Sözə can yanğısı

 

Yaradıcı insanlar üçün söz-yaradıcıdır, söz nəfəsdir, söz - aqibətdir. Şair-publisist Əli Rza Xələflinin Sabir Bəşirovun

yaradıcılığı haqqındakı düşüncələri bu baxımdan maraqlıdır: "Sənin kimi tək-tək uzaqlardakı tənhalar cəmiyyətin, təbiətin - həyatın ağrılarını lakmus (suçəkən) kimi özünə çəkir. Mühitin bütün sıxıntılarına sinə gərib dözmək, taleyini bağladığın, bəlkə də ilk məhəbbətin böyük eşqin, sevdan olan "Söz"dən "uzaqda" yaşamaq, bu həsrətin yanğıları ilə baş-başa qalmaq, zənnimcə, böyük fədakarlıqdır. Bəlkə də elə uzaqlığın yanğısı olmasaydı, sənin yazıların da ümumi axının rəngindən fərqlənməzdi. Yoxsa "Sözün köhnə kişisi", "Bir ömrün nağılı", "İdrakla hissin vəhdəti"... kimi fikir işığında yazılmış esse-monoqrafiyalar necə yarana bilərdi? Bu tədqiqatların - səksənincilərin taleyində (və bütün 80-ci illərin ədəbiyyatının və ədəbi dövrünün) mühüm rol oynayıb. İstər Əlabbas, istər Xanəli Kərimli, istərsə də F.Mustafa ədəbiyyatımızın səksənincilərini təmsil baxımından diqqətəlayiq yazarlığın cəmiyyət qarşısındakı borcunu ödəmiş sənətkarlardır. Dağlara sığınıb bir institutun işini görmək, özü də ləyaqətlə, sözə - böyük sözə təzimlə, sözün urvatını qoruyaraq yazıb-yaratmaq fədakarlıq deyilsə, bəs nədir? Sənin tədqiqatlarını fərqləndirən bir xüsusiyyəti diqqətə çəkmək istərdim. Ədəbiyyata dünya ədəbiyyatı müstəvisindən baxa bilmək, "ümumiləşdirməyə meyil", sənətin yaşarılığını təmin edən cəhətləri, fərqli yaradıcılıq üslublarını şərtləndirən keyfiyyətləri üzə çıxarmaq, görə bilmək... nəzəri aspektdə bunları yüksək yazı mədəniyyətilə ifadə etmək üçün təkcə peşəkarlıq və ixtisas hazırlığı bəs eləməzdi. Bunun üçün sözə can yanğısı, sözə sevdalılıq və ən başlıcası, istedad da əsas şərtdir. Burada sənin yaradıcılığını zənginləşdirən bir keyfiyyəti - müasir dünya ədəbiyyatından geniş, ardıcıl, davamlı məlumatlılığını da gərək unutmayam".

Ə.Xələfli daha sonra bildirir: "Ancaq "Bir ömrün nağılı" esse-tədqiqatına (monoqrafiya) akademik İsa Həbibbəylinin "Ön söz"ü göstərir ki, "Sabir Bəşirov" imzası ədəbi-elmi düşüncədə kifayət qədər görünən gücdədir: "Cəmiyyətin indiki inkişaf mərhələsində geniş mənada maarifçilik missiyasını yerinə yetirməklə, həm də o böyük vətəndaşlıq işini də həyata keçirmiş olur. Həmin qəbildən olan bədii nümunələrdəki obrazlı düşüncə, bədiilik, sərrast fikir söyləmək qabiliyyəti və müdriklik birləşərək yeni tipli ədəbiyyatın yaranması ilə nəticələnir". Akademikin düşüncələrinin yekunundakı məqam isə çox mətləbdən xəbər verir: "Ümid edirəm ki, Xanəli Kərimli haqqında oxuculara təqdim olunan ilk elmi kitab onun bədii yaradıcılığı, çoxcəhətli fəaliyyətilə əhatəli şəkildə tanış olmaq istəyənlər üçün bələdçi rolunu oynaya biləcək"

Vaqif Əjdəroğlunun "Sözün köhnə kişisi"nə yazdığı qeydlərindən bir məqam da görüşlərinin orijinallığına təsdiqdir: "Sabir Bəşirov yeri gəldikcə bir sıra şair və yazıçıların (R.Rza, F.Qoca, Anar, Ə.Əylisli, Elçin) Belinski, Engels, Qorki kimi məşhur simaların fikirlərinə söykənməsəydi belə, bizcə kitabın elmi dəyərinə ciddi xələl gəlməzdi. Onun öz qənaətləri yetərincə tutarlı, effektli və obyektivdir". Çünki sən özünlə Tanrı arasında yeganə vasitəçi kimi müəllifi yox, müəllifin sözünü görürsən. Hərçənd ki, müəllifin mənəvi-əxlaqi keyfiyyətlər baxımından təbiəti (şəxsiyyəti) də az əhəmiyyət kəsb etmir. Sənin "İdrakla hissin vəhdəti" əsərini isə "ədəbi portret"adlandırsan da, bu, çərçivəyə sığmır. Öz üslubuna sadiq qalaraq (ancaq burada daha geniş və əhatəli) F.Mustafanın nəsrindən bəhs etmək müstəvisindən çıxır, müasir Azərbaycan və dünya nəsri haqqında çox maraqlı mühakimələr irəli sürür, dəyərli şərhlərlə oxucunu öz cazibəndə saxlayırsan: "Tənqidçi üçün yüksək elmi-nəzəri hazırlıq, mənsub olduğu xalqın ədəbiyyatını, dünya ədəbiyyatını dərindən bilmək və bədii-estetik duyum mətni başa düşmək əsas şərtlərdəndir... Əslində tənqidçi əsəri ən azı yazıçı qədər duymalı, yazıçının demək istədiklərini, əsərin ideyasını incəliklərinə qədər bilməlidir. Əgər bunlar yoxdursa, tənqiddən danışmağa dəyməz...". Məşhur Artur Heyli ("Aeroport" romanı) demiş: "Axı "insan ada deyil". Yaxşı olanı, təqdirəlayiq olanı insan insanlar arasında daha yaxşı dərk edir"".

"Sözün Vətəni insan, insanın Vətəni isə torpaqdır"-deyir Ə.Xələfli: "Əzəməti, gücü ilə görünən nəhəng, mənəviyyat sarayları ("Bilqamıs", "Manas", "Dədə Qorqud" kitabı...) bu sütunlarsız bərqərar olmazdı. Mənə elə gəlir ki, sən də Firuz Mustafanın zəngin və əhatəli yaradıcılığının kütləvi oxucu üçün örtüdə olan tərəflərini elə bu meyara istinadla açmağa çalışırsan. Yazıçını yaxşı öyrənməyin, ədəbiyyatı ardıcıl izləməyin imkan verib ki, sənətkarın sənətin ecazkar dili ilə insanlara bəxş elədiyi estetik mənəvi zövqün, hisslərlə qavranılan məmnunluğun mahiyyətini açasan.

Ümumiyyələ, Firuz Mustafanın nəsri, özəlliklə də hekayələrinə münasibətdə "kənar adamın" müşahidəsindən söhbət belə gedə bilməz. "At günü" hekayəsinin ədəbi-tənqidin müasir fikir müstəvisində məhək daşına çəkilməsi göstərir ki, "at günü"nü yaşayan insanlarla (buraya əsərin müəllifi də daxildir) təmasda çoxlarının görə bilmədiyi bir obraz da var. Bu, tənqidçinin obrazıdır. Başqa sözlə, proseslərin psixoloji məntiqində olmayan tənqidçi asanlıqla ayrılıqların, təklənmələrin hüdudlarını - o hüdudlarını ki, hər kəsin öz siması qədərincə görünür - görə bilməzdi. Xeyr, qənaətimdə ziddiyyət yoxdur. Bu qədərincə görünən simaları müşahidə etmək, qavramaqda hər kəsə (tənqidçiyə, araşdırıcıya...) nəsib olmur. Başqa cür əsərin özü qədər - müvafiq hissələrə uyğun olaraq idrakla hissin vəhdətində görünən mənzərəni necə yaratmaq olardı: "İnsan da (bizim misalda dayçanın sahibi) hər yamanlığa, ona edilən alçaqlığa dözür və infarkt olur. Ancaq dözümün də bir həddi var və o hədd o yana ölümüdür - dərd onu öldürür. Sahib təkdir. Tək olduğu üçün də güclüyə qarşı mübarizə apara bilmir. Bu təkləri çox, güclü edə bilən "qüvvə" də yoxdur. Qonşunun arvadı da itin günündə yaşayır (buna yaşamaq demək mümkün olmasa da) və bu it gününə dözür. Qonşunun arvadı da təkdir. Onlar cüt ola - güclü ola bilərdilər. Ancaq qızı istədiyinin əlindən almaqla qonşu hər ikisini təkləyib - gücsüzləşdirib". Esseist üslubu, bir neçə cümlənin içərisinə yığılan fəlsəfi yük, insan-cəmiyyət probleminə özünəxas münasibət ona görə ayrıca təəssürat yaradır ki, sən təkcə əsər və müəllif mövqeyindən danışmır, ümumi məsələyə fərdi münasibət yönümündən yanaşmırsan. Çünki həmin anlarda sən öz aləmindəsən, öz əsərini yaradırsan. "İdrakla hissin vəhdəti" əsərində yanaşmanın orijinallığı "Dəniz köçü" povestinə münasibətdə də qorunur. Özün qeyd etdiyin kimi, "İnsanla təbiətin harmoniyası" ilahi bir nizamdır. Onu yalnız müqəddəsliyini qorumaq, ona müdaxilə etməməkdə bu harmoniyanın əbədiliyini, nəticədə insanın (təbiətin) əbədiliyini təmin etmək olar. Firuz Mustafanın zəngin yaradıcılığı (həm forma, həm məzmun) tam olmasa da əsas istiqamətlərinə görə əsərdə tədqiqata cəlb olunur. "Qapı" romanı, satiraları, dramaturgiyası qibtəyəlayiq şirin, cazibəli esse üslubu, ədəbi-fəlsəfi fikir yükü, süslənmiş ifadə tərzi ilə oxucu ruhuna yol tapır, düşündürücülük gücü ilə mənaya, mahiyyətə varmağa çağırır".

O, qənaətlərini belə ümumiləşdirir: "Əziz dostum, hər bir insan öz hissləri, duyğuları düşüncələri ilə təkdir, tənhadır. Həqiqətən hər kəsin öz həyəcanları var. Və kimsə asanlıqla şəxsin daxili aləmində yaşayan bu duyğulara şərik ola bilmir. Dedim axı, mənim də bezdiyim, hətta imkanı daxilində qəzeti himayə etmək gücündə olan bir dostu - ən başlıcası, ədəbiyyat adamının ögeyliyini görmək mənim üçün ağırdır. Yadındadır, Belinskiyə müraciətlə məktub yazmışdım. Ölməz ruha xitabən dediklərimdən bir-iki kəlmə burada da yerinə düşür: "Biz zamanın ağrılarını, dərdlərini başa düşdükcə, ən azı öz ətrafımızdakı adamların ən yaxın, ən ehtiramlı və bəlkə də təskinedici duyğularına möhtac olduğumuz bir dövrdə bu adamların biganəliyini, sayğısızlığını gördükcə daha çox dərk edirik ki, heç də sənin dövründən və zəmanəndən çox da uzaqda deyilik... Möhtaclıq, diqqət və sayğı umacaqları... cavabsız suallar kimi özümə qayıdır. Sanki cəmiyyət gözəgörünməz bir dirijorun çubuğu ilə idarə olunur. Burada ladlar az və sadədir; kor, kar və lal... Budur bizim cəmiyyətin - (həyatın, taleyin bəxş elədiyi fiziki, cismani kəm-kəsirdən söhbətin getmədiyi aydındır) iç üzü, mənəvi siması. Görünür, karlığa və lallığa məhkum olunmuş cəmiyyətdən bizim (mənim) payımıza yalnız sıxıntı düşür. Bu, nə deməkdir? Kimsənin mənə verməyəcəyi bu sualın cavabını Ustad (Ölməz Ruh) üçün də demək artıqdır. Çünki hansısa bir formada heç də indikindən az olmayan dərəcədə o (hər kəs) öz dövründə bu sıxıntını (həmin sualın cavabını) yaşayıb. Mənim üçün (bizlər üçün) bu, o qədər mənəvi sıxıntıdır ki, insanın insana qəzəbi və son dərəcə nifrəti buradan başlanır. İnanıram ki, cəmiyyətin daxilində yeraltı maqma kimi yetişən sosial partlayışların da əsas səbəbi budur". Nə qədər ürək göynədən olsa da bu gün də öz gücünü saxlayan həqiqətdir. Əzizim, nə qədər ki, düşünə bilirik, dünyadan keçə bilmərik, yazımızla, sözümüzlə onun yenə də yaşamalı bir dünya olduğunu qərəzsizliklə, vicdani bir səslə bizdən sonrakılara deməliyik. Lap elə dünya bizdən keçsə də...

Əziz dostum, Sabir, heç bir şablona, stereotipə tabe olmayan, sənin istedadından, hazırlığından güc alan yaradıcılığın üçün bir ilham mənbəyi (bəlkə də əsas) də sənin sığındığın təbiətdir. Vəfasına güvəndiyin, səfasından yaşarılıq enerjisi aldığın dağlardır. Əsas odur ki, olduğun yeri, yurdu sevəsən. Bu mənada dağın-düzün fərqi yoxdur. Əsas ruhi bağlılıqdır. Bu bağlanmanın da mərhələləri fərqlənir: bir var "istək", bir var "sevgi", bir var "məhəbbət", bir də var "eşq"... Mənə elə gəlir sən təbiətə (sənətə), insanlara (sözə) bağlanmanın eşq mərtəbəsindəsən. Sənin tam haqqın var ki, deyəsən "Mən Tanrıya daha yaxınam". Bəli, bu Tanrı dağında yaşamığın halal haqqıdır".

 

Uğur

Xalqcebhəsi.-2014.-4 iyul.-S.11.