Milli azlıqların hüquqları qorunur
Azərbaycanda müxtəlif milli mədəniyyət
mərkəzləri fəaliyyət göstərir
Azərbaycan müxtəlif etnik və dini qrupların ənənəvi
dözümlülük və harmonik birgəyaşayışı
üzərində qurulmuş çoxmillətli ölkədir. Qanun mənşəyindən,
milliyyətindən, dinindən və dilindən asılı
olmayaraq hər kəsin hüquq və azadlıqlarının
bərabərliyinə təminat verir. Bir
neçə əsr ərzində milli azlıqlara mənsub
olan şəxslər Azərbaycanda sülh şəraitində
yaşamış və yaşayırlar. Azərbaycan
tarixən unikal çoxmillətli cəmiyyət olduğu
üçün bu multimədəniyyətli, multietnik irs bu gün də Azərbaycanda qorunub
saxlanılmaqdadır.
Ölkəmizin
20% ərazisini işğal etmiş qonşu Ermənistanla
silahlı münaqişə nəticəsində mövcud
olan çətinliklər, erməni silahlı qüvvələri
və terrorist qruplaşmalarının təşkil etdiyi etnik
təmizləmənin qurbanları olan azərbaycanlılarla
yanaşı müxtəlif milli azlıqlara mənsub olan
şəxslərdən ibarət qaçqın və məcburi
köçkünlərin də hüquqlarının
qorunması üzrə ardıcıl siyasət davam etdirilir.
1995-ci ildə qəbul olunmuş Azərbaycan
Respublikasının Konstitusiyası mənşəyindən,
irqindən, dinindən və dilindən asılı olmayaraq hər
kəsin hüquq və azadlıqlarına hörməti təmin
edir. Azərbaycan Respublikasının suverenliyi haqqında
Konstitusiya aktı Azərbaycan Respublikasının
bütün vətəndaşlarının qanun
qarşısında bərabər olduğunu təsdiq edir.
Azərbaycan Respublikasının Konstitusiyasının
25-ci maddəsinə əsasən, dövlət irqindən,
milliyyətindən, dinindən, dilindən və mənşəyindən
asılı olmayaraq hər kəsin hüquq və
azadlıqların bərabərliyinə təminat verir. İnsan və vətəndaş
hüquqlarını və azadlıqlarını irqi, milli,
dini, dil, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə
görə məhdudlaşdırmaq qadağandır. Konstitusiyasının 44-cü maddəsinə əsasən,
"hər kəsin milli mənsubiyyətini qoruyub saxlamaq
hüququ vardır. Heç kəs milli mənsubiyyətini
dəyişdirməyə məcbur edilə bilməz".
"Mədəniyyət" haqqında qanunun 11-ci maddəsində
milli mədəniyyətin inkişafına və qorunub
saxlanılmasına yardım nəzərdə tutulur. Dövlət
Azərbaycan xalqının milli mədəniyyətinin
inkişafına və qorunub saxlanılmasına, eləcə
də Azərbaycan Respublikasının ərazisində
yaşayan bütün milli azlıqların mədəni
kimliyinə təminat verir. 1992-ci il oktyabrın 7-də qəbul
olunmuş "Təhsil" haqqında qanunun 6-cı maddəsi
və "Dövlət dili" haqqında qanunu 3-cü maddəsinə
əsasən təhsil milli azlıqların müxtəlif dillərində
verilə bilər.
"Azərbaycanda
yaşayan milli azlıqlar və etnik qrupların hüquq və
azadlıqlarının qorunması, həmçinin dilinin və
mədəniyyətinin inkişafına dövlət
yardımı" haqqında Azərbaycan Respublikası
Prezidentinin 1992-ci il 16 sentyabr tarixli fərmanı
milli azlıqlar arasında əlaqələrin
yaxşılaşdırılması və hüquqi dövlətin
yaradılmasına onların cəlb olunmasının səviyyəsinin
artırılması məqsədi daşıyır.
Daxili
qanunvericiliyin bu müddəaları ilə yanaşı, Azərbaycan
Respublikasının 1996-cı il 31 may tarixində
qoşulduğu irqi ayrı-seçkiliyin bütün
formalarının aradan qaldırılması, Aparteidin
qarşısının alınması və onun cəzalandırılması
və Genosidin qarşısının alınması və
onun cəzalandırılması haqqında BMT Konvensiyaları
kimi beynəlxalq sənədlərin müddəaları da tətbiq
olunur.
2000-ci ilin iyun ayında Azərbaycan Respublikası Avropa
Şurasına üzv olmamışdan çox-çox əvvəl
Avropa Şurası Milli azlıqların qorunması haqqında
Çərçivə Konvensiyasına qoşulub. Konvensiyanın 25-ci maddəsinə
əsasən Azərbaycan 2002-ci il iyunun 4-də
milli azlıqlara mənsub olan şəxslərin
hüquqlarının qorunmasına dair vəziyyət barədə
milli hesabatını təqdim edib. Milli
azlıqların qorunması haqqında Çərçivə
Konvensiyası üzrə Məşvərətçi Komitə
sözügedən hesabatın baxılması məqsədilə
xüsusi işçi qrupu tərtib edib. Bu qrup dövlət
hesabatını yoxlamaq məqsədilə 2003-cü il martın 29-dan aprelin 4-ə qədər Azərbaycana
səfər edib. Bu tədbirlər Azərbaycanın
milli azlıqlara yönəlmiş siyasətinin beynəlxalq
standartlara cavab verməsinin əyani göstəricisidir.
2005-ci il
dekabrın 19-da Bakıda ölkəmizdə milli
azlıqların müdafiəsi üzrə Çərçivə
Konvensiyasının həyata keçirilməsində əldə
edilmiş nailiyyətlərin nəzərdən keçirilməsi
və Məşvərətçi Komitəsinin qərarları,
həmçinin Nazirlər Komitəsi tərəfindən qəbul
edilən Qətnamənin nəticələrinin yerinə
yetirilməsi üzrə atılmış addımların
müzakirəsinə həsr olunan seminar keçirilib.
2007-ci il yanvarın 10-da Azərbaycan Respublikası
Milli azlıqların qorunması haqqında Çərçivə
Konvensiyasına ikinci dövrü hesabatını təqdim
edib. Məşvərətçi Komitə ölkə
hesabatındakı, eləcə də 2007-ci il
sentyabrın 10-14-də Bakı və Lənkərana baş
tutmuş səfər zamanı əldə edilən məlumatlar
əsasında 2008-ci ilin yanvarında Azərbaycana dair ikinci rəyini
hazırlayıb. Bununla yanaşı, 2001-ci ildə
Azərbaycan Respublikası Avropa Şurasının regional və
ya azlıq dilləri haqqında Avropa Xartiyasını
imzalayıb.
Bundan savayı, ölkəmiz Avropa Şurasının
"Hamı fərqlidir - hamı bərabərdir" müxtəliflik,
insan hüquqları və iştirak üçün Avropa Gənclər
Kampaniyasına qoşulub. Bununla əlaqədar, qeyri-hökumət
təşkilatları, dövlət qurumları, kütləvi
informasiya vasitələri və s. nümayəndələrindən
ibarət Milli Kampaniya Komitəsi yaradılıb. Komitənin məqsədi Avropa Şurası ilə əməkdaşlıqla
kampaniya çərçivəsində keçiriləcək
tədbirlər planının tərtib edilməsi və həyata
keçirilməsindən ibarətdir. 2006-cı il noyabrın 26-dan 30-dək Azərbaycan Təfəkkür
Gənclər Assosiasiyası İctimai Birliyi Avropa
Şurasının Avropa Gənclər Fondunun maliyyə dəstəyi
ilə "Hamı fərqlidir - hamı bərabərdir"
kampaniyası çərçivəsində təlim
kursları keçirib.
Azərbaycan ATƏT kimi başqa beynəlxalq təşkilatlarla
da milli azlıqlar məsələsində əməkdaşlıq
edir. ATƏT-in milli azlıqlar üzrə Ali
Komissarının siyasi müşaviri milli azlıqların
hüquqlarının qorunmasına dair vəziyyətə
müşahidə etmək məqsədilə Azərbaycana
bir neçə dəfə səfər edib. Milli azlıqlar öz milli mədəni mərkəzlərini,
assosiasiyalarını və digər qurumlarını yaratmaq
hüquqlarından tam istifadə edirlər.
Hazırda Azərbaycanda onlarla milli mədəniyyət mərkəzi
fəaliyyət göstərir. Onların arasında "Birlik"
cəmiyyəti, Rus icması, Slavyan Mədəniyyət Mərkəzi,
Azərbaycan-İsrail icması, Ukrayna cəmiyyəti, Kürd
Mədəni Mərkəzi "Ronahi", "Samur" ləzgi
milli mərkəzi, Azərbaycan-Slavyan Mədəniyyət Mərkəzi,
Tat Mədəniyyət Mərkəzi, Azərbaycan-tatar cəmiyyəti,
Tatar Mədəniyyət Cəmiyyəti "Turqan-tel",
Tatar Mədəniyyət Mərkəzi "Yaşlıq",
Krım tatarları cəmiyyəti "Krım",
Gürcü Cəmiyyəti, Azərbaycan gürcülərinin
humanitar cəmiyyəti, İngiloy icması, Çeçen Mədəniyyət
Mərkəzi, Axısxa türklərinin "Vətən"
cəmiyyəti, Axısxa türk qadınlarının
"Sona" cəmiyyəti, Talış mədəniyyət
mərkəzi, Avar cəmiyyəti, Dağ yəhudilərinin
icması, Avropa yəhudiləri (Aşkenazi) icması,
Gürcü yəhudi icması, Yəhudilərin qadın
humanitar assosiasiyası, "Kapelhaus" alman mədəniyyət
icması, Udin Mədəniyyət Mərkəzi, Polyak mədəniyyət
mərkəzi "Polonia", Beynəlxalq Talış
Assosiasiyası "Mada", Talış assosiasiyası
"Avesta", Udin Mədəniyyət Mərkəzi
"Orain", "Buduq" mədəniyyət mərkəzi,
Saxur Mədəniyyət Mərkəzi.
Milli azlıqların sıx yerləşdiyi ərazilərdə
həvəskar cəmiyyətlər, milli və dövlət
teatrları, həvəskar assosiasiyalar və maraq qrupları fəaliyyət
göstərir. Məsələn, Qusar rayonunda Ləzgi,
Qax rayonunda isə Gürcü Dövlət teatrları, Astara
və Lənkəran rayonlarında talış folklor
qrupları fəaliyyət göstərir.
Dövlət bu qurumları imkanı dairəsində
ölkə büdcəsindən maliyyə yardımı ilə
təmin edir və mənşəyindən, mədəniyyətindən,
dilindən və dinindən asılı olmayaraq, bütün
şəxslər arasında qarşılıqlı
anlaşma, dözümlülük və hörməti
gücləndirməyə yardım göstərir. Milli
azlıqların cəmiyyətin həyatında, eləcə
də ölkə səviyyəsində keçirilən birgə
tədbirlərdə fəal iştirakları Azərbaycanda
mövcud olan qarşılıqlı hörmətin əyani
göstəricisidir. İslam, Ortodoks və
Yəhudi dini konfessiyalarını birləşdirən
"Üç qardaş" təşkilatı artıq
qeydiyyatdan keçmiş və hazırda ölkədə fəaliyyət
göstərir. "Links" təşkilatının
(Böyük Britaniya) rəhbərliyi altında milli
azlıqların Resurs Mərkəzi də fəaliyyət
göstərir. Milli azlıqların dillərində
onlarla qəzet və jurnallar nəşr olunur. Hər gün onların dillərində radio və
televiziya proqramları yayımlanır.
Dövlət radiosu tərəfindən mütəmadi
olaraq, kürd, ləzgi, talış, gürcü, rus və
erməni dillərində dövlət büdcəsindən
maliyyələşdirilən verilişlər
yayımlanır. Balakən rayonunda avar dilində,
Xaçmaz rayonunda isə ləzgi və tat dillərində,
Qusar və Xaçmaz rayonlarında yerli televiziyada ləzgi
dilində verilişlər yayımlanır. Bakıda rus, kürd, ləzgi və talış dillərində
qəzetlər nəşr olunur. Məsələn,
"Samur" və "Dəngi Kürd" ləzgi və
kürd dillərində nəşr olunur, Yəhudi cəmiyyəti
"Soxnut" isə "Əziz" qəzetini nəşr
edir.
Müxtəlif milli azlıqların nümayəndələri Azərbaycanın dövlət qurumlarında geniş təmsil olunublar. Milli azlıqların sıx yaşadığı ərazilərdə yerli əhalinin nümayəndələri yerli hakimiyyət orqanlarında rəhbər vəzifələri tutur. Milli azlıqların nümayəndələri müxtəlif dövlət və hökumət qurumlarında çalışırlar.
Cavid
Xalq cəbhəsi.-2014.-2 iyul.-S.11.