“Mətbuat və
Azərbaycan ədəbi dilinin
qorunması”
"Zərdabi Mətbuat Mərkəzi”
"dəyirmi masa” keçirib
Dünən "Zərdabi Mətbuat Mərkəzi" İctimai
Birliyi "Mətbuat və Azərbaycan ədəbi dilinin qorunması" mövzusunda
"dəyirmi masa"
keçirib. Tədbir qurumun Azərbaycan Respublikasının Prezidenti
yanında Qeyri-Hökumət
Təşkilatlarına Dövlət
Dəstəyi Şurasının
maliyyə yardımı
ilə reallaşdırdığı
"Mətbuatda ədəbi
dilin qorunmasına dəstək: problemlərin
aradan qaldırılmasında
ictimai müzakirələr
başlıca amil kimi" layihəsi çərçivəsində sayca üçüncü-sonuncu
toplantıdır.
Mətbuat Şurasında baş
tutmuş "dəyirmi
masa"nı giriş
sözü ilə
"Mətbuatda ədəbi
dilin qorunmasına dəstək: problemlərin
aradan qaldırılmasında
ictimai müzakirələr
başlıca amil kimi" layihəsinin koordinatoru, "Zərdabi Mətbuat Mərkəzi"
İB-nin sədri Rəhim Hüseynzadə açıb. O, mart-iyun ayları ərzində gerçəkləşdirilməkdə olan layihənin məqsədinin ölkənin
mətbuat orqanlarında
Azərbaycan ədəbi
dilinin normalarını
qorunması ilə bağlı meylləri müəyyənləşdirməkdən, mövcud problemlər barədə ictimaiyyətin
məlumatlandırılmasını təmin etməkdən ibarət olduğunu bildirib. Dil probleminə kompleks
yanaşılmasının vacibliyini önə çəkib. Bu mənada
Azərbaycan Respublikasının
Prezidentinin Azərbaycan
dilinin qloballaşma şəraitində zamanın
tələblərinə uyğun
istifadəsinə və
ölkədə dilçiliyin
inkişafına dair Dövlət Proqramı haqqında 23 may 2012-ci il tarixli sərəncamında
söz açan Rəhim Hüseynzadə vurğulayıb ki, sənəddə dövlətçiliyimizin
başlıca rəmzlərindən
olan ana dilinin istifadəsinə və tədqiqinə dövlət qayğısının
artırılması, ölkəmizdə
dilçilik elmi sahəsində vəziyyətin
əsaslı surətdə
yaxşılaşdırılmasını
təmin etmək əsas götürülür,
müvafiq qurumlar qarşısında vəzifələr
müəyyənləşdirilir: "Mətbu fəaliyyət dildən istifadə sahəsində ən spesifik məqam kimi diqqət çəkməkdədir. Bu mənada kütləvi informasiya vasitələrində
çalışanların ona xüsusi önəm verməsi əhəmiyyətlidir. Layihəmiz də
bunun üçün
bir çağırışdır,
habelə dövlət
miqyasında başlanılmış
işə dəstəkdir".
Layihədə ekspert qismində
çıxış edən
"Jurnalist Araşdırmaları
Mərkəzi" İctimai
Birliyinin sədri Seymur Verdizadə bildirib ki, son onilliklərdə cəmiyyətimizin
həyatında baş
verən ciddi dəyişikliklərlə bağlı
dilimizə külli miqdarda yeni alınma
sözlərin daxil olması təbii və qanunauyğun haldır. Bu sözlərin
çoxuna dilimizin təbii ehtiyacı var. Ancaq ədəbi dilimizdə geniş şəkildə işlənən
öz sözlərimiz
ola-ola zəruri ehtiyac duyulmadan onların əcnəbi qarşılığının nitqimizə nüfuz etməsinin də şahidi oluruq. Layihə bu kimi məsələlərin
aradan qaldırılmasına
dəstək vermək
üçün reallaşdırılır:
"İndiyədək Lənkəran
və Şəkidə
də eyni mövzuda tədbirlərimiz
olub. Hesab edirəm ki,
ictimaiyyət məsələyə
kifayət qədər
böyük dəstək
verir".
"Xalq qəzeti"nin
baş redaktor müavini Tahir Aydınoğlu bildirib ki, dilə yanaşma
məsələsində müsbət
nəticələrin əldə
olunması üçün
ictimai təşkilatların
üzərinə də
böyük missiya düşür. "Dilimiz pozulmasının qarşısı alınmalıdır.
Bu, həyat və
su qədər vacib məsələdir.
Son zamanlar elektron
medianın geniş şəkildə təşəkkül
tapması dil məsələlərinin arxa
plana keçməsinə
gətirib", - deyən
baş redaktor müavini fikrini mətbuatda təsadüf edilən dil xətaları üzərində
qurub. O bildirib ki, dil pozuntularının
aradan qaldırılması
mətbuatımızın peşəkarlıq
səviyyəsinin yüksəldilməsi
üçün ən
vacib məsələlərdən
biridir.
Mətbuat Şurası İdarə
Heyətinin üzvü,
Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin
sədri Azər Həsrət daha çox tele-radio məkanında dil xətalarına yol verildiyini diqqətə çatdırıb. Bununla bağlı
bir sıra xarakterik cəhətlərdən
söz açan Azər Həsrət dövlətin dil məsələsinə daha
həssas yanaşmasının
vacibliyindən danışıb.
Azərbaycan Dillər Universitetinin professoru Fəridə Səfiyeva dilə yanaşma məsələsinin
önəmindən bəhs
edərək bildirib ki, jurnalistika fakultəsində qabiliyyət
imtahanı mexanizminin tətbiqi mövcud istiqamətdə əsaslı
irəliləyişlər üçün
nikbinlik yaradır.
Mətbuat Şurası sədrinin müavini, Jurnalistlərin
Həmkarlar İttifaqının
sədri Müşfiq
Ələsgərli vurğulayıb
ki, dil normalarının
qorunmasında dövlətin
rolu ilə yanaşı, hər bir vətəndaşın
üzərinə düşən
missiya da önəmlidir.
Çıxış edənlərdən
uzun müddət dövlət radiosunda çalışmış jurnalist
İntiqam Mehdizadə,
Qərb Universitetinin müəllimi Akif Şahverdiyev, hərbçi
jurnalist İbrahim İsgəndərov və
başqaları "Zərdabi
Mətbuat Mərkəzi"
İB-nin layihəsinin
əhəmiyyətindən söz açaraq mediada ana dilimizin
qorunmasına yönələn
təşəbbüslərə daim ehtiyacın olduğunu vurğulayıblar.
XC
Xalq cəbhəsi.-2014.-1 iyul.-S.7.