“Dirsə xan oğlu
Buğac boyu”nun el variantı
1960-cı illərdə xalq ədəbiyyatı
materiallarını topladığım zaman Muğuz
yaylasındakı abidələri, eləcə də
Tovuzdakı oğuz yer adlarını Dədə Qorqud
boylarındakı yer adları ilə eyniliyini qeyd edir və
ağsaqqalların fikirlərini öyrənirdim. Onlardan belə
bir söhbət eşitdim ki, Dədə Qorqudun qəbri
Tovuzdadır. Belə ki, Dədə Qorqud
boylarının qəhrəmanlarının bəziləri, eləcə
də bir çox yer-yurd adları, abidələr və
qalaların izləri indi də yaşanır. Belə oğuz məntəqələrindən biri əlbəttə,
Tovuz bölgəsi olub.
Məhz buna görə də Tovuzdakı Aldədə məqbərəsinin
Ulu Dədə Qorqudun adı ilə bağlı olması daha
çox inandırıcı görünür.
Bir də ki, Z.Xasıyevin kitabda verdiyi mif Alban dövlətinin
mərkəzi Qəbələdə baş verir. Burada Tovuz
bölgəsinin heç adı xatırlanmır. Axı Dədə Qorqudun Dəmir qapıda da qəbri
olub. Etiraf edək ki, Tovuz, Ağstafa və
Qazaxla bağlı toponimlər daha çox Dədə Qorqud
dastanlarında yaşanır. Elə Tovuz və
Ağstafa adları da oğuz sözünün
variantlarıdır.
O da bəllidir
ki, Aldədə "ulu dədə", "böyük dədə"
anlamındadır. Tarixdə hər kəs bu
titulu daşıya bilməyib, bu yalnız yazı ədəbiyyatında
dahi Füzuliyə, aşıq ədəbiyyatında Xəstə
Qasıma nəsib olub. Bu da bəllidir ki,
dahi şəxsiyyətlər zaman keçdikcə əfsanələşir,
əfsanələşdikcə də haqqında əfsanələr
çoxalır, çeşid-çeşid qəbirləri də
yaranır. Dədə Qorqud da, Yunis Əmrə
də, Koroğlu da belə dühalardan olmuşlar.
Deməli, Tovuzdakı Aldədə məqbərəsi də
Ulu Qorquda aid abidələrdən biridir. Hər halda
Aldədə məqbərəsinin Ulu Dədə Qorqudun
adı ilə bağlılığı daha
inandırıcı görünür.
Murğuz dağının həm sinəsində, həm
də sağ-sol döşlərində ucalıb
dağılmış qalalar, istehkamlar, qəbirstanlıqlar,
dağılmış qəsəbə və kəndlərin
kalafaları saysızdır. Hətta bəzi
kalafaların divar daşları da yaxınlara qədər
dururdu.
Əmirxeyir kəndində xırman boyda bir daşın
altı xəzinə idi. Nə zamansa kənd camaatı qaçarkən
çürüməyən şeyləri dərin bir quyuya
töküb üstünə xırman boyda yastı bir daş
qoyub, götürə biləcəklərini ulağa yükləyib
Arana üz tutmuşlar. Yüzillər
keçmiş kəndin adamları o daşın altına
toxunmurdular ki, "Sahibinə qismət olmayan bizə də
qismət olmaz". Bu xəzinənin də
öz tarixçəsi vardı.
Əmirxeyir kəndinin yuxarısında Dib deyilən
dağ ətəyi bir düzənlik vardı. Düzənliyin
yuxarı döşə yaxın hissəsində yer altına
bir yol açılırdı. Kəndin uşaqları
lopa götürüb oraya girir, içərisində gəzirdilər...
Qaraqoyunlu dərəsinin harasına baxırsan,
müxtəlif tikililərin qalıqları maddi abidələrdir.
Zamanında öyrənilmədi, quldurlara
qaldı.
Bu bölgələr qədim Gəncə və ətraf
vilayətlərin torpaqları idi. 1139-cu ildə baş
verən dəhşətli zəlzələ Gəncəni və
onun ətrafındakı bölgələri dağıdıb
məhv elədi. Tarixi mənbələrə
görə təkcə Gəncənin özündə 300
mindən çox insan torpağın altında qalıb.
Gəncə zəlzələsi təkcə Gəncəni
yox, ətraf mahalları, Şəmkir, Tovuz, Qazax, Ağstafa,
Dilican və Qaraqoyunlu dərələrini tamam
dağıdıb məhv edib.
"Buğacın
nağılı"nı 1968-ci ildə
Bakı Dövlət Universitetində oxuyan tələbəm
Zeynəb Babayeva 83 yaşlı nənəsi Anaxanım
Talıbovanın dilindən yazıya almışdı. Zeynəbin dediyinə görə, nənəsi Dədə
Qorquddan 30-a yaxın nağıl bilirmiş, bəzilərini
unudub. Əslən Əhmədli kəndindən olan
Anaxanım təzə tanış
olduğumuz illərdə vəfat etdi. Yalnız
"Buğacın nağılı" el variantını əldə
edə bildik. Elə bu nağıl da
göstərir ki, Dədə Qorqud boyları uzun illər
ağızlarda yaşayıb. Bu nağılın diqqəti
çəkən cəhəti odur ki, burada Dirsə xanın
övladı olmamasının səbəbi aydın olur:
"Keçmiş əyyamda oğuzdarın Bayandır
adında bir xanı vardı. Ona Uluxan deyərdilər.
Bütün xeyir-şər iş onun əliynən
görülərdi. O, hər il təzə
il başlıyanda şənnih keçirər, vilayətdə
bayram qurardı. O ili də Bayandır xan
Oğuz bəylərini qonax çağırdı. Vilayətdərin
bəyləri dəsdə-dəsdə axışıb təzə
il bayramına gəldilər. Bayandır xanı təbrik etdilər, sovqatdar verdilər,
sonra keçib hərə özüyçün ayrılan
çadırda əyləşdi. Vilayətin
birinnən Dirsə xan gəlmişdi. O, Bayandır xannan
görüşdü, hal-əhval tudu, sonra onu
ayrılmış çadıra apardılar. Amma
Dirsə xana ayrılmış çadır o birilərinə
bənzəmirdi. Bu, qara çadır idi,
içi də qara döşəmmişdi. Dirsə xan
çadırın çölünə baxdı, içinə
baxdı, bunu pis əlamət bilib soruşdu:
- Nə
günahın sahibiyik ki, bizi qara çadıra gətirdiniz?
Dedilər:
-
Bayandır xan buyurdu ki, oğlu olanı ağ
çadırda, qızı olanı qırmızı
çadırda, oğul-uşağı olmuyanı isə qara
çadırda yerrəşdirin. Qabağına
da qara qoyun ətinnən qara qourma qoyun. Əgər
Tanrı ona qarğıyıbsa, biz neyniyək?
Bunnan təsirlənən Dirsə xan kor-peşman öz
xannığına qayıtdı. Dirsə xanın belə tezdihnən
qayıtdığını görən arvadı soruşdu:
- Dirsə
xan, niyə belə tez qayıtdın, nə bəla baş verdi? Səni heş belə
görməmişdim.
Dirsə
xan dedi:
-
Bayandır xan üş cür çadır bəzətmişdi.
Oğlu olanı ağ otağa,
qızı olanı qırmızı otağa əyləşdirdi.
Övladı olmuyanı qara çadıra
ötürdü, altına qara döşətdirdi, qara qoyun ətinnən
qara qourma verdilər. Hələ dedi ki, ona Tanrı
qarğıyıb, biz neyniyək? De
görüm, arvad, günah səndədi, ya məndə?
Düzünü deməsən, səni də
öldürrəm, özümü də.
Arvadı
dedi:
- Dirsə
xan! Bu nə sənin günahındı, nə
də ki mənim, Tanrının işidi. Sən də
bir məclis qur, varınnan, dövlətinnən yoxsullara pay
ver, əlsizdərə əl tut, ac qarınnarı doydur. Allah bizi eşidər, bəxdimiz açılar.
Dirsə xanın könlü açıldı. Böyük
bir məclis qurdurdu. Neçə
sürüsünü şülə elədi, ac qarınnar
doydurdu, kasıplara əl tutdu.
Günnərin
birində Dirsə xanın qapısına yaşdı
ağsaqqal kişi gəldi. Dirsə
xan onu hörmətnən qarşıladı, qonağ elədi.
Qoca dedi:
- Dirsə
xan, sənin övladsızlığının
günahkarı bax o uzaxda görünən dağın o
üzündədi. Orada yaşı çoxdan
ötmüş qoca yaşayır. O qoca bir zaman sənin
atana bağban olub. Atan onu qarğıyıb
qovdu. O vaxtan həmişə qoca o dağın
arxasına çəkilib özünə bir koma tikib, orada tənha
yaşayır. Atan qocanı qovanda sən
uşaxdın, sənə qarğış etdi ki, sonsuz
qalasan. Oğul, get o qocanı tap, ona yalvar,
könlünü al, bunnan sora Tanrı onun diləyini eşidəcək,
övladın olacax.
Dirsə
xan qocanın nişan verdiyi yerə gəldi.
Qoca bağbanın komasını tapdı, dərdini
ona danışdı. Bayandır xan onu qara
çadırda əyləşdirdiyini də söylədi.
Nurani qocadan üzr istədi, yalvardı ki,
Tanrıya dua eləsin, övladsızdıx onu üzür.
Qoca
bağban dedi:
- Bəli,
oğlum, atana neçə illər qulluğ elədim,
axırda məni qovdu. O zamannan insannardan küsüb tənhalığa
çəkilmişəm. İndi ki gəlibsən,
səni bağışdıyıram, Tanrıya dua edərəm,
oğul-uşax sahibi olasan, oğlun olanda adını da
özüm qoyaram.
Günnər, aylar keşdi, vaxt tamamında Dirsə
xanın qadını oğul dünyaya gətirdi. Xannıx
toy-bayram elədi. Dirsə xan varının
yarısını yoxsullara payladı, qırx gün
qonaxlıx verdi, şaddıx keçirdi.
Oğuz nəslinin bir adəti vardı, uşax
doğulanda ona ad qoymazdılar. Uşax gərəy
özü hünər gösdərib ad qazaneydi.
Bir yaz Bayandır xan yenə məclis qurdurdu, bəyləri
dəvət etdi, hər tərəf bəzəndi, meydan
sulandı, at çapdılar, meydana buğa buraxdılar. Meydanda oynuyan uşaxlar
buğanı görüb hərəsi bir yana
qaşdılar, amma Dirsə xanın oğlu qaşmadı,
buğanın üsdünə gəldi, yumruğuynan
buğanın qaşınnan itəliyib birdən buraxdı,
buğa yanı üstə gəldi. İki
buynuzunnan tutub yanı üsdə yıxdı, kəmərinə
sancılmış xəncəri çıxarıb
başını kəsdi. Hamı
uşağın məharətinə heyran oldu.
Bayandır xan söylədi, uşağın atası gəlsin,
ona ad versin. Əsl igitdi, Tanrı ona yar olsun.
Dirsə
xan haman dağın arxasına getdi. Qoca bağbanı adqoyma mərasiminə
çağırdı.
Bağban
dedi:
- İndi ki oğlun buğanı yıxıb, onun
adını Buğac qoydum. Adını mən
verdim, yaşını Tanrı versin. Oğuzun
tanınan, sayılan igidi olsun...
Günnər, aylar keşdihcə Buğacın
adı-sanı da xannığa yayıldı, hamı onun
hünərinnən danışdı. Amma Dirsə
xanın nayiblərinin bu igidə paxıllığı tutdu.
Dirsə xanı yoldan çıxarıb öyrətdilər
ki, oğlun səni öldürüb xannıx taxdına sahib
olmağ isdiyir.
Bir gün Dirsə xan oğlu Buğac və qırx igidnən
ova çıxdı. Hiylə toruna düşən Dirsə xan
oxnan oğlunu vurdu. Buğacın anası
oğlunun ilk ovu olduğunnan həmin gün qonaxlıx düzəltmişdi.
Bütün saray əhli ovdan qayıdannarın
pişvazına çıxdı. Amma ana nə
qədər axdardısa, Buğacı görmədi. O,
Dirsə xannan soruşdu:
- Bəs
mənim Buğacım hanı?
Dirsə xan başını aşağı saldı,
dimmədi. Ana bir də xəbər aldı. Bu dəfə
qırx igitdən biri dedi:
-
Xanım, narahat olma. Buğac ovdadı, bu tezdihnən
qayıtmaq istəmədi. Allah qoysa, qayıdar.
Amma ananın ürəyi sakit olmadı. O, qırx incəbel
qıznan atdanıb oğlunu axtarmağa getdi. Onlar bir dərədə
qarğa-quzğun uşduğunu görüb haman
yerə gəldilər. Ana Buğacını
al-qan içində görüb huşunu itirdi.
Özünə gələndən sonra onun ölmədiyini
görüb bir az toxdadı. Oğlunu səslədi. Buğac
səsə ayıldı. Gördü ki,
anası ağlıyır. Dedi:
- Ana,
ağlama, mənə ölüm yoxdu. Ölüm
ayağında olanda Xızır İlyas gəldi ki, ana
südüynən dağ çiçəyi yarana dərmandı.
Qırx qız dağa yayıldı. Çiçəh
yığdılar. Ana çiçəhləri
əzdi, südüynən qarışdırıb məlhəm
düzəltdi. Yarıya qoyub
sarıdı. Onlar qırx gün dağda
qaldılar. Buğac yavaş-yavaş
sağalırdı. İndi sizə kimnən
danışım, Dirsə xan və qırx igiddən.
Dirsə xan elə bildi ki, Buğac öldü. O peşman olmuşdu. Oğluna əl qaldırdığına görə
özünü lənətdiyirdi. İşin
üsdünün açılacağınnan qorxuya
düşən xayinlər qaşmaq qərarına gəldilər.
Dirsə xanın əl-ayağını
bağlıyıb ölüncüyə qədər
döydülər, mal-dövlətini talan edib,
özünü də dusdaq apardılar. Buğac
sağaldı, onlar geri qayıtdılar. Amma
gördülər ki, ev talan edilib, nə
Dirsə xan var, nə də ki, qırx nayib. İşi
başa düşdülər.
Ana
Buğaca dedi:
-
Oğul, hər necə olsa, Dirsə atandı. O, namərt
sözünə allanıb sənə qıydı. İgitdəri başına yığ, atanı xilas
elə.
Buğac anasının dediyi kimi elədi, başına
qırx igid yığıb onların dalınca yola
düşdü. Xeyli gedib onları haxladı. O,
atasını yağı əlində görəndə
qanı cuşa gəldi. Hücum edib Dirsə
xanı xilas elədilər, namərtdəri
öldürdülər. Dirsə xan
oğlunun sağ olduğunu görüb çox sevindi. Ata-oğul qucaxlaşıb-öpüşdülər.
Başdarına gələn əhvalatı
bir-birinə danışdılar. Sonra evlərinə
döndülər. Ana onları bir yerdə
görüb sevindi. Oğlunu bağrına
basıb gözlərinnən öpdü. Bayandır
xan böyük bir məclis düzəltdi. Xalq Buğacı və igitdəri təriflədi.
Bayandır xan Buğaca bəylih verdi. Taxt verdi. Yeddi gün, yeddi gecə
şaddıx elədilər.
Qara Namazov,
Professor
Xalqcəbhəsi.-2014.-5 iyul.-S.14.