“Göytürk” dastanından “Dədə
Qorqud kitabı”na kimi...
"Türk" sözünü ilk dəfə Göytürklər işlətmişlər. "Göy", "tan",
"dan", "mavi" anlayışları həm də
ucalıq mənası daşıyır. Göy
ucalıqla yanaşı həm də dövlətin
böyüklüyünə işarədir. Məhz buna görə də onlar Çindən Qara
dənizə qədər, cənubda Hindistana qədər
böyük ərazinin sahibi olmuşlar. Və neçə
yüzillər bu ərazilər onların nəzarətində
olub...
Tarix boyu müxtəlif adlar daşıyan türk
dövlətləri arasında öz milli özəllikləri
ilə seçilən, milli duyğuları, düşüncələri
ilə tanınan türk dövləti Göytürkdür.
Çin mənbələrində Göytürklərin
dövlət qurmadan daha öncə bəzi miflərdə
onların haqqında bilgilər verilir. Bu, miflərdə
də iz buraxıb. Ancaq Göytürklər
əslində öz tarixlərini zamanında daha çox
daşlara köçürüblər. Göytürklər
haqqında iki əsatir Çin qaynaqlarında yaşayıb.
Əsatirin birində türklərin yox olma təhlükəsindən
xilas olmalarıdır. Əsatirdə deyilir: "Hunlarla eyni soydan olan
Göytürklər Hun yurdunun şimalındakı So ölkəsindən çıxdılar. Başqanlarının adı Ka-Pan-Pu idi. Ka-Pan-Punun on altı qardaşı var idi. Onlardan birinin anası qurd idi. Bir
qurd - yəni totem uşağı olan bu gənc
yağışa və havaya hökm edirdi. Göytürklərin düşmənləri
savaş zamanı onun qardaşlarını qırmış,
yalnız bu gənc sağ qalmışdı. Bu gəncin iki qadını vardı. Biri Yaz tanrısının qızı, o birisi isə
Qış tanrısının qızı idi. Bunlardan iki oğul doğulmuşdu. Xalq bunlardan birini - No-tu-lu-şeyi özlərinə
hakim seçdilər. No-tu-lu-şe xaqan
Türk adını aldı. Türkün
on qadını vardı. Bu qadınlardan
doğan bütün uşaqlar analarının adını
daşıyırdılar. Bunlardan Asena (dişi qurd)
adı alan gənc türklərə hakim
oldu.
İkinci
əsatirdə deyilir: "Türklərin ilk atası qərb
dənizinin (mənbələrdə Xəzər nəzərdə
tutulur) qərb sınırlarında oturmuşdu. Bunun xalqı hunların bir boyu idi və Aşina
adını daşıyırdı. Aşina
boyu qonşu millətlər tərəfindən yox edildi.
Bunlardan ancaq bir oğlan sağ qaldı. Düşmənlərin bu oğlana
yazığı gəlib onu öldürmədilər,
ayaqlarını, qollarını kəsib bir
qamışlığa atdılar. Düşmənlər
getdikdən sonra bir dişi qurd bu oğlanı mağaraya
aparıb yemləyib sağaltdı və ondan hamilə
qaldı. Düşmənlər oğlanın sağ
olduğunu eşidib onu öldürməyə adam
göndərdilər. Adam oğlanın
yanında qurdu görüb qorxub geri qayıtdı. Qurd mağarada on uşaq doğdu. Bu uşaqlar böyüyüb sonradan hər birindən
bir boy törədi. Bunlardan biri Aşina
boyu idi. Aşina qardaşlarının
hamısından daha bacarıqlı olduğu üçün
türklərə hökmdar oldu. Nəslini
unutmamaq üçün çadırının önündə
bayrağına qurd şəkli vurdu. Bir
çox illərdən sonra Aşinadan törəyən yeni
bir soya Asena hökmdar oldu". Bu mif
türklərin törəmişinin bir-birini əvəz edən
ən qədim nümunəsidir. Bu mifdən
sonra yaranmış Ərkənəkon dastanı həmin bu
dastanların çox sonralar inkişaf etmiş bir hun səltənətini
özündə əks etdirir.
Oğuzlar dünyanın qədim sakinlərindən olub. Oğuzların
qədim dövlət quruculuğu illərindən
başlayaraq onların səfərləri, qəhrəmanlıqları
haqqında o dövrün ozanları tərəfindən
dastanlar yaradılıb, rəvayətçilər, təzkirələr,
salnamələr və şəcərələr tərtib
edilib. Bütün bu söylənənlər,
yazıya alınanlar "Oğuznamə" adı ilə
tarixə daxil olub. Onların bir qismi
bütöv halda, digər bir qismi natamam və ya fraqmental
şəkildə gəlib bizə çatıb. Bu "Oğuznamə"ləri bir-biri ilə
müqayisə etdikdə bəlli olur ki, onların bəziləri
bir-birini təsbit edir və ya bir-birinə bənzəyir,
yaxud bir-birini inkar edir. Onların içərisində
biri digərindən bəhrələnənlər daha
çoxdur.
XIX əsrin
birinci rübündən başlayaraq "Kitabi-Dədə
Qorqud" əldə edildikdən sonra dünya
qorqudşünaslıq institutu yaranıb, görkəmli şərqşünaslar
"Dədə Qorqud" dastanının tarixi qaynaqları,
ideya-bədii mənbələri, türk-oğuz səltənəti
haqqında geniş və zəngin araşdırmalar aparıb
tarixşünaslıq baxımından çox dəyərli
elmi nəticələr əldə ediblər. Bütün
bu Qorqudşünaslıq Araşdırma İnstitutunun əldə
etdiyi dəyərli bilgilər Azərbaycan-türk epik mədəniyyətinin
kompleks şəkildə öyrənilməsinə əvəzsiz
töhfədir.
"Oğuz Kağan" dastanı "Oğuznamə"lərin
ilkini sayıldığı kimi, "Kitabi-Dədə
Qorqud" dastanı da sonuncusu sayılmalıdır. "Oğuz Kağan"
dastanı Oğuzun doğulması, qeyri-adi şəkildə
böyüməsi, vəhşi heyvanları tutub öldürməsi,
savaş səfərlərinə çox tez
hazırlaşması, nəhayət, tanrıya üz
tutması, bu zaman göydən nur içində bir
qızın yerə enməsi, Oğuzun da bu qızı sevib
evlənməsi, üç oğlunun doğulması, onlara
Gün, Ay, Ulduz adlarının qoyulması, ikinci dəfə
su içində ağacın koğuşunda parlaq bir
qızı görüb sevməsi və ondan üç
oğlu olması, onlara Göy, Dəniz və Dağ
adlarının verilməsi Oğuzun cahanın sahibi olmaq məramını
əks etdirir. Xatırladaq ki, qədim əsatirə
görə, Yerlə Göy bir zaman bitişik olub, bir-birilərini
sevib, sonra onlar ayrılıb, bu üzdən də həyat,
canlılar və nəhayət, insanlar yaranıb. Buna
görə də ata - at - od Göyü
(Günəşi) təmsil etdiyi kimi, ana da Yeri (ana vətən,
ana yurd ifadələri də buradan doğub) təmsil edir.
Görünür, bu qədim əsatir Oğuzu yaradan ozana bəlli
olub, məhz bu məramla da onu göyün pərisi, yerin
parlaq qızı (suda, ağacın koğuşunda) ilə evləndirib,
övladlarına da göy və göy cisimlərini, yerin və
dənizin adlarını verib.
F.Rəşidəddinə görə, "Oğuznamə"
nisbətən tarixə söykənməklə "Oğuz
Kağan" dastanındakı bəzi hadisələrin təfsilatını,
orada xatırlanan toponimləri əks etdirir. Əlbəttə,
XIV əsrin əvvəlində şəcərə-salnamə
tərtib edən Rəşidəddin də, Əbül Qazi də
ilk növbədə rəvayətçilərin və
ozanların yaddaşlarına söykəniblər.
"Kitabi-Dədə Qorqud" dastanında isə
Qafqazda, əsasən Azərbaycan ərazisində səltənət
qurmuş, mükəmməl dövlət quruluşuna malik
olan oğuzlardan bəhs olunur. Ayrı-ayrı
xanlıqları birləşdirən bu səltənətin
başında xanlar xanı Bayandır xan durur. Onun kürəkəni Qazan xan isə əslində sərkərdə
kimi əksər boylarda iştirak edir. Onların
mənəvi atası müşkül işləri həll edən,
qaibdən xəbərlər verən Rəsul Əleyhüssəlamın
zamanına yaxın bayat boyundan çıxmış Dədə
Qorquddur.
"Oğuz Kağan" dastanındakı Ulu Türk də
peyğəmbərin zamanına yaxın dünyaya gəlib. Ulu Türk də Qorqud Ata
kimi keçmişdən və gələcəkdən xəbərlər
verir, Oğuz xana ağıllı məsləhətləri ilə
kömək edən, onun yuxularını yozan,
müşkül işləri yoluna qoyan, maraqlı hekayələr
söyləyən ağ saqqallı, uzun
saçlı xocadır. Bu əlamətlər
eynilə Dədə Qorqudda da müşahidə olunur. Boylarda da Dədə Qorqudun keçmişdə
yaşadığı söylənilir. Çox
güman ki, Ulu Türklə Qorqud Ata eyni dərəcədə
müdrik şəxs olub.
"Oğuz Kağan" dastanındakı hadisələr
VI-VII əsrlərin - yeni Göytürklərin dövrü ilə
daoa çox səsləşir. Türk adı burada rəsmən
həm səltənətin adını daşıyır, həm
də vəzir Ulu Türkün adıdır. "Kitabi-Dədə Qorqud" dastanında da təsvir
olunan oğuz qəbilə birləşmələri
"Oğuz Kağan" dastanındakı qəbilələrin
davamçısı olaraq məkan və zamanca ondan xeyli fərqlənir.
Burada coğrafi ərazi bütün Azərbaycan ərazisini əhatə
etməklə hadisələr Dəmirqapı Dərbənddə,
Abxaz və Gürcüstan ağızlarında, Gəncə,
Sisian və oradakı Şəkidə, Ağrıdağda,
Göyçə dənizi sınırlarında, Əlincə
(Alınca) qalasında, Bərdədə, Qara dəniz ətraflarında,
Qazlıq (Qafqaz) dağlarında, Qarabağda, Güney Azərbaycanla
həmsərhəd ərazilərdə cərəyan edir. Oğuzların coğrafi əraziləri tam
aydındır və "Bəkil oğlu İmran boyu"nda
deyildiyi kimi möhkəm qorunur. Onlar
özgə torpaqlarına basqın və yürüş
etmirlər. Ancaq yağılar onlardan əsir
aparanda gedib döyüşür, qalib gəlir və əsirlərini
xilas edirlər. "Dədə
Qorqud"dakı oğuzlar qonşulardan qız da alırlar
(Qanturalı Trabzona gedib təkurun Selcan adlı
qızını alır), ticarət də edirlər, o ölkələrdən
bəyləri üçün hədiyyələr alıb gətirirlər.
Onlar yurdlarını da möhkəm qoruyurlar.
"Dədə Qorqud" boylarında təsvir
olunan oğuzlar çox qədimdən burada yaşayıblar.
Bununla belə Şərqdən Göytürklərlə
gələn və Qərbdən hunların əsasını
təşkil edən oğuzlar (onlara oğurlar da deyiblər)
Qafqazda, xüsusən Urmiya ətraflarında, Quzey Azərbaycanda
və Anadoluda eyniadlı, eynidilli oğuzlarla qovuşub
möhtəşəm səltənət qurublar. Bu birləşmə
Azərbaycan-türk dilinin yüksək ədəbi dil səviyyəsinə
qalxmasına, XIII-XIV əsrlərdə Yunis İmrə, Həsənoğlu,
Şirvanda Molla Qasım və nəhayət, Nəsimi kimi əzəmətli
ədəbi və ictimai xadimlərin yetişməsinə səbəb
oldu. Bu, həmin dil idi ki, XIV əsrdə Dədə Qorqud
söyləmələrini onun varisi Dədə Kərəm Gəncədən
el-el gəzə-gəzə Ərzurum dolaylarında
danışır, üzünü xaraba şəhərə,
rast gəldiyi kəlləyə, qəbiristanlıqda göz
yaşı tökən Nazlıya, "Dağıldı
dövlətim tamam bad oldu, viranə Gəncənin yiyəsiyəm
mən" deyib məclislərdə oxuyurdu.
Dədə
Qorqud da öz məclislərində Oğuz bəylərini
xatırlayırdı:
Hanı
gördüyün bəy ərənlər,
Dünya
mənim deyənlər,
Əcəl
aldı, yer gizlədi,
Fani
dünya yenə qaldı,
Gədimli-gedimli
dünya
Son ucu ölümlü dünya.
Kərəmin bu söyləmələrində həmin
o keçmiş səltənətin dağılması
dönə-dönə xatırlanır. "Ağqovaq
qız Beyrək bəyinin dəngi" deyə Beyrək də
yad edilir. "Dədə Qorqud"
boyları özünəqədərki "Oğuznamə"lərdən
və başqa əfsanə və rəvayətlərdən
qidalanıb, onları təkrarlamadan zaman-zaman cilalana-cilanana
möhtəşəm məzmun və mündəricəyə
malik milli epos səviyyəsinə qalxıb. Bu epos oğuz səltənətinin həyatını,
məişət, mədəniyyət və mənəvi dəyərlərini,
qəhrəmanlıq salnaməsini özündə yaşadan
oğuz-türk dünyasının şah kitabıdır.
"Oğuz Kağan" dastanı Oğuz səltənətinin
başlanğıcını özündə
yaşatdığı kimi "Kitabi-Dədə Qorqud"
dastanı da oğuzların qədim Azərbaycan ərazisində
mükəmməl dövlət quruluşunu əks etdirir. Son boyda isə
Oğuz dövlət təşkilatının
pozulmasının səbəblərinə işarə edilir.
Ümumiyyətlə, "Kitabi-Dədə
Qorqud" dastanı yeni məkan və zaman mühitində
"Oğuz Kağan" dastanının davamı kimi
anlaşılmalıdır. Təəssüf ki, bu
eposların tədqiqi ilə məşğul olan müəlliflər
"Kitabi-Dədə Qorqud" dastanını "Oğuz
Kağan" dastanının islama
uyğunlaşdırılmış variantı kimi qəbul
edirlər. Bu mülahizəni "Türkün qızıl
kitabı"nın müəllifi Rəfik
Özdək söyləyir. "Oğuzlar"
kitabının müəllifi F.Sümər də həmin əsərdə
buna yaxın fikir söyləyib, hətta "Dədə
Qorqud" boylarının yazıya alınmasını XVI əsrin
ikinci yarısına gətirib çıxarıb.
Əvvəlcə qeyd etdiyimiz kimi, bu dastanların
quruluşu bir-birinə bənzəmir. İkincisi,
"Oğuz Kağan" dastanında Oğuz xan "Dədə
Qorqud" boylarında iştirak etmir. Burada
əsas personajlar xanlar xanı Bayandır xan, onun kürəkəni,
boyların əksəriyyətində iştirak edən sərkərdə
Qazan xan və qəbilələrin mənəvi atası Dədə
Qorquddur.
Qara Namazov,
Professor
Xalq cəbhəsi.-2014.-1 iyul.-S.14.