Azərbaycan fəlsəfəsinin qədim
dövrü
Fəlsəfi fikrin təşəkkülü
və inkişafının ideya əsasları
"Azərbaycan fəlsəfəsi"
anlayışı tarixən Azərbaycanda və ölkə
xaricində yaşayan müxtəlif dil, din və mədəniyyətlərin
daşıyıcıları olan azərbaycanlıların fəlsəfi
irsinin təşəkkül və təkamülünü əhatə
edir. Müasir elmi məlumatlara görə, Azərbaycanda
fəlsəfi fikrin inkişafı dördüncü minilliyinə
qədəm qoyub. Bu ölkədə qədim
dövrlərdən başlayaraq yüksək
sivilizasiyaların bir-birini əvəz etməsi, müxtəlif
dil, din, həyat tərzlərinin çulğalaşması
Azərbaycan etnosunun mənəvi mədəniyyətinin məhvəri
olan fəlsəfi fikir və dünyagörüşünün
təşəkkül və təkamülü
üçün münbit zəmin yaradıb. Ölkənin fəlsəfi mədəniyyətinin
inkişafında onun coğrafi mövqeyi, təbii zənginliyi,
tarixən yüksək şəhər mədəniyyəti,
daim müxtəlif dil və din daşıyıcıları
olan regionlarla əlaqələrinin mövcudluğu
mühüm rol oynayıb. Bunların sayəsində
artıq e.ə. I minilliyin I yarısından ictimai
şüurda varlığın başlanğıcı və
sonu, təkamülü, insan və mühitin, maddi və
qeyri-maddinin, rasional və irrasionalın münasibətlərinin,
həqiqət, xeyir, şər və ədalətin
çoxçalarlı əlaqələrinin dərkinə
yönəlmiş fəlsəfi mülahizələr,
onları ehtiva və təmsil edən mifologiya və dinlə
bağlı, kökləri keçmiş minilliklərə
gedib çıxan müxtəlif ideoloji cərəyanlar olub.
Azərbaycanda
fəlsəfi fikrin inkişafını izləmək
üçün keçmişin mühüm yazılı
abidələri - "Avesta", pəhləvi mətnləri,
qədim yunan filosofları və tarixçilərinin əsərləri,
orta əsr yazılı abidələri, ölkə ərazisindəki
arxeoloji qazıntıların materialları, dil və
şifahi ədəbiyyat tarixinin tədqiqi və s.
araşdırmalar geniş imkanlar yaradır. Fəlsəfi
dünyagörüşünün təşəkkülü
insanın təbiətə münasibətində fetiş,
totem, ruh, ilahilər və s. bu kimi təzahür formaları
ilə bağlı olub. Bu təsəvvür və
təlimlər, müxtəlif kultlarda və insanin mühitdən
özünümüdafiəsinə yönəlmiş magiyada
da öz əksini tapıb. Müasir elm e.ə.
I minilliyin I yarısında Azərbaycanda zərvanilik,
zərdüştilik fəlsəfəsi və maqlar
(muğlar) təliminin geniş yayıldığını
göstərir.
Ölkədə yayılmış qədim fəlsəfi-mifoloji
təlimlərdən biri zərvanilik idi. Bu təlimin əsas
prinsipləri haqqında Avesta, qədim pəhləvi mətnləri,
Quran, Orta əsr Şərq yazılı abidələri və
çoxsaylı tədqiqatlar məlumat verir. Zərvanilikdə
zaman, bəzi hallarda zaman ilə məkan varlığın
yaradıcısı, bütün mövcud şeylər sonsuz
zamanın - Zarvana akarananın təzahürləri,
mövcudatın fenomenləri isə od və
suyun müxtəlif mütənasiblikdə birləşməsi
kimi təqdim edilir. Həmin təlimə görə, keyfiyyət
iki dərəcəlidir: birinci keyfiyyəti təmsil edən
işıq ruhu, əzəli və əbədi Hörmüz
maddi varlıqları və həyatı yaradır, ikinci
keyfiyyəti təmsil edən zülmət ruhu Əhrimən
isə hər şeyi ölümə məhkum etdiyindən, əzəli
olmadığı kimi, daimi də deyil.
Azərbaycan fəlsəfi fikrində digər
mühüm cərəyan zərdüştilik idi. Zərdüştiliyin
görkəmli abidəsi "Avesta" əsərində
dövrün sosial-mədəni, xüsusilə fəlsəfi
fikri haqqında ensiklopedik məlumat toplanıb. Qədim
və Orta əsr mənbələri, eləcə də bir
çox sonrakı tədqiqatlar Zərdüştün tarixi
Azərbaycan ərazisində yaşaması,
"Avesta"nın bizə çatan mətninin əslinin isə
Atropatena və Raqadan olan maqlar tərəfindən yazıya
alınması barədə məlumat verir. Erkən
zərdüştilik öz əksini Qatalarda tapıb. Bu dövrdə geniş yayılmış politeist təsəvvürlərdən
fərqli olaraq, Zərdüşt mövcudatın ilk səbəbini
monoteistcəsinə izah edərək Ahura Mazdada
görürdü. Qatalarda Kainatın tərkibi
- yer, göy, okean, işıq, dağ və dənizlərin
zaman daxilində yaranmasına, cənnət, həqiqət,
xeyir, sülh, əməksevərlik və s. fəlsəfi,
sosial, etik və estetik məsələlərə toxunulur.
"Avesta"ya
görə Ahura Mazda öz nurundan göy cisimlərini, ruhundan
isə 6 ölməz Xeyir ilahəsini yaradır ki, bunlar Ahura
Mazdanın ayrılmaz keyfiyyətlərini təşkil edir. Bu, Yaradılışın birinci dövrü idi.
İkinci dövrdə Ahura Mazda maddi, hisslərlə
qavranılan, kamilliyi və Xeyiri təmsil edən
mövcudatın əsasını yaradır. Maddi aləm yarandıqdan sonra bura Şər ruhu
daxil olur və Şərlə Xeyir arasında mübarizə
başlayır. Bəşəriyyətin vəzifəsi
Ahura Mazda və Xeyir ruhları ilə birgə Xeyiri Şərdən
ayırıb Şər ruhuna qalib gəlməkdir. Bu qələbə insanların xoşbəxt
yaşayacağı üçüncü dövr olacaq.
"Avesta"da Şər ruhuna qarşı Həqiqət,
Ədalət və İşıq rəmzi olan Arta qoyulur. Ruhların
mübarizəsində Kainatda konkret nəfslərin
daşıyıcıları (insan, heyvan, bitki, mineral və
s.) fəal iştirak edir. Kainatın
daxilindəki bütün şeylər canlıdır. Nəfs həm konkretə, həm də mücərrədə
xasdır. İnsanın nəfsi - onun
inamı, dünyagörüşü, mənəvi prinsipləri
ilə yanaşı davranış tərzidir. Bunlar bütövlükdə insanın mahiyyətini
təmsil edir və o, öz azad iradəsinə uyğun Xeyir və
ya Şər yolunu seçir. Qatalarda mühüm yeri
müharibəyə və hər növ zülmə
qarşı etiraz, sosial problemlər, kəndlilərin və
kasıb təbəqənin mənafeyinin müdafiəsi, təbiətin
- torpaq, su, bitki və heyvanların mühafizəsi məsələləri
tutur, bu işdə insanın rolu vurğulanır, Ahura
Mazdanın keyfiyyətlərinə yiyələnmiş insanlar
ailəni, məskunlaşdıqları yeri, ölkəni
möhkəmləndirməyə sövq edilir.
Zərdüştiliyin mənəvi prinsipləri Humata
(xeyirxah fikir, düşüncə), Huxta (xeyirxah söz),
Hvarşta (xeyirxah əməl) sülhü, əmin-amanlığı
qorumaq, əməksevərlik, qənaətcillik, xeyirxahlıq,
ədalətlilik tələblərini ifadə edirdi. Zərdüştilik
sosial fikir tarixində məhz bu arzu, təklif və tələblər
üzərində qurulmuş, maddi və mənəvi cəhətdən
bizə məlum olan ilk kamil cəmiyyətin təsvirini verir.
... Zərdüştiliyin
iki başlanğıcın vəhdəti, onun əksliklərin
qarşıdurması və mübarizəsi üzərində
yüksələn mövcudatla bağlı təsəvvürləri,
təbiətə və insana yönəlmiş humanizmi, azad
iradəli insanın fəallığı, utopik cəmiyyət
haqqında ideyaları, gözəlliyə münasibəti, fəlsəfi
təliminə məxsus mücərrəd məfhumlar - ilk
başlanğıc, işıq, zülmət, Xeyir, Şər,
həqiqət və s. kateqorial anlamları minilliklər ərzində
ictimai fikirdə müxtəlif formalar alaraq dünya fəlsəfi
mədəniyyətinin ənənəsi kimi
yaşamaqdadır. Sonralar, ilk növbədə
Azərbaycan və Orta əsrlər İslam Şərqinin zərdüştilikdən
də qaynaqlanan mistik fəlsəfəsi, demokratizmi və
humanizmi ilə fərqlənən ideoloji cərəyanları
zərdüştilik ideyalarının yaşaması
üçün münbit zəmin oldu.
E.ə.
I minilliyin I yarısında Azərbaycan fəlsəfi
fikrinin inkişafında Midiya kahinləri nəslindən olan
maqların təlimi mühüm yer tutur. Səciyyəvidir
ki, kahin silkindən olan maqlar mədəniyyət tarixinə
yalnız din, fəlsəfə, elm təmsilçisi kimi deyil,
həm də təlim yaradıcısı kimi daxil olmuşlar.
Mədəniyyət tarixində "maqlar
dini"ndən deyil, daha çox "maqlar təlimi" və
"maqlar elmi"ndən bəhs edilib. Buna
səbəb isə maqlar təliminin mənəvi mədəniyyətin
müxtəlif sahələrini ehtiva etməsidir. Maqların dünyagörüşü o
dövrün yüksək inkişaf etmiş elmlərinə -
astronomiya, riyaziyyat və təbabətə əsaslanırdı.
Onların öz biliklərindən istifadə edərək
təbiət və cəmiyyət həyatına müdaxilələri
çox vaxt sehr kimi dəyərləndirilirdi. Mədəniyyət tarixində "maq"
anlamı altında zərdüştiliyin təmsilçilərini
və ümumiyyətlə, müdrikliyi ilə seçilən
şəxsiyyətləri nəzərdə tutmuşlar.
Şərqdə "pir-i muğan"
anlamı alim, müəllim, müdrik mənasında işlənir.
Zərdüştiliklə
bərabər maqlarin təliminin qədim yunan mədəniyyəti
və fəlsəfəsinə təsirini Demokrit, Pifaqor,
Anaksarx, Pirron, Platon, Aristotel, Laertli Diogen, Evdoks, Feopomp, Rodoslu
Evdem, Gekatey öz əsərlərində göstərirlər.
Zərvanilik, zərdüştilik və maqlarin
təməl ideyaları Azərbaycan fəlsəfəsinin gələcək
inkişafına xeyli təsir göstərib. Yeni eranın ilk əsrlərində digər fəlsəfi
cərəyanlara da rast gəlinir. Qədim
dövrün sonu və erkən Orta əsrlərdə zərdüştilik,
astral dinlər, tanrıçılıq (Göy Tanrı),
şamanizm və xristianlıqla bağlı cərəyanların
içində manilik və məzdəkilik fəlsəfi
görüşləri xüsusi yer tutur. E.ə.I
minilliyin sonundan və yeni eranın ilk yüzilliklərindən
başlayaraq Azərbaycanın şimal ərazisi olan Albaniyada
bir-birinə zidd iki siyasi və məfkurə təmayülü
- maqların yaydığı zərdüştilik təmayülü
və politeizmə, sonra isə xristianlığa söykənən
yunan-Roma və Bizans təmayülü mövcud idi.
Azərbaycanda manilik b.e.nın III əsrinin sonundan
yayılıb.
Özünü Zərdüşt, Budda və İsanın
davamçısı adlandıran, təlimini İran, Orta
Asiya, Qərbi Çin və Hindistanın ənənələrinə
uyğunlaşdıraraq yayan Mani (216-277) "Sirlər
kitabı", "İki prinsip haqqında kitab",
"Praqmataya" ("Nəsihətnamə"),
"İncil" adlı əsərlərində
özünün yeni təlimini şərh edib. Manilik zərdüştilikdən ardıcıl
dualizmi ilə fərqlənirdi. Maniliyə
görə, Xeyir və Şər (Nur və Zülmət) hər
ikisi ilkindir. Əzəmətin atası
Sroşav (bəzən Mani onu Zərvan da adlandırır)
işıq aləmində yerləşir ki, bu aləm
"dahi ruhu" ehtiva edir və efirlə əhatə olunub.
Sroşavın beş məkanı və
eyni zamanda beş təzahürü var. Bunlar zəka, əql,
təfəkkür, refleksiya və iradədir. Maniyə
görə, dünya və insana Nur və Zülmətin, Xeyir
və Şərin, Allah və Şeytanın mübarizəsi
xasdır. Əsas məqsəd Nuru Zülmətdən
azad etməkdir.
Zərdüştilikdən fərqli olaraq, Maniyə
görə, insan bu yolda dünyəvi nemətlərdən
imtina etməlidir. Sosial təlimində insanların hüquq bərabərliyinə
üstünlük verən maniliyin dini-fəlsəfi və
sosial ideyaları hakim qüvvələrin təqibinə
baxmayaraq həm Atropatenada, həm də Albaniyada, sonralar isə
Şərqdə və Avropada məzdəkilərin,
pavlikianların, albiqoyçuların, katarların və
başqalarının ideoloji təlimlərində geniş yer
tapmışdı. Hər işdə mötədillik
tələb edən məzdəkilik sosial ədalət
uğrunda üsyana qalxmağı və qan tökülməsini
mümkün hesab edirdi. Məzdəkin əsərləri
yandırıldığından onun
dünyagörüşü haqqında məlumatı orta əsr
mənbələrindən (Əbu Reyhan Biruni, əş-Şəhristani
və b.) almaq mümkündür.
Qədim dövr və erkən Orta əsrlərdə
yanğın, müharibə, siyasi və dini münaqişələr
nəticəsində yazılı abidələrin məhvi bəhs
olunan dövrlərə aid fəlsəfi fikrin tam zənginliyi
ilə təsvir və tədqiqinə imkan vermir. Buna baxmayaraq, əldə
olan məlumatlar aşağıdakı qənaətə gəlmək
üçün əsas verir: qədim dövr və erkən
orta əsrlərdə Azərbaycanın mədəni irsində
fəlsəfi problemlərin qoyuluşu və şərhi
metodları, fəlsəfi kateqoriyalardan - mövcudat,
başlanğıc, son, maddə, ruh, nəfs, zaman, məkan, həqiqət,
ədalət, Xeyir və Şərdən, onların
qarşılıqlı əlaqələrindən bəhs
edilməsi Azərbaycan fəlsəfəsini Qədim dövr
dünya fəlsəfi fikrinin ayrılmaz hissəsi kimi səciyyələndirir.
Zümrüd
Quluzadə,
fəlsəfə
üzrə elmlər doktoru
Xalq Cəbhəsi.-
2014.- 28 fevral.- S.14.