Xocalı faciəsi şahidlərin dili ilə...
Yaxınlarının əksəriyyəti
qətlə yetirilmiş Ceyhun Ələkbərovun dedikləri
Xocalı
soyqırımının necə dəhşətli,
insanlığa sığmayan bir faciə olduğunu dünya
ictimaiyyəti bilsə də, heç kəs bu faciəni
yaşamış, öz gözləri ilə
görmüş, bir göz qırpımında, valideynlərini,
qardaş bacılarını, yaxınlarını itirən
insanlardan bu dəhşəti daha yaxşı anlaya bilməz. Xocalı sakini, Soyqırım Həqiqətlərini
Tanıtma İctimai Birliyinin rəhbəri Ceyhun Ələkbərov
da bu faciəni yaşamış və ümumilikdə
qohumlarının əksəriyyətini itirmiş şəxsdir.
Başına gələn hadisələri
danışdıqca bu insanların bəşəriyyət
tarixində necə böyük faciə, dəhşətlərlə
üz üzə qaldığını daha dərindən
anlayırsan.
Ceyhun Ələkbərov həmin müdhiş gecənin onun həyatında
dərin yaralar buraxdığını deyir: "Adam bilmir
hardan başlasın. Mənim həyatımda həmin
hadisələrlə bağlı müəyyən bir hissələr
var ki, heç cür gözümün qabağından getmir.
Onda mən uşaq idim, 15 yaşım var idi.
Gecə saat təxminən 2-nin yarısı
qaldığımız sığınacağa
qonşularımız gəldi və dedilər ki, ermənilər
artıq Xocalıya girib. Biz,
sığınacaqdan çıxanda artıq erməni
tankının biri Xocalıya girmişdi. Bizim
məktəbin yanında ana nənəmgilin evi vardı.
Biz gəldik o evə ki, onları götürək,
camaatın hara çıxacağı, nə olacağı
qeyri müəyyən idi. Biz,
düşünmürdük ki, Xocalıdan
çıxarıq. Düşünürdük
ki, bir yerə yığılarıq, ya kömək gələr.
Hələ də inana bilmirdik ki, ermənilər
Xocalını yandırıb yerlə yeksan edəcək, əhaliyə
qarşı soyqırım törədəcəklər.
Bu dəhşətin baş verəcəyi
heç kimin ağlına gəlməmişdi. Bu, dünya miqyasında dəhşətli
soyqırım aktlarından biri idi. Mühasirədə
olan Xocalı sakinləri həm Ağdamdan, həm də
Şuşadan kömək gözləyirdilər. Amma
heç bir yerdən kömək olmadı...".
"Məni
qoyub gedin..."
Onlar
sığınacaqdan çıxaraq yaxınları ilə
maraqlanırlar: "Gəldik nənəmgilin həyətinə,
gördük artıq onlar evdə yoxdur. Məktəbin
qarşısı ilə getdik. Nənəm
yaşlı idi, o zaman 60-dan yuxarı yaşı vardı və
dolu qadın idi. Ayağında da problem
vardı, çox yeriyə bilmirdi. Dayılarım
növbə ilə nənəmi bellərində camaata tərəf
aparırdılar. Nənəm də deyirdi ki, məni
qoyub gedin... Biz, gəldik Xankəndidən gələn
qaçqınların yerləşdirildiyi yerə. Ora
çatanda dedilər ki, burada beş mərtəbəli
binanın altında qocalar və əlillər toplaşıb.
Xocalı sakinləri barrikadalar quraraq həmin
binada yerləşdirilmiş qoca və əlilləri
müdafiə edəcəklərini
düşünürdülər. Səhər
açılanda kömək gələcəyini
düşünürdük. Atam da həmin
vaxt xəstələnmişdi. Apendisit idi,
üç-dörd gün idi yerdə yatırdı, yeriyə
bilmirdi. Onda dedilər ki, bunu gecə ilə
erməni postlarının arasından meşə yoluyla
Ağdama aparmaq lazımdır. Çünki
apendisit partlayar, ölə bilər. Yəni,
bir yol qalmışdı - gecə ilə Ağdama aparmaq.
Elə alındı ki, apara bilmədik.
Atam da yeriyə bilmir, özü də ağır adam. Evin böyüyü mən
idim, o birilərin 12-13 yaşı vardı. Bacım lap
balaca idi, 5-6 yaşı vardı. Dedilər ki,
dağa çıxıb orda gözləmək
lazımdır. Anam dedi ki, mən anamı qoyub getmirəm,
siz gedin. Elə oldu ki, dayılarım da, anam da
nənəmin yanında qaldılar, dağa
çıxmadılar. Biz dağa
çıxmağa məcbur olduq. İnsanların
kütləvi surətdə məhv edilməsi həmin yerdə
baş verdi. Arxadan gələn
insanlar dedilər ki, artıq dayanmaq olmaz, getmək
lazımdır. Çıxdıq meşəyə,
atam yeriyə bilmir, bacım balaca, anam qalıb nənəmin
yanında. Mənim də əlimdə bir
tüfəng var idi. Onun da lüləsi yerə
batdığından içinə qar dolmuşdu,
atmırdı. Camaatla qalxdıq meşəyə.
Biz dağa qalxdıqca Xocalı
aşağıda qalırdı və şəhərin necə
yandığını aydın görünürdü. Bütün gecəni psixoloji sarsıntı
içindəydim. Bir tərəfdən
anamın bizimlə olmaması, bir tərəfdən ermənilərin
bizi mütəmadi atəş altında saxlaması,
insanların sırasının getdikcə seyrəlməsi,
atamın yeriyə bilməməsi, məni çətin duruma
salmışdı. Bir anın içində
insanlar şəhid olurdular. Aiqbətimiz nə
olacaq? Bu sual beynimdə fırlanırdı...".
Camaatın
xilası naminə övladının canına
qıymış ana
Bir qədər
meşəyə qalxırlar, yuxarı doğru iki kilometr yol qət
edəndən sonra ermənilərin açdığı atəş
nəticəsində 4-5 nəfər, o cümlədən
yaxın qonşuları şəhid olur: "Xocalıdan
birlikdə çıxdığımız bir dəstə
adamla yenidən geri qayıtdıq. Meşə
ilə demək olar ki, 3-4 saat getdik. Səhər
açılmamışdı, qaranlıq idi. Hər tərəf qar, ayaqlarım qarın
içində donub. O da bir tərəfdən əziyyət
verir. Anam qalıb aşağıda, bu isə mənə
daha pis təsir edir və özümü ağlamaqdan saxlaya
bilmirəm. Dedilər ki, qabaqda bir erməni
postu var, 600-700 metr məsafədən işığı
görünür, o postun yanından keçdikdən sonra
Ağdamdı. Meşə yolu istifadə
olunmadıqdan Xocalıda bu yolu tanıyan demək olar ki, 3-4 nəfər
var idi. Heç kim həmin meşə
yolunun hara aparacığını bilmirdi. Sadəcə
istiqamət olaraq bilinirdi ki, o tərəf Ağdamdı.
Buna heç yol da demək olmazdı, keçilməz
meşə idi, bir də əkin sahələri. Yanımızda da bir gəlinin balaca uşağı
ağlayırdı. İnsanlar da qorxurdular ki, bu
uşağın səsini ermənilər eşidib bizi
öldürəcəklər... Anası ona
görə camaatın həyatını təhlükəyə
atmamaq üçün gizlicə uşağı
boğmağa məcbur qalıb. Hamı, o
cümlədən uşağın anası
övladının öldüyünü zənn edirdi.
O dəhşətli səhnə, camaatın həyatının
xilası naminə övladının canına
qıymış ananın simasında olan ifadə
ömrümün axırına qədər yadımdan
çıxmaz. Bu səhnə getdikcə mənə
daha pis təsir edir. Ana için-için
ağlayaraq körpəsinin cəsədini bağrına
basmışdı. Biz Ağdama
çatandan sonra körpədən və anadan bir daha xəbər
tutmadıq. İllər keçəndən
sonra mətbuatda oxudum ki, həmin körpə sən demə
huşunu itiribmiş, sonradan ayılıb. Kim bilir, bəlkə
də bu Allahın möcüzəsi idi...
Dinc sakinlərə
tutulan divan
...Biz erməni
postunun yanından keçəndə artıq səhər
açılırdı, hava işıqlanırdı. Qəfildən başqa bir tərəfdən
Xocalıdan çıxan digər bir dəstənin, qadın
və uşaqların insanın bizə tərəf gəldiyini
gördük. Gördüm ki, anam da həmin
dəstənin içərisindədir. O zaman mənim
hansı hissləri keçirdiyimi anlatmaqda çətinlik
çəkirəm. O anda nə edəcəyimi bilmədim, elə
bil ki, dünyaya yenidən gəldim. Baxdım ki, anam
ayaqyalındı, don vurduğundan ayaqları şişib. Mənim ayağımdakı ayaqqabılarım
böyük idi. Çünki biz evimizdən
gedəndə ayağımıza nə gəldi geyinib
getmişdik. Mən ayaqqabımı
çıxarıb verdim anama ki, geyinsin. Özüm
ayaqyalın da gedə bilərdim. Anamın
ayağı o qədər şişmişdi ki, o böyük
ayaqqabıya girmədi. Qarşımızda
bir təpə vardı, dedilər təpədən o tərəf
Ağdamdı. Halbuki belə deyildi. Ağdama hələ çox var idi.
Birdən kənarlardan müxtəlif, o cümlədən
hərbi maşınlar gəldi. Ermənilər
qışqıra-qışqıra silahsız dinc sakinləri
atəşə tutdular. Bundan sonra baş verən hər
bir şeyi adam anlatmaq istəmir. Elə şeylər var ki, gördüyünü dilə
gətirmək istəmirsən. Yəni, ortada başsız-qolsuz
bədənlər səpələnib, insanların qanı
qarın üstünə fışqırır, buğ
çıxır və sən bunu gözünlə
görürsən. Yanında gedən adam
bir saniyənin içindı yıxılıb ölür. Çox faciəvi idi.
Beləcə biz, gəlib çıxdıq Ağdama. Hərə
dağılıb Ağdamdakı qohumun yanına getdi. Orada bir 6-7 saat qaldıq. Ondan
sonra artıq meyidlərin alınması prosesi başladı.
İnsanlar gözləyirdi ki, görən bu
gün hansı yaxınının meyidi gələcək?
Mənim yaxın qohumlarım vardı,
Xocalıda ermənilər tərəfindən
qırıldı. Xocalıda yerli
camaatın çoxu bir-birinə qohum idi. Xocalıda
ölənlərim hamısı mənim əzizim idi. Çünki aralarında hər gün
qarşılaşdığım, oynadığım
uşaqlar vardı. Bütün
günü bir yerə oynadığım bir dostum vardı,
Mahir, o atası ilə bir yerdə yoxa çıxdı.
Yəni, öldüsü, qaldısı bilinmədi".
Qətlə
yetirilən 40-dan artıq qohum
Ceyhun
Ələkbərovun təkcə ata tərəfdən 40-dan
artıq qohumunu ermənilər qətlə yetiriblər:
"Ən yaxın qohumlarımdan, atamın iki bacısı,
birinin iki uşağı və digər yaxınlarım. Bu yaxınlarda o zaman Xocalıda çəkiliş
aparmış bir rus jurnalistin yayımladığı şəkildə
bibimin birinin körpəsi ilə birgə
öldürüldüyünü öyrəndik. Onun Çinarə adında bir qızı,
Çingiz adında bir oğlu var idi. Çingiz
anasının kürəyində güllələnib,
qızdan isə xəbər yoxdur. Bir
yandan da bu təsəllidi. Düşünürsən
ki, öldü, o şərəfsizlərin əlində
qalmadı. Mənim bir qohumum vardı,
atamın dayısı oğlu - Mehman, o vaxt 27-28 yaşı
vardı. Üç il bundan qabaq
televiziyada göstərdilər ki, ermənilər əsir
saxlayırlar, qulağını, dilini kəsiblər. Onu bir erməni generalının həyətində
it damında zəncirdə saxlayırlar. Bu
insanlığa sığırmı?
Tez-tez Google-da baxıram. İnan ki, oynadığım yerləri,
həyətimizi, hər gün məktəbə gedib gəldiyim
yolları, qoz yığmağa getdiyim yer, həmin qoz
ağacını görürəm... Həmin yerlərə
baxıram... Ümumiyyətlə, mənim
uşaqlığım çox dəcəl olub. Ona görə də xatirələrim daha çoxdu.
Xocalıda Samir, mən, Hikmət, bir də rəhmətə
gedən Mahir, dördümüz dostluq edirdik...".
Bütün
ağrı acıları yaşayan, həyatını yenidən
qurmaq məcburiyyətində qalan Ceyhun gənc
yaşlarından işləməyə başlayır: "Bu
günə qədər yadımdan çıxmayıb... Gecəyarısı görürdüm ki, atam
hamı yatandan sonra yatağında hönkür-hönkür
ağlayır. Yaxınlarını itirmək
ağır bir şeydi, amma qeyrətli, namuslu bir kişinin
bacılarını itirməsi, yaxud oların öldüklərini,
qaldıqlarını bilməməsi çox ağır dərddir".
Əli
Zülfüqaroğlu
Xalq Cəbhəsi.-
2014.- 27 fevral.- S.6.