İnsanları düşündürməyi
bacaran sənətkar
Əzim Əzimzadənin
əsərlərində xəlqilik, ictimai ənənəçilik,
milli kolorit güclüdür
Onun əsərlərini yaşlı və orta nəslin
çoxu xatırlayır. Əzim Əzimzadə
gerçəkdən insanları düşündürməyi
bacarırdı. Əsərləri onillər
ərzində ardıcıl olaraq mətbuatda dərc olunub,
ictimai təsir gücünə malik olub. Əzim
Əzimzadə 1880-ci ilin aprel ayında Novxanı kəndində
anadan olub. Atasının etirazına
baxmayaraq ibtidai təhsilini rus-tatar məktəbində
alıb. Yaradıcılığı boyu əsrlərdən
bəri formalaşan Təbriz Azərbaycan miniatür məktəbinin
və rus rəssamlıq məktəbinin ənənələrindən
bəhrələnib. Rəssamlığa məşhur
"Molla Nəsrəddin" jurnalında əsərlərini
dərc etdirməklə başlayıb. 1906-cı ildən
"Molla Nəsrəddin", "Baraban", "Zənbur",
"Tuti", "Kəlniyyət" və sair jurnalların
səhifələrində satirik qrafik karikaturalarını nəşr
etdirməklə Azərbaycan satirik qrafikasının əsasını
qoyub.
Mütəxəssislərin fikrincə, Əzimzadənin
əsərlərinin əsas mövzusunu sosial təzadlar, adətlər
və xalqın məişəti təşkil edirdi. Cəmiyyətin
müxtəlif təbəqələrinin mənfi
ünsürləri onun satirik qələminin hədəfində
olurdular. O, öz əsərlərində mənfi surətləri
gah kəsərli yumor, gah yumşaq kinayə ilə kəskin
satira atəşinə tuturdu. "İt
boğuşdurma", "Kişi arvadını
döyür", "Varlı evində toy", "Su
üstündə dava", "Köhnə
bakılılar" kimi əsərlərində müxtəlif
sosial təbəqələrə məxsus tiplərin iç
üzünü açaraq qadın hüquqsuzluğuna, ədalətsizliyə
qarşı çıxış edirdi.
Ə.Əzimzadə satirik şair M.Sabirin "Hophopnamə"sinə
çoxlu illüstrasiyalar çəkib. Eləcə də
o, bu illüstrasiyalarla kitab qrafikası sənətinin də əsasını
qoyub. Onun teatrlara çəkdiyi geyim eskizləri
və dekorasiyalar Azərbaycan rəssamlığının bu
sahədəki inkişafına xüsusi təkan verib. Əsərləri dünyanın bir sıra muzeylərində
nümayiş etdirilən rəssamın ilk fərdi sərgisi
1940-cı ildə təşkil olunub. Bakıda
keçirilən birinci sərgidə tamaşaçılar rəssamın
1200-dən çox əsərinə tamaşa edə
bilmişdilər. Rəssam 1920-1943-cü
illərdə Azərbaycan Rəssamlıq texnikumunda müəllim,
1932-1937-ci illərdə isə direktor olub. Məşhur
rəssam 1943-cü il mayın 15-də
Bakıda vəfat edib.
Sənətşünaslıq
doktoru, professor Nurəddin Həbibovun
fikrincə, bu gün misilsiz əsərləri ilə
bütün dünyada Azərbaycan təsviri sənətini ləyaqətlə
təmsil edən neçə-neçə şan-şöhrətli
fırça ustası Əzim Əzimzadə məktəbinin
yetirməsidir. Əzim Əzimzadə Azərbaycan
xalqının görkəmli mədəniyyət xadimləri
arasında xüsusi yer tutur. O, realist qrafikanın banisi,
satirik rəsmin mahir ustası, milli rəngkarlıq sənətinin
öncül nümayəndəsidir: "Müasir Azərbaycan
qrafikasının təşəkkülü,
formalaşması və inkişafı bu böyük sənətkarın
adı ilə ayrılmaz şəkildə bağlıdır.
O, XX əsr milli təsviri sənətimizin inkişafında əvəzsiz
rol oynayıb, qrafikamızı yeni janrlar və obrazlarla zənginləşdirib,
rəssamlıq kadrlarının yetişdirilməsinə
güclü təkan verib. XX əsr Azərbaycan
xalqının tarixində iqtisadi və mədəni yüksəliş
yüzilliyi kimi qiymətləndirilməlidir. Mədəni tərəqqinin inkişafında
mütərəqqi mətbuat, maarif, sənət ocaqları və
görkəmli ziyalılarımız xüsusi rol oynamışlar.
Bu baxımdan 1906-cı ildə böyük
yazıçı-demokrat Cəlil Məmmədquluzadənin təşəbbüsü
ilə Tiflis şəhərində nəşr olunan satirik
"Molla Nəsrəddin" dərgisinin fəaliyyəti
xüsusilə qeyd olunmalıdır. Mirzə
Cəlilin fikrincə, "Molla Nəsrəddin"i təbiət
özü yaratdı, zəmanə özü yaratdı".
C.Məmmədquluzadə, M.Ə.Sabir,
Ə.Haqverdiyev, Y.V.Çəmənzəminli, Ə.Nəzmi,
Ə.Qəmküsar və başqa tərəqqipərvər
ziyalılar ilə birlikdə O.Şmerlinq, İ.Rotter,
Ə.Əzimzadə kimi rəssamlar da dərginin fəaliyyətində
yaxından iştirak edirdilər. Dərginin
qabaqcıl demokratik ənənələri, satirik janrın,
karikaturanın təşəkkülü sahəsindəki təşəbbüsləri
Əzim Əzimzadə yaradıcılığı
üçün sonsuz dərəcədə faydalı təcrübə
və ilham mənbəyi olmuşdu".
Rəssam Novxanı kəndində dünyaya göz
açıb.
Əzimzadənin atası Aslan kişi
şəhərə köçüb bənnalıq edir,
oğlunun taleyinə qayğı ilə yanaşır, onu
mollaxanaya qoyur: "Lakin az müddətdən sonra Əzim
rus-tatar məktəbinə daxil olur. O, burada oxuduğu illər
ərzində rəsm çəkməyə xüsusi həvəs
göstərir, ədəbi əsərlərə
illüstrasiyalar çəkir. İbtidai təhsili
uğurla bitirdikdən sonra balaca Əzim şəhərin
dövlətlilərindən Ağabala Quliyevin dəyirmanında
çapar işləməyə başlayır. Burada həmin sahibkarın evini dekorativ şəkillərlə
bəzəmək üçün dəvət olunan Maslov
soyadlı rus rəssamının yanında təsviri sənətin
əlifbasına yiyələnməyə başlayır.
Peşəkar rəssamlıq təhsili
almamasına baxmayaraq Əzimzadə özünün səyi,
bacarığı ilə şəkil çəkməkdə
uğur qazanır, özünün bu nadir istedadını
inkişaf etdirməyə nail olur. Peşəkər
sənət yoluna özfəaliyyətdən gələn
Əzim Əzimzadə 40 illik səmərəli
yaradıcılığı ərzində 3000-dən
artıq satirik rəsm, karikatura, illüstrasiya, plakat, səhnə
dekorasiyası, geyim eskizi və başqa əsərlər
yaradıb, milli sənətin klassik nümayəndəsi zirvəsinə
ucalıb".
Araşdırmaçının fikrincə,
Ə.Əzimzadənin rəssamlıq sahəsində ilk ciddi
addımları "Molla Nəsrəddin" dərgisində
nəşr etdirdiyi karikaturaları ilə əlaqədardır. Bununla bərabər o
zamankı "Kəlniyyat", "Baraban", "Məzəli",
"Tuti", "Zənbur", "Babayi-Əmir"
adlı dərgilərdə də satirik rəsmlərlə
çıxış edirdi. Həmin rəsmlərin əsas
mövzusu xalqın acınacaqlı güzəranı, ölkənin
daxili vəziyyəti, ictimai ədalətsizliklər, hər
cür tüfeyli ünsürlərin
fırıldaqlarının ifşası idi: "Patriarxal ailədə
qadınların dözülməz həyat tərzi,
hüquqsuzluğu, şəxsiyyətin təhqirlərə məruz
qalması Əzimzadə rəsmlərinin əsas
mövzularındandır. 1914-cü ildə, ilk
yaradıcılıq mərhələsinə aid əsərlər
arasında "Ağlargüləyən" böyük
Sabirin "Hophopnamə"sinə çəkdiyi
illüstrasiyalar Azərbaycan kitab qrafikasının klassik
nümunəsi hesab olunur. Rəsmlər
şairin satirik poeziyası ilə qırılmaz vəhdət
təşkil edir, üslub və bədii ifadə tərzinin
yaxınlığı ilə səciyyələnir. "Əkinçi", "Dilənçi",
"Fəhlə", "Satiram" və başqa şeirlərə
çəkilən rəsmlər fikir aydınlığı,
forma sadəliyi, satirik kəsərliliyi ilə diqqəti cəlb
edir. Əzimzadənin 1922-ci ildə kitabın yeni nəşri
üçün yenidən işlənib tamamlanmış bu rəsmləri
"Hophopnamə"nin ayrılmaz tərkib
hissəsinə çevrilmişdi. Maraqlıdır
ki, Əzim Əzimzadə realist portret janrında məşhur
şərq şairi Cəlaləddin Ruminin, dahi Azərbaycan
şairi Məhəmməd Füzulinin (1919) obrazlarını
yaradıb. Həmin portretlər R.Mustafayev adına
Azərbaycan Dövlət İncəsənət Muzeyinin qiymətli
eksponatlarındandır. XX əsrin əvvəllərindən
başlayaraq milli təsviri sənətin karikatura, illüstrasiya
sahələrində çalışan Əzimzadənin
yaradıcılığı respublikada sovet hakimiyyəti
dövründə yeni vüsət alır. O, Maarif
Komissarlığı nəzdində incəsənət idarəsinə,
ilk dəfə təşkil olunan rəssamlıq məktəbinə
rəhbərlik edir. Təsviri sənətin
plakat, satirik qrafika və səhnəqrafiya sahələrinin
örnəklərini yaradır".
Araşdırmaçı
hesab edir ki, Əzimzadə satirası ilk növbədə
öz parlaq ifadəsini məişət janrı sahəsində
tapıb: ""Müsəlmanların müqəddəs
yerlərə ziyarəti", "Köhnə Bakı tipləri"
(100 tip) kimi silsilə əsərlər rəssamın
keçmiş məişətin bütün təzadlarına,
ixtilaflarına dərindən nüfuz etdiyini göstərir. Rəssam "100 tip" silsiləsində
keçmiş Bakının müxtəlif təbəqələrə,
peşələrə mənsub adamlarının, xırda
küçə alverçilərinin, burjua
ziyalılarının, neft milyonçularının,
inzibatçi məmurların ictimai və psixoloji aləmini məharətlə
ümumiləşdirib. Obrazların milli
koloriti, folklor ənənələrinə
yaxınlığı, satira və yumor ünsürlərinin
dərin ifadəliyi Əzimzadə yaradıcıqini
mühüm sənətkarlıq xüsusiyyətləridir.
Rəssam buna təkcə zahiri etnoqrafik vasitə
ilə deyil, xalqın ruhunu, nəcib arzularını, mənəvi-əxlaqı
incəliklərini yumor dilində ifadə etməklə nail
olub.
Əzimzadə həm də istedadlı plakat ustası
idi. Savadsızlığa, cəhalətə,
riyakarlığa, qadın azadlığına həsr etdiyi
plakatları siyasi və satirik məzmunu ilə fərqlənirdi.
"Vətəndaş, savadsızlığını ləğv
et" (1921) plakatı buna parlaq misal ola bilər.
Əzimzadənin əsərləri acı
gülüş, məzhəkə, qrotesk hissləri ilə
aşılanıb. Onun gah kəskin satira,
gah incə məzhəkə, gah mənalı mübaliğə
və ifşaedici eyhamla dolu rəsmlərini seyr etdikcə
realist sənətin qüdrətini bir daha duymuş oluruq.
Çünki həmin əsərlərdə xəlqilik,
ictimai ənənəçilik, milli kolorit
güclüdür. O, canlı tipaj, mühit, geyim, əşya,
interyer və sairə yaradarkən milli sənətin, folklorun,
məzhəkəli teatr və milli musiqi sənətlərinin
ənənələrinə əsaslanırdı.
Əzimzadə fitri istedadı, səmərəli əməyi
sayəsində realist təsviri sənətin forma rəngarəngliyinə
hərtərəfli yiyələnmiş, özünün
çoxşaxəli istedadını qrafik rəsmlərlə
yanaşı, səhnə tərtibatı və geyimi sahəsində
də nümayiş etdirib. O, Ü.Hacıbəyovun "O
olmasın, bu olsun" musiqili komediyasına, "Şah Abbas və
Xurşidbanu", "Əsli və Kərəm",
"Leyli və Məcnun", M.Maqomayevin "Nərgiz",
Z.Hacıbəyovun "Aşıq Qərib" və
"Şahsənəm" operalarının, M.F.Axundovun
"Hacı Qara", "Molla İbrahim Xəlil kimyagər",
"Müsyö Jordan və Dərviş Məstəlişah",
C.Məmmədquluzadənin "Ölülər"
komediyalarının, Ə.Haqverdiyevin "Dağılan
tifaq", H.Cavidin "Şeyx Sənan",
C.Cabbarlının "1905-ci ildə" dramlarının
tamaşalarına dərin məzmunlu səhnə geyimi və
tərtibat eskizləri yaradıb".
Əzimzadənin
pedaqoji fəaliyyətinə toxunan araşdırmaçı
bildirir ki, o, Bakı Dövlət Rəssamlıq Məktəbində
təhsil alan gənc rəssamlar nəslinin
müəllimi olub, onların sənət aləmində
uğurlarını təmin edib: "İkinci dünya
müharibəsi illəri Əzimzadə
yaradıcılığının son mərhələsini təşkil
edir. O, özünün kəskin satira süngüsünü
faşist quldurlarına qarşı mübarizə silahına
çevirmişdi. Rəssam 80-dən artıq kəsərli
karikatura, o cümlədən "Şir və pişik
balası", "Tovuz lələkli qarğa",
"Fürerin qənimətləri", "İmperializmin zəncirli
köpəkləri", "Faşist heyvanxanası"
(1942) və başqa dərin məzmunlu, dəyərli əsərlərini
yaratmışdı. Rəssam sərsəm
fürerin zahiri simasını verərkən mübaliğə,
şişirtmə üsulu ilə satirik personajın mənəvi
heçliyini, vəhşiliyini, lovğalığını
aşkarlamışdı. Müharibə
illərində yaratdığı əsərlər
Əzimzadə istedadının son parıltısı idi.
O dövrdə rəssamın çoxillik, çoxşaxəli,
rəngarəng yaradıcılıq fəaliyyətinin son
akkordları səslənirdi. Əzim Əzimzadənin
əsərləri Bakının, Moskvanın və bir sıra
digər şəhərlərin muzeylərində
saxlanılır, tamaşaçılar tərəfindən həmişə
rəğbətlə qarşılanır".
Uğur
Xalq Cəbhəsi.-
2014.- 26 fevral.- S.11.