş işıqlandırılıb. Dağ Yəhudiləri
Regional İctimai Xeyriyyə Fondunun dəstəyi ilə disk
şəklində videofilm və sərgidən bəhs edən
kitabça da buraxılıb.
Nürnberqdə
yürüş-mitinq
Azərbaycan diaspor təşkilatları Almaniyanın
Nürnberq şəhərindəki mərkəzi meydanda -
Jakobsplazda Xocalı soyqırımının 22-ci
ildönümü ilə əlaqədar yürüş-mitinq
keçiriblər.
Azərbaycan Diasporla İş üzrə Dövlət
Komitəsinin mətbuat xidmətindən verilən məlumata
görə, Xocalı qurbanlarının ruhunun bir dəqiqəlik
sükutla anılması və Azərbaycanın dövlət
himninin oxunması ilə başlayan aksiya 2 saat davam edib.
Aksiyada Azərbaycan diasporunun fəal üzvlərində
biri Yeganə Məmmədzadə alman dilində ermənilərin
Xocalıda azərbaycanlılara qarşı həyata
keçirdiyi soyqırım haqqında məlumat verib. Daha sonra Azərbaycan
və Türk icmalarının nümayəndələri
çıxış edərək Avropanı 20-ci əsrin ən
dəhşətli qətliamlarından biri - Xocallı
soyqırımına, eləcə də, BMT qətnamələrinin
yerinə yetirilməməsinə, Azərbaycan
torpaqlarının hələ də işğal altında
olmasına biganə qalmamağa çağırıb.
Mitinqdə şəhər sakinlərinə Xocalı
faciəsinin əks etdirən foto və məlumatlar olan
broşürlər paylanıb, onlara soyqırım haqqında
məlumatlar verilib.
Daha sonra aksiya yürüşlə davam edib. Əllərində qətliam
qurbanlarının fotolarını, Azərbaycan, Türkiyə,
Almaniya bayraqları və plakatlar tutan mitinq
iştirakçıları Nürnberqin mərkəzi
küçələri ilə yürüş edərək
"Xocalıya ədalət!", "Qarabağa
Azadlıq!" "Avropa, Qarabağın
işğalına susma!" kimi şüarlar səsləndiriblər.
Diasporla
İş üzrə Dövlət Komitəsinin dəstəyi,
Odlar Yurdu Azərbaycan-Alman Dostluq Mədəniyyət Cəmiyyəti
və Azərbaycan diasporunun fəalı Akif Məmmədovun təşkilatçılığı
baş tutan aksiyaya digər türkdilli xalqların təmsilçiləri
də qatılaraq soydaşlarımıza dəstək
nümayiş etdiriblər. Onların arasında Balkan Türkləri
Birliyi, Avropa Batı Trakya Türkləri Federasiyası,
Türk Günü Dərnəyi, Türk Ocakları, Türk
Vəlilər Dərnəyinin fəal üzvləri olub.
Amsterdamda
Xocalı konfransı
Niderlandın paytaxtı Amsterdam şəhərində
isə Xocalı faciəsinin 22-ci ildönümü ilə
bağlı anım konfransı keçirilib. Konfransa
çoxmillətli Amsterdam şəhərinin, holland, türk,
türkmən, ərəb və azərbaycanlı
icmalarının nümayəndələri dəvət edilib.
Demokratik
Azərbaycan Hərəkatının media departamentinin verdiyi məlumata
görə, tədbirin əsas təşkilatçıları
Hollanda Türk Gençlik Kuruluşları Federasyonu,
Avropadakı İraq Türkmən Cəbhəsi və azərbaycanlı
mühacirlərin təsisçisi olduğu Demokratik Azərbaycan
Hərəkatı olub. Konfransda Niderlandda fəaliyyət
göstərən aparıcı partiyaların (PvdA, VVD, CDA,
SP, D66) Amsterdam şəhəri üzrə təmsilçiləri
və millət vəkilliyinə namizədləri də
iştirak ediblər. Nederlandın
çoxmillətli bir dövlətə çevrildiyini deyən
partiya təmsilçiləri qeyd ediblər ki, hər bir toplum
barış içində yaşadığı problemləri
Nederland və Avropa cəmiyyətinə çatdıra bilərlər.
Onlar Qarabağ savaşından təəssüfləndiklərini
bildirərək Xocaklı soyqrımının
insanlığa qarşı cinayət olduğunu da qeyd ediblər.
İraq Türkmən Cəbhəsinin rəhbəri
Əşrəf bəy Qarabağın işğalının
və Xocalı soyqırımının bütün türk
dilli xalqların faciəsini olduğunu qeyd edərək
toplantı iştirakçılarını sayğı
duruşuna çağırıb. Bir dəqiqəlik
sayğı duruşundan sonra Əşrəf bəy qeyd edib
ki, Azərbaycandan gəlmiş insanlar aktiv olmalı, məhz
onların dilindən dünyaya Azərbaycan həqiqətləri
çatdırılmalıdır.
TURQUT
Xalq Cəbhəsi.-
2014.- 25 fevral.- S.4.