Türkün Qaraqoyunlu elinin ruh
yaddaşından soraqlar
Deyirlər,
Qazan xanın sürüləri Murğuz yaylasını
bürümüşdü. Yurd yerlərində onun sürülərinin
sayı-hesabı yox idi. Amma bir neçə kafir (bəzən
gavır da deyirlər) haramısı peyda olmuşdu. Sürünü bölüb aparsa dərd
yarıdı, gəlib əvvəlcə çobanı
qaladığı ocağa atıb diri-diri yandırırlar,
sürüdən isə apara bildiklərini aparırlar, apara
bilmədiklərini qırırlar. Çobanın
ürəyinə damır ki, gavırlar onun da başına bu
müsibəti açacaqlar. Qazan xan
Ağca qalada oturmuşdu. Dünya
görmüş çoban köməkçisini göndərdi
ki, gedib Qazan xana xəbər versin, köməkçilər
göndərsin. Bala çoban bir neçə
dağ aşmalıydı ki, gedib Ağca qalaya yetişsin.
Tək qalan yaşlı çobanın
içinə bir qara bulud çökdü, vahimələndi,
sürünün ətrafını dolandı, nədənsə
ümidi üzüldü. Yenə də
üzünü Tanrıya tutdu, həmişəki kimi dua
oxudu. Bir dəfə oxuduğu duadan,
Tanrı istəyindən bulaqdan su çıxdı, qurban kəsdi.
Duası qəbul olmuşdu. Yenə
ümidini üzməyib əllərini qoşalayıb,
başını qaldırıb göyə üz tutdu.
Amma indi Tanrıdan başqa dilək istədi: Ulu
Hürmüz, uluların ulusu, səndən bir diləyim də
var, bir diləyimi yerinə yetirdin, şəfa bulağı
açdın, xəstələr şəfa tapdı, mənim
də el içində adım Xan Çoban kimi əzizləndi,
indi mən sənin bir tozun, bir yol daşınam. Kafirlər məni də, sürünü də odda
yandıracaq. Diləyim odur ki, məni də,
sürünü də, köməkçinin itini də
daş elə, qoy yayda bu yaylağa gələnlər bizi
görüb yad eləsinlər.
Çobana
əyan olmuşdu, içində bir vahimə
yaranmışdı, gavurların gəlişini gözləyirdi,
birdən qulağına bir səs gəldi: Tanrı diləyini
eşitmişdi. Sən də, sürülərin
də, itin də əbədiləşdiniz. Beləcə çoban da, sürü də, iti də
daşa döndü. Hər il
Murğuz yaylağına gələn el-oba yaşı bilinməyən
bu qədim heykəllərə baxıb heyrətlərini gizlədə
bilmirlər. Bu daşlar pir kimi müqəddəsləşiblər.
Qocaların dilində bir versiya da dolaşır. Gavurlar gəlib
gecə Çobanı diri-diri qaladığı ocağa
atırlar, qoyunlardan kəsib çoban
yandırdığı ocaqda kabab çəkib yeyib
-içirlər. Bu zaman göydə
ildırım çaxır, ildırım həmin yerə
düşür, gavurları qırır, sürü dərələrə
səpələnir, qayalardan tökülüb
qırılır. Xəbər Qazan xana
çatır. Çobanın ocaqda
diri-diri yandırılması ona çox pis təsir edir.
Çox düşünəndən sonra el-obada ev tikən ustaları gətirib onlara deyir:
-
Çobanın da, yanında itin də, qoyun
sürüsünün də heykəllərini həmin arxacda
qurarsınız. Qoy çobanın arzusu yerinə
yetsin, bu düzlərin daşları kimi yaşasınlar.
Əlbəttə, bu əfsanədən daha çox nə
zamansa olmuş həqiqətdir. Hər əfsanənin
mayasında bir həqiqətin izi yaşanır. Yaxşı deyiblər, hər daşın öz
tarixi var.
Murğuz yaylasındakı bu əfsanələrin hər
biri bir dastanın izindən xəbər verir. Bu əfsanələr
bizə Dədə Qorquddakı Qaraca Çobanı da
xatırladır.
Murğuz yaylasının həmin ərazisində
yalnız uçuq divarları qalmış
"Ağcaqala" adlı bir qədim abidə də var.
Ağcaqala haqqında da çeşid-çeşid əfsanələr
söylənilir. Əfsanələrin məzmunundan hiss olunur ki, bunlar
çox maraqlı bir dastanın izləridir. Dastanın
şeir hissəsi unudulub, məzmun dildən-dilə keçə-keçə
dövrümüzə gəlib çatıb.
Əfsanənin
məzmunu belədir: Arandan gəlib Qaraqoyunlu dərəsində
yuva qurmuş Sərxan adlı bir əzazil bəy yerli
camaatı çox incidir, bəylik nüfuzundan istifadə edib
özbaşına vergi yığır, üzdə olan,
tanınan cavanları döydürür, çoxlu mal-qoyunu
olanların əlindən alır. Buna dözməyən
cavanlar da ya Arana üz tuturlar, ya da çöllərə
qaçırlar. Bu zaman Ağca adlı bir
qaçaq peyda olur. Onun çox yaraşıqlı, ağ üzlü, qamətli bir gənc
olduğunu görənlər adını bilmədiklərinə
görə Ağca deyə tanıyırlar. Ağca adamlarla
çox ünsiyyətdə olmur, qışda Arana üz
tutur, yayda gah Murğuzda, gah Şah dağında, gah da
Soyuqbulaq yaylasında libasını dəyişə-dəyişə
dolanır, fürsət düşəndə Sərxanın
adamlarına hücum edir, Arandan gələn adamlarını
soyur, yaxınlarının var-dövlətini talan elətdirir.
Ağca cin kimi bir zaman yoxa çıxır,
kimsəyə görünmür. Çox adam
elə bilir ki, Ağca dəstənin
başçısıdır. Onun dəstəsində
kimin olduğunu da tanımırlar. Deyirlər
əlacsız qalan Sərxan Qazan xanın yurdunda onunla
görüşür. Ağca əhvalatını
ona danışır, onunla məsləhətləşir, onun
ələ keçməsində köməyini arzulayır.
Qazan xan söz verir, çobanlarına
tapşırır ki, Ağcanı, ya onun
tanıdığınız adamlarını görsəniz, mənə
xəbər verin.
Ağcanı tanıyan çobanlar onu satmırlar. Qazan xan özü də
maraqlanır ki bu gözəgörünməz "cin"
kimdirsə, sabah onun da mülkünə əl
gəzdirə bilər. Bir dəfə xəbərçi
Qazan xana bildirir ki, tanıdığı qaçaq
Ağcadır, özü də indi bu dərədədir (bu dərə
el arasında Qazandüşən, yəni Qazan xan yurd salan kimi
tanınır). Qazan xan libasını dəyişib
dərəyə enir və gizlənir. Bir nəfərin
dərəyə girdiyini görür, ha gözləyir, adam dərədən çıxmır,
yavaşca dərəyə girir, baxır ki həmin adam şəlalə
altında yuyunur. Ona xeyli baxıb geri dönür... Aradan xeyli
zaman keçir... Ağca Arandan yaylağa
dönür, görür ki, Qazan xanın adamları onun yurd
yerində bir qala tikiblər, fürsət tapıb qalanı
seyr edir, səliqə ilə tikilmiş iki gözlü bu bina
kənardan gözəl görünür. Ağca
düşünür ki, yəqin Qazan xan qışı da bu
yaylaqda keçirmək istəyir. Axı
Murğuz yaylasının çox gözəl ab-havası var.
Günlərin birində Ağca bu qalaya baş çəkmək
istəyir, amma ehtiyat da edir. Çünki
eşitmişdi ki, onu tutmaq üçün Sərxan Qazan
xanla məsləhətləşib. Maraq güc gəlir,
yenə də qalaya yaxınlaşır, kimsənin
olmadığını yəqin edib içəri girir,
içəridə çox səliqəli bir mənzil
görür, hətta oturub bir az dincəlir
də. Onu da düşünür ki, Qazan xan onu
tutsa da Sərxana verməz. O mərd adamdır...
Qəfildən Qazan xan içəri girir. Ağca ilə
üz-üzə dayanır.
- Ələkeçməz Ağca xoş gəlib - deyir
- Qazan xan.
- Məni
tora salmaq üçünmü tikibsiniz bu qalanı?
- Yox,
Ağca, bu qalanı Ağca üçün tikdirmişəm,
tora salmaq üçün yox, onun istirahəti
üçün, bəsdir daha dağda-aranda gizlənpaç
oynadığın. Bundan sonra insan kimi
yaşamalısan, daha qaçaq Ağca yoxdur, Ağca
qalanın gözəl Ağca xanımı var.
Ağca yerində dondu. Məni kimsə
satıb, qız olduğumu bəs haradan bilib? Axı bunu anamdan başqa kimsə bilmirdi.
Qeyd edək ki, Ağcanın atası Sərxan bəy tərəfindən
öldürülmüşdü. Oğul övladı
olmadığından anası Ağcanı oğul kimi
böyütmüş və bu sirri hamıdan gizlətmişdi
ki, Ağca
böyüyüb Sərxan bəydən atasının intiqamını
alsın.
Xeyli tərəddüddən
sonra Ağca dedi: Qazan xan, bəs Sərxan bəyə söz
veribsən ki məni tutub ona verəcəksən.
- Mən
nə bilirdim Ağca göydən enmiş mələkdir,
lazım olanda göyə çəkilir. Camaat
da elə bilir sən ya cinsən, ya da mələk.
- Axı
mən ona nifrət edirəm, birdən əlim dinc durmaz...
-
Ağca, qoy Sərxan gəlsin, səni görəndə xəcalətindən
öləcək.
Qazan xan Ağcanın igidliyini bilirdi, bu qədər
gözəl bir qızın igidliyinə görə onu
ülvi bir məhəbbətlə sevirdi.
-
Ağca, sən narahat olma, mən Sərxan bəyə verdiyim
sözü də yerinə yetirəcəm. Ağca
xanım da Murğuzun qoynunda bu Ağca qalada səfa sürəcək,
daha gündə yerini dəyişməyəcək.
Qazan xan Sərxan bəyə sifariş göndərir ki,
Murğuza gəlsin. Sərxan bəy sifarişi alan kimi
sevincək atını çapıb Murğuza gəlir. Qazan xanın qalaçasını görüb təəccüblənir,
bir qədər də şübhələnir, görəsən
yaylaqda bu qalanı niyə tikdirib? Atını
düz qalanın önünə sürür. Qazan xan onu uzaqdan görürdü. Gözətçilər Qazan xanın göstərişi
ilə Sərxan bəyi içəri dəvət elədilər.
Sərxan bəy içəri keçir, səliqəli
bəzədilmiş qalanı gözdən keçirir, Qazan
xanla üz-üzə dayanır, tələsik Ağcanı
soruşur.
- Narahat
olma, Sərxan bəy, Ağca da buradadır, indi görəcəksən.
Elatdan gəlibsən otur, bir az söhbət
edək.
Otururlar.
Qazan xan o biri odada olan Ağcanı səsləyir.
Göz qamaşdıran məxmər libaslı
Ağca yan odadan ədalı yerişlə çıxır və
Sərxan bəyin önündə dayanır. Özünü tamam itirmiş Sərxan bəy
güclə ayağa qalxır. Xəcalətli
baxışlarla gah Ağcaya baxır, gah da Qazan xana. Dili
tutmur söz desin, inana bilmir ki, bu Ağca qızdır ya
oğlan, yoxsa Qazan xan məni ələ salır. Sükutu Qazan xan pozur.
- Sərxan
bəy, mən vədimi yerinə yetirdim.
Sərxan bəy bilmir ki, nə cavab versin, o başqa aləmdə
idi.
- Qazan
xan, sən vədinə əməl elədin, mənsə
rüsvay oldum. Daha mənim bu yerlərdə
yaşamaq haqqım yoxdur. Xoşbəxt olun! Deyib tez bayıra çıxır, atına minib
Arana üz tutur.
Sərxan bəy bir daha Murğuz yaylasında
görünmür. Deyirlər o, Şəmkir diyarına köçüb
orada yurd salır...
1985-ci ildə Murğuz yaylasının sol yaxasında Tərsa
çayın sahilində torpaq altda qalmış bir tikilinin
üstünü sel açmış, bu, bölgədə
çox söz-söhbətə səbəb olmuşdu. Buraya Ermənistandan, hətta
Fransadan alimlər və mütəxəssislər gəlmişlər.
Azərbaycandan xalq yazıçısı
İsa Hüseynov da bu mənzərənin şahidi olmuş,
müxtəsər öz rəyini də yazılı qeyd
etmişdi. Onunla birlikdə alban mütəxəssisi
olan bir qız da gəlmişdi.
Qeyd edim ki, bu bölgə Qaraqoyunlu dərəsi
adlanır. Vaxtı ilə bu dərədə
irili-xırdalı 30-a yaxın kənd olub. Onların xarabalıqları gözdağı kimi
yaşanırdı. Son köçdə
(1988) 14 kənd məcburən köçməli oldu.
Qaraqoyunlu
Murğuz yaylasının ətəyində Ağcaqalanın
tuşunda üzə çıxan bu böyük tikintiyə
(onu şərti olaraq dərədə yerləşdiyi
üçün "Dərəqala" adlandıraq)
baxış keçirilmiş, hələlik rəy belə
olmuşdu ki, bu qala Alban qalasıdır, hətta Alban
yazısını da oxuya bilən mütəxəssis də
olmuş, divardakı yazını oxumuşdu: "Biz
olmuşuq sizin kimi, siz də olacaqsınız bizim kimi".
Qalada "650-ci il" və Qazan xanın adını
oxumuşlar. Fransalı qonaq da türk dilini bilirmiş. Bu yazı İrəvandan gələnləri pərt
etmiş, qalaya bir erməni gözətçi qoyub
yığışıb getmişlər. Qalanın
yaxınlığında olan kəndlərin (Çölkənd,
Çaykənd, Əmirxeyir) yaşlı adamları
bildirmişlər ki, Ağca qala ilə bu qalanın (Dərəqalanın)
yeraltı əlaqəsi olub, hətta saxsı su xətti də
üzə çıxıb.
Bu bölgədə böyük bir mədəniyyət
torpağa gömülüb. Murğuzun sağ yaxasında isə
Aldədə abidəsi var. Bu abidə haqqında onlarla əfsanə
və rəvayətlər söylənilir. Onların
bəzilərini dilçilik üzrə fəlsəfə
doktoru Ziyəddin Xasıyev "Tovuzun toponim
dünyası" (2010) kitabına daxil edib. Bir neçəsini isə prof. Sədnik Paşayev
toplayıb "Azərbaycan xalq əfsanəsi" (1985)
kitabında verib. Biz də öz
obamızın - Qaraqoyunlu dərəsinin ağsaqqallarından
topladıqlarımızdan bəzilərini - daha doğrusu,
ağla batanlarını qısaca xatırlatsaq yerinə
düşər.
Qara Namazov,
Professor
Xalq cəbhəsi.-2014.-3 iyul.-S.14.